Qurban Qurbanov: “İşimiz asan olmayacaq”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “İşimiz asan olmayacaq”

"Ən vacib oyunlarımızdan biridir. Rəqibi daha yaxından tanıdım. Pis hazırlaşmamışıq".

Publika.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi Avropa Liqasının pley-off mərhələsində İsveç "Göteborq"u ilə keçiriləcək cavab görüşündən öncə təşkil olunmuş mətbuat konfransında bunları bildirib:

"Hər bir nəticəyə, hər bir oyuna hazırlaşmışıq. Oyunun gedişatında düşünmədiyimiz hallar baş versə də, buna hazırıq. Ciddi rəqibdir və çox yaxşı hazırlaşıblar. Bizim nə dərəcədə hazır olmağımız oyundan sonra məlum olacaq. Bu qarşılaşmaya ölüm-dirim yox, vacib deyərdim. Bu son oyundur. Nəticə hər iki komanda üçün çox vacibdir. İlk oyundan sonra düşünməyə vaxtımız vardı. Amma bu gün həmin vaxt yoxdur".

Q.Qurbanov müdafiədə güclü olmağın vacibliyini vurğulayıb: "Müdafiə güclü olmalıdır. Ancaq hücum oyunu oynamalıyıq. Gördük ki, ilk oyunda iki cərimə zərbəsindən biri qol oldu. Hücumda daha çox, aqressiv və sürətli olmalıyıq. Komanda çox geridən müdafiə olunursa, o zaman sürəti artırmaq çətindir. Amma bəzən elə olub ki, zəif oynasaq da, qalib gəlmişik. Elə də olur ki, güclü oynasan da məğlub olursan. Hər bir komandaya qalib gəlmək üçün ilk növbədə düzgün müdafiə olunmalısan. "Göteborq" kimi komandalar əks-hücumda nəticə verməyi daha çox xoşlayır. Oyunun penalti seriyalarına getməsini istəmərəm. Amma hər bir şeyə hazır olmalıyıq. Penalti seriyalarını məşq etməmişik. Komandada psixoloji vəziyyət normaldır. Son illərdə qrupda iştirak edirik. Hər hansı bir psixoloji gərginliyin olmamasına şad olaram. Belə olan halda bilirsən ki, futbolçu oyun, nəticə haqqında düşünür. Bəzən futbolçu yaxşı məşq etdiyini, hazır olduğunu düşünür. Bəzi futbolçularımızda bu var. Bütün komandalarda, hətta məşqçilərdə bu hal olur və klub eniş dövrü yaşayır. Ancaq inanmıram ki, bu oyunda belə hal olsun. Komanda ilə söhbət etmişəm. Qalib gəlmək istəyiriksə, ilk dəqiqələrdən qol vurmağa çalışmalıyıq".

Yerli mütəxəssis meydanda olacaq futbolçularla bağlı da danışıb: "Dinonun oyunu ilə bağlı son qərarı verməmişəm. Çünki onun hazırlığı istədiyimiz kimi deyil. Bu cür məsuliyyətli oyunda hazırlıqsız futbolçunu meydana buraxmaq düzgün çıxmaz. Oyunu alınmasa, özünə inam itər. Ancaq hər gün onun performansına baxırıq və düzəlməyə doğru gedir. İlk 11-likdə olmama ehtimalı daha çoxdur. Ümumiyyətlə, heyətdə yeniliklər az olacaq. Hətta ola bilər ki, dəyişiklik olmasın. Bu cür oyunda birdən-birə dəyişiklik etməyə ehtiyac duymuram. Futbolçular hər şeyi yaxşı dərk edir. Bu oyunda yaxşı düşünməliyik. Bəzən olur ki, bombardir futbolçu bir neçə epizodda qol vura bilmir. Burada rəqibi də nəzərə almaq lazımdır. Özüm də futbolçu olmuşam və bir metr məsafədən qapıya qol vura bilməmişəm".

Baş məşqçi "Qəbələ"nin Sloveniya "Maribor"u ilə keçirəcəyi cavab görüşü haqda da fikirlərini dilə gətirib: "Üstünlük "Qəbələ"dədir. Ama elə də asan oyun olmayacaq. Komanda istəkli, məşqçiləri işgüzardır. Onlara uğurlar arzu edirəm. İnanıram ki, uğur bizim komandaların tərəfində olar. Nə "Qəbələ"nin, nə də bizim işimiz asan olacaq".

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Göteborq" oyunu saat 20:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm