Putinin 100 minlik hücum ordusu, Türkiyə ilə BÖYÜK MÜHARİBƏ, Kərimovun varisləri... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

İqtisadi gündəm

Putinin 100 minlik hücum ordusu, Türkiyə ilə BÖYÜK MÜHARİBƏ, Kərimovun varisləri... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Heç şübhəsiz ki, bu gün medianın gündəmində olan əsas mövzu Özbəkistan prezidenti İslam Kərimovun səhhəti oldu. Dövlət başçısının səhhəti ilə bağlı gün ərzində ziddiyyətli xəbərlər gəldi. Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu Suriyanın şimalında qələbələri sıralayır. Azad Suriya Ordusunun irəliləyişi kürd gücləri ilə böyük toqquşmanı qaçılmaz edəcək. Rusiya prezidenti Vladimir Putinin günlərdir danışılan Antalya səfəri reallaşmayacaq.

İslam Kərimovun səhhəti və varisləri

Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti avqustun 26-da Dürmən iqamətgahında olimpiya qalibləri üçün təşkil olunmuş ziyafətdən dərhal sonra pisləşdi.

Özbəkistanın müxalifət mətbuatı və Rusiya KİV-lərinin yazdığına görə, tədbir şahidləri bildirib ki, ziyafət zamanı İslam Kərimov həddən artıq araq və digər spirtli içkilər qəbul edib. Prezident Aminstrasiyasının rəhbəri Zəlimxan Haydarov Prezidentə dəfələrlə xəbərdarlıq etsə də, Kərimov ona məhəl qoymayıb. Gecə saat 12-1 radələrində İslam Kərimov Zəlimxan Haydarova göstərişlər verdiyi vaxt qəfildən səhhəti pisləşir və yerə yıxılır.

Həftə sonu olduğu kimi yeni həftənin ilk günündə də özbək prezidentinin səhhəti ilə bağlı məlumatlar medianın diqqət mərkəzində olub. Hətta bəzi şayiələrdə İslam Kərimovun öldüyü bildirildi. Bəzi fəallar öz "Facebook" hesablarında İslam Kərimovun öldüyü barədə məlumatlar yaydılar.

Bu şayiələrə cavab olaraq ölkənin olimpiya çempionları İslam Kərimovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı video-çarx hazırladılar. İdmançılar həmçinin şayiələrə inanmamağa və müstəqilliyin 25 illiyi ərəfəsində təxribatlara uymamağa çağırış ediblər.

Nəhayət, günorta saatlarında Özbəkistan prezidentinin qızı Lola Kərimova “İnstagram” səhifəsində atasının beyninə qan sızdığını və reanimasiyada olduğunu yazdı. Onun sözlərinə görə, beyin qanaxmasından sonra xəstəxanaya yerləşdirilən İslam Kərimovun vəziyyəti sabit olaraq qiymətləndirilir.

“Hazırda onun gələcək vəziyyəti haqda nəsə proqnoz vermək tezdir”, - deyə o, bildirib.

Heç şübhəsiz ki, medianın ən çox cavabını axtardığı məsələlərdən biri İslam Kərimovun varisinin kim olacağı idi. Böyük qızı Gülnarə Kərimova ilə münasibətləri pis olan İslam Kərimovun varisi kimi bir çoxları balaca qızı Lola Kərimovanın adını çəkirdilər. Lakin Lola Kərimova hakimiyyətə iddiasının olmadığını bildirib.

Kərimovdan sonra Özbəkistanda üç qrupun – “Səmərqənd”, “Daşkənd” və “Kokand” klanlarının hakimiyyət mübarizəsinin başlanacağı gözlənilir. Hətta bu savaşın artıq başlandığını deyənlər də var.

Lakin əsas namizəd kimi baş nazir Şövkət Mirziyoyev göstərilir. O, Kərimovlar ailəsinə çox yaxındır və əlində ölkəni idarə etmək üçün kifayət qədər siyasi resurs cəmləşdirib. İddialara görə, prezident Şövkət Mirziyoyevdən hakimiyyətə keçəcəyi halda, Kərimovlar ailəsini qoruyacağına dair zəmanət alıb.

Kərimovun səhhəti isə hələ naməlumluğunu qoruyur.

“Fərat Qalxanı” əməliyyatı

Türkiyənin avqustun 24-də Suriyanın şimalında başladığı “Fərat Qalxanı” əməliyyatı davam edir.

Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənilən Azad Suriya Ordusunun irəliləyişi davam edir. Azad Suriya ordusu Cerablusun cənubunda yerləşən və PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) nəzarətindəki Münbiçə, Cerablusun qərbində yerləşən və İŞİD-in nəzarətindəki Bab bölgəsinə irəliləyir. İki tərəfdən irəliləyən Azad Suriya Ordusu yolun üzərindəki 13 kəndi ələ keçirib.

Suriyanın Cerablus mahalındakı “Fərat Qalxanı” əməliyyatı haqqında danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG-yə (PYD-nin silahlı qanadı – red.) növbəti dəfə xəbərdarlıq edib.

Türkiyənin xarici işlər naziri YPG-nin dərhal Fərat çayının şərqinə keçməli olduğunu deyib.

“YPG həm ABŞ-ın söz verdiyi, həm də özlərinin açıqladığı kimi dərhal Fərat çayının şərqinə keçməlidir. Əks halda hədəf olacaq”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Qeyd edək ki, Türkiyə Fərat çayının qərbini “qırmızı xətt”i hesab edir.

Türkiyə ilə BÖYÜK MÜHARİBƏ – Silah və döyüşçülər toplanır

Ankaranın tələbinə baxmayaraq, PYD-nin silahlı qanadı Münbiçə silah və döyüşçülər toplayır.

Azad Suriya Ordusunun çətiri altında döyüşən “Sultan Murad” Briqadasının lideri polkovnik Əhməd Osman Münbiçdəki YPG döyüşçülərinin bölgəni tərk etmədiyini, əksinə mövqelərini gücləndirdiyini bildirib. Qeyd edək ki, Türkiyə və ABŞ YPG-yə Fərat çayının şərqinə çəkilməsi üçün çağırış edib. YPG də bölgədən çəkildiyini açıqlamışdı.

Putin Türkiyəyə gəlməkdən imtina etdi

Rusiya prezidenti Vladimir Putin Rusiya və Türkiyənin futbol üzrə milli komandalarının Antalyada keçiriləcəyi yoldaşlıq matçına getməyi planlaşdırmır.

Bu haqda Kremlin sözçüsü Dmitri Peskov deyib. “Komandamızı uzaqdan dəstəkləyəcəyik”, - Peskov bildirib.

Daha əvvəl isə Türkiyə mediası Putinin 31 avqustda keçiriləcəyi oyunu üzləmək üçün Antalyaya gələcəyini yazmışdı.

“Ərdoğan ABŞ və Rusiyanı barmağında oynatdı” - ŞƏRH

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki dünya nəhəngi – ABŞ və Rusiyanı barmağında oynatdı”.

Bunu Suriyaya gedən Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dara Aslamova yazıb.

“Fərat Qalxanı” əməliyyatı haqqında təəssüratlarını bölüşən jurnalistin sözlərinə görə, əməliyyatın məqsədi yalnız Rusiya-Suriya sərhədini qorumaq deyil, həm də Suriyadan “şirin bir parça” qoparmaqdır.

“Bu insan tətbiq etdiyi taktikalarla artıq tarixə keçdi. Bəlkə də həyatında tək bir diplomatiya kitabı oxumadı, amma diplomatiyanın kitabını yaza bilər. Ərdoğan Rusiya və ABŞ arasındakı ziddiyyətlərdən yaxşı istifadə edərək iki dünya nəhəngini barmağında oynada bildi. Ərdoğan, başqalarının zəifliklərini yaxşı oxumaq bacarığına sahibdir”, - Dara Aslamova qeyd edib.

Rusiya müharibə üçün 100 minlik qruplaşma yaradır – ŞOK PROQNOZ

“Rusiyanın Ukraynaya mümkün genişmiqyaslı müdaxiləsini göstərəcək ən azı üç fakt var”.

Bunu “Obozrevatel” nəşrinə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin sabiq müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko bildirib.

Generalın sözlərinə görə, bu faktlardan biri ondan ibarətdir ki, Rusiya ordusu “qəfil yoxlama”nın gedişatında tam döyüş hazırlığı vəziyyətinə gətirilib: “Əgər Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayı yüz minə çatdırılarsa, bu, faktiki olaraq Kremlin böyük müdaxilə üçün hazırlığını bildirəcək. Böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı “kiçik qalib müharibə”nin cəhdlərini gözləmək olar. Yalnız aviasiya haqqında danışmamaq lazımdır. Cənub hərbi dairəsindən başqa, Qərb və Mərkəzi hərbi dairələri, həmçinin nüvə silahı ilə Şimal donanması tam döyüş hazırlığı vəziyyətinə gətirilib”.

İqor Romanenkonun fikrincə, ikinci fakt ondan ibarətdir ki, təlimlər deyil, məhz yoxlamalardan söhbət gedir: “Bu isə rusiyalılara hərbi müşahidəçiləri cəlb etməməyə imkan verir”.

“Və nəhayət, hərbi qulluqçuların sayının məhdud olduğu indiki halda rusiyalılar yoxlamanın gedişatında əlavə olaraq otuz mindən çox şəxsi heyəti cəlb etdilər. Bu, təlim deyil, yoxlamadır”, - general üçüncü faktı göstərib.

Romanenko xatırladıb ki, Rusiya belə bir ssenarini 2014-cü ilin fevralında reallaşdırıb: “Bu, Ukrayna üçün uyğun olan qruplaşmanın yaradılması və bu qruplaşmanın tətbiqi ilə Krımın zəbt edilməsilə bitdi. 1968-ci ildə Çexoslovakiyada sovet qoşunlarının tətbiqi də həmçinin “yoxlama”dan başlandı. Yaranmış vəziyyət kifayət qədər təhlükəlidir”.

General vurğulayıb ki, Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün Rusiyaya ən azı 100 min hərbi qulluqçu lazım olacaq: “Belə bir qruplaşma hələlik yoxdur. Rusiya Ukraynanın şərq sərhədində 30-40 minlik hərbi gücə malikdir, Bundan başqa, Krım və Dnestryanı qruplaşmalar var. Amma bunlar kifayət etmir”.

General Kremlin Qərbi və Mərkəzi hərbi dairələr, o cümlədən hava-kosmik və hava desant güclərinin hesabına lazım olan gücü formalaşdıracağını istisna etmir: “Əgər, belə bir qruplaşma yaradılarsa, o halda danışmaq mümkün olacaq ki, rusiyalılar genişmiqyaslı müharibənin başlanmasına hazırdır. Siyasi məsələlərə görə, Kreml 4-5 sentyabr tarixlərinə qədər bu addıma getməyəcək. Həmin vaxt ki, Çində G20-nin sammiti keçiriləcək. Amma Debaltsevo tipli “kiçik qalib müharibə” ehtimalı var”.

İki milyard insan məhv olacaq: Sabahın 10 DƏHŞƏTLİ MÜHARİBƏSİ

İnsanlar inanılmaz inkişafa nail olur və yeni texnologiyaları ixtira edirlər. Eyni zamanda bir-birini öldürməyə davam edirlər. Skeptiklər əmindirlər ki, dünya müharibənin kandarında dayanır. Onlar 10 potensial hərbi münaqişənin olduğunu bildirirlər. Qeyd edilir ki, sözügedən müharibələr yaxın vaxtlarda başlaya bilər.

Publika.az hər an başlayacağı proqnozlaşdırılan müharibələri təqdim edir.

İnsanlar inanılmaz inkişafa nail olur və yeni texnologiyaları ixtira edirlər. Eyni zamanda bir-birini öldürməyə davam edirlər. Skeptiklər əmindirlər ki, dünya müharibənin kandarında dayanır. Onlar 10 potensial hərbi münaqişənin olduğunu bildirirlər. Qeyd edilir ki, sözügedən müharibələr yaxın vaxtlarda başlaya bilər.

Publika.az hər an başlayacağı proqnozlaşdırılan müharibələri təqdim edir.

1. Rusiya və Çin arasında Sibir müharibəsi

2. Baltikyanı üçün müharibə

3. Şimali Koreya baharı

4. Avropada İŞİD-in partizan müharibəsi

5. Venesuelada vətəndaş müharibəsi

6. Çində ikinci mədəni inqilab

7. Bosniya № 2

8. Səudiyyə Ərəbistanında inqilab

9. Hindistan-Pakistan nüvə müharibəsi

10. Cənubi Çin dənizi və ya III Dünya Müharibəsi

Kiyevdən məxfi təlimat: Donbas və Krım...

Ukraynada hərbi səfərbərliyin yeddinci dalğası hazırlanır.

Bu haqda “Vesti” nəşri Ukrayna Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən bildirib. Mənbənin sözlərinə görə, bu haqda artıq yerlərə “məxfi təlimatlar” göndərilib.

“Rəhbərlik təxribatın olacağından ehtiyat edir. Onun Krım, yaxud da Donbasda olacağı hələ aydın deyil. Amma hamıya əmr verilib ki, təcili səfərbərliyə hazır olsunlar”, - mənbə deyib.

Bununla belə, güman edilən səfərbərliyin konkret müddəti haqqında məlumat verilməyib. Hərbi komissarlıqlar da bu informasiyanı təsdiq edə bilməyiblər. Xüsusi halda, Kiyev hərbi komissarlığının müavini İqor Slyusarenko bildirib ki, hazırlıq plan rejimində gedir.

İŞİD-dən növbəti qanlı terror - 65 ölü, 55 yaralı

Bu gün Yəmənin cənubunda yerləşən Ədən şəhərində terror aktı törədilib.

Hadisə nəticəsində 65 nəfər həlak olub, 55-i yaralanıb. İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Terror aktı ölkə hakimiyyətinin loyal qoşun düşərgəsinin yaxınlığında minalanmış avtomobillə kamikadze tərəfindən törədilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm