Hamının möhtac olduğu QADIN: Dolların taleyi ondan asılıdır
Bizi izləyin

Ekopublika.az

Hamının möhtac olduğu QADIN: Dolların taleyi ondan asılıdır

Son bir ildə onun adını hər üç aydan bir eşidirik. Bütün maliyyə bazarları bu qadının ağzından çıxacaq sözdən asılıdırlar. Çünki verdiyi qərarlar ölkələrin iqtisadiyyatına və fond bazarlarına birbaşa təsir edir. Söhbət dünyanın ən çətin vəzifələrindən biri olan ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Janet Yellendən gedir. Hansı ki, artıq üç ildir o, FED-in başında dayanır. Bu vəzifəni icra etmək barıtdan köynək geyinməyə bərabərdir desək, bəlkə də yanılmarıq.

Publika.az Janet Yellenlə bağlı yazını təqdim edir:

Öncə bildirək ki, Amerika tarixində ilk dəfədir pul siyasətinə qadın rəhbərlik edir. J.Yellen bu posta Barak Obamanın xeyir-duası ilə yüksəlib. ABŞ-da noyabrda keçiriləcək seçkilərin qalibinin ölkənin pul siyasətinin başında dayanan bu xanımla münasibətlərinin necə olacağını proqnozlaşdırmaq çətindir.

Yəhudi əsilli baş bankir kimdir?

Janet Yellen 13 avqust 1946-cı ildə Nyu-Yorkda yəhudi ailəsində doğulub. Onlar Nyu-Yorkun elit kəsiminin məskunlaşdığı Bruklində yaşayıblar. Qonşuları əsasən italyanlar, livanlılar, yəhudilər idi. FED sədrinin atası məşhur həkim olub. J.Yellenə gəlincə, o lisey təhsilini Ford Hamilton-da alıb. Liseyi 96,75 balla bitirib. 1967-ci ildə Braun universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1971-ci ildə isə Yale universitetində doktorluq dərəcəsi əldə edib. 1971-1976-cı illərdə Harvard universitetində professor assistenti olaraq işləyib.

İş həyatı

O, 1977-ci ildən 1978-ci ilə qədər isə FES-in idarəedici şurasının iqtisadçısı vəzifəsində işləyib. 1980-ci ildə o, Berkli universitetində müəllimlik fəaliyyətinə başlayır. 1994-97-ci illərdə FED-in idarə heyətində vəzifə alır. 1997-1999-cu illərdə ABŞ prezidenti Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasına rəhbərlik edir. 2004-2010-cu illərdə Yellen San-Fransisko Federal ehtiyat bankının prezidenti vəzifəsinə təyin olunur. 2010-cu ilin oktyabr ayında Janet Yellen FES-in idarə şurasının sədr müavini seçilir. 2014-cü ilin yanvar ayının 6-da Barak Obama tərəfindən ABŞ Mərkəzi Bankının rəhbəri təyin edilir. Onun FED-ə rəhbər gəldiyi dövr qurumun tarixində ən çətin zamanlar idi. J.Yellen ABŞ Mərkəzi Bankının maliyyə gücünü və dolların dominantlığını qaytarır. Analitiklərə görə, Yelleni başqalarından fərqləndirən ən mühüm xüsusiyyəti iqtisadi proqnozlarında, qərarlarında yanılmamasıdır. Bundan əlavə o, əvvəlki FED rəhbərlərindən fərqli olaraq böhranın yüngül itkilərlə dəf edilməsi üçün dövlətin müdaxiləsini müdafiə edir.

“Göyərçin”

Yelleni tanıyanlar onun gözəl ürəyə sahib olduğunu bildirirlər. FED sədrinə “göyərçin” ləqəbi veriblər. J.Yellen sələflərindən fərqli olaraq işsizlik və sosial şərtlərin düzəlməsi istiqamətində səylər göstərir. Hər fürsətdə işçi haqlarının qorunması, məvaciblərin artırılması istiqamətində təkliflər irəli sürür.

FED-də tapılan ömür-gün yoldaşı

J.Yellen həyat yoldaşı George Akerlofla 1977-ci ildə FED-in yeməkxanasında tanış olur. 1978-ci ildə Akerlofla ailə quran Yellənin bu evlilikdən Robert Akerlof adlı oğlu dünyaya gəlir. Robert də valideynləri kimi iqtisadi sahədə fəaliyyət göstərir.

Pensiya yaşında dünyanı idarə edir

ABŞ Mərkəzi Bankının rəhbəri gənclik illərində Bob Dylanın pərəstişkarı olub. Tez-tez onun konsertlərinə gedib. Hazırda isə o boş vaxtlarında tennis oynayır. Onu da nəzərə çatdıraq ki, J.Yellen FED sədri vəzifəsinə 60 yaşından sonra təyin edilib. Bununla belə o karyerasında hər şeyin zamanında baş verdiyini deyir. Ən təəccüblüsü də odur ki, pensiya yaşının tamam olmasına, hətta keçməsinə baxmayaraq, pul siyasəti ilə bağlı onun başı saat kimi işləyir.

Elə bunun nəticəsidir ki, bütün dünya onun qərarına möhtacdır. Çünki FED-in faiz dərəcəsi ilə bağlı qərarı dünyanın demək olar ki, bütün ölkələrinə birbaşa təsir edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm