Gülən "camaatı" haqqında kimsənin bilmədiyi sirlər - Araşdırma (1-cı YAZI)
Bizi izləyin

Qırmızı.az

Gülən "camaatı" haqqında kimsənin bilmədiyi sirlər - Araşdırma (1-cı YAZI)

Türkiyədə onillərlə buna hazırlaşdıqdan sonra dövlət çevrilişinə cəhd edən Fətullah Gülən camaatının iş prinsipləri hamıda maraq doğuran mövzulardan biridir. Gülən camaatı bir ölkəni ələ keçirmək istəyərkən ilk olaraq hansı addımları atır? Bu ölkəyə kimlər gəlir? Birinci etapda hansı işlər görülür?

Qurulma tarixi on illərlə ölçülən bir quruluşun bütün detallarını bir yazıda əhatə etmək mümkün olmasa da, burada əsas sualların cavabını verməyə çalışacağıq. Yazıda Gülən camaatında işlədilən terminlərin də mənasını verməyə çalışacağıq.

Avropa.info xəbər verir ki, əgər "camaat" bir ölkəyə getmək istəyirsə, ilk olaraq Gülənin 32 nəfərlik məşvərət şurası tərəfindən gedilməsi planlaşdırılan ölkə haqqında geniş məlumat toplanaraq, ölkənin vəziyyəti, gələcək perspektivləri, coğrafiyası və sair kimi məsələlər müzakirə olunur. Bütün bu müzakirələrə və alınan nətcələrə baxmayaraq, həmin ölkəyə gedilib-gedilməyəcəyi haqda yekun qərarı məhz “hocaefendi” ləqəbli Fətullah Gülən verir.

Qeyd edək ki, Gülənə camaat daxilində qətiyyən adı və soyadı ilə müraciət etmək qadağandır. Bu böyük hörmətsizlik olaraq qəbul olunur. Altında "üç ulduz" olan məktubların da şəxsən onun özünə aid olduğu deyilir.

Gülənin müsbət cavabından sonra həmin ölkəyə yenə Gülənin namizədliyini təsdiqlədiyi iş adamları gedir. Bu ölkədə müəyyən işlər qurmağa çalışan şəbəkənin işin getməsi üçün ata bilməyəcəyi heç bir addım yoxdur. “Hizmet” (xidmət) hərəkatı olaraq xarakterizə olunan ideologiyanın qarşısındakı maneələri aradan qaldırmaq üçün qarşı tərəfə rüşvət olaraq, gözəl qızlar, qiyməti min dollarlara ölçülən viski və ya şampan şüşələri də daxil olmaqda hər bir şey təqdim oluna bilər (Bu məsələyə daha sonra bir az da geniş yer veriləcək). Təbii ki, həmin şəxs əvvəlcədən ətraflı araşdırılaraq, onun nəyə daha çox meyilli olduğu da nəzərə alınır.

Bu ölkədə müəyyən bir sahədə bir və ya bir neçə şirkət qurulduqdan sonra həmin ölkəyə artıq tam fətullaçılaşmış və “şagird” adı verilən tələbələr cəlb olunmağa başlanır. Bu ölkədən də gələcəkdə həmin ölkənin işlərini yürütmək üçün tələbələr Türkiyədə oxumağa göndərilir.

Türkiyədən bu ölkəyə gətirilən tələbələr üçün birinci etapda bir neçə ev kirayə götürülür. Fətullahçı tələbələr düşdükləri universitetlərdə daha sonra fətullahçılaşdırmaq məqsədilə geniş araşdırmaya başlayırlar. Özünü bu ideologiyaya qurban vermiş tələbələrin o qədər də yaxşı oxuduğunu demək olmaz. Çünki onların tələbələrlə məşğul olmaqdan dərs oxumağa vaxtları olmur. “Hizmet”in gələcək taleyi məhz bu tələbələrin əlində olur. Ona görə də bu ölkəyə göndərilən tələbələr xüsusilə ələkdən keçirilərək seçilir.

Bu tələbələr universitetin ən uğurlu, savadlı, dərslərində yüksək nəticələr əldə edən və ya xüsusi fəallığı ilə seçilən tələbələrinin siyahısını hazırlayır və onlarla maraqlanmağa; yəni bu tələbələri ovlamağa başlayırlar.

Tələbələrin fətullahçı olmağa cəlb olunmasında istifadə olunan ən effektiv metod ona maddi tərəfdən yaxınlaşmaqla olur. Çünki bütün tələbələr varlı və ya özlərini təmin edə biləcək gücdə olmurlar. Tələbələr bir neçə dəfə evə yeməyə çağırılaraq, onlara müxtəlif növ yeməklər yedirilir ki, bu yeməklər onların tora düşməsi üçün əla vasitə hesab olunur. Çünki tələbənin həmişə, necə deyərlər, “bir qarnı ac, bir qarnı tox” olur. Bu yeməklər əsnasında dəvət edilən tələbələrə “hizmet” haqqında bəzi ilkin məlumatlar verilərək, Gülən camaatı təriflənir və həmin şəxsdə camaata qarşı simpatiya yaratmağa çalışılır.

Yeri gəlmişkən, qeyd edək ki, fətullahçıların sizi ovlamaq üçün istifadə etdikləri yeməklərdən ən məşhuru “maqlubə”dir. Bu yemək qazanda düyü, ət və kartofun lay-lay düzülməsi ilə bişirilir. Daha sonra qazanı böyük bir podnosun ortasında çevirir, kənarlarına isə ara-ara salat qoyulur, salatın aralarına isə qatıq tökülərək, qonaqlar olan süfrəyə verilir. Belə ki, oradakıların hamısının yeməyi bir qabdan yeməsi təmin edilir ki, bu da insanları bir-birinə yaxınlaşdırmaq xarakteri daşıyır. Bakıda da bu yeməyin hazırlandığı bəzi kafelərin olduğu heç kəsə gizlin deyil. Odur ki, yeni tanış olduğunuz bir şəxs sizi “maqlubə” yeməyə dəvət edirsə, bu o deməkdir ki, siz artıq fətullahçıların hədəfindəsiniz. Bundan sonra həmin tələbənin reaksiyası nəzərə alınaraq, o bir neçə dəfə “söhbət”lərə də çağırılır.Bu ardıcıllıq təbii ki, həmişə standart olmur və dəvət olunan şəxsin reaksyasına görə dəyişə bilir.

“Söhbət”: Həftədə bir dəfə eyni qruplarda, çoxu dost olan və biri-birini gətirən şəxslərin evlərdə toplaşaraq, bir nəfər daha yüksək vəzifəli fətullahçının onlara gündəm, dini və siyasi məsələlərlə bağlı danışmasıdır.

Bundan sonra dəvət olunan tələbəyə Gülən camaatının evlərində qalmaq təşkil olunur. Evlər şəhərin gözəgəlimli yerlərində, təmiz, geniş, səliqəli və bahalı əşyalarla təmin olunduğu üçün dəvət olunan tələbənin bu təklifi geri çevirmək şansı çox az olur. Evlərin kirayə pulu çox olduğu üçün əsasən, camaat tərəfindən qarşılanır. Amma orada qalan tələbələrin diqqət çəkməməsi və ya hüquq-mühafizə orqanlarının bu evləri deşifrə etməməsi üçün orada qalan tələbələrdən imkanları nisbətində simvolik bir məbləğ alınır. Beləliklə, həmin evi istənlən başqa tələbələrin birləşərək, kirayə tutduqları evlərdən seçmək də çətin olur.

Evdə qalan tələbələr üçün həftəlik proqramlar tərtib olunur. Evdə qalan hər bir kəs həftədə bir dəfə və ya tələbələrin sayından asılı olaraq, ev işlərinə cəlb olunur, evdə həftədə bir dəfə isə kollektiv təmizlik aparılır. Bu tələbə evlərinə bəzi hallar istisna olmaqla, internet çəkilməsi qadağan olunur. Çünki tələbələr üçün həftəlik proqram olduğu kimi, günlük proqram da olur və tələbənin asudə vaxtı demək olar ki, qalmır. Evlərdə mütəmadi olaraq Səid Nursinin, Fətullah Gülənin kitabları oxunur. Fətullah Gülən bu evlərdə yetişmədən, səbrlə bişib dolğunlaşmadan edilən hər işin xam xəyal olduğunu müdafiə edir. Bir çox hallarda müyyən kitabların oxunması tələbələrdən vacib olaraq tələb olunur. Kitabların oxunmasına görə isə onlar mükafatlandırılırlar.

Gülən camaatı vəzifələrin bir-birinə tabe olunmuş halda düzülməsi; yəni iyerarxiya ilə idarə olunur. Burada ən aşağı və ən mühüm vəzifə ev “imam”larının üzərinə düşür. Hərbidə məşhur bir deyim var: “Müharibə zamanı əmrləri generallar verər, çavuşlar yerinə yetirər”. Burada da Fətullah Güləndən gələn əmrlərin yerinə yetirilməsində imamların rolu böyükdür. Çünki gələcək nəsil fətullahçıların seçilib yetişdirilməsi məhz onların işidir.

“İmam” görüləcək işlərdən cavabdeh olan və fəaliyyət dairəsi bir üst səviyyədə olan imam tərəfindən müəyyən olunmuş şəxsə deyilir. Məsələn, tələbələrin qaldığı evdən cavabdeh olan şəxs “ev imamı”dır. Bu minvalla hər bir evin, universitetin, rayonun, şəhərin, dövlət idarəsinin “imam”ı - yəni oradan cavabdeh olan biri olur. “İmam” və ya “abi” cavabdeh olduğu bölgədəki şəxslər, onların ailələri haqqında bütün məlumatlara sahib olmalıdır. “İmam” nəzarəti altında olan şəxslərin demək olar ki, imlərlə yoldaşlıq etməsindən kiminlə evlənməsinə qədər bütün işlərinə müdaxilə etmək hüququna malik olur, onlara xüsusi tapşırıqlar verərək, bu tapşırığa nəzarət edir.

Əgər evdə qalan tələbə tam olaraq fətullahçı oldusa, bundan sonra onun həyatına necə davam edəcəyi tamamilə camaatın verəcəyi qərarlara uyğun olaraq davam edəcək. Onun təhsilini davam edib-etməyəcəyi, harada çalışacağı, hətta kiminlə evlənəcəyi də məşvərət şurasının qərarına bağlı olur. Məsələn, Almaniyanın hüquq elmləri üzrə bir nömrəli universiteti sayılan Münhendəki Lüdviq-Maksimilian Universitetində oxuyan (LMU) türk əsilli Almaniya vətəndaşı olan fətullahçılara ünvanlanan “niyə hamınız hüquq oxuyursunuz?” sualına onlar, “bizə belə məsləhət görüblər”, deyə cavab veriblər. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Almaniyanın ədliyyə sistemi tamamilə fətullahçıların əlində olacaq. Camaatın girdiyi ölkədə görəcəyi işlərin ikinci pilləsində isə kurs açmaq durur.

Bir ölkəni qısa bir müddət ərzində öyrənmək və ya qısa bir zamanda orada lazımi qədər kadra sahib olmaq çətin olduğu üçün insan ovlamaq baxımından kurslar əvəzolunmaz sayılır. Açılan dil və ya hazırlıq kursları üçün əsas müəllim və idarə heyətinin üzvləri isə Türkiyədən cəlb olunur. Özünü bu hərəkata qurban vermiş və “abi”lərdən başqa, ölkələrdə çalışmaq üçün getməyə əmr gözləyən minlərlə fədai var ki, bu insanlar təyinatları çıxacağı təqdirdə istənilən uzaq bir ölkənin ucqar vilayətinə getməyə belə hazırdırlar. Gəldikləri ölkədə xarici dil və hazırlıq kursları açan camaatın əsas hədəfi universitetə girmək üçün hazırlaşan abituryentləri fətullahçı etmək və ya universitedə oxuyan tələbələri qarmağa keçirməkdən ibarətdir. Ölkəmizdə bir müddət əvvəl bağlanılan “Araz Kursları”nı belə kurslara misal göstərmək olar. Fətullahçıların dəvətinin onurğa sütununu isə müxtəlif ölkələrdə açılmış liseylər təşkil edir. Təbii ki, bu liseylərin adı “Türk liseyi” olduğu üçün bu liseylərin hansı amala xidmət etdiyini bilmək o qədər də asan deyil. Ta kiçik yaşlarından fətullahçılığın təbliğ olunduğu bu təhsil müəssisələri camaat üçün kadr yetişdirməkdə tam ideal bir vasitədir.

Bu liseylərin bir çoxunun yataqxanasının olduğunu nəzərə alsaq, uşaqların valideynlərdən uzaq qalması və müəllimləri ilə daha çox vaxt keçirməsinin fətullahçılaşdırma əməliyyatı üçün daha səmərəli olduğunu deyə bilərik. Bu təhsil ocaqlarını bitirmiş və müvəffəqiyyətlə fətullahçı olmuş abituryentlər artıq o ölkədə lazım olan kadrlara uyğun olaraq müvafiq fakultələrə yönləndirilirlər. Görülən bütün bu işlər isə “ölkə imamı”nın müvafiq tapşırıqlarına əsasən aparılır.

“Ölkə imamı” isə öz növbəsində görülən bütün işləri “qitə imamı”na məruzə edir. Ölkə daxilində fəaliyyət göstərən imamların hər həftə və hər ay iclasları keçirilir. İmamlar bu iclaslarda ölkədə görülən işləri müzakirə edir, görüləcək olan işlər üçün tapşırıqları verir, buradan çıxan nəticələri Gülənə məruzə edir və Güləndən gələn əmr və tapşırıqları oxuyurlar.

Gülən camaatı özlərini hər zaman müharibə şəraitindəki kimi aparırlar. Onlara görə “hizmet”i qorumaq və ona zərər gəlməsinin qarşısını almaq üçün bütün yollara əl atmağa icazə verilir. Camaatda evlərə toplaşarkən tək-tək girib çıxmaqdan tutmuş, özünü gizlətmək üçün yalan danışmağa qədər hər şey halaldır. Fətullah Gülənin qızların hicabını aça biləcəyi, camaat üzvlərinin ayaq-yolunda namaz qıla biləcəyinə dair vermiş olduğu fətvalar da bu qəbildəndir. Təhlükəsizliyi təmin etmək üçün camaat üzvlərinə içki içməkdən, zina etməyə kimi hər bir şeyə icazə verilir. Camaat üzvləri arasında effektivliyin artırılması üçün bir qrupda olan üzvləri üçün gəzinti və düşərgələr də təşkil olunur. Gəzintilər əsnasında da müəyyən şəxslərin hərəkətləri, davranışları nəzərə alınaraq yuxarıdakı imamlara məlumat verilir.

Vüsal Əliyev (Ardı var).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm