Aytən Cavanşir: “Məhəbbət dalınca getmədim” - FOTOLAR
Bizi izləyin

Müsahibə

Aytən Cavanşir: “Məhəbbət dalınca getmədim” - FOTOLAR

"Vəkil", "Ayaqlarım üşüyürdü", "Pərdələri çəkin" kitablarının müəllifi Aytən Cavanşir Publika.az-ın qonağı olub. Bu yaxınlarda İtaliyadan qayıdan qonağımız səfər barədə təəssüratlarını bizimlə bölüşüb.

- Bu yaxınlarda İtaliyadan səfərdən qayıtmısan. Bilirəm ki, bu ölkəyə getmək çoxdankı arzun idi. Arzun həyata keçdi, təəssüratların necədir?

- İtaliya mədəniyyətini sevdiyim ölkələrdən biridir. Əslində, bu səfəri planlaşdırmamışdım. İtaliyaya bir neçə aylıq səfər etmək şansım yarandı və onu dəyərləndirdim.

"Onlarla darıxmaq mümkün deyil"

- Bu ölkəyə səyahət etməkdə əsas məqsədin nə idi?

- Sözsüz ki, İtaliyaya səfər bu dili mükəmməlləşdirməyim üçün yaxşı fürsət idi, amma məni yazıçı kimi bu ölkənin insanları daha çox maraqlandırırdı. Ekranda gördüyün, kitab-jurnallardan tanımaq ayrı, real həyatda onlarla təmasda olmaq ayrı. Yaradıcı insan kimi onları müşahidə etmək mənim üçün çox maraqlı idi və bundan böyük zövq aldım.

- İtaliyada səni ən çox cəlb edən nə oldu, insanları, təbiəti, yoxsa tarixi məkanları?

- İtaliya tarixi tikililərinə çox az toxunub. Elə mən özüm də Peruca şəhərinin köhnə binalarından birində yaşayırdım. Oranın əhalisi öz ölkəsinin qədimliyinə xələl gətirmir və onu modernləşdirməyə çalışmır. Bu bütövlükdə İtaliyaya aiddir. Onların bu xüsusiyyətini çox bəyəndim. İnsanlar öz keçmişlərini çox mahircəsinə qoruyurlar. Bəzən mənə elə gəlirdi ki, bu köhnə iki-üç mərtəbəli evlər insanla danışır, əsrlərin tozu hopmuş binalar məndə çox doğma hisslər yaradırdı. Sanki çox keçmiş bir dostlarındır. Eynən bu şəhərdəki saysız-hesabsız gözəl pilləkənlər kimi. İtaliyanın bir neçə şəhərində, o cümlədən, əsas şəhərlər sayılan Roma və Florensiyada oldum. Romada gəzərkən özümü 1953-cü ildə çəkilmiş "Roma tətilləri" filminin qəhrəmanı kimi hiss etdim. Həmin Trevi fontanı, Kolizey və dadlı italyan "gelato"su... (red.–dondurma)

İtalyanların özlərinə qaldıqda, eynilə filmlərində gördüyümüz həyatsevər və çox nadir hallarda dalğın insanlardır. Mənim evim mərkəzdə idi və demək olar ki, hər gecə bayırdan deyib-gülən italyanların səsini eşidirdim. Onlar şərab və ya pivə içib şən mahnılar oxumağı sevir. Təbitəcə pessimist və sakit deyillər. Bir sözlə, onlarla darıxmaq mümkün deyil.

- Sən əsasən retro dövrünün aktrisa və aktyorlarına pərəstiş edirsən. Bəs o dövrlə indiki nəsil arasında fərq hiss olunur?

- Mən yaşadığım şəhər tələbə şəhərciyi idi, orada turistlər də həddindən artıq çox idi. Onu deyə bilərəm ki, gənclər yaratmağa çox meyllidir. Həftənin bəzi günləri gənc qızlar və oğlanlar rəsm alətlərini götürüb şəhərin mənzərəli yerlərinə gedir və rəsm çəkirlər.

"Özlərini kiminsə köləsi hesab etmirlər"

- İtalyanların ən mənfi və müsbət xüsusiyyətləri hansıdır?

- Əlbəttə, italyanların içində yaşayırsan, hər gün mağazaya gedirsən, istər-istəməz ünsiyyətdə olursan və onları özün üçün daha yaxından kəşf edirsən. İdeal olduqlarını söyləyə bilmərəm, ümumiyyətlə, onlar məni heç nə ilə təəccübləndirə bilmədilər. Bu, bəlkə də ölkə haqqında kifayət qədər məlumatlı olmağımdan irəli gəlir. Müsbət xüsusiyyətlərinə qaldıqda özlərinə çox hörmət edirlər, istirahət və komfortlarını daha üstün tuturlar. Bu əlbəttə ki, yaxşı haldır. Özlərini kiminsə köləsi hesab etməyə meylli deyillər. Həyatdan maksimum zövq almağa səy göstərirlər. Ağır, ikincidərəcəli işlərdə çox vaxt digər ölkələrin nümayəndələri çalışır. Mənfi xüsusiyyətləri barədə çox danışmaq istəməzdim. Məhəbbətin gözü kordur deyiblər. Mən bu xalqı mənfi və müsbətləri ilə birgə sevirəm.

- İtaliya ilə bağlı ən yaddaqalan xatirələrini dinləmək xoş olardı.

- Məmnuniyyətlə! Mən şəhərin səssiz və mənzərələri yerlərində tək gəzməyi çox sevirdim. Bir dəfə yenə köhnə küçələrin birindən keçirdim, gözümə köhnə kitab mağazası sataşdı. Çoxlu sayda kitablar vardı. Sevdiyim italyan aktyoru Domeniko Modunyo barədə kitab gördüm və onu almaq istədim. Sevincli halda mağazadakı yaşlı kişidən kitabın qiymətini soruşdum. O, kresloda oturub siqara çəkirdi. Mənə maraqla baxıb kitabın satılmadığı söylədi. Niyə satılmadığı ilə maraqlananda aydınlaşdırdım ki, bura həmin kişinin şəxsi kitabxanasıdır, mağaza deyilmiş. Sadəcə, kitablardan zövq alan insanların gəlib baxması üçün qapısını həmişə açıq qoyur və özü də bu işdən olduqca zövq alır. Sonra bir neçə dəfə ora baş çəkdim və həmin kitabxana sahibi ilə kitab haqda maraqlı söhbətlərimiz oldu.

Digər maraqlı hadisə... Bir dəfə universitetin kinoteatrına getdim. Saat 18:00 olardı. Yağışlı gün idi, gecikirdim, tələsə-tələsə qaçdım, çünki sevdiyim aktyorun, Nino Manfredinin baş rolda çəkildiyi film nümayiş olunacaqdı. Çatarkən qapının bağlı olduğunu gördüm. Bir az məyus, bir az çaşqın halda geri döndum, birinci mərtəbədə məlumat pəncərəsinə yaxınlaşıb bu gün kinonun olub-olmadığını soruşdum. Oradakı cənab çox gülərüz şəkildə, "bir dəqiqə gözləyin" deyib harasa zəng etdi. Hardasa beş dəqiqədən sonra bu universitetdə kino məsələlərinə baxan cənab üzündə səmimiyyət dolu təbəssümlə mənə sarı yaxınlaşdı və bu gün heç kimin kinoya gəlmədiyi söyləyib filmə baxmaq istəyib-istəmədiyimlə maraqlandı. Dedim, "baxardım, ancaq bir tək mənə görə əziyyət çəkməyinizi istəməzdim". Həmin cənab çox kübarcasına "mənim üçün xoşdur" söylədi. Qısası, böyük zalda ikisaatlıq film tək mənim üçün nümayiş olundu!

- Bayaq şəxsi kitabxana haqda söylədin. Bəs kitab mağazaları necədir?

- Mən bu şəhərdə mütəmadi olaraq iki kitab dükanına baş çəkirdim. İtaliyanın ən böyük kitab mağazası "La Feltrinelli" mağazalar şəbəkəsidir. Adi günlərdə günorta saatlarında bu mağazanın kassası qarşısında uzun növbələr olurdu. Bu mənə çox xoş təsir bağışladı. İtalyanlar mütaliə etməyi sevir. Kitab dükanları da yerli ədəbiyyatı daha öndə tutur. İtaliyada kitabların qiyməti kifayət qədər yüksəkdir. Bu da nəşriyyatın öz yazıçısına nə qədər dəyər verdiyinin göstəricisidir. Məsələn, adi, müasir bir italyan yazıçısının kitabı bizim pulla təxminən 30-35 manat arasında dəyişir. Bizdə isə insanlar "Pərdələri çəkin"in baha olmasından şikayət edir. Zarafat bir yana, ancaq bizim insanların kitaba pulu qənaət etmələri məni bir yazıçı kimi də deyil, bir vətəndaş kimi incidir.

- Kitab mağazalarında Azərbaycan ədəbiyyatından kiminsə kitabına rast gəldin?

- Təəssüf ki, xeyr. Amma türk yazıçılarından Nazim Hikmət, müasir türk ədəbiyyatından isə Orxan Pamukun kitabları satışda vardı. Əfsuslar olsun ki, bizdə ədəbiyyat bir çox sahələrə uduzur.

- Səncə, bunu faciə adlandırmaq olar?

- Biz ölkəni dünyaya tanıdan əsas sahələrdən birinin də ilk növbədə onun ədəbiyyatı olduğunu unutmaqla böyük yanlışlıq edirik. Bu gün müasir gənc üçün Yaponiya Murakami ilə assosiasiya olunur! O, güclü, yoxsa zəif yazıçıdır, bu artıq başqa məsələdir. Ədəbiyyat müvəqqəti şöhrətin olduğu sahə deyil. Bu gün Rusiya deyərkən Tolstoy, Fransa deyərkən Dümanı, Hüqonu xatırlayırıq. Təbii ki, Azərbaycan ədəbiyyatının dünyada tanınmaması məni narahat edir.

- Səbəb nədir?

- Ola bilsin, səbəb bizim özümüzə lazımi dəyər verməyi bacarmamağımızdır. Görünür, biz maddi zənginliyi dünyəvi dəyərlərdən daha üstün tuturuq. Çox dərin və müzakirəsi uzun çəkəcək məsələdir, hər halda yaxşı olacağına ümid edirəm. Yalnız bir şey deyə bilərəm. Bir xalq olaraq, özümüzə daha çox hörmət etməyi, dəyər verməyi öyrənməliyik.

"Ölümdən də çox qorxurlar"

- Çox zaman italyanlarla azərbaycanlıları müqayisə edir və oxşar olduğumuz deyilir. Bu həqiqətən belədir?

- Nə yalan deyim, böyük oxşarlıq görmədim. Bizdən fərqli olaraq, onlar özlərinə daha çox dəyər verir. Özünü qanun və çərçivələrə salmırlar. Yeganə oxşarlıq odur ki, onlarda da bizim kimi bəzi sahələrdə süründürməçilik var. Əsas fərqlərimizdəndən biri bizim tez ruhdan düşməyimiz, onların isə əksinə həyatsevər olmalarıdır. Ümumiyyətlə, italyanlar ölümdən də çox qorxur və o mövzuda demək olar ki, danışmırlar. Onların yanında terror, müharibə haqqında söhbətlər gedərkən sıxıldıqlarını hiss edirdim. Bu, insan taleyinə biganəlik deyil. Elə mən özüm də dava-dalaşı, pessimist, kriminal xəbərləri sevmirəm, bunlar əhvalıma təsir edir. Həmin gün özümü ağır hiss edirəm.

"Yaşlı nəsil cavanlardan daha zövqlü geyinir"

- İtalyan qadınları filmlərdəki kimi xarici görünüşlərinə çox önəm verir və dəblə geyinir?

- Bəli. İtalyanlar musiqi və futbol kimi dəbi də çox sevir. Hətta deyərdim ki, yaşlı nəsil, cavanlardan daha zövqlü geyinir. Şərfləri, ayaqqabıları, çantaları, aksessuarları geyimləri ilə mütləq uyğunluq təşkil etməlidir. Baxımsız qadın çox nadir hallarda qarşına çıxır, o da çox vaxt əcnəbilər olur.

- Yenidən qayıtmaq istərdin?

- Əlbəttə, amma bu dəfə daha uzunmüddətli.

"Məhəbbət dalınca getmədim"

- Bəzi xanımlar İtaliyaya məhəbbət macəraları dalınca qaçır. Bu da səbəbsiz deyil, italyan kişilərinin yaraşıqlı olduğu hər bir kəsə məlumdur. Yəqin ki, sən də öz ünvanına az tərif eşitməmisən və belə dəvətlər sənə də olunub.

- Doğrudur, ancaq mən İtaliyaya məhəbbət dalınca getməmişdim. Bəzi xanımları deyə bilmərəm, məni bu ölkəyə çəkib aparan yazıçı marağı idi.

- Xarici vətəndaşla evliliyə necə baxırsan?

- Bu hər bir kəsin şəxsi seçimidir. Bu səbəbdən, mənim buna hər hansı münasibət bildirməyim düzgün deyil.

- Keçmişə və gələcəyə səyahət etmək imkanın olsaydı, hansını seçərdin?

- Əlbəttə, keçmişə, heç yaşamadığım dövrlərə səyahət etmək istərdim, amma gələcəyi daha üstün tuturam.

Aytən

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm