Qarlı simura (ESSE)
Bizi izləyin

Art

Qarlı simura (ESSE)

Yasunari Kavabata adi insanların daxili dünyasını açmaqda ustadır. Mən onun yaratdığı bütün obrazlarda öz xüsusiyyətimi asanlıqla tapıram. Onun qəhrəmanları bizik. Bu adi qəhrəmanlar birdən- birə böyüyərək bəzən Dogen, bəzən Möe, çox vaxt isə Komako və Simamura olurlar.

Kavabata “Qarlı diyar” da düşünür ki, insan ruhu su damlası kimidir. O, qısa, bəsit cümlələrə böyük adamlar, böyük hadisələr sığışdırır, “Əgər kainatın bir qəlbi varsa, deməli, hər bir qəlb kainatdır”- deyərək bütün dünyaya meydan oxuyur.

Hətta o, bununla da kifayətlənmir, “Son baxış” essesində Akutaqavanın son məktubunda intiharı belə mənalandırır: “İntihar etmək fikri məndən əl çəkmir. Ancaq təbiət heç vaxt mənə belə gözəl görünməyib! Sizə yəqin gülməli görünür, təbiətin gözəlliyinə heyran olan adam intihar haqqında düşünür. Ancaq təbiət ona görə belə gözəldir ki, o, mənim son baxışımda əks olunur!”

Son olaraq Kavabata Nobel nitqində Akutaqavanı müzakirə edir və belə qənaətə gəlir: “Bu dünyada yaşamaq nə qədər ağır olsa da, intihar könlü işıqlandırmır. Özünü öldürən adam nə qədər mərd olsa da, ona müdrik deyə bilmərəm. Kim həyatını intiharla bitirirsə, müqəddəslikdən uzaqdır.” Beləliklə, 72 yaşında özünü dəm qazıyla boğaraq intihar edən Kavabata insanın özünə qarşı çıxmasını açıq- aşkar sübut etməkdən çəkinmir. Bəlkə də 72 yaşında hər şeyin faydasız olduğunu anlamışdı Kavabata. Nə bilmək olar?! O, intiharı ilə ömrü boyu uğrunda mübarizə apardığı müqəddəsliyini ustalıqla dəfn etmişdi.

Səbəb nə olursa olsun, “aylı yazıçı” artıq dünyada yox idi, amma kim əminliklə deyə bilər ki, Kavabata intihar edib? Axı o yaşayır. Görünür, Tanrının da, şeytanın da ədəbiyyatı öldürməyə gücü çatmır. Heç ədəbiyyat tanrısı Kavabatanın özü də ədəbiyyatı öldürə bilməz.

Yüz doxsan doqquz gün əvvəl. Özünü könüllü olaraq yad kişinin qucağına atmağa məcbur etməsindən keçən yüz doxsan doqquz gün.

Qarlı qış axşamı idi, qarlı diyarda hər şey əvvəlki kimi davam edirdi.

Biz həyatımızın hər anı dəyişirik, bir qədər Simamura oluruq, bir az Yoko, bir az da Komako. Amma biz daha çox Simamurayıq. Eqoist, laqeyd, mənasız, qarlı diyardan daha soyuq Simamura.

Simamura Komakonu görəndə hiss etdi ki, o, həyatı boyu yalnız belə bir qadın arzulayıbmış, həyatı boyu Komakonu istəyib, amma kişilər həmişə tez dəyişirlər, onlar heç vaxt bir qadınla kifayətlənə bilmirlər. Heç vaxt qadın haqqında düşünmürlər, həmişə qadınlar, qadınlar…

Simamura düşünür ki, guya o, insan bilicisidir, hər şeyi bilir, bütün addımlarını ölçüb-biçir, guya o fərqlidi, uzaqgörəndi. Düşünür ki, bir gün atdığı addımlar onu yüksəklərə qaldıracaq, o böyüyəcək, ürəyi istəyən kimi yaşayacaq. O düşünür, inanır, ümid edir, amma cəhd etmir, soyuqluğundan usanmır. Simamura yalnız özünü aldadır, bir tərəfdə arvadı, qarlı diyarda geyşası Komako, hələ o, həyatında üçüncü qadına da ehtiyac duyur, lakin bunu demək, bunu qəbul etmək ona olduqca çətindir. Simamura arvadını sevmir, bəlkə, indi Komakoya bəslədiyi məhəbbət də sönmək üzrədir, indi onun qəlbinə yeni hakim kəsilib. İndi Yoko onun üçün hər kəsdən dəyərlidi, buna baxmayaraq o, həyatında nəyinsə dəyişməsini istəmir, eyni zamanda, qatar yolundakı səs və güzgüdəki qadın ondan əl çəkmir.

Bütün Simamuralar Komakolara biganə qalarkən hər zaman Yokolarla qarşılaşırlar. Birincilər ikinciləri aldadarkən üçüncülər birinciləri məhv edirlər.

Komako əsərdə əsl sevgi kimi təzahür edir, onun bütün hərəkətləri sevgidən danışır. O, Simamuraya oxuduğu əsərlərin konspektini tutmasından, 15 yaşından bəri gündəlik yazmasından söhbət açır. İndi siz də Simamura kimi düşünürsüz ki, bu lap mənasızdır. Amma insan həyatında mənalı ola biləcək neçə hadisə var? Komakonun ölüm ayağındakı xəstəni müalicə etdirməsi nə qədər mənalı idi? Yokonun Yukioya ana məhəbbəti, ana qayğısı ilə yanaşmasının nə mənası var idi? O, Yukionun “şəfqət bacısı”, Yukio onun ilk və son xəstəsi idi. O, Yukiodan başqa heç kimə qulluq edə bilmir, bununla bərabər qarlı diyardan tezliklə uzaqlaşmağı arzulayır. Bütün bunlar mənasızdır, amma Yoko Tokioya gedərsə, qarabaşaq zəmisindəki tənha oğlanı hər gün kim xatırlayacaq? Səfil həyatı sürən, dağlarda “gizlənən” Simamuranın həyatı daha boş, daha mənasız deyilmi? Bütün bunlar mümkün olmayanı əldə etmək hissi qədər mənasızdır, amma mən möcüzələrə inanıram. Çünki möcüzələr bu hekayədə olmasa da, digər hekayələrdə mütləq reallaşacaqlar.

Bu qız Komakodur. O, mənasızlığına, xudbinliyinə, soyuqluğuna baxmayaraq Simamuranı sevir. Niyə sevgi onun qəlbini bu qədər ağrıdır? Böyük əzablar niyə xoşbəxtlik kimi görünür gözlərimizə? Simamuranın “Sən yaxşı qadınsan” cümləsinə dözməyi necə bacarır Komako? Axı bu qısa cümlədə böyük ayrılıq yaşayır. Axı bu cümlə sən yaxşı qadınsan, amma mən səni sevə bilmirəm kimi oxunur qadınların göz bəbəklərində. Bu cümlə mərhəmətdən xəbər verir, bu cümlə ölmüş ümidləri yenidən öldürür, Komako üçün gerçəkliyin itdiyi sərhədə çevrilir. Amma yenə sevir Komako, sevir və Simamuranın getməsini istəyir. Komako bilir ki, hər şeyin sonudur, yenə davam edir. Niyə də olmasın? Deməli, Komako da möcüzələrə inanır.

Komako düşünür ki, Yoko gələcəkdə ona ağır yük olacaq, bəlkə də buna görə sevmir onu. Doğrudur, indi onun qollarında da, qəlbində də gözləri donmuş Yoko yatır.

Yokonun uzaq işiq kimi soyuq baxışları indi donub. Simamura bundan sonra bütün güzgülərdə o işığı axtaracaq, Yokonun şüşədə əks olunan gözlərində heç vaxt qığılcım parlamayacaqdı. İndi iki güzgünü də unutmaq vacib idi. Axşam mənzərəsini və qarlı diyarı əks etdirən güzgüləri- Yokonun gözlərini və Komakonun yanaqlarını.Yoko heç vaxt diri olmamışdı, deməli, Yoko heç vaxt ölməyəcəkdi, o, bəlkə də başqa bədənlərə köçəcəkdi, Yoko hələ doğulacaqdı.

İşıqla kölgə nə vaxt yerlərini dəyişsə, deməli, nəsə kədərli bir şey baş verəcək. Ümumiyyətlə, həyatın özü yetərincə kədərli və maraqsızdı. Davam etməyə dəyərmi? İşıqla kölgəni tapdalaya biləcəksənsə, davam et, dostum.

Hər zaman beynimin içində dolanan səs həqiqət imiş: “Biz sevdiyimiz adamları unuda bilirik, bizi sevənləri isə heç vaxt!” Simamura Yokonu unudacaqdı, bəs Komakonu- dəli qızı unuda biləcəkdimi? O, dəli olacaqdı, dəli olacaqdı…

Məndən sonra

Nə qalacaq?

Yayda – çiçəklər,

Dağlarda ququ quşu,

Payızda – ağcaqayın yarpaqları…

Faxranda | 24 fevral 2016

Oxumağa davam et
Reklam
Reklam

Gündəm