Müharibəyə qalan bir gün, Türkiyə üçün 150 kamikadze, Putinin “hə” dediyi plan... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Müharibəyə qalan bir gün, Türkiyə üçün 150 kamikadze, Putinin “hə” dediyi plan... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə-Suriya sərhədində vəziyyət yenidən gərginləşir. İŞİD terror təşkilatının aktivləşməsinə cavab olaraq sərhədə Türkiyənin ordu birlikləri yeridilib. Fəthullah Gülən Türkiyəyə qarşı beynəlxalq planın bir hissəsi olduğunu etiraf edib. Ukraynada isə israrlı şəkildə iddia edirlər ki, Rusiya avqustun 24-də hansısa formada ölkəyə müdaxilə edəcək, yaxud da genişmiqyaslı təxribat olacaq.

"Türkiyəni bölmək üçün çalışırıq, 20 dövlət..." – GÜLƏNDƏN ŞOK ETİRAF

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin qalmaqallı çıxışlarına daha biri əlavə olunub.

"A Haber" kanalında gedən "İctimai yaddaş" proqramında Gülənə aid səs qeydləri yayımlanıb. "Türkiyəni bölmək üçün çalışırıq", - deyən Gülən əsl məqsədlərini ortaya qoyub (http://publika.az/p/147519).

"Putin həmin vaxt söyləmişdi ki...." – "Böyük plan" barədə ŞOK İDDİA

"Türkiyə Rusiya təyyarəsinin vurulduğu gün Suriyaya girməli idi, ancaq sözügedən hadisə müdaxilənin ləğvinə səbəb olub".

Bu iddia ilə Türkiyənin "Hürriyyət" nəşrinin yazarı Abdülkadir Selvi çıxış edib. Hökumətə yaxınlığı ilə tanınan yazarın sözlərinə görə,ABŞ, Türkiyə və Suriya müxalifəti "Böyük Cerablus əməliyyatı"nın planını hazırlamışdı, ancaq 24 noyabr 2015-ci ildə Rusiya təyyarəsinin vurulması ilə plan ləğv edilib.

"Suriya müxalifəti və Türkiyə Silahlı Qüvvələri qurudan girəcək, ABŞ isə əməliyyata havadan dəstək verəcəkdi. Cerablus İŞİD-dən təmizləndikdən sonra burada təhlükəsiz bölgə yaradılacaqdı. 24 noyabr 2015-ci il tarixində Rusiya təyyarəsi vuruldu. Cerablus əməliyyatı bir yana qalsın, o gündən Suriya üzərində təyyarə belə uçura bilmədik", - Abdulkadir Selvi yazıb.

Selvi ilk Cerablus əməliyyatına Rusiya təyyarəsinin vurulması ilə maneə olduqlarını, ikinci əməliyyata isə Qaziantepdəki terror aktı ilə (avqustun 21-də toy mərasimində kamikadzenin özünü partlatması nəticəsində 54 nəfər həyatını itirib – red.) ilə mane olmağa çalışdıqlarını bildirib.

Yazar qeyd edib ki, noyabrın 15-16-da Antalyada keçirilən G-20 ("Böyük iyirmilik") ölkələrinin liderlərinin sammitində əməliyyatın detalları Rusiya prezidenti Vladimir Putinə xəritələr üzərindən izah olunmuşdu. Deyilənə görə, Rusiya lideri "Biz yüksək səslə reaksiya verərik, amma üzərində dayanmarıq" söyləmişdi.

DƏHŞƏT: Türkiyə üçün 150 kamikadze hazırlanıb

İŞİD terror qruplaşması kamikadzelərdən istifadə etməklə Türkiyədə böyük sayda terror aktı planlaşdırıblar.

Bu barədə 2015-ci ildə Ankarada dəmir yol stansiyasının yaxınlığında törədilən terror aktının təşkilatçısı – Yunus Durmazın evində tapılmış sənədlərdə deyilir. Bildirilir ki, İŞİD döyüşçüləri Türkiyə terror aktlarının həyata keçirilməsi üçün ən azı 150 nəfər hazırlayıb.

Putindən "hədiyyə": Müharibəyə bir gün qaldı?

"Ukrayna Putini əsəbləşdirir və qıcıqlandırır. Putin tamaşaçıya "qardaş xalq" haqqında danışır, amma Ukrayna üzərində nəzarət və ölkənin dağıdılması başda olmaqda xəyallar qurur".

Bunu blogger Aleksey Minakov yazıb. Onun fikrincə, Rusiya prezidenti Ukraynanın müstəqilliyinin 25-ci ildönümü üçün (24 avqust) "hədiyyə" hazırlayıb. "Putin 2016-cı ilin avqustunda ənənəvi ideyaya - ukraynalıların bayramını korlamağa girişib. Biz artıq Ukrayna diversantlarının Krımda təxribatının şahidi olduq. Onlar guya terror aktlarını həyata keçirməyə hazırlaşırdılar", - o, yazıb.

Aleksey Minakov bildirib ki, Ukrayna kəşfiyyatının məlumatlarına əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin formasının (şevronlar, furajkalar və fərqləndirici nişanlarla) 200 dəstini ORDLO-ya (ORDLO - Donetsk və Luqansk vilayətlərinin işğal altında olan əraziləri) çatdırıb.

Blogger qeyd edib ki, Donetsk və Slavyansk istiqamətlərində Ukraynanın müdaxiləsinin təqlidini nəzərdə tutan genişmiqyaslı təxribat hazırlanır: "Kremlin marionetkası, "DXR"in başçısı Aleksandr Zaxarçenko bu yaxınlarda bildirdi ki, Ukrayna ordusunun hücumunu gözləyir. Ümumiyyətlə, Ukraynanın müstəqilliyinin 25-ci ildönümündə bizi Putinin növbəti pisliyi gözləyir: Ukrayna Silahlı Qüvvələrinin formasında "yaşıl adamcığazlar". Düşməni qiymətləndirmək lazımdır. İdeyanın müəllifləri ən amansız planlara, hətta günahsız dinc əhalinin qətlinə belə qadirdir".

Gülənin ekstradisiyası ilə bağlı danışıqlar başlandı

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı ABŞ-dan Ankaraya gələn heyətlə danışıqlar başlayıb.

Ötən gecə saatlarında gələn qrupun tərkibinə ABŞ Ədliyyə Nazirliyi ilə Dövlət Departamentinin 4 səlahiyyətlisi daxildir.

Məlumata görə, Türkiyə Ədliyyə Nazirliyinin səlahiyyətliləri 15 iyul dövlət çevrilişi cəhdinin Fəthullah Gülənin əmri ilə edildiyinə dair əhəmiyyətli dəlilləri amerikalılara təqdim edəcək.

Qorbaçov: "SSRİ-ni onun komandası dağıtdı"

SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçukun SSRİ-nin dağılması ilə bağlı bəyanatını səhv adlandırıb.

Mixail Qorbaçov "Milli informasiya xidməti"nə (NSN) müsahibəsində SSRİ-nin dağılması üçün əsas məsuliyyətin Boris Yelsinin komandasının üzərinə düşdüyünü deyib. Siyasətçi hesab edir ki, 82 yaşlı Kravçuk yaşına görə belə bir bəyanatı verə bilərdi. "Mən özüm də bəzən hiss edirəm ki, yaş fikrin obrazına təsir edir", - o, əlavə edib.

Avqustun 22-də Kravçuk bildirib ki, Ukrayna 1991-ci ildə son və ən qorxunc imperiya olan SSRİ-ni dağıtdığına görə fəxr edə bilər. Keçmiş prezidentin sözlərinə görə, əgər Ukrayna vətəndaşları 1991-ci ildə referendumda müstəqilliyə səs verməsəydilər, çətin ki, SSRİ-nin mövcudluğunun dayandırılması və MDB-nin yaradılması haqqında müqavilə (Belovejski müqaviləsi – red.) imzalanardı.

Əsəd terrorçularla razılaşdı – SON DƏQİQƏ

Suriya rejimi ilə YPG (PKK terror təşkilatının Susiya qolu olan PYD-nin silahlı qüvvələri –red.) arasında bu gün yerli vaxtla saat 14:00-dan etibarən atəşkəsin tətbiq olunması barədə razılıq əldə edilib.

Erməni ailəsini məhv edən rusa hökm oxundu

Ermənistanın Gümrü şəhərində erməni ailəsinin 7 üzvünün qətlində ittiham olunan Rusiya hərbi qulluqçusunun məhkəmə prosesi başa çatıb.

Publika.az "news.am" saytına istinadən xəbər verir ki, 102-ci Rusiya hərbi bazasının məhkəməsi Valeri Permyakovu ömürlük azadlıqdan məhrum edib.

Qeyd edək ki, hadisə 12 yanvar 2015-ci il tarixində baş verib. İttihamnaməyə əsasən, Rusiya bazasının əsgəri Valeri Permyakov Avetisyan ailəsinin evinə daxil olaraq onları güllələyib. Ailənin altı üzvü hadisə yerində ölüb, biri isə xəstəxanada həyatını itirib.

Türkiyə Suriyaya girir?

Suriyanın İŞİD nəzarətindəki Bab bölgəsindən atılan 3 minaatan mərmisi Kilis şəhər mərkəzinə düşüb.

İŞİD-in nəzarət etdiyi Cerablusdan dünən axşam və bu gün səhər saatlarında Qaziantep vilayətinin Karkamış mahalına minaatan mərmiləri atılmışdı. Sərhəddə yerləşdirilən tank birlikləri 40-dan çox top atəşi ilə cavab verib, İŞİD və PYD-yə aid hədəfləri vurub.

Hökumətə yaxın mənbənin "Reuters" agentliyinə verdiyi məlumata görə, Türkiyə qoşunları Suriyaya girəcək. İŞİD və PYD mövqelərinin atəşə tutulması isə əməliyyat üçün dəhliz yaratmağa xidmət edir.

Türkiyə Rusiyaya 5 milyard ödəyəcək - Kompensasiya

Türkiyə Rusiyanın vurulmuş təyyarəsinə görə Moskvaya 5 milyard dollar həcmində kompensasiya ödəyəcək.

Bunu "Cümhuriyyət" qəzetinə açıqlamasında Türkiyənin eks-prezidenti Abdulla Gülün müşaviri, "Yeniçağ" qəzetinin yazarı Əhməd Takan söyləyib. Onun sözlərinə görə, hazırda Ankaradakı siyasi kulislərdə bu məsələ müzakirə edilir.

İrəvana gedən qaz xəttini Saakaşvili partlatmaq istəyib?

Rusiya-Ermənistan qaz kəmərində terakt yalnız Odessa qubernatoru Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasına sərf edirdi.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın vitse-spikeri Manana Kobaxidze söyləyib. Onun sözlərinə görə, bu terakt Saakaşvilinin oktyabr seçkisi öncəsi böyük üstünlük qazanmasına səbəb olacaqdı.

Qeyd edək ki, dünən Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Rusiya-Ermənistan qaz kəmərini partlatmaq istəyən 7 nəfərlik qrupu ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm