Fazil Mustafa:” Bu dəyişikliklər Azərbaycan üçün bir yenilikdir”
Bizi izləyin

Nida.az

Fazil Mustafa:” Bu dəyişikliklər Azərbaycan üçün bir yenilikdir”

Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub.

Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı fikirlərini bildirib.

Fazil Mustafanın sözlərinə görə, Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetmənin daha çevik aparılması, islahatların daha da dərinləşdirilməsi, Nazirlər Kabinetinin daha ətalətli mövqeyi əvəzinə vitse-prezidentlik institutunun təsis olunması və prezident komandasının islahatlara daha ciddi şəkildə rəhbərlik etməsini nəzərdə tutur.

Millət vəkili bir çox müddəaların Azərbaycan cəmiyyəti üçün yenilik olduğunu bildirib: "Xüsusilə, vitse-prezident institutunun təsis olunması, qurumlar arasında funksional bölgünün aparılması, islahatların heç bir boşluq olmadan vitse-prezidentlər vasitəsilə həyata keçirilməsinin nəzərdə tutulması hər halda yenilikdir və cəmiyyət tərəfindən də dəstəklənəcək. Silahlı birləşmələrlə bağlı da dəqiqləşmələr aparılır. Bütün silahlı birləşmələrə birbaşa prezident tərəfindən əmr verilməsi ölkədə təhlükəsizlik baxımından doğru bir yanaşmadır. Milli Məclis və insan haqları ilə bağlı müddəalar burada əsas müddəalar olaraq yer almaqdadır. Xüsusilə yeni mülkiyyət münasibətləri və şəxsi toxunulmazlığın qorunması ilə bağlı məsələlər, insan haqlarının qorunmasının daha çevik mexanizminin tətbiq edilməsi müsbət məqamlardır. Bunların hamısı müsbət və yeni dəyişiklikləri nəzərdə tutur. Hər halda, bir sıra məsələlər öz həllini tapdığına və Azərbaycan cəmiyyətində yeni bir situasiya yaratdığına görə bütün bunların cəmiyyət tərəfindən müzakirə olunması vacibdir".

Müsahibimiz qeyd edib ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması daha geniş və strateji proqramın həyata keçirilməsi baxımından nəzərdə tutulur: "Yəni, uzunmüddətli islahatlar proqramının prezident tərəfindən həyata keçirilməsi üçün böyük müddəti nəzərdə tutur. Dünyada, o cümlədən Avropada belə bir təcrübə var. Bu dəyişikliyin olması da hər halda, Azərbaycan üçün bir yenilikdir və müsbət nəticələri olacaq. Deputatlığa namizədlərin yaş məhdudiyyətlərin götürülməsinə gəlincə, burada istənilən şəxsin seçilmək hüququ olur. Burada xüsusilə nüfuzlu şəxslərdən söhbət gedir. Məsələn, bir adam iyirmi yaşında olimpiya çempionu olur və o, cəmiyyətdə xüsusi nüfuza malik şəxsdir. Onun bu yaşda deputat seçilməsi istisna hallar kimi qəbul olunur. Bu istisna hallara görə, müəyyən hüquqların məhdudlaşdırılmasının qarşısı alınır. Hər halda, bu da maraqlı bir dəyişiklikdir və cəmiyyətdə xüsusi nüfuzu olan, tanınmış simaların bu formada təmsilçilik inkanlarının artırılması üçün bu varianta üstünlük verilir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm