Şahmat Olimpiadasının keçiriləcəyi “Kristal Zal”dan REPORTAJ - FOTOLAR
Bizi izləyin

İdman

Şahmat Olimpiadasının keçiriləcəyi “Kristal Zal”dan REPORTAJ - FOTOLAR

Bu gün Bakı Şahmat Olimpiadasının keçiriləyi "Kristal Zal"a media-tur təşkil olunub.

Publika.az xəbər verir ki, tədbirdə jurnalistlərə Bakı Şahmat Olimpiadasında yaradılacaq şərait barədə məlumat verilib. Eyni zamanda, media nümayəndələri yarış zalı və mətbuat mərkəzi ilə tanış olmaq imkanı qazanıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə jurnalistlərə iş prosesi barədə ətraflı məlumat verib. O bildirib ki, yarışı işıqlandırmaq üçün 150-si yerli, 98-i əcnəbi olmaqla ümumilikdə 248 media nümayəndəsi qeydiyyatdan keçib.

"Kristal Zal"da olimpiada zamanı şahmat sərgisi keçiriləcək. Bu sərgidə tarixi şahmat lövhələri, fiqurları yer alacaq. Bundan başqa, Şahmat kafesi və Qonaq evi də qonaqların ixtiyarına veriləcək. Yarışlar olimpiadanın rəsmi saytı olan http://www.bakuchessolympiad.com vasitəsilə canlı yayımlanacaq. 3 dildə şərh olunacaq oyunları 5 milyondan artıq tamaşaçının izləyəcəyi gözlənilir.

Olimpiadada 200-dən artıq hakim iştirak edəcək ki, onlardan 26-sı Azərbaycanı təmsil edəcək. Yarış zalında 1610 tamaşaçı canlı olaraq görüşləri izləyə biləcək və saydan asılı olaraq bu rəqəm arta da bilər. Tamaşaçıların arenaya girişi sərbəst olacaq.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19.00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm