"İşi çətin olacaq"
Bizi izləyin

Yazarlar

"İşi çətin olacaq"

"İşi çətin olacaq"

Qardaşım Ayxanı vətən çağırdı. Gözləri zəif, fiziki gücü də demək olar ki, yox. İşi-gücü yazı-pozu, ədəbi mühit, yazarlarla avaralanmaq, içmək...

Gecələr yata bilmir, səhərə yaxın yuxu tutur, bir də günorta dururdu. O, hələ bunun fərqində deyildi. Özünü alışdıra bilmirdi. Bacım deyirdi ki, ayə, tez durmağı öyrən, yoxsa əsgərlikdə döyə-döyə öyrədəcəklər. Hamımız gülüşürdük.

Dostları onun əsgərliyə gedəcəyinə çox üzülürdü. Ayxandan ayrılacağımıza özümüzü alışdıra bilmir, bunu qəbul etmək istəmirdik.

***

Bacım onu yola salmağa gəlməmişdi. Qapıdaca sağollaşmışdılar. Ayxanın dostu Babək bizimlə gəlmişdi. O, Ayxanın əynindəki köhnə paltarlara baxıb onu Qara dənizli balıqçılara oxşatdı. Mən razılaşmadım, dedim, qardaşım kabadayıya oxşayır. Bizim atmacalarımız qardaşımı xəfifcə güldürürdü.

“Biləcəri” stansiyasına çatmışdıq. Qohumlarımız da gəlib çıxmışdılar. Hamısı dilxor görünürdü, hamısının üzündən əlindən bir şey gəlməyən kasıb adamın çarəsizliyi oxunurdu. Vağzal tünlük və soyuq idi. Valideynlər övladları ilə şəkil çəkdirir, qucaqlaşıb-öpüşür, kövrəlirdi.

Artıq gecə düşürdü, hava getdikcə daha da soyuyur, külək qılınc kimi kəsirdi. Qatar gəlib çatanda hərə bir tərəfə qaçdı. Bu mənzərə mənə sürgünü xatırladırdı. Arada Ayxanı itirdik. Onunla sağollaşa bilmədim. Nə qədər pəncərələrə boylansam da, qardaşımın solğun gözlərini tapa bilmədim...

Çağrışçılara başçılıq edən zabitdən: “Həsənov Ayxan yerləşə bildimi?”,- deyə soruşdum. Zabit əlindəki siqareti ayağımızın altına atdı:

-Hə, o arıq oğlanı deyirsən? Çox fağır uşaqdır, işi çətin olacaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm