Nida.az
Rusların silah oyunu və arxasındakı mesajlar - TƏHLİL
Ermənistan Rusiyadan aldığı silahları hərbi paradda
nümayiş etdirdi. Hansı ki, 2015-ci ildə İrəvanda baş verən
"elektromaydan" etirazından sonra iki ölkə arasında 200 milyon
dollarlıq kredit sazişi imzalandı, bu sazişə əsasən, Rusiya
Ermənistana yeni silahlar verəcəkdi. Bu gediş rusların erməniləri
anti-Rusiya əhval-ruhiyyəsindən çıxarmaq istəyinə
əsaslanırdı.
Ermənistan silahları paradda nümayiş etdirərək, iki mesaj
verdi.
Birinci mesaj Sarkisyan hakimiyyətini Rusiyanın
əmrləri ilə hərəkət etməkdə ittiham edən daxili opponentlərə idi.
Sarkisyan bununla "mən Rusiyaya üz çevirsəm, belə silahlar ala
bilmərik" mesajını verdi.
İkinci mesaj Azərbaycana idi. Aprel
müharibəsindən sonra məğlubiyyətin xofundan çıxa bilməyən
Ermənistan bununla "əzələ nümayişi" etdi. Halbuki, Azərbaycan
ordusu ilə müqayisədə zəif olduqlarını özləri də anlayır.
Bu, ikinci mesaj həm də daxildə yaranmış məğlubiyyət xofunu
aradan qaldırmaq və erməni ictimaiyyətində "özünəinam" yaratmaq
cəhdi idi.
Ermənistanın bu cür kiçik məsələlərin və cəhdlərin arxasınca
qaçdığı məlumdur. Burada diqqətçəkən məqam Rusiyanın nə
istədiyidir.
İrəvan küçələrində addımlayan hərbi texnika arasında diqqətçəkən
məqam "İsgəndər-M" raket kompleksi idi. Bu, "Rusiya ən güclü
silahlarından olan raket-kompleksini Ermənistana verib?" sualını
yaratdı.
"İsgəndər - M": Bu raket Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz.
Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə
sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq
"İsgəndər-M" raketlərini Kalininqrad vilayətinə yerləşdirib.
Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən "İsgəndər M"
raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına
malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və
qazodinamik sükanlar vasitəsilə idarə olunur. "Stels" texnologiyası
ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr
hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki
olaraq mümkün deyil.
Belə bir silahın Ermənistana verilməsi bölgədə güc balansının tamamilə dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi maneələrin yaranması deməkdir.
Lakin Rusiya doğrudanmı "İsgəndər-M"-i Ermənistana
verər?
1. Rusiya kimi silah istehsalçısı olan ölkələr öz
ordularını tam təchiz etmədən yeni silahı, xüsusilə, qlobal güclərə
qarşı hazırlanmış "İsgəndər-M" kimi silahı başqa ölkəyə satmırlar.
Rusiya müdafiə naziri Sergey Şoyqu "İsgəndər-M" raket-kompleksinin
istifadəyə verildiyi vaxt – təxminən üç il öncə bildirdi ki,
2018-ci ilə qədər Rusiyanın bütün raket briqadaları bu texnika ilə
silahlandırılacaq. Yəni Rusiyanın öz ordusu tam təchiz edilmədən
bunu Ermənistana verməsi ehtimalı görünmür.
Dünya təcrübəsinə görə, hər bir ölkə yeni istehsal etdiyi silahın müəyyən müddətə satışını qanunla qadağan edir. Bu müddət adətən 5-10 il arasındadır. Misal üçün, Rusiyanın özündə 2015-ci ildə hərbi parada çıxarılan "Armata-T" tankları 2016-cı ildən ümumi silahlanmaya daxil ediləcək və bu hərbi texnikanın 2020-ci ilə qədər satışı qadağan olunub. "İsgəndər-M" raketinin satışı da hələlik nəzərdə tutulmur.
2. Rusiya Ermənistana yeni silahları 200 milyon
dollar kredit sazişi çərçivəsində verib. "İsgəndər-M" raketinin
qiyməti isə olduqca bahadır. Raket kompleksinin ümumi qiyməti
açıqlanmasa da, təkcə bir raketin qiyməti 2 milyon dollardır. Bu,
kompleksin ümumi qiymətinin olduqca baha olduğu deməkdir.
***
Ortaya çıxan faktlar paradda nümayiş olunan "İsgəndər-M"-in
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından gətirildiyini sübut
edir.
Sentyabrın 21-də 102-ci bazada xidmət keçən rus
əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən sosial
şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini
tapırdı.
Sentyabrın 22-də Arman Manukyan adlı erməni istifadəçinin paylaşdığı da buna əlavə sübut idi. Manukyan deyir ki, o, paradda Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik leytenant rütbəli şəxsin söhbətinə şahid olub. Polis və polkovnik hərbi texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışırmışlar. Yayılan məlumatlara görə, Qaltsyan Ermənistan silahlı qüvvələrinin hərbi texnika idarəsinin rəis müavinidir.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də "İsgəndər" raketlərinin Ermənistana məxsus olmadığını bildirib.
Həmçinin Karen Karapetyan adlı erməni ekspert öz
müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni
xalqını anti-Rusiya fikrilərindən yayındırmaq və aprel
döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni
xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.
Ermənistan hakimiyyəti həm daxili, həm də xarici mesaj vermək
üçün yalan danışır. Bura qədər hər şey aydındır. Lakin Rusiyanın
hərbi parada "İsgəndər-M" raket kompleksini gətirməsinin səbəbi
nədir? Rusiya ən güclü silahlarından olan bu texnikanı İrəvan
küçələrinə çıxarmaqla nə mesajı verir?
a) Bu, hər şeydən əvvəl "rədd olsun Rusiya"
qışqıran erməniləri susdurmaq və Kremlin İrəvanda qurduğu
hakimiyyətin dayaqlarını möhkəmləndirməkdir.
b) Aprel müharibəsi göstərdi ki, Azərbaycan
ərazilərini azad etmək üçün istənilən vaxt silaha əl ata bilər. Bu
isə bölgədə tarazlığın pozulması və Rusiyanın regiona dair
planların alt-üst olması deməkdir. "İsgəndər-M" silahlarının İrəvan
küçələrinə çıxarılması Azərbaycana "müharibəni rəfə qaldır"
mesajıdır.
c) Burada rusların silah biznesindəki maraqları da
ola bilər. Sirr deyil ki, Azərbaycan Rusiya istehsalı olan
silahları alır. Əgər Ermənistana verilən silahlar ya pulsuz, ya da
çox aşağı qiymətə olursa, Azərbaycan Rusiyadan silahı bazar
qiymətinə uyğun alır. Hesab etmək olar ki, Moskva "İsgəndər-M"-i
Ermənistanda nümayiş etdirməkdə məqsədi Azərbaycanın da bu silahdan
sifariş verməsini, yəni Rusiyanın hərbi kompleksinin əlavə pul
qazanmasını təmin etməkdir.
Rusiyanın səhvi: Azərbaycan bu ölkə ilə dost
münasibətlərə üstünlük verir. Qərb Rusiyaya sanksiya tətbiq edən
zaman rusların köməyinə çatan ilk ölkə Azərbaycan oldu və
sanksiyalar qarşısında duruş gətirərək, bu günə çıxmalarında
müəyyən rol oynadı. Ermənistana "stavka" etmək Azərbaycanın
alternativ siyasətə keçməsinə səbəb ola bilər. Hansı ki, bunun özü
də Rusiyanın regiondakı maraqlarına ziddir. Rusiya bu addımı ilə
həm də Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı vasitəçilik
missiyasını zərbə altına salır.
Bundan sonra hansı siyasətin izləniləcəyi
maraqlıdır: Ermənistan üstünlük qazandığını hesab edərək,
hərbi ritorikanı artıracaq (xarici işlər nazirinin müavini Savarş
Koçaryanın paraddan bir gün sonra "biz müharibəyə hazırıq"
açıqlaması artıq bunun başlandığını göstərir); rəsmi Bakının bu
ritorika qarşısında susmayacağı dəqiqdir; bu isə bölgədə yeni
müharibə riskini artıra bilər; yeni müharibə heç də Rusiyanın
maraqlarına uyğun deyil.
Rusiya bu addımı ilə təhlükəli sulara ayaq basdığını
anlamalıdır.
Asif Nərimanlı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?