“O arvada 1 saat dözə bilmədin, mənsə 40 ildir ki, onunla...” – şəkili məşhurlar - VİDEO
Bizi izləyin

Art

“O arvada 1 saat dözə bilmədin, mənsə 40 ildir ki, onunla...” – şəkili məşhurlar - VİDEO

Şəkinin heç yerdə təkrarı olmayan mədəniyyət abidələrinə heyran qalan Nazim Hikmət yazırdı: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Xan sarayını dünyaya göstərmək bəs edərdi...”

Məşhur türk yazarının Azərbaycanın gözəl təbiətli Şəkisi barədə söylədiklərini təsadüfən xatırladım. Yolumuz Şəkiyədir. Şəki təkcə füsunkar təbiəti, qədim tarixi abidələri ilə deyil, şirin ləhcəsi, ağıza dad-tam gətirən dadlı paxlavası, pitisi ilə də məşhurdur.

Beləliklə Publika.az-ın “Haralısan” layihəsi bu dəfə Şəkidən bəhs edəcək.

Hələ mən Şəkinin tanınmışlarını demirəm, bu qədim torpaq həm də məşhurları ilə öyünür.

Mirzə Fətəli Axundov, görkəmli dramaturq, ictimai xadim

Bəxtiyar Vahabzadə, Xalq şairi

Cövdət Hacıyev, Xalq artisti, bəstəkar

Fətəli Xan Xoyski, Azərbaycan xalq cümhuriyyəti hökumətinin başçısı

Fuad Əbdürrəhmanov, heykəltəraş, Xalq rəssamı

Hikmət Ziya, şair, tərcüməçi

Lütfəli Abdullayev, Xalq artisti, aktyor

Rasim Ocaqov, Xalq artisti, rejissor

Sabit Rəhman, dramaturq, yazıçı

Sədayə Mustafayeva, Xalq artisti, aktrisa

Yaşar Qarayev, ədəbiyyatşınas, dövlət mükafatı laureatı

Ziya Yusifzadə Milli təhlükəsizlik nazirliyinin Heydər Əliyev adına akademiyasının rəisi, Azərbaycan SSR dövlət təhlükəsizlik komitəsinin 7-ci sədri

İsmayıl Osmanlı, Xalq artisti, aktyor

Məmməd Bürcəliyev, Xalq artisti

Şəfiqə Axundova, Xalq artisti, Şərqdə ilk qadın bəstəkarı

Əbdüləzəl Dəmirçizadə Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı

Görək Şəkinin məşhurları qədim torpağı necə vəsf edəcəklər…

“Mənə lətifə qoşmuşdular ki, Cavanşir…”

Cavanşir Quliyev, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi:

- Şəki camaatı iti zəkası, yumor hissi ilə həmişə fərqlənib. Mənim də uşaqlıq illərində başıma gələn maraqlı əhvalatlar olub. Amma hamısı elə uşaqlıq illərində də qalıb.

Sizə özümlə bağlı bir lətifə danışım. Qarabağda döyüşlər gedən zaman mən “Əsgər marşı”nı yazmışdım çox populyar idi. Eşitdik ki, Şəkidə bir lətifə qoşublar: Cavanşir qaldırır, Rəhim (Qazıyev – C.) göndərir, Qüdrət (Əbdülsəlimov – C.) da basdırır. Üçümüz də şəkiliyik. Qüdrət onda Dəfn Komissiyasının sədri vəzifəsini icra edirdi. Mən heç bu lətifədən incimədim də. Təbii ki, mən bu marşı insanları öldürməkdən ötrü yazmamışdım. Sözümün canı budur ki, şəkililər iti zəkaya malik insanlardır. Baməzəlikləri də burdan qaynaqlanır.

“Meyitim qabağına sərilsin”

İqrar Salamov, Şəki Dövlət Dram Teatrının aktyoru:

- Biz şəkililər başqa bölgələrdən bir neçə xüsusiyyətimizə görə fərqlənirik. Şəkinin insanları Şəki halvası çox yediyindən çox şirin olurlar. Şirin yumorumuzu da bura əlavə eləsək, təsəvvür edin də, şəkililər necə şirin və baməzə olur. Ümumiyyətlə, tarixən xanlıqdar olan bölgələr zəngin və özünəməxsus mətbəxi ilə fərqlənib. Şəki də xanlıq olduğundan məxsusi mətbəx mədəniyyətinə malik bölgədir. Şəki pitisi, Şəki paxlavası artıq brenddir. Şəkili olasan, lətifə danışmayasan, yəqin məni qınayarsınız. Şəkililərdən vaxtı soruşsan, heç vaxt dəqiq rəqəm deməz. Məsələn saat 10-a 20 dəqiqə işləyibsə, deyəcək ki, 10 tamamdır, 11-ə 20 dəqiqə işləyib. Lap 10:59 olsa mütləq deyəcək ki, 10 tamamdır, yaxud 11-ə 59 dəqiqə qalıb. Şəki ləhcəsi çox şirindir, bunu hamı bilir. Şəkililərə məxsus əzizləyici sözlər var: canoo yiyim, ağzoo yiyim, gözoo yiyim. İnandırmağa da çalışanda belə deyirlər, “özüm ölüm”, “meyitim qabağına sərilsin” filan iş belədir. Şəkillərdən soruşsan ki, necəsən deyəcək, sağ ol, nə var nə yox, deyəcək ki, sağ ol. Başqa nə var nə yox? Onda da yalnız eyni sözü təkrarlayacaq ki, sağ ol. Hətta şəkililərlə bağlı bir lətifə də var. Bir gün kompüter təzə-təzə çıxan vaxtlarda bir şəkiliyə yazırlar ki, salam. Cavab verir ki, sağ ol. Sonra yazırlar ki, nə var, nə yox, yenə də yazır ki, sağ ol. Artıq üçüncü dəfə yazmağa imkan olmur, kompüter tüstüləyir və başlayır yanmağa. Bilir ki, şəkili üçüncü, dördüncü dəfə də yenə eyni sözü təkrarlayacaq.

Şəkililər dava edəndə də baməzəliklə edirlər. Nəsibə Zeynalovanın oğlu Cahangir Zeynalov Şəki Teatrında yenicə işə başlayanda şəkili aktyorlar onunla zarafat etmək qərarına gəliblər. Cahangir müəllim görür ki, iki aktyor «həbilə» deyə-deyə dalaşır. Soruşur ki, noolub? Deyirlər ki, həbilə görmürsən bunu? Başa düşmür ki, «həbilə» nə deməkdir. Aktyorlar da axıra qədər «həbilə» deyə-deyə onu dolamağa başlayırlar. Cahangir müəllim özü bunu zarafatla danışıb.

“Vurub, çənəni sındıraram”

Xanlar Həşimzadə, Şəki Dövlət Dram Teatrının aktyoru:

- Şəki camaatı həddən artıq mehriban, qılıqlı insanlardı. Bunun da səbəbi var. Şəki tarixən tacirlərin gəlib-getdiyi yer olub. Hətta belə bir deyim də var ki, şəkilidən 5 qəpiklik nəyisə 25 qəpiyə almaq olar. Dillərini işə salıb, insanı tovlamağı bacarırlar. O vaxt tacirləri də tovlayıb, ucuz qiymətə mal alırlarmış. Şəkinin təbiəti insanlarına da sirayət edib. Saf, çox qonaqpərvər və xəsislikdən uzaq adamlardır. Yumor hissi onlarda çox güclüdür. Bizim tərəflərdə sular yodsuz olduğundan insanların dişi tez xarab olur, həm də zob xəstəliyi çox yayılıb. Elə söz düşmüşkən diş həkimiylə bağlı bir lətifə danışım.

Bir gün bir şəkili diş həkiminə gedir. Həkim onun dişinə baxmamış xəstə qorxur. Həkim 50 qram araq verir ki, iç, qorxun keçəcək. Amma xəstənin qorxusu keçmir, iki dəfə də 50-50 içəndən sonra həkim ona yaxınlaşır. Şəkili şirə dönür və deyir ki, hünərin var, mənə yaxınlaş vurub çənəni sındıraram.

Bir lətifə də danışım. Bir şəkili oğlunu evləndirmək istəyir, evinə usta çağırır ki, aynabənd artırsın, evini genişləndirsin. Ustanı evdə qoyub ət almaq üçün bazara gedir. Bazardan qayıdanda görür ki, usta alətlərini yığışdırıb gedir. Soruşur ki, ay usta hara gedirsən? Usta hirslənir ki, əşşi, sənin bu arvadın baş-beynimi aparıb, sən necə kişisən ki, belə arvada dözürsən.

Kişi də qayıdır ki, mən 40 ildi bu arvada dözürəm, sən necə kişisən ki, bir saat dözə bilmədin.

“Mən sənin təkərinə təmiz Şəki havası vurmuşam eee”

Psixoterapevt, Avropa nevropataloqlar cəmiyyətinin üzvü Qalib Əsədov:

- Şəkiliyəm Şəkili,

Sözüm ağır çəkili.

Zarafatdan qaçmaram,

Söz həddini aşmaram.

Gülüşüm qanadlıdı,

Ləzzətlidi, dadlıdı.

Şit sözə baş qoşmaram,

Hər sözüm urvatdıdı.

Şəki... Azərbaycanın sözün hər bir mənasında orijinal olan bir şəhəri. Bu yerlərə 2700 il qabaq köçüb gəlmiş ən qədim türk tayfaları olan Sakların məskunlaşdığı tarixi bir ərazi. Qayğısız uşaqlığımın keçdiyi bir şəhər. Şəki həm də mənim üçün Bəxtiyar Vahabzadə deməkdir, Mirzə Fətəli Axundov deməkdir. Sabit Rəhman, Emin Sabitoğlu, Şəfiqə Axundova, Lütfəli Abdullayev və digər dahi sənətkarların, korifeylərin yetişdiyi bir məkan deməkdir.

Şəki... Hər daşında, küçəsində tarixin yaşadığı möhtəşəm bir şəhər. Nazim Hikmət deyərdi ki, Azərbaycanın digər abidələri olmasaydı belə, təkcə Xan Sarayını göstərmək kifayətdir ki, bu xalqın necə böyük bir mədəniyyətə, incəsənətə, zəngin tarixə malik olduğunu sübut edəsən. Bəs bizlər neylədik? Xan Sarayının ətrafına asfalt çəkdik, döşəməsinə laminat vurduq, otaqlara kondisioner qoyduq, elektrikləşdirdik, Qala divarlarının yanında modern bir Yay Konsert Kompleksi tikdik. Və bütün bu müasir dəbdəbənin fonunda Xan Sarayı kiçildi, cılızlaşdı. Məgər italyanlar Kolizeyin ətrafına asfalt çəkə bilməzdilər, ya Pompeyin xarabalıqlarını təmir etmək bu qədər çətindir? Misir ehramlarının ətrafını abadlaşdırmaq olmazdı? Mən həmişə demişəm, tarixi abidələri təmir etmək yox, bərpa etmək lazımdır. Tarixi olduğu kimi qoruyub saxlamaq lazımdır. Təəssüf.... Biz qoruya bilmirik...

Şəki... Özünəməxsus xüsusiyyətləri olan insanları ilə fərqlənən bir şəhər. İlk növbədə mən qonqapərvərliyi qeyd edərdim. Gələn qonaq üçün canını belə verər şəkililər. Səmimidirlər. Amma yeri gələndı sözlərini zarafatla da olsa yiyəsinə çatdırırlar. İlk baxışdan sadəlövh görünsələr də, əslində çoxbilmişdilər. Tükü tükdən seçirlər. Emisonaldırlar, lakin onu da deyim ki, şəkililəri güldürmək çətindir. Çox zəngin bir mətbəxi var. Tam səmimi deyim ki, Şəkidə bişirilən pitini, bozbaşı, plovu və s. yeməkləri mən başqa heç yerdə yeməmişəm. O dadı ala bilməmişəm. Şəkinin təbiəti, iqlimi, havası belə tam fərqlidir. Hərdən Şəkiyə gedəndə elə girəcəkdən, nəfəs aldığın havadan belə hiss olunur ki, Şəkidəsən. Hətta belə bir lətifə var. Deməli bir gün bir bakılı Şəkiyə gəlir. Maşının təkərinin havası boşalır. Yaxınlaşır təkər təmir edən sexə və hava vurdurur. Sonda soruşur ki, borcum nə qədər edir, şəkili cavab verir ki, 10 manat. Qonaq əsəbiləşir ki, nə danışırsan, mən Bakıda cəmi 1 manata hava vurdururam. Nədən belə baha? Şəkili sakitcə: “Ay qardaş canoo yiyim, niyə hirslənirsən ki? Sən Şəkinin havasıynan Bakinin havasını bir tutursan? Mən sənin təkərinə təmiz Şəki havası vurmuşam eee.”

Şəki... Azərbaycanın gülüş paytaxtı! Yadımdadır, Sovetlər vaxtı hər il şəhərimizdə “Gülüş Bayramı” keçirilərdi. Dünyanın hər yerindən qonaqlar gələr, çox möhtəşəm bir şənlik olardı. Mən onda orta məktəbdə oxuyardım. Hamımız ağ köynək, qara şalvar geyərək qonaqları qarşılamağa çixardıq. Haminın üzündə təbəssüm, böyük sevinc olardı. Təəssüf ki, indi “Gülüş Bayramı” keçirilmir, lakin Şəki deyəndə hələ də istər-istəməz insanların üzündə təbəssüm yaranır. Maraqlı burasıdır ki, şəhərimizə gələn istənilən xarici ölkə vətəndaşı, hətta ingilis, fransız uzağı belə1 ay Şəkidə qaldıqdan sonra bu ləhcədə danışır.

Maraqlı burasıdır ki, burada lətifə öz-özünə yaranır, şəkililərin hazırcavablığına görə hər söz, hərəkət belə lətifəyə çevrilir. Bu yaxında Bakıda işlədiyim klinikanın sürücüsü, qardaşı öğlunun sürücülük vəsiqəsini Şəki Yol Polisindən almaq üçün Şəkiyə gedib. Yaxınlaşıb, bir şəkilidən soruşur:

Qardaş, burda QAİ-yə necə getmək olar? Hansı tərəfdədir?

Şəkili cavab verir:

Ay qardaş, canoo yiyim, özoo dağa-daşa niyə salırsan? Niyə həbilə əziyyət çəkirsən? O svetoforu göörsən? Gözlə, qırmızı işiq yanan kimi keç. QAİ özü hardadırsa gəlib, səni ora aparacaq.

Bu yaxaında Şəkiyə gedəndə dostumgilə getmişəm. Adını çəkmirəm, çünki onu Şəkidə hamı tanıyır. Dostum oğluna bəzi tapşırıqlar verib, marketə göndərir. Oğlu da tələsik getdiyindən mobil telefonu yaddan çıxıb evdə qalır. Bir azdan oğlunun telefonuna zəng gəlir. Dostum əvvəl fikir verməsə də, sonra zəng səsindən bezib, telefonu götürür. Sən demə, zəng edən oğlunun çox yaxın dostu imiş. Atası telefonu götürüb “Alo” deyən kimi dostu qışqırır:

Əəəə, it oğlu, bayaqdan zəng edirəm, niyə cavab vermirsən?

Dostum heç halını pozmadan cavab verir:

İt oğlu marketdədir, sənnən danışan itin özüdür.

Şəkililərin dalaşmaları belə lətifədir. Yadımdadır hələ uşaq idim. Məhəlləmizdə iki qonşu kişi dalaşırdı. Bir az danışandan sonra kişilərdən biri dözməyib dalaşdığı adama kəllə vurdu. O da kənara çəkilib belə dedi. “Sən nağarırsan, Bu, nətəri dalaşmaqdır? Adam kimi dalaşa bilmirsən? Söy məni, söyüm səni. Söy dədəmi, söyüm dədəni. Daha başoo ağzıma niyə soxursan ki?”

Şəki haqqında çox danışmaq olar. Günlərlə. Mənim doğma şəhərim. Azərbaycanımzın dilbər guşələrindən biri. Sözümü dahi şairimiz Bəxtiyar Vahabzadənin Şəkiyə həsr etdiyi bir şerilə tamamlamaq istəyirəm:

Bir nəğmə qoşmadım hələ mən sənə,

Dağlar bunu mənə kəsir sanmasın.

Mən dedim, vurğunam Azərbaycana,

Deyirəm, heç zaman xırdalanmasın.

Könlümdən ucalan bu avaz, bu səs.

Böyükdür, ucadır məsləkim mənim.

Bala anasına "sevirəm" deməz,

Mən də deməmişəm, a Şəkim, mənim.

“Çay daşan kimi bizi barının üstünə qaldırıb qoyardılar”

Gülyanaq Məmmədova, Xalq artisti, müğənni:

- Nədənsə yaşa dolduqca doğulduğu elə-oba üçün burnunun ucu göynəyir. Vətənim Şəki haqqında danışmaq mənə çox xoşdur. Şəkinin Böyük Dəhnə kəndindənəm. Kəndimizlə bağlı o qədər xatirələrim var ki, indi hamısı bir-bir yadıma düşür. Yadımdadır kəndin yuxarı hissəsindən axan Dəhnə sayı tez-tez daşırdı və həyətimizi su basırdı. Atam evimizə su dolmasın deyə hündür, enli daş barı hörmüşdü. Amma yenə də daş barı suyun qarşısını ala bilmirdi. Biz balaca olanda atamgil qorxurdular ki, su bizi aparar. Çay daşan kimi bizi barının üstünə qaldırıb qoyardılar. Su çəkilən kimi barıdan düşərdik. Bizim yerin camaatı dağ havası udduğundan, gözəl təbiətlə təmasda olduğundan çox saf, qəlbitəmiz olurlar. Şəki camaatı eyni zamanda zəhmətkeşliyi ilə fərqlənib. Bu zəhmətsevərliyi valideynlərimin timsalında görmüşəm. Şəki deyəndə orta məktəb illərim, uşaqlığım gəlib kino lenti kimi gözlərimin qarşısından keçir. Onu da deyim ki, şəkililəri şirin edən həm də onların ləhcəsidir. Şəhərə yeni gəldiyim vaxtlarda mahnıları da Şəki ləhcəsiylə oxuyurdum. Şəkinin gözəl təbiətini, füsunkar gözəlliyini sözlə ifadə etmək çox çətindir. Bu gözəlliyi gəlib görmək lazımdır.

Gülyanaq xanımın sözünə qüvvət, Şəki gözəl təbiəti ilə əcnəbi məşhurların da hər zaman diqqətini çəkib. Bu gözəllikdən duyğulanan fransız yazıçısı Aleksandr Düma “Qafqaz səfəri” əsərində yazır: “Biz Nuxadan uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir və bütün füsunkarlığı ilə gözümüzün qabağında canlanırdı”.

Mən də Şəkinin gözəlliyini gözlə görənlərdənəm. Şəkidə ən çox xoşuma gələn, tarixi məkanları və koloritli insanları olub. Camaatının ləhcəsi onların bişirdikləri Şəki paxlavasından da şirindir. Həbilə düzmü dedim, gözoo yiyim?

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm