Yararsız idman ayaqqabıları Azərbaycan bazarında – BİLMƏDİKLƏRİMİZ
Bizi izləyin

Qırmızı.az

Yararsız idman ayaqqabıları Azərbaycan bazarında – BİLMƏDİKLƏRİMİZ

"Ayaqqabıların necə hazırlandığını görəndən sonra ayağımda bir arsenal kimyəvi maddə daşıdığımı anladım". Dəb kraliçası Koko Şanelin illər əvvəl dediyi bu söz sanki Azərbaycanın ayaqqabı bazarının hazırkı vəziyyətini əks etdirir. Söhbət metro stansiyalarının keçidlərində, ticarət şəbəkələrində, "Ucuzluq" adı ilə açılan mağazalarda satılan ayaqqabılardan gedir. Xüsusilə satışı daha geniş partiyada həyata keçirilən idman ayaqqabılarının keyfiyyəti müzakirə mövzusu olaraq qalıb.

Oxucularımıza bu işdə Publika.az-ın "Ayırtman" layihəsi yardımçı olacaq.

İdman ayaqqabıları 2 əsr əvvəldən günümüzə

İdman ayaqqabıları London polisinin cəmiyyətə bəxşidir. Belə ki, London polisi 1880-ci ildə ilk rezin altlıqlı ayaqqabı hazırlayıb. Polisin fikrincə, belə ayaqqabılarda cinayətkarları qovub tutmaq xeyli asan idi. İlk idman brendlərinin yaranmasında isə idmançıların tələbatı rol oynayıb. Zaman keçdikcə idman assortimenti o qədər genişlənib ki, krosovkalar idmandan kənar yerlərdə də geyinilməyə başlanılıb. İtalyan moda evi "PRADA" ilk dəfə krosovkaları öz nümayişlərinə (1992-ci il) daxil edib. Beləcə, idman ayaqqabılarını təkcə idmançılar deyil, sıravi adamlar da geyinməyə başlayıb. Satışı artan idman brendləri qaz vurub-qazan doldurmağa başlayıb. Hazırda dünya üzrə idman geyimləri bazarı istehsalçılar arasında aşağıdakı kimi bölüşdürülür:

"Nike" 32%, "Adidas" 15%, "Reebok" 9%, "New Balance" 8%, "Puma" 5%, "Asics" 3,5%, "Fila 2%, başqaları 25,5%.

Keyfiyyətsiz idman ayaqqabılarını almayın !

Yeri gəlmişkən, yuxarıda adları sadalanan markaların əsillərinə və geydirmələrinə Azərbaycan bazarında geniş çesiddə rast gəlmək mümkündür. Sual doğuran ucuz, amma keyfiyyətsiz olan idman ayaqqabılarının insan sağlamlığına təsirləridir.

Bildiyimiz kimi insanın fiziki sağlamlığının qorunmasında idman aksesuarları, o cümlədən idman ayaqqabıları xüsusi yer tutur. Xüsusilə onlar fiziki hərəkətlərin yerinə yetirilməsində bir növ insanı stimullaşdırır. Təbii ki, bu baxımdan ayaqqabıların keyfiyyətli olması mühüm əhəmiyyət kəsb edir. İstifadə edilən idman ayaqqabıları keyfiyyətli materialdan hazırlanmalı, rahat olmalı, insanın ayağında əks reaksiya doğurmamalıdır. Lakin təəssüflər olsun ki, bütün hallarda bu tələblərə əməl olunmur və bununla da istehlakçıların hüquqları pozulur. Ona görə də istehlakçıların idman ayaqqabıları alarkən diqqət yetirməli olduqları bəzi zəruri məqamlar var.

Hansı ayaqqabılar insan sağlamlığına zərərli deyil ?

Məlum olduğu kimi, idman ayaqqabılarının kifayət qədər geniş çeşidləri mövcuddur. Bunlardan ümumi fiziki hazırlıq üzrə ketaları, yüngül atletika üçün ayaqqabıları, butsaları, ikiqat altlıqlı botinkaları, qaçış və s. üçün ayaqqabıları göstərmək olar. Bütün bu ayaqqabılar rezintekstilli tuflilər, rezintekstilli botinkalar və çimərlik rezin tufliləri kimi üç növdə qruplaşdırılır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a bildirildi ki, idman ayaqqabılarının keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən, istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır: "Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsir göstərməməlidir. İdman ayaqqabılarının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Hər cütə məxsus ayaqqabılar bütün hissələri, detalları forma, ölçü və təyinatına görə eyni olmalıdır. Eyni zamanda, bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin.

Bu malları alarkən onlarda sökük, qopma, yarıq formasında hər hansı bir qüsurun olmamasına, içlik materialına xüsusi diqqət yetirilməlidir. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan idman ayaqqabısı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir. Nəzərə alın ki, istehsalında plastik materiallardan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığınıza böyük zərbə vura bilər. Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlayın".

Uyğunluq sertifikatı tələb edin

Mütəxəssislər deyir ki, idman ayaqqabısı seçərkən əsas meyar model və rəngdən öncə, onun rahatlığıdır. Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağı sıxan ayaqqabılar məsləhət görülmür. Rezin və tekstil materiallı hissələrin bitişdiyi yerlər bütöv olmalı, qopma və aralanmalara rast gəlinməməlidir. İstifadə zamanı idman ayaqqabıları insanın dərisinə, barmaqlarına xələl gətirməməli, təhlükəsiz olmalıdırlar:

"İdman ayaqqabılarının keyfiyyət və təhlükəsizliyinə təminat verən sənəd isə həmin məhsullara olan uyğunluq sertifikatıdır. Ona görə də ticarət şəbəkəsindən idman ayaqqabıları əldə edilərkən birinci növbədə həmin sənədin olub-olmamasını soruşun. Uyğunluq sertifikatı olmayan malları almayın. Hər bir ayaqqabıda cütlərdən birinin rezin hissəsində onun əmtəə nişanı və istehsalçı müəssisənin adı, istehsal tarixi, ölçüsü və s. göstərilməlidir. Ayaqqabının hazırlanmasında hansı materiallardan istifadə olunduğunu öyrənmək üçün qablaşdırmanın üzərindəki etiketinə baxın.

İdman ayaqqabılarının istehsal tarixindən etibarən saxlanmasına zəmanət müddəti 12 aydır. Xüsusi qəlib üzərində formaya salınıb tikilən ayaqqabıların istismarına zəmanət müddəti 75 gün, təzyiq altında tökmə üsulu ilə istehsal olunmuşlarda isə 90 gündür.

Keyfiyyətsiz çıxan ayaqqabını dəyişdirin

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ təsbit edilib. Bu, eyni zamanda, aldığınız idman ayaqqabısına da şamil oluna bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal, o cümlədən ayaqqabı istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o, alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində dəyişdirilə bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm