Rusiya “imperiyası”nın hədəfi, Ankaranın pozduğu böyük oyun, Putindən qəfil əmr... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Rusiya “imperiyası”nın hədəfi, Ankaranın pozduğu böyük oyun, Putindən qəfil əmr... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə ordusunun dünən səhər saatlarından Suriyada başladığı "Fərat Qalxanı" əməliyyatı davam edir. ABŞ -ın dəstəyi ilə Fərat çayının qərbinə keçən PYD çayın şərq sahilinə geri çəkilir. Türkiyədə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlunun kortejinə silahlı hücum olub. Rusiya prezidenti Vladimir Putin isə orduya qəfil yoxlama əmri verib.

Türkiyə ordusu yenidən səhnədə - "Fərat Qalxanı"nin NƏTİCƏLƏRİ

Türkiyə ordusunun dünən Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı müvəffəqiyyətlə nəticələndi.

Türkiyəli siyasi mütəxəssislər və yazarlar əməliyyatın əhəmiyyətli nəticələrinin olduğunu bildirirlər.

"Habertürk" saytının yazdığına görə, əməliyyat Türkiyə sərhədində "kürd dəhlizi"nin yaranması və İŞİD təhdidi nəticəsində ərəb dünyası ilə birbaşa coğrafi əlaqənin kəsilməsi riskini aradan qaldırdı. Bu əməliyyatla ərəb dünyasına çıxış qapısı yenidən nəzarət altına alındı. Bundan başqa, diplomatik sahədə uğur əldə edildi. Aparılan diplomatik danışıqlar, əməliyyatın həm müttəfiq, həm də qonşu ölkələrə düzgün izah edilməsi nəticəsində "Fərat Qalxanı" əməliyyatına heç bir sərt reaksiya olmadı. ABŞ başda olmaqla, Rusiya, İran və Almaniya kimi ölkələrdən Türkiyəni dəstəkləyən şərhlər gəldi, YPG isə Fərat çayının qərbinə keçməməsi mövzusunda xəbərdar edildi.

"Habertürk" yazır ki, Türkiyə bu əməliyyatla ölkə xaricində əməliyyat keçirmək qabiliyyətini bütün dünyaya yenidən göstərdi.

"Hürriyət" nəşrinin yazarı Abdulkadir Selvi Türkiyə ordusunun əməliyyata 450 nəfərlik heyətlə qatıldığını, bu rəqəmin 15 minə çıxa biləcəyini qeyd edib.

O, əməliyyatın detalları barədə yazıb: Suriyaya ilk olaraq 16 tank və 13-14 zirehli texnika daxil olub. Onlarla birlikdə Azad Suriya Ordusunun 1800-2000 üzvü Cerablusa keçib. Onları içəridə 3 minə yaxın Azad Suriya Ordusunun üzvü gözləyirdi. Ancaq bundan bir gün əvvəl Suriyaya xüsusi təyinatlılar və kəşfiyyat birlikləri daxil olmuşdu. Xüsusi təyinatlılar Suriyada kiçik miqyaslı əməliyyatlar həyata keçirib. Beləliklə, Cerablusa gedən yollarda təhlükəsizlik təmin edildi".

Yazar "Fərat Qalxanı" əməliyyatının hədəflərini aşağıdakı şəkildə sıralayıb:

1.Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək

2.Koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarına dəstək vermək

3. Suriyadan Türkiyə sərhədinə doğru başlayan qaçqın dalğasının qarşısını almaq üçün təhlükəsiz bölgəni yaratmaq

4. PYD-nin Kobani ilə Afrini birləşdirərək Türkiyə sərhədində bir "kürd dəhlizi"nin yaradılmasına icazə verməmək.

"Hürriyət" nəşrinin digər bir yazarı Dəniz Zeyrek "Fərat Qalxanı" əməliyyatı ilə Türkiyənin 4 qazancının olduğunu bildirib.

1. İŞİD Münbiçdən sonra daha bir strateji mövqeyi itirəcək.

2. PYD Türkiyənin "qırmızı xətti" (Fərat çayının qərbi Türkiyənin "qırmızı xətti" hesab olunur) mövzusunda mövqeyini qəbul etmək məcburiyyətində qalacaq.

3. Türkiyə üçün strateji əhəmiyyətə malik dəhlizdə Azad Suriya Ordusu üçün qapı açılacaq.

4. Danışıqlar masasında Türkiyə və Azad Suriya Ordusunun əli güclənəcək.

Suriyaya daha 10 türk tankı keçdi

Türkiyə Silahlı Qüvvələrinin dünən səhər saatlarında Suriyada başladığı "Fərat Qalxanı" əməliyyatı davam edir.

Əməliyyatın ikinci günündə Suriya ərazisinə Karkamış sərhəd-keçid məntəqəsindən daha 10 tank Suriya torpaqlarına keçib. Tankların Cerablus istiqamətində irəlilədiyi bildirilir.

ABŞ-dan Ankaraya ŞAD XƏBƏR: "Geri çəkilir"

PYD/YPG gücləri Suriyada Fərat çayının şərqinə çəkilir.

Bu haqda ABŞ dövlət katibi Con Kerri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətində bildirib.

Dünən Mövlud Çavuşoğlu Suriya Demokratik Gücləri ilə yanaşı, YPG (PYD-nin silahlı qanadı –red.) döyüşçülərinin də Fərat çayının şərqinə keçməli olduğunu söyləmişdi. "Keçməzlərsə, lazım olan addımları atarıq", - Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Qeyd edək ki, Fərat çayının qərbi Türkiyənin "qırmızı xətti" hesab olunur.

Gülən üçün YOLUN SONU: ittihamnamə qəbul edildi

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə etmək üçün Ankaraya gələn amerikalı heyətlə 17 saatlıq müzakirələr aparılıb.

Müzakirələrin müsbət keçdiyi bildirilir. ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət 4 nəfərlik heyətə Türkiyənin əlindəki bütün sənədlər təqdim edilib. Heyət xüsusilə iki sənəd üzərinə dayanıb. Amerikalı heyət İstanbul və Ankara baş prokurorluqlarının Gülənin 15 iyul hərbi çevriliş cəhdində iştirakı ilə bağlı hazırladıqları ittihamları ekstradisiya üçün yetərli hesab edib.

Amerikalı heyət Ankarada onlara verilən sənədləri ABŞ Ədliyyə Nazirliyinə təqdim edəcək. Bundan sonra Türkiyədən texniki səviyyədə bir heyətin ABŞ-a səfəri planlaşdırılır. Son mərhələdə isə ədliyyə naziri Bəkir Bozdağ və xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin ekstradisiya məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək.

Kılıçdaroğluna silahlı hücum

Artvinə gedən Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun kortejinə Ardanuç mahalı yaxınlığında atəş açılıb.

CHP sədrinin avtomobil karvanı hərəkət edərkən polislə terrorçular arasındakı atışmanın ortasında qalıb. Kılıçdaroğlu bu gün əvvəlcə təyyarə ilə Qars şəhərinə, oradan isə avtomobillə Gürcüstanla həmsərhəd Artvinə gedib. O, Artvin vilayətinin Şavşat şəhərinin mərkəzində toplaşan tərərfdarları qarşısında çıxış edib. Sonra Artvin şəhərinə yola düşən müxalifət liderinin avtomobil karvanının hərəkəti vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb. Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, sonra ərazidən uzaqlaşdırılıb.

Partiya sədrinin müşavirlərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının hərəkət etdiyi ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verdiyini söyləyib.

Lakin başqa bir məlumata görə, naməlum terrorçular Kılıçdaroğluna hücumu planlaşdırıb. Türkiyənin baş naziri Kamal Kılıcdaroğlu hadisəni CHP liderinə yönəlik sui-qəsd adlandırıb.

Hadisə nəticəsində bir əsgər şəhid olub, 2 nəfər yaralanıb.

Poroşenko: "Putin istəyir ki, Rusiya imperiyasına..."

"Rusiya prezidenti Vladimir Putin istəyir ki, bütün Ukrayna Rusiya imperiyasının hissəsi olsun".

Bu sözləri CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Poroşenkonun sözlərinə görə, əgər 2013-cü ildə ondan Krımın Rusiya tərəfindən işğalının mümkünlüyünü soruşsaydılar, bunun olmayacağını deyərdi. Dövlət başçısı həmçinin deyib ki, əgər 2014-cü ilin yanvarında ona Ukraynanın şərqinə minlərlə Rusiya hərbi qulluqçusunun müdaxiləsi haqqında sual versəydilər, bunun mümkün ola bilməyəcəyini deyərdi.

"Rusiya təcavüzü müharibədən (II Dünya Müharibəsi - red.) sonra yaranan qlobal təhlükəsizlik sistemini tamamilə dağıtdı", - Poroşenko vurğulayıb.

Ukrayna prezidenti Rusiya tərəfindən bombalanan Suriyanın Hələb şəhərində də vəziyyətin eyni olduğunu bildirib: "Onların yalnız bir hədəfi var, dünyada sabitlik daha az olmalıdır.

İtaliyada zəlzələ: 241 nəfər təbii fəlakətin qurbanı oldu

İtaliya Mülki Müdafiə Xidməti çərşənbə gecəsi ölkənin mərkəzi hissəsində baş verən dağıdıcı zəlzələnin qurbanlarının sayını dəqiqləşdirib. Son məlumatlara görə, 241 insan təbii fəlakətin qurbanı olub.

Daha əvvəl 247 nəfərin həlak olduğu, xəstəxanada 264 nəfərin müalicə edildiyi bildirilirdi. "Hazırda zəlzələ nəticəsində ölənlərin sayı 247 deyil, 241-dir", - İtaliya Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi İmmakolata Postilyone Romada keçirdiyi brifinqdə dedi.

Xüsusi halda, 11 nəfər Akkumoli, 184-ü Amatriçe və 46-sı isə Arkuata-del-Tronto şəhərində həlak olub.

Putindən Rusiya ordusuna qəfil yoxlama əmri

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Cənub, Qərb və Mərkəzi hərbi dairələrində, həmçinin Şimal donanmasında, aviasiyada, desant qüvvələrində qəfil yoxlama əmri verib.

Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlama yayıb. Nazirin sözlərinə görə, yoxlama 25-31 avqust tarixləri arasında davam edəcək. Şoyqu bildirib ki, yoxlama ordunun böhranlı hallara cəld reaksiya verməsi üçün təşkil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm