ABŞ-da Azərbaycanla bağlı mühüm qətnamə qəbul edildi
Bizi izləyin

Nida.az

ABŞ-da Azərbaycanla bağlı mühüm qətnamə qəbul edildi

ABŞ-da Azərbaycanla bağlı mühüm qətnamə qəbul edildi

ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və “Ştat Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.Az-a verilən məlumata görə, qətnamə Senat sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiq edilib. Senator Tom İvester (Tom Ivester) tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisidir.

Qətnamədə ölkəmizin zəngin dövlətçilik və multikulturalizm ənənələrinə vurğu olunaraq Azərbaycanın müsəlman şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkəmizdə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur. Qətnamədə, həmçinin Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40 faizinin Azərbaycanın ərazisindən daşınması bildirilir.

Sonda qətnamədə Oklahoma qanunverici orqanının “Ştat Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin uğurlu əməkdaşlığının 11-ci ildönümünün qeyd edilməsi, habelə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dəstəklənməsi və bu tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticari, mədəni, hərbi və təhlükəsizlik sahələrində daha da gücləndirilməsinə dair ABŞ Hökumətinə müraciəti əks olunub. Qətnamə qəbul edildikdən sonra onun surəti Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Qətnamə təqdim edildikdən sonra Oklahoma Milli Qvardiyasının Hava Qüvvələrinin komandanı general-mayor Qriqori Fergüson (Gregory Ferguson) çıxış edibdir.

Qətnaməyə dəstək ifadə etdiklərinə görə senatorlara minnətdarlığını ifadə edən general Fergüson Azərbaycanın regionda ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu və “Ştat Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında on ildən çox bir dövr ərzində faydalı tərəfdaşlıq münasibətlərinin formalaşdırıldığını bildirib. Komandan proqram çərçivəsində görülmüş işlər barədə qanunverici orqan üzvlərini məlumatlandıraraq, bu əməkdaşlığın hər iki tərəfin maraqlarına cavab verdiyini və Oklahoma Milli Qvardiyasının bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıbdır.

Daha sonra səfir Elin Süleymanov Senatda çıxışı zamanı qanunverici orqan mənsublarına öz dərin təşəkkürünü bildirib və bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini ifadə edibdir.

Çıxışı zamanı o, ölkəmizin müstəqilliyini əldə etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyini söyləyib, Azərbaycanın amerikalı hərbçilərlə çiyin-çiyinə dünyanın müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar edilməsində iştirak etdiyini vurğulayıbdır. Oklahoma ştatı ilə əməkdaşlığın mühüm töhfələri olduğunu qeyd edən diplomat Azərbaycan tərəfinin münasibətlərdən məmnun olduğunu söyləyib. Bununla yanaşı, Azərbaycan nümayəndəsi ölkəmizin sözügedən əməkdaşlığın daha da şaxələndirilməsində maraqlı olduğunu qeyd edib.

Çıxışlar yekunlaşdırıldıqdan sonra Azərbaycan nümayəndə heyəti Oklahoma Senatının prezidenti Brayan Binqmanla (Brian Bingman) görüş keçirib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Oklahoma Milli Qvardiyasının qərargahına baş çəkmiş və tərəflər arasında tərəfdaşlıq münasibətlərinin gələcək perspektivlərinə dair ikitərəfli müzakirələr aparılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm