Rusiya parçalanacaq, Qarabağ qaytarılacaq – “BÖYÜK PLAN” – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Rusiya parçalanacaq, Qarabağ qaytarılacaq – “BÖYÜK PLAN” – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Yola salmağa hazırlaşdığımız həftə Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı ilə yadda qaldı. Moskva ilə normallaşan münasibətlər fonunda həyata keçirilən əməliyyat Ankaranı yenidən Suriya tənliyinə qaytardı. Əməliyyata Qərbin, o cümlədən Bəşər Əsədin yaxın dəstəkçiləri olan İran və Rusiyanın sərt reaksiya verməməsi Türkiyənin uğuru sayıla bilər. FETÖ lideri Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi bu gedişlə "ilin hekayəsi"nə dönəcək. Ankaraya səfər edən ABŞ-ın vitse-prezidenti bu məsələnin həllində söz sahibini göstərdi. İtaliya isə güclü zəlzələ ilə sarsıldı.

"Fərat Qalxanı" – Türkiyənin "qırmızı xətt"

Artıq həftənin ilk günündə Türkiyə mediası Suriya müxalifətinin ölkənin şimalında "kürd dəhlizi"nin tamamlanmasına imkan verməmək üçün Türkiyənin dəstəyi ilə böyük əməliyyata hazırlaşdığını yazdı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu litvalı həmkarı Linas Linkyaviçyusla görüşdən sonra təşkil etdiyi birgə mətbuat konfransında "sərhədimiz İŞİD-dən təmizlənməlidir", - deyərək qarşıdakı əməliyyatın siqnalını verdi.

Artıq həftənin ilk günündə yayılan bəzi informasiyalara görə, İŞİD üzvlərinin bir hissəsi qruplar şəklində əməliyyatın əsas hədəfi olacaq Cerablus şəhərdən çəkilib, ailələri isə terror təşkilatının "paytaxt"ı sayılan Rakkaya göndərilib.

Qeyd edək ki, Fərat çayının qərbi Türkiyə üçün "qırmızı xətt" hesab olunur. Ankara dəfələrlə açıqlanmışdı ki, PYD gücləri Fəratın qərbinə keçəcəkləri halda, Türkiyə onları vuracaq və bölgəyə müdaxilə edəcək. Lakin, Vaşinqton Türkiyəyə müəyyən vədlər verərək PYD-nin "qırmızı xətt"i keçməsini təmin edib. Ekspertlər də xəbərdarlıq edirdilər ki, Türkiyə üçün çox ciddi təhdid yaranıb.

"Putin həmin vaxt söyləmişdi ki...." – "Böyük plan" barədə ŞOK İDDİA

Bir gün sonra isə Türkiyənin "Hürriyyət" nəşrinin yazarı Abdülkadir Selvi maraqlı bir iddia ilə çıxış etdi. Hökumətə yaxınlığı ilə tanınan yazarın sözlərinə görə, ABŞ, Türkiyə və Suriya müxalifəti "Böyük Cerablus əməliyyatı"nın planını hazırlamışdı, ancaq 24 noyabr 2015-ci ildə Rusiya təyyarəsinin vurulması ilə plan ləğv edilib.

Yazar qeyd edib ki, noyabrın 15-16-da Antalyada keçirilən G-20 ("Böyük iyirmilik") ölkələrinin liderlərinin sammitində əməliyyatın detalları Rusiya prezidenti Vladimir Putinə xəritələr üzərindən izah olunmuşdu. Deyilənə görə, Rusiya lideri "Biz yüksək səslə reaksiya verərik, amma üzərində dayanmarıq" söyləmişdi.

"Mehmetcik" Suriyaya girdi

Nəhayət, Ankara avqustun 24-də düyməyə basdı. Türkiyə Silahlı Qüvvələrinə bağlı F-16 qırıcıları və topçu birlikləri Suriyanın Cerablus şəhərinin İŞİD-dən azad edilməsi üçün əməliyyata başladı. Aviazərbələrdən sonra Türkiyənin tank birlikləri Suriyaya daxil oldu.

Türkiyə ordusundan dəstək alan Azad Suriya Ordusu elə həmin gün axşam saatlarında Cerablusa nəzarəti tamamilə ələ keçirdi.

Türkiyə ordusu yenidən səhnədə - "Fərat Qalxanı"nin NƏTİCƏLƏRİ

Türkiyə ordusunun dünən Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı müvəffəqiyyətlə nəticələndi.

Türkiyəli siyasi mütəxəssislər və yazarlar əməliyyatın əhəmiyyətli nəticələrinin olduğunu bildirirlər.

"Habertürk" saytının yazdığına görə, əməliyyat Türkiyə sərhədində "kürd dəhlizi"nin yaranması və İŞİD təhdidi nəticəsində ərəb dünyası ilə birbaşa coğrafi əlaqənin kəsilməsi riskini aradan qaldırdı. Bu əməliyyatla ərəb dünyasına çıxış qapısı yenidən nəzarət altına alındı. Bundan başqa, diplomatik sahədə uğur əldə edildi. Aparılan diplomatik danışıqlar, əməliyyatın həm müttəfiq, həm də qonşu ölkələrə düzgün izah edilməsi nəticəsində "Fərat Qalxanı" əməliyyatına heç bir sərt reaksiya olmadı. ABŞ başda olmaqla, Rusiya, İran və Almaniya kimi ölkələrdən Türkiyəni dəstəkləyən şərhlər gəldi, YPG isə Fərat çayının qərbinə keçməməsi mövzusunda xəbərdar edildi.

"Habertürk" yazır ki, Türkiyə bu əməliyyatla ölkə xaricində əməliyyat keçirmək qabiliyyətini bütün dünyaya yenidən göstərdi.

"Hürriyət" nəşrinin yazarı Abdulkadir Selvi "Fərat Qalxanı" əməliyyatının hədəflərini aşağıdakı şəkildə sıralayıb:

1.Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək

2.Koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarına dəstək vermək

3. Suriyadan Türkiyə sərhədinə doğru başlayan qaçqın dalğasının qarşısını almaq üçün təhlükəsiz bölgəni yaratmaq

4. PYD-nin Kobani ilə Afrini birləşdirərək Türkiyə sərhədində bir "kürd dəhlizi"nin yaradılmasına icazə verməmək.

"Hürriyət" nəşrinin digər bir yazarı Dəniz Zeyrek "Fərat Qalxanı" əməliyyatı ilə Türkiyənin 4 qazancının olduğunu bildirib.

1. İŞİD Münbiçdən sonra daha bir strateji mövqeyi itirəcək.

2. PYD Türkiyənin "qırmızı xətti" (Fərat çayının qərbi Türkiyənin "qırmızı xətti" hesab olunur) mövzusunda mövqeyini qəbul etmək məcburiyyətində qalacaq.

3. Türkiyə üçün strateji əhəmiyyətə malik dəhlizdə Azad Suriya Ordusu üçün qapı açılacaq.

4. Danışıqlar masasında Türkiyə və Azad Suriya Ordusunun əli güclənəcək.

Sergey Şoyqu axtarışa verildi

Kiyev avqustun 22-də Rusiya və Ukrayna arasındakı münasibətləri gərginləşdirəcək bir addım atdı. Ukraynanın baş prokurorluğu Rusiyanın 18 yüksək vəzifəli hərbi məmuru barəsində axtarış elan etdi.

Ukraynanın baş prokuroru Yuri Lusenko mətbuat konfransında bildirdi ki, onlar terror qrupunun yaradılması, müharibə təbliğatı, həmçinin təcavüzkar müharibənin aparılmasında ittiham olunurlar. Barəsində axtarış elan edilənlər arasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu, onun iki müavini və Rusiya Silahlı qüvvələrinin daha on generalının adı var. Ukraynanın baş prokuroru Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevi də şübhəli elan etməyə hazırlaşdığını bildirib.

Kremlin cavabı iki gün sonra, Ukraynanın Müstəqillik Günündə - 24 avqustda gəldi. Rusiyanın İstintaq Komitəsi Ukraynanın müdafiə naziri Stepan Poltorak və Ukrayna ordusunun bir sıra yüksəkvəzifəli nümayəndələri barəsində cinayət işi qaldırdı.

Ukraynanın yüksək vəzifəli hərbi şəxsləri mülki əhali barəsində qeyri-qanuni hərəkətlərdə və qadağan edilmiş vasitələrin tətbiqində ittiham olunur. Barəsində cinayət işi qaldırılan şəxslərin siyahısına müdafiə nazirindən başqa, Ukrayna Müdafiə Nazirliyinin Baş qərargahının müdiri Viktor Mujenko, quru qoşunlarının keçmiş komandiri Anatoli Puşnyakov, quru qoşunlarının komandiri Sergey Popko, Ukrayna Milli Qvardiyasının komandanı Yuri Allerov daxildir.

"Bu addımı atsa, Rusiya parçalanacaq"

Ukraynada bir çoxları Müstəqillik Günündə - avqustun 24-də Rusiyanın Ukraynada genişmiqyaslı müdaxilə edəcəyini, yaxud da hansısa böyük təxribatların olacağını gözləyirdi. Göründüyü kimi bu baş vermədi.

Daha əvvəl isə Ukraynanın ilk prezidenti Leonid Kravçuk Kremlə xəbərdarlıq etdi. O, bildirdi ki, əgər Rusiya Ukraynanı ələ keçirmək istəsə, bu, onun sonu olacaq. Keçmiş prezident "Seqodnya" informasiya portalına deyib ki, genişmiqyaslı müharibə başlayarsa, Rusiya dünyadan tam təcrid ediləcək:

"Ukrayna kimi ərazini tutmaq asan deyil. Üstəlik, Ukraynanı tutmaq ciddi müqavimətlə qarşılaşmaq deməkdir. Bu, həm də bütün Rusiya üçün başağrısı olacaq. Müharibə olacağı təqdirdə dünya Rusiyanı tam şəkildə təcrid edəcək və Moskva dünyanın bir parçası olmaqdan məhrum olacaq. Bu isə qısa zaman ərzində böyük bir ölkənin parçalanmasına şərait yaradacaq".

"Türkiyəni bölmək üçün çalışırıq, 20 dövlət..." – GÜLƏNDƏN ŞOK ETİRAF

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin qalmaqallı çıxışlarına daha biri əlavə olundu.

"A Haber" kanalında gedən "İctimai yaddaş" proqramında Gülənə aid səs qeydləri yayımlanıb. "Türkiyəni bölmək üçün çalışırıq", - deyən Gülən əsl məqsədlərini ortaya qoyub (http://publika.az/p/147519).

Gülənin ekstradisiyası ilə bağlı danışıqlar

Avqustun 23-də Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı ABŞ-dan Ankaraya gələn heyətlə danışıqlar başladı.

Heyətin tərkibinə ABŞ Ədliyyə Nazirliyi ilə Dövlət Departamentinin 4 səlahiyyətlisi daxil idi. Türkiyə mediasının yazdığına görə, amerikalı heyətlə 17 saatlıq müzakirələr aparılıb. Müzakirələrin müsbət keçdiyi bildirilir. ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət 4 nəfərlik heyətə Türkiyənin əlindəki bütün sənədlər təqdim edilib. Heyət xüsusilə iki sənəd üzərinə dayanıb. Amerikalı heyət İstanbul və Ankara baş prokurorluqlarının Gülənin 15 iyul hərbi çevriliş cəhdində iştirakı ilə bağlı hazırladıqları ittihamları ekstradisiya üçün yetərli hesab edib.

Amerikalı heyət Ankarada onlara verilən sənədləri ABŞ Ədliyyə Nazirliyinə təqdim edəcək. Bundan sonra Türkiyədən texniki səviyyədə bir heyətin ABŞ-a səfəri planlaşdırılır. Son mərhələdə isə ədliyyə naziri Bəkir Bozdağ və xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin ekstradisiya məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək.

Co Bayden Türkiyədə

ABŞ-ın vitse-prezidenti Co Bayden avqustun 24-də Ankaraya səfər edib. Baş nazir Binəli Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşlərdə Gülənin Türkiyəyə ekstradisiyası danışıqlarda xüsusi yer tutub.

Binəli Yıldırımla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bayden bildirdi ki, qanunların icazə verəcəyi halda Güləni Türkiyəyə ekstradisiya edə bilərlər. "Bizim hər hansı bir adamı qorumağa niyyətimiz yoxdur, amma bunun qanunlarımıza uyğun gəlməsi zəruridir", - vitse-prezident söyləyib.

Türkiyə prezidenti və ABŞ-ın vitse-prezidenti arasındakı görüş təxminən 2 saat 25 dəqiqə davam edib. Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələsinə də toxunan Bayden Binəli Yıldırama dediyi sözləri təkrarlayıb: "Gülənin Türkiyəyə ekstradisiyası tələbi ilə bağlı hüquqçularımız işləyir. Güləni qorumaq niyyətimiz və bunun üçün hər hansı səbəbimiz yoxdur. ABŞ nə qədər güclü olur olsun Federal Məhkəmədən başqa heç kim, o cümlədən prezident buna təklikdə qərar verə bilməz. Obama bunu edərsə, vəzifədən getməli olar".

Ərdoğan isə təkcə Gülən məsələsinə deyil, Suriya ilə bağlı problemlərə də toxunub:

"Bizim için ən əhəmiyyətli məsələ FETÖ-nün Türkiyəyə ekstradisiyasıdır. Suriya ilə bağlı isə bunu deyə bilərəm ki, - Suriya xalqının "bəli" demədiyi bir rəhbərin idarəsi altında olması qəbul edilməzdr. 600 minə yaxın insanı öldürən bir insanı biz qəbul edə bilmərik. Bu mövzuda ABŞ-ın bizə dəstək olacağına inanıram. Suriya Əsədlə əsla demokratiyaya çata bilməyəcək".

Kürd siyasətçi Ankarada

Avqustun 23-də Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani Ankaraya gəldi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla keçirdiyi görüşlərin nəticələri ilə bağlı mətbuat konfransı keçirən kürd siyasətçi FETÖ və İŞİD mövzusunda Ankara ilə razılaşdıqlarını vurğuladı.

İtaliyada güclü zəlzələ

Avqustun 23-dən 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində səhər saatlarında güclü zəlzələ baş verdi. Rixter cədvəli üzrə 6,2 ballıq zəlzələ ən azı üç əyalətə - Askoli Piçeno, Fermo və Maçerataya zərər vurub. Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 267-yə çatıb, 400 nəfər yaralanıb.

Kılıçdaroğluna silahlı hücum

Avqustun 25-də Artvinə gedən Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun kortejinə Ardanuç mahalı yaxınlığında atəş açılıb. Partiya sədri sağ-salamaq hadisə yerindən uzaqlaşdırılıb.

Partiya sədrinin müşavirlərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının hərəkət etdiyi ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verdiyini söyləyib. Lakin başqa bir məlumata görə, naməlum terrorçular Kılıçdaroğluna hücumu planlaşdırıb. Türkiyənin baş naziri Kamal Kılıcdaroğlu hadisəni CHP liderinə yönəlik sui-qəsd adlandırıb.

Hadisə nəticəsində bir əsgər şəhid olub, 2 nəfər yaralanıb.

Türkiyədə polis binası partladıldı: 11 şəhid, 78 yaralı

Dünən səhər saatlarında Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda terrorçu PKK qruplaşmasının silahlıları polis məntəqəsinə bomba yüklü avtomobillə hücum ediblər.

Hadisə Cızre-Şırnak avtomobil yolunun üstündə, Cizre Təhlükəsizlik İdarəsi Çevik Polis Dəstəsinin yerləşdiyi ərazinin 50 metrliyində baş verib. Hadisə nəticəsində 11 polis şəhid olub, 3-ü mülki vətəndaş, 75-i polis olmaqla 78 nəfər yaralanıb.

Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib.

Suriyada döyüşən "MƏXFİ ORDU" Qarabağa gəlir

Rusiya muzdlu döyüşçülərdən ibarət olan "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.

Bu barədə "RBC" saytının araşdırmasında deyilir. Sayt yazır ki, Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olan muzdlu ordu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub. Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib. "Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib (http://publika.az/p/147914).

"Putin Ermənistanı Dağlıq Qarabağı Azərbaycana qaytarmağa məcbur edəcək".

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi" hesab olunan "Stratfor" beyin mərkəzinin rəhbəri Corc Fridman deyib.

Onun sözlərinə görə, Putin Ərdoğanla görüşdən sonra Serj Sarkisyanı qəbul etdi: "Bu, Rusiya siyasətində radikal dəyişiklərdən xəbər verir. İndi yaxın müttəfiqlər qazanan Putin bir sıra güzəştlərə gedəcək".

C. Fridman qeyd edib ki, Putin zəifləyir və güzəştlərə getməsinə səbəb də budur: "Qarabağ da bu güzəştlərin siyahısına daxildir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm