Türkiyənin başqa şansı yoxdur – ÜÇ VARİANT
Bizi izləyin

Dünya

Türkiyənin başqa şansı yoxdur – ÜÇ VARİANT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində təşkil edilən G20 sammitində iştirakından sonra Rakka və Mosul şəhərlərinin İŞİD-dən təmizlənməsində Türkiyənin alacağı rol yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” nəşri Rakka və Mosul əməliyyatları üçün Türkiyənin qarşısında üç variantın olduğunu yazıb.

G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obamanın İŞİD-in “paytaxt”ı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün birlikdə çalışmağı təklif etdiyini bildirdi.

“Obama, xüsusilə Rakka mövzusunda birlikdə addımlar atmaq istəyir. Bizim tərəfdən çətinlik olmayacağını bildirdik. “Hərbçilərimiz bir araya gəlsinlər, nə lazımdırsa edərik” dedik. Türkiyənin Rakka məsələsində rolu ABŞ ilə müzakirə etdiyimiz mövzulardan biridir. Hansı addımlar ata biləcəyimiz danışıqların nəticəsində dəqiqləşəcək. Bu, ABŞ-ın mövqeyi ilə bağlıdır”, - Ərdoğan bildirib.

Prezidenti vurğulayıb ki, Türkiyə artıq bölgədə var olduğunu göstərmək niyyətindədir: “Əgər geri addım atsaq, oralarda İŞİD, PKK, PYD və YPG kimi terror təşkilatları yerləşər. İraqda da eyni risk var. PKK orada özünə meydan əldə etməyə çalışır”.

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birlikdə həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı çərçivəsində ələ keçirdiyi ən yaxın bölgə Rakkanın 110, Mosulun isə 450 kilometrliyində yerləşir. “Yeni Şafak” yazır ki, mümkün müdaxilə olacağı halda Türkiyənin qarşısında 3 variant var.

Birincisi, Rakka əməliyyatı Cerablus üzərindən həyata keçirilə bilər. Türkiyə Münbiç, Set Tişrin, Hezima və Tel Şemiyn yaşayış məntəqələrindən keçərək təxminən 60 kilometrlik səhra üzərindən Rakkaya çata bilər.

İkincisi, hələ də İŞİD-in işğalı altında olan Akçakale-Tel Abyad yolu ilə Badi, Saharat, Şarıkrak, Tel-Alsamın, Hezima və Rakk bölgələrini keçərək 90 kilometr yol qət ediləcək. Beləliklə, Rakkanın azad edilməsi üçün quru əməliyyatı həyata keçiriləcək. Digər tərəfdən, Mosul əməliyyatı İraqdakı Kanimasi, Bamerni və Başika bazalarının köməyi ilə həyata keçiriləcək. Hərbi bazalar sayəsində Mosula orta hesabla 70 kilometr məsafə qət etdikdən sonra çatmaq mümkün olacaq.

Üçüncü ehtimalda isə Türkiyə Silahlı Qüvvələri İraq sərhədindən İŞİD-in nəzarətində olan Ebukamal sərhəd-keçid məntəqəsindən keçərək 340 kilometrlik məsafəni qət etməklə quru əməliyyatı təşkil edə bilər. Bütün bu ehtimallarda İraq hökuməti, Bəşər Əsəd rejimi, həmçinin Tel Abyad, Münbiç və Haseke bölgələrinə nəzarət edən PYD əməliyyata əsas manelərdir. İraq hökuməti və Əsəd ilə razılaşma əldə olunsa belə Tel Abyad, Münbiç və Set Tişrin yolu PYD-nin işğalı altında olan ərazidədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm