Dəyişkən hava bioritmi necə pozur? - DİQQƏT
Bizi izləyin

Sağlamlıq

Dəyişkən hava bioritmi necə pozur? - DİQQƏT

Son günlər havaların kəskin dəyişməsi yalnız evlərin damı, elektrik xətlərinə ziyan vurmaqla bitmədi. Bir gün 25 dərəcə isti, növbəti gün şaxta və dolu ilə müşayiət olunan hava sağlamlığımızda da ciddi fəsadlar yaradır.

Çiçək açmış meyvələr, oyanmış torpaq qış soyuğu ilə üzləşdi. Amma təkcə təbiət yox, elə insan bədənin də oyanmış hüceyrələri bu dəyişiklik nəticəsində az itki vermədi. Havanın nəinki həftədə, hətta gün ərzində də dəyişkən olması, insanların geyim seçiminə, həmçinin səhhətlərinə də təsirsiz ötüşmür.

Qış bitsə də, kəskin respirator viruslu xəstəliklər həkimə müraciətlər arasında ön sıralardadır.

Bəs kəskin hava dəyişikliyi hansı xəstələr üçün daha təhlükəlidir? Kəskin hava dəyişikliyinin yarada biləcəyi xəstəliklərdən necə qorunmaq olar?.

Terapevt Fidan Əlirzayevanın sözlərinə görə, havada müşahidə olunanlar elektromaqnit dalğalarını da birbaşa dəyişdiyi üçün bioloji ritmi pozur. F.Əlirzayevanın sözlərinə görə, fəsil dəyişkənliyi orqanizmdə yeniliklər yaradır, soyuq havada donmuş hüceyrələr yazda funksiyalarını bərpa edir. Amma havalar isti və soyuq növbələşməsi edəndə hüceyrələrin funkiyası da pozulur. Yəni onlar gah işləyir, gah da qış rejiminə keçir. Bu da əsrlərdən bəri formalaşmış bioritmi pozur.

Onun sözlərinə görə, həmçinin dəyişkən elektromaqnit sahəsi xəstəlik yaradır:

“Bu ilk növbədə immun sistemi, revmatizm, angina, revmatoit artrit, osterexandroz kimi xəstəlikləri “canlandırır”. Bundan başqa, kəskin baş ağrılarına səbəb olur. Çünki elektromaqnit sahələrinə ilk növbədə baş beyin cavab verir. Bu da impulslarla işləyir, nəticədə baş ağrıları və ürək qan-damar sistemi xəstəlikləri yaradır. Bu zaman təzyiqdə oynamalar müşahidə edilir. Hava endokriniki sistemə təsir edir, bu da həm əsəb, həm də elektromaqnit sahələrin bioloji ritmi pozması nəticəsində yaranır”.

F.Əlirzayeva bu cür dəyişikliyin yaratdığı xəstəliklərdən qorunma yollarına da toxundu.

“Bunun üçün immun sisteminin gücləndirilməsinə ehtiyac var. Həmçinin məişət qayğılarından əsəbləşməmək, immun sistemini gücləndirmək üçün qidalanmaya fikir vermək lazımdır. Amma müşahidələr göstərir ki, qidaların əsasını yarımfabrikatlar təşkil edir. Meyvə, tərəvəz əsasən ötən ildən qalmadır, yeniləri yetişməyib. Ona görə onların da çox faydası olmur. Mikrobioloji terapiya ilə mədə-bağırsağı qaydaya salmaq lazımdır. Bundan başqa, polivitamin komplekslər qəbul edilməlidir”.

Pulmunoloq Əlizamin Sadıqovun sözlərinə görə, dəyişkən hava respirator virus infeksiyalarını aktivləşdirir. Onun sözlərinə görə, bu cür hava xəstəliklərlə bağlı qeyri-adi bir vəziyyət yaradıb:

“Hazırda insanlar arasında epidemik xarakter daşımasa da, viruslar yayılıb. Bu gün görmədiyimiz və qeyri-adi hal isə xəstəxanalarda pnevmaniyalı xəstələrin olmasıdır. Nə ötən il, nə də əvvəlki dövrlərdə bu hal müşahidə edilməyib. Hazırda Azərbaycan Tibb Universitetinin Terapiya korpusunun pnevmaniya şöbəsində 5-6 xəstə müalicə edilir. Bunu ölkə üçün qeyri-adi hal hesab edə bilərik”.

Ə.Sadıqovun sözlərinə görə, immun problemləri olanlar, xroniki xəstəlik daşıyıcıları, ürək, böyrək, qaraciyər, ağciyərin xroniki problemlərini yaşayanların müraciətləri artır:

“Bu cür hava xroniki xəstəliklərlə bağlı problemləri də artırır, bəzi hallarda ölüm hallarına belə səbəb ola bilir. Problemlər daha çox yaşlı insanlarda müşahidə edilir. Gənclərin immun sistemi güclü olduğundan onlar xəstəliklə mübarizə apara bilirlər. Amma insanlar bilməlidir ki, bu xəstəliklərlə bağlı müraciətlərin gecikməsi ölüm hallarına səbəb ola bilər. Ona görə də qrip və ya kəskin respirator virus 8-10 gün davam edirsə, deməli, həkimə müraciətə ehtiyac var”.

Həkimin sözlərinə görə, kəskin respirator virusların yayılmasının qarşısını il ərzində risk qrupunda olanların qrip əleyhinə vaksinasiya olunması ilə almaq mümkündür. Bu ildə bir dəfə - oktyabr və ya noyabrın 15-ə qədər olmalıdır ki, effektini göstərsin.

İnsanlar tez-tez əllərini yumalı, əllərin gözlə təması azalmalı, gigiyenik qaydalara riayət etmək, ictimai nəqliyyatda maskalarla gəzmək lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm