İbrahimbəyov ziyalıları qınadı - YENİLƏNİB
Bizi izləyin

Digər

İbrahimbəyov ziyalıları qınadı - YENİLƏNİB

İbrahimbəyov ziyalıları qınadı - YENİLƏNİB

Kinorejissor Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun yenidən toplantılar keçirməsini istəyir. O, ziyalıları yenidən bir araya gəlməyə çağırıb. Bu barədə teleqraf.com-a Forumun üzvü Eldəniz Quliyev məlumat verib.

Qeyd edək ki, Ziyalılar Forumunun üzvləri qurumun seçkilərdən sonra heç bir toplantı keçirməməyindən narahat olublar. “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı məsələ ilə bağlı bunları deyib: “Ziyalılar Forumu Rüstəm İbrahimbəyov Bakıda olanda aktiv fəaliyyət göstərirdi. Forumla bağlı məsələlərin də təşəbbüskarı o idi. İbrahimbəyov Bakıda olmadığından Ziyalılar Forumu fəaliyyət göstərmir. Problemlər artıq siyasi müstəviyə keçib. Ona görə də Ziyalılar Forumunun fəaliyyəti yoxdur".

E.Quliyev E.Şıxlının narahatlığını bölüşdüyünü deyir: "Ziyalılar Forumunun toplantılarının əsas təşəbbüskarları Rüstəm İbrahimbəyov və Eldar Namazov idi. Məlum olduğu kimi Rüstəm bəy hazırda ölkədə deyil. Eldar Namazov isə seçkidən öncə Milli Şurada təmsil olundu, seçkilərlə məşğul idi. Ona görə də Ziyalılar Forumunun fəaliyyətində passivliyin yaranması təbiidir. Həmçinin bilirsiniz ki, Ziyalılar Forumunun toplantıları Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki evində keçirilirdi. Müəyyən səbəblərə görə o, ölkəyə gələ bilmir. Rüstəm müəllim bizimlə telefonla əlaqə saxlayır və toplantıların keçirilməsinin vacibliyini qeyd edir. Bundan başqa bizim yer problemimiz də var. Ümid edirəm ki, yaxın vaxtlarda Ziyalılar Forumu toplanacaq".

***

Kinorejissor Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun fəaliyyətindəki sönüklüyün səbəblərini açıqlayıb.

O, teleqraf.com-a açıqlamasında bildirib ki, qurumun seçkilərdən sonra toplana bilməməsinin əsas səbəbi elə ziyalıların özüdür: "Ziyalılar Forumunun toplanması üçün ilk növbədə ziyalıların özünün istəyi lazımdır. Mən Bakıda olanda İçəri Şəhərdəki evimdə toplantını təşkil edirdim. Azərbaycanı tərk edəndən sonra ziyalıların fəaliyyətində sönüklük yarandı. Digər tərəfdən, onlar ehtiyat edirlər ki, müəyyən təzyiqlər ola bilər. Ona görə də toplanmırlar. Hakimiyyət bu məsələdə təzyiq göstərməməlidir".

Kinorejissor həmçinin qeyd edib ki, o, Azərbaycan ziyalılarını daim fəal görmək istəyir: "İndi işlərimlə əlaqədar ölkədən kənardayam. Gərək ziyalılar öz aralarında müzakirə olunacaq məsələləri müəyyən edib taktiki addımları atsınlar. Mən onlara uğurlar arzulayıram".

Ruslan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm