“Hamı bizə söz verir, ancaq bu zamanda ən ucuz şey sözdür"
Bizi izləyin

Tabloid.az

“Hamı bizə söz verir, ancaq bu zamanda ən ucuz şey sözdür"

Fotoqraf dostum Abbas Atilayın Şamaxının Dəmirçi kəndinə fotolar çəkməyə gedəcəyini eşidəndə onunla əlaqə saxlayıb, yol yoldaşı olmaq istədiyimi bildirdim. Təklifimi qəbul edən Abbasla səhər saat 9-da Bakıdan çıxaraq, Şamaxı yolunu tutduq.

Fotoqraf dostum Abbas Atilayın Şamaxının Dəmirçi kəndinə fotolar çəkməyə gedəcəyini eşidəndə onunla əlaqə saxlayıb, yol yoldaşı olmaq istədiyimi bildirdim. Təklifimi qəbul edən Abbasla səhər saat 9-da Bakıdan çıxaraq, Şamaxı yolunu tutduq.

Əslində, Şamaxıya səfər iki-üç gün öncəyə planlaşdırılmışdı, sadəcə olaraq, Bakıya və regionlara yağan güclü yağış və dolu səfəri bir neçə gün gecikdirmişdi. Bakıdan ayrılanda havanın çox isti olduğunu görürük. Düşünürəm ki, yəqin Şamaxıda hava nisbətən soyuq olar.

Şamaxını başdan-ayağa yeniləyiblər

Bir saat sonra Azərbaycanın ən qədim tarixə malik olan şəhərinə çatırıq. Şamaxının elə girəcəyində gedən təmir-tikinti işini görürük. Maşınımızı yolun kənarında saxlayaraq, işlərə nəzarət edən bəydən Dəmirçi kəndinin yolunu soruşuruq. Yenilənməyə məsul olan şəxs bizə əsas yoldan çıxmayaraq, Pirqulu istiqamətində getməyimizi məsləhət görür. Yenicə təmirdən çıxmış Cümə məscidinin yanından keçəndə Abbas deyir ki, bir-neçə il bundan əvvəl buralar pis gündə idi, ancaq indi asfalt örtüyünü yeniləyiblər, yollar təmizdir və Bakıdan fərqli olaraq, Şamaxıya yaz gəlib...

Dəmirçiyə yol yoxdur. Pirqulunu və digər kəndləri çox rahatlıqla keçirik. Yollar gözəl, hava isti və təmizdir. Hətta yolların kənarında bənövşələr, qışdanqalma qar da görürük. Bir qədər getdikdən sonra birdən-birə asfalt yol bitir və yolsuzluq başlayır. Asfalt örtüyünün olmaması məni çox təəcübləndirir, amma Abbas bildirir ki, təəccüblənəsi hadisələr hələ qabaqdadır.

Orda bir kənd var uzaqda...

Qarşımıza paslanmış dəmir lövhənin üzərində “Dəmirçi” elanı çıxır. Təpənin arxasında – Baş Qafqaz Silsiləsinin ətəyində salınmış kənd bizi sakitcə salamlayır. Kənd Pirsaat çayının sahilində yerləşir. Yerli camaat bu çaya “Dəmirçi çayı” deyir. Çayın sahilinə gələndə körpünün olmadığını görürəm, öz-özlüyümdə düşünürəm ki, görəsən, buranı necə keçəcəyik. Dostum üzümdəki sualı oxuyur və əhvalını pozmadan: “Maşını çaya salıb, keçəcəyik” – cavabını verir. Elə də edirik. Çayı keçirik və nəqliyyat vasitəmizi kəndin girəcəyində saxlayıb, yolumuza piyada davam edirik.

Evinə odun yığan məktəb direktoru.

Bizi elə kəndin girəcəyində Mikayıl kişi qarşılayır. Mikayıl kişi evinə odun tədarükü edir, biz də gəlib başının üstünü kəsdiririk. Bizi qonaqpərvərliklə qarşılayan kənd sakini ilk öncə yandırdığı zibilli ot tayasına görə bizdən üzr istəyir. Sonra isə: “Gəlin evə gedək, çay içə-içə söhbət edərik” – deyir. Yolumuz uzundur deyə, getmək təklifini qəbul etmirik, ayaqüstü söhbətləşirik.

Mikayıl kişi qonşu kənddə məktəb direktoru vəzifəsində çalışır. Məktəbin cəmi 30-35 şagirdi və 4 müəllimi olduğunu deyir. Mən ibtidai sinifdə oxuyanda təkcə öz sinifimizdə 37 uşaq vardı, 35 uşaqlı məktəbi təsəvvür edə bilmirəm. Direktor uşaqların oxumağa həvəsinin olmamasından gileylənir.

“Dəmirçi”lilərin əsas problemi yol, qaz və odun məsələsidir.

“Biz əvvəllər meşədən odun kəsib evimizə gətirirdik. İndi isə meşələri çəpərləyiblər. Buna görə İsmayıllıdan odun almaq məcburiyyətində qalırıq. Odun da od qiymətinə. Bir “kamaz” odunu 500-600 manata satırlar. Bu kənddə qış çox sərt keçir. İndi günəşin çıxmasına fikir verməyin, axşam hava yenə soyuyacaq. Hələ də evlərdə odun sobaları yanır, yoxsa donarıq soyuqdan”. Mikayıl müəllimin sözünü kəsərək çayı və olmayan körpünü göstərirəm; bununla da müəllimin dərdini təzələyirəm: “Oğul, bu kənddə yol yoxdur. Körpü yoxdur. Bu Pirsaatçay çox dəli çaydır. Yağış yağan kimi buraları sel aparır. Əgər sel gələndə kəndin bu başındasansa, kəndə qayıtmaq imkanın, demək olar ki, olmur. Heyvanat sel vaxtı günlərlə o tayda qalıb“.

“Hamı bizə söz verir, ancaq bu zamanda ən ucuz şey sözdür".

“İllərdir deyirlər ki, sizə yol çəkəcəyik, qazlaşdıracağıq kəndinizi, amma hələ də gözləyirik. Bu yaxınlarda dedilər ki, 2018-ci ildə qaz verəcəyik sizin kəndə, 2018-də çəkiləcək qaza qədər biz ölüb-gedəcəyik”.

Dəmirçilik bu gedişlə tarixin səhifələrinə basdırılacaq.

Başımız Mikayıl kişiylə söhbətə qarışdığından yanımıza daha bir kənd sakininin yaxınlaşdığını hiss etməmişik. Mikayıl kişi onu həmin dəqiqə tanıyır və bizi də tanış edir.

Sən demə, Fəxrəddin kişi gözünü açandan atasının, babasının dəmirçiliklə məşğul olduğunun şahidi olub. Elə özü də dəmirçiliklə məşğuldur. Biz də ustadan bu sənətin vəziyyətini soruşuruq.

“Dəmirçilik sənəti mənim genlərimdədir. Çox heyif ki, bu gün bu sənət artıq can verməkdədir. Tələbatın olmaması ustaları bu işdən soyudur və hərə bir yana dağılır. Sovetdən əvvəl burda 22-25 emalatxana var idisə, sovet dövründə bu say 10-12-yə qədər azaldı. Sovet dağılandan sonrasa burada dəmirçiliklə məşğul olan üç-dörd usta qalıb. Qış aylarında mənim qapımı, and olsun ki, bir nəfər də açmayıb. Ümidimiz ancaq köç edən çobanlara qalıb. Onlar köç zamanı bizim kənddən keçirlər və bizim əl işlərimizdən istifadə edirlər”.

Fəxrəddin ustadan satdığı ən baha əşyanı soruşuram. Usta bir az düşünür, sonra isə deyir:

“Bir dəfə bura qadınlar gəlmişdi, məndən “qiymədaş” aldılar və dedilər ki, bunu Ermitaja qoyacağıq. Onu, deyəsən, 25-30 manata satmışdım. Ancaq ən bahalı əşya ovçular üçün xüsusi hazırladığım ov bıçaqlarıdır. Onları 50 manatdan ucuz satmıram. Dövlət bizi vergidən azad edib, ancaq bizi müştərilərin ümidinə qoymaq olmaz. Heç kim ucuz, amma keyfiyyətsiz Çin malı olan yerdə mənim keyfiyyətli bıçağıma, baltama pul verməyəcək. Dövlət bizə yardım etməlidir ki, biz bu sənəti qoruyub saxlayaq. Stimul olmadığından oğullarım bu sənətin arxasınca getmirlər”.

“Yardım etmirlərsə, heç olmasa, bu yolu düzəltsinlər. Axı mədəniyyət yoldan başlayır...”

Fikrini bitirib əlini işığa uzadır ki, alaqaranlıq otağı işıqlandırsın, lakin işıq da yanmır.

Usta təəssüflə bizə baxır, susur və heç nə demir. Nə demək istədiyini üz ifadəsindən anlayırıq.

Sənətini yaşatmaq üçün həftə sonları əşyalarını Şamaxı mərkəzində olan “Heyvan bazarı”na aparıb satmağa çalışdığını da qeyd edir müsahibimiz.

Fəxrəddin usta bizə hazırladığı manqalı, şişləri göstərir və yadıma Milli Məclisdəki “Milli şiş” söhbəti düşür.

“Dövlətin qoruduğu” məscid dağılmaq üzrədir.

Kənddə gəzərkən qarşımıza dağılmaq ərəfəsində olan məscid çıxır. Məscidin qapısına yaxınlaşıram və orda yazılan “Dövlət tərəfindən qorunur” ifadəsi diqqətimi çəkir. Dövlət tərəfindən qorunan məscidin “qoruma” elanı da yağış-qar və baxımsızlıq ucbatından yox olmamağa çalışır.

100-150 yaşı olan məscid sovet illərində buğda anbarı kimi istifadə edilib, sonralar diqqətdən kənar qalıb. Ona görə indi tarixdən silinmək üzrədir.

Bizim məscidə baxdığımızı görən kənd sakini: “Çəkin, çəkin bu məscidi. Bu məscid bizim tariximizdir və təmir edilməyə ehtiyacı var. Bəlkə, sizin yazınızdan, şəkillərinizdən sonra yadlarına düşər ki, buraları unutmaq olmaz”.

Məscidin daşlarının üzərinə baxırıq. Abbas ərəbcə yazıları oxuyur və məscidin hicri təqvimi ilə 1311-ci ildə tikildiyini bildirir.

Dəmirçi kəndində toy var.

Artıq bir-neçə saatdır ki, kəndi piyada gəzirik və getdikcə havanın soyuduğunu hiss edirik. Kəndin yüksək məhəllələrinin birinin qapısında qırmızı parça görürük. Qapının yanında dayanan Səid bəy bizi zorla həyətə aparır və çaya qonaq edir.

Ev sahibləri bizə bildirir ki, bu gün Səid bəyin qardaşının toy mərasimi keçirilir. Təbrik edib ayrılmaq istəyirik, lakin evin ağsaqqalı qapıdan bayıra çıxacağımız təqdirdə verdikləri çayı bizə halal etməyəcəyini deyir. Ailənin xoş günlərində yanlarında olmağı qərarlaşdırırıq (ya da məcbur oluruq). Bir müddət sonra təzə bəy və gəlin Şamaxının mərkəzində nikahlarını rəsmiləşdirib, ata ocağına gəlirlər.

Bəy-gəlinin ayağı altında quzu kəsib, qanını hər kəsin alnına yaxırlar. Ardınca bəy ikinci mərtəbəyə qalxaraq, gəlinin başına, ən azı, dörd-beş kilo şokolad səpir. Daha sonra gəlin evinin qarşısında hər kəsin təbrikini və hədiyyələrini qəbul edib, otağına daxil olur. Bəy isə bütün qohumlarla digər otaqda bəyin şərəfinə açılmış stolda əyləşir. Qohumlarla birgə biraz yemək nuş edirik və hər kəslə sağollaşırıq.

Katyuşa sədaları altında Bakıya qayıdırıq.

Kənddən çıxmağa hazırlaşanda dəmirçi Fəxrəddin kişi, onun bir həmkarı və Dəmirçi kəndinin gənc tarix müəllimi Emil bəy bizimlə yola çıxmaq istəyir. Maşınımız boşdur. Ona görə onları da götürüb yola çıxırıq. Fəxrəddin usta və həmkarı aralarındakı söhbətə – Ukraynada baş verən siyasi durumla bağlı müzakirələrə bizi də daxil edirlər.

Müzakirənin ən qızğın zamanında isə Fəxrəddin kişi rus xalq mahnısı olan “Katyuşa”nı zümzümə etməyə başlayır. Hamılıqla mahnını müşayiət edirik və Şamaxıya doğru yol alırıq...

Fotolar Ayuk Utopikə məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm