Azərbaycanda meşələrin sərhədləri dəyişəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda meşələrin sərhədləri dəyişəcək

2050-ci ilə qədər Azərbaycanda meşələrin sərhədlərinin dəyişəcəyi gözlənilir.



Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, son dövrlərdə Azərbaycanda yağıntıların miqdarı 15-84 mm azalıb. 2050-ci ilə qədər isə Azərbaycanda temperaturun yüksələcəyi, yağıntıların miqdarının və havadakı rütubətin azalacağı gözlənilir. Bu isə nəticədə ölkənin landşaftlarına təsir göstərərək meşələrin yuxarı və aşağı sərhədlərinin dəyişməsinə səbəb olacaq.



M.Həsənov deyib ki, hazırda meşələrin aşağı sərhədi dəniz səviyyəsindən 600-800 metr, yuxarı sərhədi 2000-2200 metr yüksəklikdən keçir. İqlim dəyişmələrinin təsiri nəticəsində sərhədlərin aşağı sərhədləri 200-300 metr yuxarı qalxa bilər. Bu isə meşələrimizin sahəsinin azalması ilə nəticələnər: "Son dörvlərdə Azərbaycanın bütün ərazisində havanın temperaturu 0,2-0,9 dərəcə yüksəlib. Əgər temperaturun yüksəlməsi davam edərsə, meşələrin sərhədləri bir qədər yuxarı- 200-300 metrə qədər qalxa bilər. Nəticədə meşələrimizin aşağı sərhədləri 800-1100 metrdən başlaya bilər".



M.Həsənov bildirib ki, Azərbaycanın meşələrinin 90 faizi dağ, 10 faizi düzənlik meşələridir. Bu dəyişikliyin əsas təsiri də dağ meşələrinə olacaq.



M.Həsənov hazırda bu məsələ ilə bağlı tədqiqatların aparıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm