İlham Mirzəyevin tutdurduğu şəxs: “Şər-böhtana düşmüşəm”
Bizi izləyin

Cinayət tarixçəsi

İlham Mirzəyevin tutdurduğu şəxs: “Şər-böhtana düşmüşəm”

İlham Mirzəyevin tutdurduğu şəxs: “Şərə-böhtana düşmüşəm”

Bu gün Yasamal Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin vəkili Abuzər Mütəllimov çıxış edib. Vəkil deyib ki, hazırkı çıxışı Asif Əliyevin müdafiəsi üzrə çıxışdan daha çox, üçüncü dərəcəli televiziya şousunun standartları üzrə hazırlanıb.

Onun sözlərinə görə, çıxışı tamah və intiqam hissi ilə törədilmiş iyrənc iftiranın, sübutların saxtalaşdırılmasının qurbanı olmuş şəxsin müdafiəsi üzrə nitqdir: "Asif Əliyev iyrənc iftiranın və açıq-aşkar yalan iddiaların qurbanıdır. Lakin, təəssüflər olsun ki, ilk növbədə o, ədalətsiz məhkəməyə qədər icraatın və planın qurbanı olub. Asif Əliyevin qanunsuz cinayət təqibinə cəlb edilib. Bununla da, istintaqı ailə-pul münasibətlərinin həlli üzrə oyuna, məhkəməni isə zərərçəkmiş şəxsin istintaq və məhkəmədə davranışını istiqamətləndirən şəxslərin qanunsuz göstərişlərinin yerinə yetirildiyi siyasiləşdirilmiş prosesə çevrilib. Bu zaman bütün yazılı və yazılmamış qanunlar açıq aşkar pozulub. İnsanın həyatı və taleyi şəxsi maraqlar naminə qara qəpik qədər qiymətsiz olub. Məhkəmənin gedişində Asif Əliyev müdafiə hüququndan qəsdən məhrum edilib. Onun hüquq və azadlıqları təmin edilməyib".

Vəkilin sözlərinə görə, məhkəmə istintaqı gedişində cinayət işinin materiallarının tədqiqi nəticəsində Asif Əliyevin müdafiə hüququnun aşağıdakı pozuntuları müəyyən edilib: "Məhkəməyə qədər icraat başa çatan zaman Cinayət Prosessual Məcəlləsinin 284 və 285-ci maddələrinə zidd olaraq Asif Əliyev cinayət işinin materialları ilə tanış olmaq hüququndan məhrum edilib. Müstəntiq A.Ələsgərov təyin olunmuş vaxtda və sonrakı günlərdə təcridxanaya gəlməyib, Asif Əliyevi iş materialları ilə tanış etməyib. Bu səbəbdən Asif Əliyev məhkəmə araşdırması zamanı müdafiə olunmaq hüququndan məhrum edilib. Zərəçəkmişə və şahidlərə suallar verə, digər sübutların tədqiqində iştirak edə bilməyib. 17 oktyabr 2013 tarixdə müstəntiq A.Ələsgərov 786 vərəqdən ibarət 3 cild cinayət işi materiallarını Asif Əliyevə təqdim olunması barədə protokol tərtib edib. Həmən protokolda Asif Əliyev və onun müdafiəçiləri qeydlər aparıblar ki, iş materialları ilə ayrı-ayrılıqda tanış olacaqlar. Mahiyyətinə görə bu protokol iş materialları ilə tanış olma protokolu yox, ibtidai istintaqın yekunlaşmasının elan edilməsi protokoludur.

Qabaqcadan əldə edilmiş razılığa və alınmış yazılı xəbərnamələrə əsasən 21 oktyabr 2013 tarixdə müstəntiq təcridxanada Asif Əliyevi iş materialları ilə tanış edib və müdafiə tərəfinin iş materialları ilə tanış olması barədə protokol tərtib etməli idi. Lakin, oktyabrın 21-də və sonrakı günlərdə müstəntiq təcridxanaya gəlməyib, Asif Əliyevi işlə tanış etməyib".

Vəkil əlavə edib ki, cinayət işində əcnəbi dildə olan çoxlu sayda sənədlər var. Onun sözlərinə görə, dəfələrlə edilmiş vəsatətlərə baxmayaraq, müdafiə hüququ kobud şəkildə pozularaq, Asif Əliyevə müvafiq tərcüməçilər təqdim olunmayıb: Bu isə, Cinayət Prosessual Məcəlləsinin 303.3.2. maddəsinə əsasən prosesin legitimliyini istisna edən kobud pozuntudur. İş üzrə Asif Əliyevin müdafiəçilərinin iştirak hüququ olan istintaq hərəkətləri keçirilib. Lakin müdafiə hüququna zidd olaraq müstəntiq bu istintaq hərəkətlərinin keçirilməsi barədə müdafiə tərəfini xəbərdar etməyib və onların iştirakını təmin etməyib.

Rəbiyyə Zərdabinin ifadələrinin yerində yoxlanılması Cinayət Prosessual Məcəlləsinin 260-cı maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib. İfadələrin yerində yoxlanılmasının keçirilməsinin qaydalarına zidd olaraq İlham Mirzəyev orada ekspert-mütəxəssis qismində iştirak edib. Rəbiyyə Zərdabi isə ifadələrin yoxlanılmasına şübhəli-təqsirləndirilən şəxs qismində cəlb edilib. Müvafiq olaraq İlham Mirzəyevə ekspert-mütəxəssisin, Rəbiyyə Zərdabiyə isə şübhəli şəxsin hüquq və vəzifələri izah edilib. Saray Hüseynovanın ifadələrinin yerində yoxlanılmasıda qanun pozuntusu ilə həyata keçirilib. İfadələrin yerində yoxlanılmasının keçirilməsinin qaydalarına zidd olaraq İlham Mirzəyev orada ekspert-mütəxəssis qismində iştirak edib. Saray Hüseynova isə ifadələrin yoxlanılmasına şübhəli-təqsirləndirilən şəxs qismində cəlb edilib. Müvafiq olaraq İlham Mirzəyevə ekspert-mütəxəssisin, Saray Hüseynovaya isə şübhəli şəxsin hüquq və vəzifələri izah edilib".

Abuzər Mütəllimov deyib ki, Asif Əliyevin Rəbiyyə Zərdabi və Saray Hüseynova tərəfindən tanınması istintaq hərəkətinin nəticələrinin legitimliyini istisna edən kobud qanun pozuntuları ilə keçirilib. Vəkilin sözlərinə görə, ekspertin dindirilməsi və ANS-dəki verilişin yazısı olan diskin tədqiq edilməsinə dair müdafiə tərəfinin vəsatətləri müstəntiqin qərar ilə təmin edilib: "Lakin ekspertin dindirmə protokolu və disk üzrə ekspert rəyi işə əlavə edilməyib. İttiham tərəfinin bu cür hərəkətləri də açıq-aşkar günahsız şəxsin müsuliyyətə cəlb edilməsi məqsədilə sübutların falsifikasiyasıdır. 3 sentyabr 2013 tarixində Asif Əliyev tərəfindən ekspertlər qarşısında suallar qoyulması ilə bağlı vəsatət təqdim olunub. Qanuna əsasən bu hüquq alternativsizdir, yəni rədd edilə və ya məhdudlaşdırıla bilməz. CPM-nin 97-ci maddəsinə əsasən qarşısında qoyulmuş suallar üzrə rəy vermək ekspertin təqsirləndirilən şəxsin hüququndan doğan vəzifəsidir. Lakin, qanunu kobud şəkildə pozaraq, müstəntiq öz qərarı ilə təqsirləndirilən şəxsin müdafiə hüququnu rədd edib. Bu isə özbaşınalıqdır. Ekspertin 09.09.2013 tarixli rəyi saxtalaşdırılıb. Orada ekspertlərə yalnız 10.09.2013 tarixində verilmiş sənədlərə istinadlar var".

Abuzər Mütəllimovun sözlərinə görə, proses gedişində müdafiə tərəfi Rəbiyyə Zərdabi və Saray Hüseynovanın telefon danışıqları ilə bağlı Azərcell-ə sorğu göndərilməsi üçün dəfələrlə vəsatət qaldırıblar: "Qeyd olunan hal məhkəməyə əmin olmağa imkan verərdi ki, həmən şəxslər yalançı şahidlərdir, 13 iyun 2013 tarixində gecə "Space" yaxınlığında olmayıblar və hər-hansı hadisənin şahidi olmayıblar, çünki, hadisənin özü belə olmayıb. Lakin müdafiə hüququ pozularaq, bu hissədə bütün vəsatətlər əsassız və səbəbsiz rədd edilib".

Vəkil deyib ki, məhkəməyə qədər və məhkəmə gedişində İlham Mirzəyev 60 dəfəyə yaxın öz ifadələrin dəyişib, on dəfəyə yaxın yaddaş pozğunluğu olduğunu bildirib: "İlham Mirzəyev hətta faktiki yaşayış yerini səhv olaraq göstərib. Müəyyən edilib ki, o, psixotrop maddələr qəbul edir, yuxusuzluqdan, təqib maniyasından, psixikasının digər pozuntularından əziyyət çəkir. Bütün qeyd olunanlar tibbi sənədlərdə, məhkəmə protokollarında və digər prosessual sənədlərdə öz əksini tapıb. İlham Mirzəyevin bu cür davranışı, cinayət təqibi üzrə müəyyən edilməli olan halların düzgün qavranılıb ifadə edilməsi bacarığına şübhə etməyə kifayət qədər əsas verir. İlham Mirzəyev baş vermiş hadisələrin düzgün qavranılıb ifadə edilməsi bacarıqlarının ekspertiza vasitəsilə yoxlanılmasından imtina edir. Dəfələrlə edilmiş vəsatətlərə baxmayaraq məhkəmə də müdafiə tərəfinin İlham Mirzəyevin barəsində psixiatrik ekspertizanın keçirilməsi xahişini rədd edilib. Qeyd olunanlar müdafiə hüququnun pozuntusudur, ədalətsizlikdən və qərəzdən xəbər verir".

Abuzər Mütəllimovun sözlərinə görə, məhkəmə iclasında Asif Əliyevin həbsinə hakim tərəfindən qanunsuz olaraq qərar verilməsi müəyyən edilib. O, deyib ki, hakim qərarda qəsdən Asif Əliyevin öz təqsirini qismən etiraf etməsi və məhkumluğunun olmasına dair açıq-aşkar yalan məlumatlar yer alıb: "Asif Əliyevin qanunsuz cinayət təqibində marağına görə hakim Sərdar Mehrəliyev prosesdən uzaqlaşdırılıb. Lakin qanunsuz cinayət təqibi bundan sonra da davam edib. 5 mart 2014 tarixində keçirilən məhkəmə iclası zamanı dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, İlham Mirzəyev dəvət etdiyi çoxsaylı KİV nümayəndələrinin yanında məhkəməyə açıq-aşkar hörmətsizlik nümayiş etdirib, təqsirləndiriləni və onun müdafiəçilərini yüksək tonla təhqir edib, məhkəməni, dövlət ittihamçısını və Baş Prokurorunu prosesi süni şəkildə uzatmaq və açıq-aşkar qanunsuz hökm çıxarmaq məqsədilə rüşvət almaqda ittiham etdi.

Qanunla nəzərdə tutulmuş tədbirlər görmək əvəzinə, məhkəmə və dövlət ittihamçısı nədənsə çəkinərək, İlham Mirzəyevə təhqirlərə son qoymasını xahiş etməyə başladılar. Sonra hakim dövlət ittihamçısı ilə birgə İlham Mirzəyevin provokasiyaya uyaraq, zərərçəkmişin və onun nümayəndələrinin tələbləri ilə yekdillik nümayiş etdirərək, müdafiə tərəfinin vəsatətlərini bir-bir rədd etdilər. Onlar Asif Əliyevin müdafiəsi üzrə vəkillərinin səylərinin perspektivsiz olduğunu bildirdilər. Hələ üstəlik, İlham Mirzəyevin təhqir və hədələrindən sonra məhkəmə və dövlət ittihamçısı müdafiə tərəfinin əvvələr təmin edilmiş vəsatətlərini də rədd etdilər. Bu, xüsusən, "hadisə" yerinə baxış və orada istintaq eksperimentinin keçirilməsi, şəkillərin işə əlavə edilməsi, maddi sübut qismində işə əlavə edilmiş ANS-dəki veriliş yazısı olan diskin, Aysel Əliyevanın və Ceyhun Mahmudovun səsləri olan disklərin tədqiq edilməsi hissəsinə aiddir. Eyni zamanda İlham Mirzəyev təhqiredici ifadələr səsləndirərkən onu sakitləşdirməkdən ötrü məhkəmə tərəfindən müdafiə tərəfinin sübutlarına qanunsuz olaraq, vaxtından əvvəl mənfi qiymət verildi.

Baxmayaraq ki, ittiham tərəfinin yolverilməz sübutlarının məhkəmə araşdırmasından çıxarılmasına dair bizim vəsatətə bu günə qədər baxılmayıb. Hadisə yerinə baxışdan, eksperimentdən və digər hərəkətlərdən imtina edən məhkəmə və dövlət ittihamçısı bununla iş üzrə həqiqəti müəyyən etməkdən imtina etdilər. İlham Mirzəyevin 5 mart 2014 tarixli təhqiramiz və böhtan xarakterli çıxışı da elə məhz buna yönəlmişdir. Bundan əlavə, 5 mart 2014 tarixində İlham Mirzəyevin şər-böhtan xarakterli çıxışından sonra məhkəmə dövlət ittihamçısının razılığı ilə müdafiə tərəfinin nümayəndələrinin əcnəbi dildə olan sənədlərinin işə əlavə edilməsi barədə vəsatətlərini təmin etdi.

Müdafiə tərəfinə məlum oldu ki, İ.Mirzəyev prosesə dəvət etdiyi müxbirlər vasitəsilə məhkəməyə və dövlət ittihamçısına istinadən məlumat yayıb, guya, hazırki məhkəmə prosesi onun tərəfindən udulub və məhkəmə qərarı onun xeyrinə çıxarılacaq. Həmin gün məhkəmənin icazəsi ilə İlham Mirzəyev və onun tərəfdarları tərəfindən prosesin gedişi videoya yazılıb və internetdə müxtəlif kanallarda yerləşdirilib. Buna qədər isə, məhkəmə, müdafiənin qurulmasından ötrü müdafiə tərəfinə prosesi diktofon vasitəsilə qeydə almasına icacə verməyib.

Bununla da, belə nəticəyə gəlmək olar ki, məhkəmə və dövlət ittihamçısı İlham Mirzəyevin hədələrindən və provokasiyalarından çəkiniblər. Bütün qeyd olunanlar iddia etməyə kifayət qədər əsas verir ki, məhkəmə və dövlət ittihamçısı Rizvan Sultanov hədə-qorxu və şantaj nəticəsində Asif Əliyevin cinayət təqibində maraqlı olublar. İlham Mirzəyevin əsassız ittiham və təhqirlərinin təsiri altında onun qanunsuz tələblərini yerinə yetirmək üçün hər bir şey ediblər. Məhkəmənin və dövlət ittihamçısının bu cür davranışı onların prosesdə obyektiv iştirakını istisna etsə də, məhkəmə etirazları baxılmamış saxlanıb".

Vəkilin sözlərinə görə, 13 iyun tarixində, gecə 1 radələrində İlham .Mirzəyev "Space" telestudiyası tərəfdə yox, "8-ci km" qəsəbəsində, Asif Əliyev isə Nərimanov rayonu, 51/59 ünvanında yerləşən 89№-li mənzilində olub: "Bu o deməkdir ki, 13.06.2013 tarixində gecə bir radələrində, bir qədər əvvəl və ya bir qədər gec İlham Mirzəyevin üzərinə hər hansı hücum olmayıb, o, "Space" telestudiyası qarşısında olmayıb. Buna əks olan fikirlər açıq-aşkar yalandır və ədalət mühakiməsini təhqir etməkdir. Məhkəmə araşdırması gedişində Dövlət Yol Polisinin məlumatları tədqiq edilib. 13 iyun 2013 tarixində 00:46:51 radələrində İlham Mirzəyevin 10-EB-400 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobili Xarici İşlər Nazirliyinin yaxınlığında Ş.Qurbanov-Ş.Əzizbəyov küçələrinin kəsişməsində, 00:51:38 radələrində isə Bülbül prospektində, "Nizami" kinoteatrının qarşısında kameralara düşüb. Qeyd olunanlar, digər sübutlarla birlikdə İlham Mirzəyevin ona qarşı hücum olmasına dair fikirlərini tam şəkildə təkzib edir. Nə İlham Mirzəyev, nə onun nümayəndələri, nə dövlət ittihamçısı, nə də məhkəmə deyilənləri təkzib edə bilmədilər. Deyilənlər baş vermiş hücumun yalan olmasını və Asif Əliyevin təqsirsizliyini mübahisəsiz və tam şəkildə təsdiq edir".

Vəkilin sözlərinə görə, Asif Əliyevin həyat yoldaşı - Aysel Əliyeva da istintaqda və məhkəmədə ittihamın xeyrinə hər-hansı məlumat verməyib: "Yalnız, başqasının dərdi üzərindən öz maddi rifahını yaxşılaşdırmağa çalışan bibisi oğlu İlham Mirzəyevin hamıya məlum olan pul tələblərinin olması faktını təsdiq edib".

Vəkil qeyd edib ki, psixoterapevt Fəxriyyə Məmmədova iyunun 13-də, 09:00-dan 11:45-ə qədər F.İbrahimbəyov küçəsi, 23-də yerləşən 3 saylı şəhər poliklinikasında işdə olub: "Fəxriyyə Məmmədovanın iyunun 13-də, günün birinci yarısında şəhərin başqa yerində yerləşən "Medi Qrup" klinikasının binasında İlham Mirzəyevi müayinə etməsinə dair deyilənlər açıq-aşkar yalandır. İttiham tərəfi gizlədib ki, Saray Hüseynova və Fəxriyyə Məmmədova İlham Mirzəyevin verilişlərində daimi tamaşaçılardır, yalançı zənglərlə verilişlərin reytinqini qaldırırlar. Bundan əlavə İlham Mirzəyev Fəxriyyə Məmmədovanın qızını uğursuz şəkildə Asif Əliyev üçün almağa çalışıb. Hətta İlham Mirzəyev Fəxriyyə Məmmədovanın qızının şəkilini Asif Əliyevə göstərib. Lakin Fəxriyyə Məmmədova Asif Əliyevin qayınanası olması nəsib olmayıb. Bununla da şahidin ədavətini qazanıb".

Vəkil daha sonra əlavə edib ki, İlham Mirzəyevdə klimaksın və ishalın səbəbinin Asif Əliyevin hərəktələrinin olması barədə ittiham tərəfinin hər-hansı əsaslandırması yoxdur: "İlham Mirzəyevdə cinsi disfunksiyanın və ishalın Asif Əliyevlə ünsiyyətdən sonra yaranmasına dair iş materiallarında bir dənə də olsun sübut yoxdur. İlham Mirzəyevin bu cür tələbləri ondan xəbər verir ki, o, hətta onda olan klimaksın hesabına Asif Əliyevdən pul qopartmaq istəyir".

Vəkil əlavə edib ki, dövlət ittihamçısının Asif Əliyev üçün bir birini istisna edən maddələrlə 5 il istəyəcəyi İlham Mirzəyevin sözlərindən hələ məhkəmə araşdırması başlayan vaxtdan məlum idi: "İlham Mirzəyev bu barədə hətta Facebook səhifəsində yazmış və bildirmişdir ki, onun göstərişlərini yerinə yetirməkdən imtina etmiş üç prokuror dəyişib. Dövlət ittihamçısının çıxışının mətni göstərdi ki, İlham Mirzəyevin fikirləri həqiqətdən uzaq deyil və Bakı şəhər prokurorluğu növbəti dəfə Azərbaycan dövlətçiliyinin əsaslarını, qanunçuluq, ədalət və obyektivlik prinsiplərini ani subyektiv maraq və arzulara qurban verib".

Abuzər Mütəllimov çıxışını sonunda Asif Əliyevin təqsirsiz olmasını qeyd edib. O, məhkəmədən Asif Əliyevə bəraət verilməsini istəyib. Asif Əliyevin digər vəkili Cavanşir Süleymanov həmkarının çıxışı ilə razı olduğunu deyib.

Daha sonra Asif Əliyevə çıxış etmək üçün söz verilib. O, deyib ki, İlham Mirzəyevin şərinə və böhtanına düşüb. Asif Əliyev hakimdən barəsində ədalətli qərar çıxarılmasını və pozulmuş hüquqlarının bərpa olunmasını istəyib.

Hakim deyib ki, cinayətin işi mürəkkəb olduğu üçün müşavirə uzun çəkə bilər. Hakim müşavirənin başa çatması barədə tərəflərə əlavə məlumat veriləcəyini deyib. Sonra məhkəmə qeyri müəyyən vaxtadək təxirə salınıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm