“Beş rəfiqə yazar o şairlə sevgilidir” - Kişiləri döyən xanımdan ŞOK MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Beş rəfiqə yazar o şairlə sevgilidir” - Kişiləri döyən xanımdan ŞOK MÜSAHİBƏ

“Bildirçin” bu dəfə xanım yazarı hədəfə aldı. Görünür havalar isinib deyə şairlərimiz yurdumuzun çöllərinə düşüblər. Amma eşqdən yox. Adətən şairləri təbiətdə bir az qəmgin, kədərli görünər. Bizdə isə maşallah Cəlil mürəbbəli çayı, Baba Vəziroğlu samovarlı süfrəsi, Nazilə Səfərli “Kamaz” təkəri boyda paxlava sinisi, Könül Nazimqızı Dağüstü parkda bolluca çay dəsgahı, Nəzmiyyə əl-qolunu çırmayıb kabab çəkməyi ilə yadda qaldı. Özü də kababı xüsusi qəddarlıqla çəkir. Elə bil ətdən heyf çıxır. Qəribədir bizim ətli-qanlı, çaylı, pivəli ədəbi mühit. Elə bu ədəbi mühitdə olanları və çəkilən kababı görüb “Bildirçin” Nəzmiyə Hicranla müsahibə elədi. Çünki, məhz bu xanım yazar - ədəbi mühitin Ərəbzəngisi Nəzmiyyə xanım azı beş kişi yazarı döyüb, sonra da...sonrası burada.

- Kişilərə qarşı aqressiya nədən irəli gəlir?

- Mənim hələ iki yaşımda atam rəhmətə getdi. Anam məni və bacı qardaşlarımı ata kimi böyütdü. Anamın kişi qarşısında acizliyini görmədim. Bir də ola bilsin ki, sevdiyim insanla ailə qurmadım ona görə kişi xeylağı görəndə allergiyam tutur.

- Feminizmlə aranız necədir?

- Feminizm??

- Yəni qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat...

- Bir dəfə bir televiziya verilişinə qonaq idim. Orda dedilər ki, şairlər sevgi-məhəbbət şairidir. Onlar sevgi-məhəbbəti, əyləncəni, rəngarəngliyi sevirlər. Mən elə orada da dedim ki, şair deyilən şəxs məhz sevgi vurğunu olmalıdır? Mənə çatmır da, nə olsun ki, şairsən, nə olsun ki, yazıçısan. Dünyanı gəzmişəm, 27 ölkədə olmuşam. Mənim erkək arxadaşım yoxdur. Amma mən daha çox önə gedirəm, daha çox tanınır və sevilirəm. Əlimdən tutub yuxarı çəkən kişi yoxdur.

- Sözünüzdən bu çıxır ki, kişi qadına maneədir.

- Bəli, bəli. Kişilər bizə maneə törətməkdən başqa bir işə yaramırlar. Bizə ancaq yükdürlər. Elə yerlər olub ki, aylarla tək getmişəm. Bir qadın xeylağı olaraq tək olduğumu hiss etməmişəm. Elə olub ki, üzərimdə olan pul mənim bir gündə ancaq yeməyimə çatıb. Yaxınımda olan rəfiqəmə belə bildirməmişəm ki, mən ac yatıram. Qürur qadında gözəl bir şeydir. Qadın heç bir kişiyə arxalanmamalıdır. Kişilərin sevgi-məhəbbət elan etdiyi o qədər qadın var ki, bir nəfər deyil ki. Mən eqomu sevirəm. Yanımda olan kişilər mənə mütləq bacım və qızım deməlidir. Onun başqa bir niyyəti olacaqsa, əks halda o insandan uzaqlaşaram. Kişilərdən nə isə gözləyən qadından xoşum gəlmir. Sosial şəbəkələri götürək. Ağlayan qadınlar, pulum yoxdur, heç nəyim yoxdur, ona ağız açmaq, buna ağız açmaq... Vacibdir sən ona-buna ağız açasan? Ay balam, Allah sənə iki əl, iki ayaq verib. Başqasından nəyin əskikdir ki...

- Efirlərin birində bir kişi yazar dostunuzu döydüyünüzü söyləmişdiniz? Niyə döyürsüz kişiləri?

- Birin döyməmişəm ki. Çoxunu döymüşəm. Kəkil çıxardan vaxtdan elə hey döyürəm. İnstitutda müəllimim mənə elçi düşmüşdü, tələbələr də elçi düşmüşdü, mən isə qəribədir ki, bunu özümə utanc bilirdim. İlk döydüyüm qonşumuzun oğlu olub. Mən institutda oxuyurdum qonşumuzun oğlu qarşımı kəsdi ki, səninlə evlənmək istəyirəm. Döşəmə ağacını götürdüm oğlanın başına-gözünə o qədər vurdum ki, böyük bir dava düşdü ailələrimiz arasında. Mənə dedilər sənə nə söyləyib ki, belə edirsən. Utandığımdan deyə bilmədim evlilik təklifi edib.

Sonradan anama dedim ki, mənə evlənmə təklifi etdi ona görə. Neynirəm mən o oğlanı bazarda alver edir. Mən elə oğlana ərə gedəcəyəm ki, qışda qara, yayda ağ maşın sürsün. Bir az yekəxana idim. Düzdür, elə biri qismət olmadı, ancaq özüm özümə maşın da aldım ev də. Yazarlardan da saysaq, haradasa 7-8 nəfərini şillələmişəm. Kim mənə deyir səndən xoşum gəlir şillə yeyir. Bilirəm ki, onu gedib o yanda başqalarına da deyir.

- Niyə sevgi lirikası yazmırsınız?

- Həyatımda heç sevmədim.

- Bəs müsahibəmizin başında sevdiyimlə ailə qurmadım dediniz...

- Sevdiyim oğlan var idi, dəfələrlə elçi də gəldilər, amma mən ona ərə getmədim. Ailələri bir az xoşuma gəlmədi. Ərköyün böyümüşəm. 8-ci sinifdə oxuyan qızın cibinə səkkiz min pul qoyalar ki, get, özünə əyin-baş al. Heç xətrimə dəyməyiblər. Sevgidən yazmağa gəldikdə isə indi o qədər sevgini bəsitləşdiriblər ki, adam heç yazmaq istəmir. Gündə biri ilə elə orda-burda qızlarımız da oğlanlarımız da. Baxıram başım şişir. Ədəbi mühit də lap korlanıb e. Qoca, cavan aləm dəyib bir-birinə. Bir az bu mühitdə aclıq var.

- Nə aclığı?

- Şair-şairələr acdır. Hamısı kimdənsə maddi nə isə gözləyir. Mənim yeni kitabım Türkiyədə 2000 dollara başa gəlib. İnanın bir qəpik xərcim çıxmayıb. Məndən soruşanda səni kim maliyyələşdirir, deyirəm heç kim. Doğurdan da heç kim. Ədəbiyyatla əxlaq insanda paralel getməlidir.

- Deyəsən, dalaşmağı çox sevirsiniz?

- Nəzmiyyə Hicrana kimsə sevgi etirafı edir və Nəzmiyyə Hicran ərimirsə dondurma kimi, kobud davranırsa, bu, Nəzmiyyə Hicranın davakar olmağı demək deyil. Evimdə çox sakit bir insanam. Bir dəfə mən sarıdan inciklik olmayıb ailəmdə.

- İlham pəriniz var?

- Var.

- Kimdir və ya nədir?

- Kədər. Kimsə xətrimə dəysin ilham pərilərim yığılır gəlir.

- Niyə cəmiyyətdən çəkinirsiniz?

- Azərbaycan balaca yerdir. Hər kəs bir-birin tanıyır. Baxıram bir şair və şairələrin müsahibəsinə ətim tökülür. Allahdan başqa heç kimin qarşısında qürurumu sındırmaram deyən qadın elə bil sosial şəbəkələrdə yüz dənə kişiyə ağız açıb pul istəyən bu deyil. Qürur nədir? Bu qüruru niyə qiymətləndirə bilmirsiniz? Axı ayıbdır. Yazmayın. İçinizi çölə çıxartmayın. Onsuz da hamı hər şeyi bilir. Nə vaxta kimi zarıyacaqsınız? Ədəbi mühit gəzintiyə gedir və sosial şəbəkədə yazırlar ki, pulumuz yoxdur. Hələ yazan var həyat yoldaşımı sevirəm. Axı sənin başqa zibillərin var... Çox danışsam, qiyamət qopar. Lənət sənə şeytan...

- Yazıda açıq-saçıqlılığa necə baxırsınız?

- Baxır hansı əsərdə.

- Yazıçılar Birliyinə gedirsiniz?

- Gedirəm, oranın üzvüyəm. Orada çox hörmət etdiyim böyüklərim var. Çox təəssüf ki, ora elə insanları yığıblar ki, ədəbiyyatdan xəbəri yoxdur, tanışılıqla, dostluqla.

- Qadın yazarlara çəp baxan kişilər var?

- Var. Elə yer var ki, mən orada özümü yazar yox, jurnalist kimi təqdim edirəm. Hətta bir dəfə türkiyəli müğənni Sərdar Ortaçla bir məclisdə idik. O dedi ki, mən hiss etmirəm ki, siz qadınsız, əsl kişi xasiyyətli, mərd birisiniz.

Bəzilər özünə müəllim tutur ki, filankəs mənim müəllimidir, daha de ki, gəzirəm, sevgilimdi, şerimin orasını-burasını düzəldir, məni şair edir. Biabırçılıqdır e, doğurdan, çox biabırçılıqdır. Beş ən yaxın şairə rəfiqə bir kişi ilə sevgilidir. Kişi də bir kişi olsa, dərd yarı... Elə şey var açıqlamaq istəmirəm. Zamanı gələndə hamısını bir-bir açıqlayacam.

İnsan şəxsiyyətini gözləməlidir, istər qadın, istər kişi olsun. Mən deputatlığa namizəd olmuşdum, deyirdim ay allah seçilsəydim, maaşımı paylayardım bu şairlərə. Şairlərin içində bir ağlaşma, şivən var.

- Tutaq ki, belə bir addım atdınız. Sizcə, onlar dəyişəcək?

- Yox, əşi. Bunlar qarın ədəbiyyatıdır. Nə isə umurlar insanlardan. Görən kimi qarşımı kəsirlər, biri pul, biri ətir, digəri də başqa bir şey istəyir. Bilmirəm xaricdən gələndə ailəmə nəsə alım, yoxsa bunlara? Kişi də deyiləm ki, onları “saxlayım”. Təbii ki, bütün yazıçılara aid deyil söylədiklərim. Bu, sosial şəbəkələrdə qırğın aparanlara aiddir. Özü də kimdə nə yoxdur çıxır ondan yazır. Namussuz namusdan necə danışırsa elə bilirəm yüz dənə kişi ilə sevişən bu deyil. Sonra deyirsiniz ədəbi mühitlə yola getmirsiniz. Necə yola gedim oturub duracam deyəcəklər, bu da onların tayıdır.

- Təşəkkür edirəm cəsarətli müsahibəniz üçün.

- Mən təşəkkür edirəm, çox sağ olun.

Bildirçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm