İzlər Kremlə gedir? - Üç ölkədə eynivaxtlı çevrilişin DETALLARI
Bizi izləyin

Dünya

İzlər Kremlə gedir? - Üç ölkədə eynivaxtlı çevrilişin DETALLARI

Sentyabrın 8-də üç keçmiş sovet respublikasının hökumət başçısı yeniləndi.

Publika.az xəbər verir ki, bir neçə saat ərzində Ermənistan baş naziri könüllü istefa verdi, Qazaxıstanın hökumət başçısı istefaya göndərildi, Özbəkistanda parlament prezidentin vəzifələrini icra edən şəxsi təyin etdi.

İslahatlara kart-blanş

Ermənistanın baş naziri Ovik Abramyanın kabineti iki il yarımdan sonra istefa verdi. “Mən istefa verməyə və prezidentə yeni hökuməti formalaşdırmaq imkanını verməyə qərar verdim. Bizim hamımız yeni hökumətin müvəffəqiyyəti haqqında düşünməli və yeni yanaşmalarla cəmiyyəti birləşdirməliyik”, - siyasətçi cümə axşamı bildirib.

RBK agentliyi yazır ki, Abramyanın istefa haqqında qərarı faktiki olaraq, “milli razılıq hökuməti”nin formalaşdırılması ilə bağlı ölkə prezidenti Serj Sarkisyanın bu yaxınlarda etdiyi çağırışına cavabdır.

Abramyanın rəhbərlik etdiyi kabinetin işləri iki il yarım ərzində bir neçə dəfə ciddi siyasi kataklizmlər yaşadı. Hələ 2014-cü ilin payızında rublun ardınca milli pul vahidi dramın dəyəri düşməyə başladı, inflyasiya sürətləndi. Kütləvi qarışıqlıqlardan bir neçə ay sonra Rusiyanın Gümrudəki hərbi bazasında xidmət edən hərbçi bir ailənin 7 üzvünü öldürdü.

İqtisadi böhran 2015-ci ilin yayında hökuməti elektrik enerjisinin tariflərini qaldırmağa məcbur etdi. Bu, yenidən genişmiqyaslı etiraz aksiyalarına gətirib çıxardı. 2016-cı ilin aprelində - Rusiya və Türkiyənin münasibətlərinin soyuduğu dövrdə Qarabağda son illərin ən güclü qarşıdurması oldu. Nəhayət, 2016-cı ilin iyulunda silahlı müxalifət iki həftə ərzində post-patrul xidmətinin binasını tutmağı bacardı.

Yerevanın keçmiş meri Karen Karapetyan yeni baş nazir oldu. O, Dağlıq Qarabağ sakini, Rusiya biznesmeni Samvel Karapetyanın böyük qardaşıdır. Karapetyan daha çox biznesmen və menecerdir, nəinki siyasətçi. O, 2000-ci illərdə uzun müddət “Qazprom”un erməni bölməsinə başçılıq edirdi. 2011-ci ildə az vaxtda Yerevanın meri işləyən Karapetyan sonra tanış struktura qayıtdı: 2011-2012-ci illərdə əvvəlcə “Qazprombank”ın birinci vitse-prezidenti, daha sonra isə “Qazprom”un müxtəlif strukturlarında top-menecer işləyib.

Yeni baş nazirin Moskva ilə sıx əlaqələri Karapetyanın tərcümeyi-halından görünür. Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan bildirir ki, Yerevanın əsas vəzifəsi radikal iqtisadi islahatların keçirilməsidir və Karapetyan məhz bu səbəbdən seçilib. 2017-ci ilin aprelində Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. “Arminfo” nəşrinin mənbələri bildirir ki, Abramyan istefadan sonra prezident Serj Sarkisyanın idarə etdiyi Respublika Partiyasının seçkiqabağı qərargahına başçılıq edə bilər.

“Çoxillik etirazların əsas səbəbi ölkədə mürəkkəb ictimai-iqtisadi vəziyyət, biznesin inhisara alması, uğursuz kadr qərarlarıdır”, - Minasyan RBK-yə deyib.

Ekspertin sözlərinə görə, Karapetyanın qarşısında iki əsas çağırış olacaq. Birincisi, islahatların keçirilməsi üçün prezidentdən kart-blanşın alınması; ikincisi hakim Respublika Partiyasının yeni kursuna müqavimətsizlikdir və bu halda onun özü islahatların qurbanı ola bilər.

Yeni lider

Özbəkistan parlamentinin iki palatası 8 sentyabrda baş nazir Şövkət Mirziyoyevi prezidentinin vəzifələrinin müvəqqəti icraçısı təyin etdi. O, artıq 13 ildir hökumətinə başçılıq edirdi və İslam Kərimovun ən ehtimal edilən varisi hesab edilirdi. Məhz Mirziyoyev İslam Kərimovun dəfninin təşkili üzrə komissiyaya başçılıq edirdi.

Amma prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsi Konstitusiyasına əsasən, Özbəkistan Parlamenti Senatının sədri Niqmatulla Yuldaşevə verilməli idi. Amma o, cümə axşamı öz namizədliyini götürdü. Yeni prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

Şövkət Mirziyoyevin Rusiyaya yaxın şəxs olduğu deyilir.

Qazaxıstan geri qalmadı: hörmətli istefa

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 8-də fərmanı ilə Kərim Məsimov hökumətini istefaya göndərdi. O, 2014-cü ildən hökumətə başçılıq edirdi. Hökumət başçısının vəzifələrinin icrası baş nazirin müavini Bakıtcan Saqintayevə tapşırıldı. 9 sentyabrda isə Nazarbayev Saqintayevi Qazaxıstanın yeni baş naziri təyin etdi. Məsimov isə Milli Təhlükəsizlik Komitəsinin (1992-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin əsasında yaradılıb) başçısı təyin edilib.

“Mənə göstərilmiş yüksək etibara görə dövlət başçısına təşəkkür edirəm”, - Məsimov istefa günündə “Twitter”dəki hesabında yazıb.

Qazaxıstanın NUR informasiya agentliyi qeyd edir ki, sabiq baş nazir ölkə rəhbərliyində müasir texnologiyaların ən ardıcıl bələdçilərindən idi və elektron hökumətin yaradılması üzərində işləyirdi.

Son il ərzində Qazaxıstan dəfələrlə sosial sabitliyin çağırışları ilə qarşılaşıb. 2015-ci ilin avqustunda hakimiyyət neftin qiymətlərinin sürətlə düşməsinin təzyiqi altında milli pul vahidi təngənin üzən kursuna keçdi və bir neçə saat ərzində təngə 25 faiz dəyərini itirdi. Bu il ölkədə terror təhlükəsi yüksək səviyyədə olub.

5 iyunda Aktobe şəhərində üç terrorçu qrupdan ikisi şəhərdə silah mağazalarını ələ keçirdi, üçüncü qrup isə sərnişin avtobusunu qaçırdı və Milli Qvardiyanın hərbi hissəsinə həmlə etdi. Nəticədə, 18 nəfər öldü. Milli Təhlükəsizlik Komitəsi bu proseslərin arxasında 2016-cı ilin yanvar ayında həbs olunan biznesmen Toxtar Tuleşovun əlinin olduğunu və onun dövlət çevrilişi etməyi planlaşdırdığını bildirdi. 6 iyun tarixində Qazaxıstanın bir neçə keçmiş yüksək vəzifəli məmur və generalları Tuleşovla əlbirliyində ittiham olunaraq həbs edildi. Tuleşovun Rusiya ilə əlaqələrinin olduğu iddia olunur.

Tuleşovun işi üzrə proses gələn həftə başlanır. Ona qarşı Çinayət Məcəlləsinin 16 maddəsi üzrə ittihamlar irəli sürülüb.

Analitik İvan İppolitov hesab edir ki, Qazaxıstan hökumətində yerdəyişmələri Nazarbayevin varisi kimi Məsimovun hazırlığı üzrə gizli kombinasiyaya başlamaq lazım deyil: ehtimal ki, bu daha çox ictimai-iqtisadi problemlərin və terrorizm təhlükəsinin artmasına prezidentin reaksiyasıdır. Məsimovun Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilməsinə gəlincə, onun bu postda uzun müddət qalacağı güman edilmir. İvan İppolitov hesab edir ki, baş nazirin istefası çoxdan müzakirə edilirdi və yalnız siyasi mövsümün başlanğıcına uyğunlaşdırılıb. İppolitov bildirir ki, Saqintayev Nazarbayevə tamamilə loyaldır.

Rusiya Elmlər Alademiyasının Şərqşünaslıq İnstitunun eksperti Stanislav Pritçin qeyd edir ki, Nazarbayev böhran dövrlərində hökumətdə bu cür yerdəyişmələrdən tez-tez istifadə edirdi. Stanislav Pritçin Məsimovun istefaya göndərilərək Milli Təhlükəsizlik Komitəsinin rəhbərliyinə göndərilməsinə “hörmətli istefa” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm