Putinlə bağlı “beşillik” proqnoz, sonsuz müharibə, Qafqazdan İsrailə...– HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Putinlə bağlı “beşillik” proqnoz, sonsuz müharibə, Qafqazdan İsrailə...– HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Suriyadakı müharibə getdikcə daha dəhşətli və amansız şəkil almağa başlanıb. Dünya siyasətinin əsas oyunçuları olan ABŞ və Rusiyanın bir-birinə güzəştə getməyə niyyəti yoxdur. Türkiyənin "Fərat Qalxanı" əməliyyatı ilə prosesə birbaşa müdaxiləsi ortaya yeni suallar çıxarıb. Prezident Rəcəb Tayyib Ərdoğanın BMT kürsüsündə çıxışı da Ankaranın prosesləri kənardan müşahidə etmək niyyətində olmadığını göstəricisi idi. Ermənistanın hərbi paradda "İsgəndər" operativ-taktiki raketlərini nümayiş etdirərək Bakıya əzələ nümayiş etdirdi. Lakin bu silahların Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi faktı ortaya çıxdı.

"İsgəndər" kimindir: Ermənistan, yoxsa Rusiya?

Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 21-də Yerevanda keçirilən hərbi paradda nümayiş etdirilən "İsgəndər" raket komplekslərinin ona məxsus olduğunu açıqlayıb.

Lakin buna zidd fikirlər də səslənir. Rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də "İsgəndər" raketlərinin Ermənistana məxsus olmadığını bildirib. Həmçinin Karen Karapetyan adlı erməni ekspert də müsahibəsində bu oyunun Sərkisyan tərəfindən erməni xalqını anti-Rusiya fikirlərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji sarsıntını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

Ermənistan sosial şəbəkələrində də hərbi paradda nümayiş olunmuş "İsgəndər" operativ-taktiki raketləri barədə maraqlı xəbərlər yer alıb. Arman Manukyan adlı sosial şəbəkə istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayiət edib.

Belə ki, o həmin vaxt Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik-leytenant rütbəli şəxsin sözügedən texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışıqlara qulaq şahidi olub.

Rayonların qaytarılması prosesi dayandı - SİRR

Ermənistanın "Lragir" saytının yazdığı bir məlumat Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin ləngiməsindəki sirri müəyyən qədər ortaya çıxarıb. (http://publika.az/p/151355).

Suriya daha dəhşətli günlərə doğru

Həftənin əvvəlində İŞİD-in əlində olan Əl-Bab şəhərinin təmizlənməsi üçün həyata keçiriləcək əməliyyat başlanıb.

Əməliyyatda əsas yeri türkmanlardan təşkil olunan "Sultan Murad", "Fateh Sultan Mehmet" və "Hələb 1" briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu tutur.

Lakin Əl-Babın azad edilməsi ilə bağlı Ankaranın "B planı" var. Azad Suriya Ordusu şəhəri azad edə bilməyəcəyi halda, "B planı" işə salınacaq. Türkiyə mediasının hərbi mənbələrdən əldə etdiyi məlumatlara görə, Suriyadakı əməliyyatlar üçün 41 min hərbçi Türkiyə-Suriya sərhədində hazır vəziyyətdə gözləyir.

Suriyada vəziyyət getdikcə pisləşir. Rusiya və ABŞ arasında Qurban bayramından əvvəl Suriyada atəşkəsin təmin olunması barədə razılaşma əldə olunsa da, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriya ordusunun mövqelərini bombalaması ölkədə vəziyyəti daha da gərginləşdirib.

Hadisədən dərhal sonra Moskva BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer toplantıda Rusiyanı ikiüzlülük və həyasızlıqda ittiham etdi. Öz növbəsində, Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin etiraz əlamət olaraq zalı tərk edib.

Suriya müxalifəti həftənin ilk günündə isə ölkədə atəşkəs rejiminin sona çatdığını açıqlayıb. Müxalifət ABŞ və Rusiya arasındakı razılaşmanın uğursuz olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi də bəyan edib ki, Suriya ordusu tərəfindən atəşkəs rejiminə riayət edilməsini mənasız hesab edir.

"Suriyada keçid hökumətində Əsəd olmamalıdır". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters" agentliyinə müsahibəsində deyib.

"Əsəd hər hansı keçid hökumətinin parçası ola bilməz. Dünya Əsədin içində olmadığı bir həlli tapmalıdır", – Ərdoğan bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə CNN International telekanalına bildirib ki, quru hərbi əməliyyatları keçirmədən İŞİD terror qruplaşmasının öhdəsindən gəlmək mümkün olmayacaq.

"Cerablus əməliyyatından sonra hamıda əminlik yarandı ki, İŞİD-ə asanlıqla qalib gəlmək olar", - o, deyib.

Rusiya isə ən güclü gəmisini - "Admiral Kuznetsov"u Aralıq dənizinə göndərəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, hazırda Rusiyanın Aralıq dənizində altı hərbi gəmisi var.

ABŞ dövlət katibi Con Kerri Suriyada atəşkəs razılığının xilas edilməsi üçün hərbi təyyarələrin ölkənin əsas bölgələri üzərində uçuşları dayandırmalı olduğunu deyib. Con Kerri deyib ki, bu qadağa Suriyanın "Əl-Nüsra" Cəbhəsinə qarşı mübarizə aparmaq bəhanəsi ilə mülki vətəndaşları hədəf almasının qarşısının alınmasına kömək edə bilər.

ABŞ-ın dövlət katibi Con Kerri Rusiya və Suriya bu məsələdə ciddi olmadan irəliləyişin əldə olunmayacağını deyib. "Bu qapını tək olaraq açıq saxlaya bilmərik. Rusiya və Suriya rejimi öz öhdələrinə düşəni etməlidir, yoxsa heç bir şans qalmayacaq", - Kerri bildirib.

Suriya ordusu isə quru qoşunları və aviasiyanın iştirakı ilə Hələbin şərqini müxaliflərdən azad etmək üçün hücumlara başlayıb.

Suriya lideri Bəşər Əsəd isə bildirib ki, ölkədə savaşın bitəcəyi vaxtı heç kim bilmir. Onun sözlərinə görə, terrorçular Qərb ölkələrindən dəstək aldıqları müddət ərzində Suriya böhranı davam edəcək: "Heç kim bu yardımın nə vaxt kəsiləcəyini söyləyə bilməz". Suriya prezidenti ABŞ təyyarələrinin Deyr əz-Zor şəhərində Suriya ordusunu hədəfə aldığını deyən Əsəd hücumun qəsdən planlaşdırıldığını iddia edib.

Hələb şəhərinin Suriya aviasiyası tərəfindən bombardman edilməsi nəticəsində son məlumatlara görə, aralarında uşaqların da olduğu 90 dinc sakin həyatını itirib, 200-dən çoxu yaralanıb.

Putini 10 minlik Qafqaz qoşunu xilas edəcək – Kadırovun XÜSUSİ MİSSİYASI

Demək olar ki, bir il əvvəl - 30 sentyabr 2015-ci ildə Rusiya Suriyada hərbi əməliyyata başladı. Kənardan verilən dəstəyə baxmayaraq, Bəşər Əsədin ordusu heç bir əhəmiyyətli müvəffəqiyyətə nail olmayıb: ölkə ərazisinin 60-70 faizi Dəməşqin nəzarətində deyil.

"Gazeta.ru" saytının hərbi müşahidəçisi Mixail Xodarenokun fikrincə, bu cür müttəfiqlə müharibəni udmaq çətindir (http://publika.az/p/151323).

Putinin "KQB" PLANI - 2018-ci ilə qədər...

Rusiya "KQB"ni - Dövlət Təhlükəsizlik Komitəsini (DTK) dirçəltməyi planlaşdırır.

Bu haqda öz mənbələrinə istinadən "Kommersant" nəşri yazıb. Mənbənin sözlərinə görə, 2018-ci ilə qədər Rusiyada güc strukturlarının genişmiqyaslı islahatı çərçivəsində Federal Təhlükəsizlik Xidməti əsasında Dövlət Təhlükəsizlik Nazirliyinin yaradılması nəzərdə tutulur (http://publika.az/p/150734).

Putinin ən böyük qələbəsi

İqtidardakı "Vahid Rusiya" Partiyası dünən Rusiya Dövlət Dumasına sentyabrın 18-də keçirilən seçkilərdə seçicilərin 54 faizindən çoxunun səsini alıb. Partiya bununla da Dövlət Dumasına seçkilərdə ən inamlı qələbələrdən birini qazanıb.

"Vahid Rusiya" ilə birlikdə Dövlət Dumasına Rusiya Kommunist Partiyası, Rusiya Liberal-Demokratik Partiyası və "Ədalətli Rusiya" Partiyası keçib. (http://publika.az/p/150759).

Müxalifət isə seçkilərin saxtalaşdırıldığını iddia edir. Rusiya Dövlət Dumasına 18 sentyabrda keçirilən seçkilərdə iqtidardakı "Vahid Rusiya" Partiyası və Kommunist Partiyasına uduzaraq üçüncü yer tutan Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski hakimiyyətə qarşı sərt ittihamlar səsləndirib.

Jirinovski seçkilərin nəticələri ilə bağlı çıxışında hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib (http://publika.az/p/150910).

Putinlə bağlı ŞOK PROQNOZ: "Növbəti beş il yaşamayacaq"

"Rusiyanın Dövlət Duması indiki tərkibində öz səlahiyyət müddətinin sonuna kimi yaşamayacaq". Bu proqnozu Ukraynanın "Obozrevatel" nəşrinə açıqlamasında Rusiya politoloqu, jurnalist və siyasətçisi Andrey Piontkovskiy səsləndirib.

"Rusiya prezidenti Vladimir Putinin rejimi növbəti beş il yaşamayacaq. Mən bunu qabaqcadan xəbər verən tək insan deyiləm", - o, bildirib.

Rusiya ilə bağlı daha bir proqnoz "Stratfor" şirkətinin analitiki Loren Qudriçidən gəlib. O, məqaləsində qeyd edib ki, qarşıdan gələn illərdə Rusiya dəyişməyə məcbur olacaq.

"Putin ömrünün sonuna qədər öz ölkəsini idarə etmək istəyir. Amma onun istəyib-istəməməyindən asılı olmayaraq, Rusiya dəyişməyə məcbur olacaq. Bu dəyişiklik yaxın 10 ildə baş verəcək. Rusiyanın hazırda əvvəlki maliyyə vasitələri qalmayıb. Üstəlik, ölkənin iqtisadi və hərbi imkanları da Putinin bundan öncəki rəhbərliyi dövründə olduğu kimi deyil", - o, söyləyib.

İki dəfə zəhərlənən Atambayevin XƏSTƏLİK TARİXÇƏSİ

Bazar ertəsi BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşər Qırğızıstan prezident Almazbek Atambayevin səhhəti İstanbulun Atatürk hava limanında pisləşir.

Türkiyədəki xəstəxanalardan birinə yerləşdirilən Atambayev sentyabrın 23-də Rusiyanın prezident aparatı yanında Mərkəzi Klinik Xəstəxanasına köçürülür. Qırğızıstan prezidenti qısamüddətli məzuniyyətə çıxıb. Qırğız liderinin Bişkekə qayıdaraq 1 oktyabrda işə başlayacağı gözlənilir.

"Sputnik" agentliyinin Qırğızıstan redaksiyası prezidentin xəstəlik tarixi haqqında məlumat verib (http://publika.az/p/150935).

Qafqazdan başlayacaq "su müharibələri" – ƏSRİN SAVAŞI

Dünya "su müharibələri" dövrünə qədəm qoyur və bu müharibənin başlayacağı əsas bölgələrdən biri Azərbaycanın da yerləşdiyi Qafqazdır. Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin söylədiyi fikirlər belə deməyə əsas verir.

G. Gülbey bildirib ki, Qafqazın su mənbələri illərdir İsrail tərəfindən müşahidə altındadır: "Bu mənbələr Yaxın Şərqin su qaynağı olaraq nəzərdə tutulur. Suyun neft və təbii qaz kimi boru xətti ilə İsrailə nəql edilməsi planlaşdırılır" (http://publika.az/p/151039).

Ərdoğan Putini pərt etdi: "Krımın ilhaqı..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.

Ərdoğan Poroşenkoya söz verib ki, Ankara müstəqillik və ərazi bütövlüyünün bərpası məsələsində Kiyevə dəstək göstərəcək. Türkiyə prezidenti həmçinin həmkarını əmin edib ki, Moskva ilə münasibətlərin normallaşması Krımın zəbt edilməsi və Krım tatarları ilə bağlı Ankaranın mövqeyini dəyişdirməyəcək.

Moskva isə Ərdoğanın Kiyevə dəstək bəyanatına hədə xarakterli bəyanatla cavab verib. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç deyib ki, Türkiyə prezidenti Rəcəb Ərdoğanın Krımla bağlı bəyanatı Moskva ilə münasibətləri çətinləşdirə bilər.

"Biz daha bir sübutu aldıq: bizim "dostluğumuz" Türkiyə ilə müəyyən hüdudlara malikdir və kifayət qədər şərtidir", - Klinseviç qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-də BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edib. Çıxışında Ərdoğanın söylədiyi "Dünya indi bu 5 ölkənin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) iki dodağının arasından sözlərə məhkum edilib" sözləri və BMT baş katibi Pan Gi Munun "bir neçə dövlət dünyanı girov saxlayır" bəyanatı günə öz damğasını vurdu.

Ərdoğan deyib ki, II Dünya Müharibəsi şərtləri içərisində qurulmuş BMT Təhlükəsizlik Şurasını uzun müddət bu şəkildə saxlamaq mümkün deyil: "Bütün dünyanın təmsil edilmədiyi BMT Təhlükəsizlik Şurası ola bilməz. Təsəvvür edirsinizmi, 3 ölkə Avropadan, 1 ölkə Asiyadan və bir ölkə ABŞ. Dünyanın digər ölkələri nə olacaq?"- Türkiyə lideri söyləyib.

İslam Kərimovun qızı öldürüldü? - DETALLAR

Mərhum Özbəkistan lideri İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ilə bağlı müxtəlif xəbərlər yayıldı.

Hətta onun öldürüldüyü də iddia olunur (http://www.publika.az/p/151216).

Vaşinton Putinə qulaq asmadı - Kiyevə hücum başlanacaq!

ABŞ Konqresinin Nümayəndələr Palatası "Ukraynada sabitlik və demokratiyanın dəstəyi Haqqında" qanunu bəyənib.

Qanun Kiyevə ölümcül silahların çatdırılmasına icazə verir. Prosedura əsasən, qanun layihəsi həmçinin Konqresin yuxarı palatası - Senat tərəfindən bəyənilməli və ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Xatırladaq ki, rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.

Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Ukrayna parlamentinin "Xalq cəbhəsi" fraksiyasının deputatı Anton Qeraşenko ötən il bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Deputatın sözlərinə görə, bu barədə ona Vaşinqtonda deyiblər (http://publika.az/p/151207).

Ukrayna prezidenti Pyotr Poroşenko BMT Baş Assambleyasında çıxışı zamanı SOS verib. O, Krımın böyük hərbi bazaya çevrildiyini bildirib. Ukrayna və Suriya konfliktlərinin eyni ssenari üzrə inkişaf etdiyini deyən dövlət başçısının sözlərinə görə, yarımadadan Suriyaya silahlar göndərilir.

Məşhur müğənni: "Gündə beş dəfə namaz qılmasam da..."

Tatarıstanın Bolqar şəhərində yerləşən Ağ məcidin qarşısında yarıçılpaq vəziyyətdə göbək rəqsi edərək klip çəkdirən müğənni Razeda Qaniulina ondan inciyənlərdən üzr istəyib. Müğənni klipin internetdən silinməsi barədə tələbləri qəbul etməyib (http://publika.az/p/151251).

Müdafiə naziri parlamentdə elan etdi: "Prezidenti öldürəcəyik"

Cənubi Koreya Şimali Koreya lideri Kim Çen Inı öldürmək üçün xüsusi təyinatlı dəstə hazırlayıb.

Bu barədə Cənubi Koreyanın müdafiə naziri Han Min-koo parlamentdə çıxışı zamanı bildirib. Müdafiə naziri həmçinin, Şimali Koreyanın bütün rəhbər heyətini aradan götürmək və strateji obyektlərini raketlə məhv etmək niyyətlərini də açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm