"Badamlı", "Sirab", "Slavyanka", "Damla" bağlanırmı?
Bizi izləyin

Qırmızı.az

"Badamlı", "Sirab", "Slavyanka", "Damla" bağlanırmı?

Azərbaycanda su istehsal edən zavodlar bağlanma təhlükəsi ilə üz-üzədir. Bu barədə Su İstehsalçıları Birliyi açıqlama yayıb. Birliyin məlumatında qeyd olunur ki, buna səbəb bu ilin əvvəlində qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılmasıdır.

Açıqlamada vurğulanır ki, "Badamlı", "Sirab", "Slavyanka", "Damla" kimi müəssisələrin vergi artımından mənfəət əldə etmək imkanları tükənib.

İstehsalçıların hüquqlarınım müdafiə edən təşkilatın bu açıqlaması şirkətlərin həqiqətən çətin durumda olduğundan xəbər verirmi? Hansı şirkətlər bağlanma təhlükəsindədir? Bu sualların cavabı təkcə adıçəkilən şirkətlərin suyunu içən alıcılar üçün deyil, eləcə də orada işləyən yüzlərlə işçi üçün maraqlıdır.

Bunun üçün məlumatda adıçəkilən şirkətlərlə əlaqə saxladıq.

“Gədəbəy Mineral Suları” MMC-nin baş direktoru İlham Əliyev Publika.az-a açıqlamasında bildirib ki, şirkətlərin problemlərinin olması qaçılmaz haldır: “Lakin Slavyankanın bağlanma təhlükəsi doğru deyil. Biz şirkətimizin daha da inkişaf etməsini istəyirik. Sadəcə Su İstehsalçıları Birliyi bizim fikirlərimizi doğru çatdırmayıb. Biz istəyirik ki, istehsal etdiyimiz məhsulları bütün dünyaya ixrac edək. Hazırda yalnız Rusiya və Bəhreyn Krallığına ixrac edə bilirik. Bu ölkələrin sayını artırmaq üçün bizə kömək lazımdır. Əvvəl mədən vergisi 6 manat idi, indi 10 manatdır. Gələcəkdə bu artım istehsalçılara problem yarada bilər. Bizim istəyimiz odur ki, mümkün variantda mədən vergisi aşağı endirilsin. Bununla da bizim ixrac potensialımız artmış olar. Bu məsələ suyun maya dəyəri ilə birbaşa bağlıdır”.

Vergi yanvar ayından artıb. Bu müddət ərzində artımın şirkətin mənfəət əldə etmək imkanlarına gəldikdə, İ.Əliyev hazırda işlərin normal olduğunu bildirdi:

“Lakin belə davam etdiyi halda, bizim inkişaf etməyimizə çətinlik yaradır. Şirkətin Bağlanma təhlükəsi isə yoxdur”.

“Sirab” şirkətinin rəsmisi Sərkərdə Sərxanoğlu bildirdi ki, yayılan məlumatla bağlı rəhbərliklə hələ əlaqə saxlamaq mümkün olmayıb.

“Badamlı” şirkətinin direktoru Hümbət Qəhrəmanov mədən vergisinin artımından sonra mənfəətin aşağı düşməsi ilə bağlı problemlərinin olmadığını dedi: “Problemimiz olmadığına görə heç bir quruma bu barədə müraciət etməmişik. Şirkətimizin bağlanma təhlükəsi yoxdur”.

“Damla” şirkətinin rəsmisi Ceyhun İdrisov da bildirdi ki, onlar mənfəət vergisinin şirkətə problemlər yaratması ilə bağlı heç biri təşkilata müraciət etməyiblər: “Bu məsələ ilə bağlı Su İstehsalçıları Birliyi ilə əlaqə saxladıq. Onlara da belə bir müraciət etmədiyimizi dedik. Bizə cavab verdilər ki, başqa şirkətlər müraciət edib. Bildirmək istəyirik ki, mədən vergisinin artımından sonra şirkətimizdə heç bir problem yoxdur”.

Qeyd edək ki, Su İstahsalçıları Birliyi şirkətlərin yaşadığı problemin müəssisələrin Bakıdan kənarda yerləşməsi ilə əlaqələndirmişdi. Belə ki, Naxçıvandan 1 maşın suyun Bakıya gətirilməsi 1500 manata, Gədəbəydən 600 manata başa gəlir. Bura mədən vergisi də əlavə edildiyində, mənfəət əldə etmək mümkün deyil..

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm