Pul ananı övladdan necə ayırır?
Bizi izləyin

Qırmızı xətt

Pul ananı övladdan necə ayırır?

“Məcburam işə qayıdım. İşləməliyəm, çünki yoldaşımın maaşı ilə ailə saxlamaq çətindir. Dövlətin ödədiyi vəsait isə uşağın adi ehtiyaclarını qarşılamaq üçün belə yetərli deyil”.

Bu sözləri 25 yaşlı Nigar Cəfərova deyir. O, tarix müəlliməsidir, ayda 141 manat maaş alır. Baxmayaraq ki, maaşı yüksək deyil, amma evdə oturmaqdansa, işləməyi daha vacib hesab edir.

“Uşaq olanda 120 gün analıq məzuniyyəti verdilər. Bu müddət üçün isə 608 manat aldım. Bir də 81 manat bölək pulu verildi. Amma sonrakı dövlərdə ödənilən pul çox azdır. Ona görə də, uşağı qaynanamın yanında qoyub işləməliyəm”.

Ölkəmizdə yeni doğulan körpəsini yaxını, yaxud dayənin ümidinə buraxıb, işə gedən anaların sayı minlərlərdir. Onların bu seçimi etməsi səbəbsiz deyil.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində anaları yeni doğulmuş körpələrindən ayıran bu səbəbi araşdıracağıq.

Məzuniyyət müddəti niyə azdır?

Ölkədə işləyən analara normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl və sonra hər biri 70 gün olmaqla), çətin doğuş hallarında 156 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 86 gün), iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 110 gün) məzuniyyət verilir.

Norveçdə isə analıq məzuniyyəti 18 ay nəzərdə tutulur. Bu müddət üçün hesablanmış ümumi əmək haqqının 82 faizi ödənilir və məzuniyyət pulunun ödənilməsi işəgötürən və dövlət arasında bölüşdürülür. İsveçlə yanaşı Danimarka, Niderland, Norveç kimi ölkələr bu cür üstünlükləri müəyyən etməklə demoqrafik problemlərin qarşısını almağa çalışırlar. Çünki bu ölkələrdə əhalinin azalması və yaşlanması kimi problemlər mövcuddur.

Böyük Britaniyada isə qadın işçilər 52 həftəlik analıq məzuniyyətindən istifadə etmək hüququna malikdirlər. 2010-cu ilə qədər bu müddətin 39 həftəsi ödənişli idisə, həmin ilin aprelindən etibarən 52 həftənin hamısı ödənişlidir.

Artmış rəqəmlər

Azərbaycanda 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə, qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib. Bu qərar məzuniyyətdə olan 43 min işləyən qadını əhatə edəcək. Bunun üçün isə bir il ərzində 4 mln. manata yaxın əlavə vəsait tələb olunur.

Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa 12 ay, ikinciyə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinəti nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Latviyada hər doğulan uşağa görə, ailəyə 560 avro müavinət verilir. Avstriyada ailə birinci uşağın 10 yaşına qədər 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.

Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə, müavinət alır. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər. İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir.

Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. Isveçrədə isə bu göstərici 345 dollar təşkil edir.

Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

30 manat hansı xərci qarşılayır?

Bu rəqəmlərə görə, Azərbaycan bəlkə də, dünyada son sıralardan birini tutur. Çünki, uşağa aylıq ödənilən məbləğ onun bezini belə almağa çatmır. Üstəlik, digər ehtiyaclar qidalanma, dərman, geyim və s. xərclər də bura əlavə edilə bilər. Ayda 15-30 manat isə bu ehtiyacları qarşılamır. Ona görə də, ana uşağı evdə qoyub, ən aşağı maaşla belə işləməyə razı olur.

Bu heç də asan başa gəlmir. İşləmək məcburiyyətində qalan ana uşağından ayrı qalmalı olur. Bu da hər iki tərəfin ilk növbədə psixologiyasına təsir edir. Psixoloqların sözlərinə görə, ən azı ilk üç il uşaq ana tərbiyəsi almalı, onun yanında böyüməlidir. Bu hüququ itirmək məcburiyyətində qalan ananın yaxınlarından kömək almaq imkanı yoxdursa, dayə axtarmalı olur. Amma normal qiymət və psixologiyaya sahib dayə tapmaq da asan olmur.

Ailə orta səviyyəli də olsa, bir dayə seçmək məcburiyyətindədir. Çünki ölkədəki mövcud bağçalar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. “Yaslı” qrupların sayı isə daha acınacaqlıdır.

Bakı şəhərindəki 343 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətdədir. Bu müəssisələrdə 36.977 uşaq təlim-tərbiyə alır. Bu gün 1 yaşından 5 yaşına qədər 157.349 uşaq bağça gözləyir. Başqa sözlə, 1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısı təmir edilsə, 402 bağça olacaq. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tikilsə, 1105 bağçaya ehtiyac var. Əgər 4 qruplu bağçalar tikilsə, 1505 bağçaya ehtiyac olacaq.

Məzuniyyət xərci necə hesablanır?

Hüquqşünas Yusif Yəhyayevin sözlərinə görə, məzuniyyətdə olan qadına ödəniş onun son bir il ərzində işlədiyi əməkhaqqına uyğun hesablanır:

“Məzuniyyətin hesablanması qaydası Nazirlər Kabinetinin 1998-ci il 189 saylı qərarının 30-cu maddəsində göstərilir ki, ananın son bir il ərzində aldığı maaş 12 aya bölünür, bununla da günə nə qədər vəsait düşdüyü qeyd edilir. Bu zaman isə maaşın yüz faizi götürülür. Norveçdə isə maaşın 82%-i göstərilir, düzdür, bu ölkədə məzuniyyət 180 gün ayrılır.

Qanunvericilikdə atalara da məzuniyyət götürmək imkanı verilir. Bizdə 14 gün müəyyən edilən məzuniyyət, ödənişsiz olur. Xarici ölkələrdə isə bu müddət 2 ay müəyyənləşdirilib, ödənişlidir”.

Məzuniyyət müddətinin artırılmasına gəldikdə, hüquqşünas bu məsələnin gündəmə gəldiyini bildirdi:

“Məzuniyyət müddətinin 250 günə artırılması məsələsi gündəmə gəlsə də, bu qəbul edilmədi. Çünki bizdə ödəniş əmək haqqının 100% məbləğinə uyğun müəyyən edilir. Günlərin sayının artırılması sərfəli hesab edilmir. Bundan başqa, əhalinin doğum səviyyəsi və minimal əmək haqqı nəzərə alınaraq normal hesab edilir. 1.5 yaşa qədərki sosial məzuniyyət minimum əmək haqqının 2 mislinə uyğun hesablanır. Bu zaman da əvvəlki 126 gün nəzərə alınmır. Yenidən sosial məzuniyyəti 3 yaşa qədər artırsa, minimum əmək haqqının bir mislini alır. Yəni son bir il ərzində ana 500 manat əmək haqqı alsa da, sosial məzuniyyət minimum əmək haqqına uyğun hesablandığından bir il yarım ərzində 210 manat alacaq. Bu da analar üçün heç də sərfəli hesab edilmir”.

Bu minimum xərclərdən azdır

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, işləyən azyaşlı uşağı olan qadınlara ödənilən vəsait müəyyənləşdirilərkən elmi əsaslar, ölkədəki xərclər nəzərə alınmalıdır:

“Hazırda ilkin mərhələdə 30, daha sonra 15 manatın hansı əsaslarla müəyyən edilməsi qaranlıqdır. Bu rəqəmlər istehlak bazarındakı rəqəmləri əks etdirmir. Hətta uşaqlar üçün yaşayış minimum da bu vəsaitdən çoxdur. Çünki uşaq yeməkləri bahadır və digər xərclər də böyüklərdən fərqlənmir. 2014-cü il yaşayış minimumu haqqında qanuna əsasən, uşaqların minimum aylıq xərci 103 manat müəyyən edilib. Ödənişlər müəyyən edilərkən də, yaşayış minimumu əsas götürülməlidir. 30 manat isə rəsmi xərcin 29% -ni təşkil edir. Bu da uşaqların xərclərinin dövlət tərəfindən qarşılanmasını sual altına qoyur”.

V.Bayramov bu qərarın ölkədə təbii artımın genişləndirilməsi ilə uyğunluq təşkil etmədiyini bildirdi:

“Ölkə preizdenti də ölkədə təbii artım məsələsinin əhəmiyyətini bəyan edib, bu həm də dövlət tərəfindən hədəf kimi müəyyən edilib. Bunun üçün də ən azı ilk üç ildə bu xərclərin təmin edilməsini təşkil etmək olar. Ona görə də aylıq ödəniş yaşayış minimumuna uyğunlaşdırılmalıdır”.

İqtisadçı ekspert rəqəmin bir neçə dəfə artırılmasının büdcəyə təsirinə də aydınlıq gətirdi. Ötən il məsələ gündəmə gətirilərkən, qərarın 43 min qadını əhatə edəcəyi bildirilmişdi. V.Bayramovun sözlərinə görə, bu artım büdcədən əlavə vəsaitlərin artırılmasına səbəb olsa da, bu o qədər də yüksək məbləğ olmayacaq:

“Hazırkı durumda 43 milyon qadının ayda 30 manat alması, 1milyon 300 min vəsait deməkdir. Bu məbləğin 3 dəfə artırılması ayda 4 milyona yaxın xərc deməkdir. İllik 48 milyona yaxın olcaq. Gəlirləri 23 milyon olan dövlət büdcəsindən ildə 48 milyon vəsaitin bu istiqamətə, doğumun stimullaşdırılmasına xərclənməsi böyük vəsait deyil. Büdcənin xərc maddələrinə baxsaq, ildə bu istiqamətdə 50 milyon vəsaitin ayrılması mümkündür. Büdcə gəlirləri buna imkan verir və əlavə yük yaratmır”.

Sonda qeyd edək ki, qonşu Türkiyədə hətta işləyən analara da “kreş pulu” verilir.

Türkiyədə qadınların məşğulluğunu artırmaq məqsədi ilə işləyən qadınların 5 yaşadək uşaqlarına görə uşaq pulu ödənilməsi planlaşdırılır. Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin açıqlamasına görə, qadınlara uşaqlar üçün dövlət tərəfindən veriləcək puldan yararlanmaq üçün tək şərt işləmək olacaq. “Kreş pulu” adlanan bu pulun ilkin olaraq 300 Türkiyə lirəsi (150 AZN) civarında olması planlaşdırılır. Burada söhbət bağçaya qədər uşağı olan qadınlardan, sadə dillə desək “yasli”yə uşaqlarını verən ailələrdən gedir. Bu proqramla qadınların cəmiyyətə inteqrasiya etməsi, rollarının artmasına səbəb olacaq. Dövlət tərəfindən bu cür qayğı eyni zamanda ölkədə işsizliyin də müəyyən dərəcədə azalmasına gətirib çıxaracaq. “Yasli” yaşında olan uşağına görə müavinət alacaq qadın həm həvəslə ona həvalə olunan işi yerinə yetirəcək, həm də övladının normal şəraitdə böyüdüyünə arxayın olacaq.

Bizdə isə analar dayə pulunu ödəmək, yaxud uşağın digər ehtiyaclarını qarşılamaq üçün məcburiyyətdən işləyir. Bu cür işləməkdən isə effekt gözləmək çətindir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm