Azərbaycanda içməli su 30 nəfəri xəstəxanalıq etdi - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda içməli su 30 nəfəri xəstəxanalıq etdi - ARAŞDIRMA

Son günlər naməlum səbəbdən Girdiman çayının rənginin yaşıla boyanması İsmayıllı və Ağsu rayonlarının bəzi kəndlərinin sakinlərini çətin vəziyyətlə üz-üzə qoyub. Xüsusən də, çaydan içməli və digər məqsədlərlə istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin sakinləri bu vəziyyətdən daha çox əziyyət çəkir.

İsmayıllı rayon Gəraybəyli kənd tibb məntəqəsinin rəhbəri Tacəddin Babayev Publika.az-a açıqlamasında bildirib ki, çayın suyunun rəngi dəyişəndən mədə-bağırsaq və dəri-zöhrəvi problemlərlə bağlı 30 nəfər müraciət edib.

“Bizim tibb məntəqəsi Eyyublu, Gəraybəyli və Xəlili kəndlərinin sakinlərinə xidmət göstərir. Hər gün bir neçə nəfər məhz çayın suyundan istifadə edəndən sonra mədə pozuntuları, dəri problemləri yaşamaları ilə bağlı müraciət edir. Bu gün səhər saatlarında 2 nəfər dəri problemi ilə bağlı gəlmişdi. Onlara ilkin yardım göstəriləndən sonra ya İsmayıllı rayon Mərkəzi Xəstəxana, ya da Ağsu rayon xəstəxanasına getməyi məsləhət gördük. Deyə bilmərik ki, bu problemlərin artmasının səbəbi məhz çayın suyu ilə bağlıdır. Sadəcə müraciət edənlər xəstəliklərini onunla əlaqələndirirlər”.

T.Babayev onu da əlavə edib ki, kənd sakinləri hələ də həmin sudan istifadə edir:

“İmkanı olanlar suyu alır, ya da başqa kənddən gətirir. Amma aldığımız suyu ancaq içmək üçün istifadə edirik. Digər ehtiyaclar üçün çayın suyundan istifadə etməyə məcburuq. Çünki Gəraybəylidə başqa su mənbəyi artezian, bulaq yoxdur. İcra nümayəndəliyindən, nazirliklərdən gəlib baxıblar. Yəqin ki, kənd üçün başqa su mənbəyi təmin edilər”.

Bəs çayın suyundan istifadə nə qədər zərərlidir?

Respublika Gigiena və Epidemologiya Mərkəzindən Publika.az-a bildirdilər ki, onlar artezian və bulaqlardan nümunələr götürüb, suyun insan sağlamlığı üçün zərərli olub-olmadığını müəyyən edirlər. Çayların suyunun isə monitorinqini aparmırlar.

Respublikanın içməli su ilə əsas təminatçısı “Azərsu”ASC-nin Texniki İstehsalat Departamenti Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov Publika.az-a açıqlamasında artıq ərazidə monitorinqlər apardıqlarını və suda çirklənmənin hansı səbəbdən qaynaqlanaması barədə versiyalarından danışıb:

“Qızılqayadan başlayaraq İsmayıllı rayonu ərazisində daş karxanalarının yanında suyun üzvü çirklənməsi baş verir. Çirklənmənin hansı mənbədən olması müəyyən ediləcək. Qəbələ-Oğuz yolunun aşağı Girdiman hissəsində heç bir problem müşahidə edilmir. Ümumiyyətlə, müşahidələrimiz göstərdi ki, çayın suyunun rənginin yaşıla boyandığı hissələrdə yosunlar çoxalıb. Ola bilər ki, suyun səviyyəsinin düşməsi və yosunların qalxması səbəbindən belə hal müşahidə edilsin. Yaxud da çirkləndiricilərin miqdarının artması səbəbindən də ola bilər. Bu versiyaların hansının real olması bugünkü müayinə və müşahidələrdən sonra bəlli olacaq. Kulüllü ərazisində emal qurğumuzdan çıxan suyun tərkibində heç bir anomaliya müşahidə edilməyib. Bu da onu göstərir ki, məhz bizim insanlara həmin mənbədən verdiyimiz içməli suyun tərkibində heç bir problem yoxdur. Çayın suyunun Xəzər dənizi üçün təhlükəsi isə çox cüzidir. Üstəlik, hələ suyun tərkibinin zərərli olması təsdiqlənməyib”.

Kənd sakinlərinin bu sudan istifadə etdiklərinə görə problemlər yaşamalarına gəldikdə A.Qasımov bildirib ki, istənilən yerüstü su hövzəsindən götürülmüş emal olunmamış suyu içəndə belə halların baş verməsi qaçılmazdır.

O, illərdir insanların həmin sudan içməli su kimi istifadə etdikləri halda, məhz bu il belə halın müşahidə olunmasının səbəbini izah edə bilməsə də, iki faktı əlaqələndirməyi doğru saymadı: “Yosun olmasa belə, o çaydan heyvanlar istifadə etdiyinə görə birbaşa içmək olmaz. Rayon səhiyyəsi və Gigiyena və epidemiologiya mərkəzi buna icazə verməməlidir. Küllülü su mənbəyində içməli su üçün satış maşınları var. Ondan da istifadə edə, evlərində filtirlər qoya bilərlər. Bundan başqa, həmin kəndlərin içməli su ilə təminatı üçün plan hazırdır. Lazımı maliyyə vəsaiti ayrılan kimi bu işlər həyata keçiriləcək”.

Lazımı maliyyə vəsaiti ayrılana qədər kənd sakinlərinin probleminin necə həll ediləcəyini isə İsmayıllı İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevdən öyrəndik. R.Ağayev də Gəraybəyli kəndi ərazisindəki mənbədən 6 kəndin içməli su ilə təminatı üçün su xəttinin çəkilməsi ilə bağlı “Azərsu”ASC-yə layihə təqdim etdiklərini və layihənin dövlət proqramına salındığını dedi:

“Hazırkı durumda kəndlərin içməli su ilə təminatında problem yoxdur. Bir neçə il əvvəl Külüllü kəndindəki arteziandan Xəlili kəndinə su xətti çəkilib. Həmin artezian həmişə saz vəziyyətdə olur. İnsanlar həmin mənbədən istifadə edə bilər”.

R.Ağayev Gəraybəyli kəndində bir-iki ay əvvəl artezianın bərpa edildiyini dedi. Baxmayaraq ki, həmin kəndin sakinləri çaydan başqa heç bir su mənbələrinin olmadığını bildirmişdi.

Demək, kəndləri içməli su məsələsi hələ ki, yaxın gələcək üçün plan üzərində qalacaq. İmkanı olanlar suyu alacaq, ya da qonşu kəndlərə üz tutacaq, olmayanalar tez-tez rəng dəyişən çaydan istifadəyə məhkumdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm