Ermənini 15 saniyəyə nokauta salan azərbaycanlı - FOTOLAR
Bizi izləyin

Digər

Ermənini 15 saniyəyə nokauta salan azərbaycanlı - FOTOLAR

Eduard Məmmədov - “Ağ canavar” ləqəbi ilə tanınır. 35 yaşında olmasına baxmayaraq, idmançı karyerasını davam etdirir. O, bu gün də əldə etdiyi uğurları xalqına, vətəninə həsr edir.

Publika.Az "II taym" layihəsi çərçivəsində dünyanın ən titullu kikboksçusu haqqında məlumat verəcək.
Bir kikboksçunun əldə edəcəyi bütün uğurları qazanan Eduard, həm də polis mayorudur. Uşaqlıqdan istəyi vətəninə layiqli övlad olmaq olub.

3 universitet bitirən idmançı


“1978-ci ilin 2 yanvarında Bakıda doğulmuşam. Uşaq vaxtlarımdan idmana daima marağım olub. Üzgüçülük, futbol, yüngül atletika kimi idmanlarla məşğul olmuşam. Amma həmişə əlbəyaxa döyüş növünə böyük marağım olub. Buna səbəb də Jan Klod Van Dammın, Brus Linin kinoları idi. Onlara baxıb fikirləşirdim ki, görəsən, mən də nə vaxtsa, belə idmançı ola biləcəm? Sonralar başa düşürdüm ki, bunlar hamısı aktyorlardır.
İndi tələbələrimə də deyirəm ki, bizim öz çempionlarımız var. Olimpiya, Avropa, dünya çempionları – bunlara baxıb örnək almaq lazımdır. Biz gəncliyimizdə bunlardan xəbərsiz idik. Sadəcə, kinolarda görmüşdük. Müstəqil Azərbaycan dövləti yaranandan sonra öz idmançılarımız böyük uğurlara imza atmağa başladı.
Mən çox vətənpərvər olduğum üçün məktəbi bitirən kimi əsgərliyə getdim. İdmançı olduğum üçün əsgərliyimi Ordu İdman Klubuna saldılar (1996-1999). Orada 3 il yarım əsgərlik çəkdim.


3 universitet bitirmişəm. İlk olaraq İdman Akademiyası, Polis Akademiyası (1999), sonra da Polis Akademiyasının İdarəetmə və İxtisas artırma fakültəsini bitirmişəm. Ona görə də tələbələrimi savadlı olmağa çağırıram. Rinqdə bu çox lazım olur. Ürəkli olmalısan, çünki rəqibdən qorxmalı deyilsən, özünü üstün görməlisən.
Hazırda Daxili İşlər Nazirliyində işləyirəm. Rütbəm mayordur. İndi işimlə bağlı çox açıqlama verə bilmərəm. Amma mənim üçün çox qürurlu işdir ki, idmandan başqa Azərbaycan gəncliyinə, xalqına xidmət göstərə bilirəm.
Onu da bildirim ki, illədir “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin idmançısıyam. Hazırda orada məşqçiyəm. Sağ olsun, Sadıq Sadıqov orada biz idmançılara böyük diqqət göstərir. Adımı anam qoyub. Mənə həmişə deyirdi sən tanınmış biri olacaqsan. Oldum da. Amma anam heç vaxt mənim döyüşlərimə baxmır. Qalib gələndə zəng edirəm ki, uddum. Sevinci yerə-göyə sığmır. Ləqəbimi isə Çingiz müəllim qoyub”.

“Kikboksa gəlməyim belə oldu…”


“15 yaşımda (1993-cü ildə) Çingiz Eyvazovla tanış oldum. O məndəki potensialı gördü və mənə kikboksla məşğul olmağı məsləhət gördü. Mənə “sən dünya çempionu olacaqsan” dedi. Düzdür, o zaman güldüm ki, mən hara, dünya çempionatı hara? Buna baxmayaraq, inandım və bu idman növü ilə məşğul olmağa başladım.
Beynəlxalq arenada ilk medalı 1997-ci ildə Moskvada keçirilən dünya çempionatında 3-cü yerə çıxmaqla qazanmışam. Ondan sonra qarşıma məqsəd qoydum ki, dünya çempionu olmalıyam. İlk dəfə 2000-ci ildə Yunanıstanın Tesalonik şəhərində dünya çempionu oldum. Yarımfinalda erməni ilə qarşılaşdım və 15 saniyəyə nakaut etdim. Hətta bir epizodu xatırlayıram; erməni məşqçi yerdə uzanan rəqibimin üstünə qışqırdı ki, dur, vuruş! Kikboksçu öz müəlliminə dedi ki, bacarırsan çıx, özün döyüş, mən qalxa bilmirəm.
Mən isə 3 rəngli bayrağımızı götürüb, erməni idmançısının üstündə duraraq, göyə qaldırdım. Bu jestlə göstərmək istədim ki, biz hər zaman onlardan üstün olmuşuq; həm idmanda, həm də digər sahələrdə.
Ümumiyyətlə, indinin özündə də yarışlara mənim çəkimdə həmişə erməni idmançısı gətirirlər ki, məni məğlub etsin. Uda bilməsə də, heç olmasa, əzsin. Bilirsiniz ki, dünyanın ən titullu kikboksçusuyam.

fgg

“Ən böyük güc ağıldır”


Düzdür, kikboks ən çətin idman növlərindəndir. Zədələr çox olur. Özüm dəflərlə zədə almışam. Amma bədən döyülməyə öyrəşir. Döyüldükcə bərkiyir.
Amma tək güclü olmaqla da iş bitmir. Gərək ağıl işlədəsən. Rinqdə kim ağıllıdır, o da qələbə qazanır.
Yeganə idmançıyam ki, rinqə çıxanda gülə-gülə çıxıram. İdmançı var ki, istəyir üz cizgiləri ilə rəqibi qorxutsun. Mənim gülümsəməyimi görən rəqiblər istər-istəməz psixoloji cəhətdən çətinliyə düşürlər. Düşünürlər ki, gör mən nə qədər özümə arxayınam, özümü belə sərbəst aparıram. Məni hər zaman döyüşdə yalnız qələbə düşündürüb ki, bayrağımızı ucaldım, himnimizi səsləndirim, ölkəmizi tanıdım”.

İdmandakı uğurları


“İdmançı olaraq, çox çətin yol keçmişəm. 35 yaşımın olmasına baxmayaraq, hələ də döyüşməyə gücüm var.
Elə federasiya yaranan ildə, yəni 1995-ci ildə ilk dəfə Azərbaycan çempionatı keçirildi. Gənc olmağıma baxmayaraq, böyüklər arasında çempion oldum.

O vaxtdan bu günə kimi mən 15 qat Azərbaycan çempionuyam, dəfələrlə Asiya və Avrasiya çempionu (WAKO, World Profi and IAKSA), dəfələrlə peşəkar turnirlərin qalibi (WAKO, World Profi and IAKSA), 17 qat dünya çempionu, 5 qat Avropa çempionu, 5-qat 3-cü yer sahibi (dünya) (WAKO, World Profi and IAKSA) olmuşam. Hazırda İKBO versiyası üzrə peşəkarlar arasında dünya çempionu olmuşam. (2012-Bakı), WAKO versiyası üzrə dünya kubokunun sahibiyəm. 1999-cu ildə isə əməkdar idman ustası adını almışam. Bunlardan əlavə 5 mart, 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülmüşəm.
Bəzi insanlar idmandan uzaqlaşandan sonra məşqçi karyerasına başlayır. Amma mən həm idmançı kimi, həm də məşqçi kimi fəaliyyətimi davam etdirirəm.

- Bəs həm uğurlu idmançı, həm yaxşı məşqçi olmaq, həm də dövlət işində işləmək sizin üçün çətin deyil?
- Əlbəttə, çətindir. Amma həmişə demişəm ki, biz yetişdirməliyik. Bildiklərimi gənclərlə bölüşməliyəm.
Öz tələbələrimdən tək idman tələb etmirəm. Onlara deyirəm ki, idmanla yanaşı, dərslərinə də mütləq fikir versinlər. Mən özüm idmançı karyeramdan əlavə 3 universitet bitirmişəm.
Bundan əlavə, həmişə tələbələrimə başa salıram ki, siz gələcəyin əsgərlərisiz, bizim 20 faiz torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, o torpaqları geri qaytaraq.
Vətənə sevgi deyəndə, sən bilməlisən ki, nəyə görə döyüşürsən. “Qalib gəldim, çempionam, qızıl medal məndədirsə, ən güclüsü mənəm” – bu cür düşünməli deyilsən. Ancaq ölkəni, vətənini tanıtdırmağı düşünməlisən. Bütün dünyaya göstərməlisən ki, belə bir ölkə var, belə bir idmançılar var”.

“Məqsədimiz”


“Bu idman növü 1970-ci ildə Amerikada yaradılıb . Hamımıza yaxşı tanış olan Çak Horris və Don Vilson Drakon tərəfindən. Kik ayaq, boks isə əl zərbəsidir. O biri idman növlərindən onunla fərqlənir ki, burada tam kontakt var. Amma 1995-ci ildə Azərbaycanda Kikboks Federasiyası yaradılıb. Federasiyanın prezidenti, millət vəkilimiz Adil Əliyevdir. Vitse-prezident Güloğlan Cabbarov, yığma komandanın rəisi isə Sadıq Bağırovdur, yığma komandanın baş məşqçisi Ehram Məcidovdur. Bu insanların rəhbərliyi altında federasiyamız fəaliyyət göstərir və uğurlu nəticələr əldə edir.


Bizim federasiyamızın məqsədi narkomaniyaya qarşı olmaqdır. İdman öz yerində, hədəfimiz gələcəyin sağlam əsgərini yetişdirməkdir”.

fg

“Vətən Uğrunda” orden


“Bütün medallarım mənə əzizdir. Amma ən əziz mükafatım cənab prezidentimizin 2007-ci ildə verdiyi “Vətən Uğrunda” ordendir. Bu orden hər adama qismət olmur. Mən həmişə vətənim üçün çalışmışam, tələbələrimi də bu ruhda yetişdirirəm”.

- Hakimin qərəzli qərarı ilə qarşılaşmısız?
- Əlbəttə, olub. Üstün olduğum halda qələbəni rəqibə veriblər. Amma bu məni ruhdan salmayıb. Növbəti görüşlərə daha da güclü hazırlaşmışam.

- Bu qədər uğurlar qazanmış birinin karyerasına inanmıram ki, paxıllıq edənlər olmasın. Heç eşidirsiniz ki, haqqınızda artıq-əskik söhbətlər edirlər?
- Əlbəttə. Mənim üçün çox şərəflidir ki, xalqım məni qiymətləndirir, tanıyır, yaxınlaşır əl sıxışır. Amma hər bir siferada belə paxıllar var. Haqqımda “o neçə il bir çəkidə qalıb” kimi paxıl fikirlər bildirirlər.
Stabil idmançıyamsa, bir çəkidə qalıram, mütəmadi məşq edirəm, çəkim artmırsa, nə edə bilərəm?.. Elə insanları qınamıram. Çünki onların danışmağa mövzusu yoxdur, sadəcə qeybət edirlər.
Belə sözlərə də fikir vermirəm. Sözü çatdıran olanda da deyirəm o insan mənə maraqlı deyil. Onsuz da, hər kəs görür necəyəm.

- Deyirlər ki, Eduard özündən razıdır…
- Elədir, çox eşitmişəm. Danışırlar ki, Eduard saymır, salam vermir. Dedim, vallah, mənə balaca uşaq da, böyük də salam verəndə, aleykum salam deyirəm. Bunlar sadəcə boşluqdan deyilən fikirlərdir. Bilmirlər axı nə etsinlər?! Belələrinə sadəcə əhəmiyyət verməmək lazımdır.
Sənin arxanca danışırlarsa, demək sən onlardan yüksəkdəsən.

- Ailəlisiniz?

- Bəli, ailəliyəm. Əkiz övladım var. 2 yaş 2 aylıq. Biri qız, biri oğlan. Oğlumun adını Raul qoymuşam. Onun adının mənası mənim ləqəbimdən qaynaqlanır. Bilirsiniz ki, mən “ağ canavar” ləqəbi il tanınıram. Raul adı uşaqlıqdan ən sevdiyim ad olub. İspaniyadan gəlmə addır. Raulun mənası “canavarın dostu” deməkdir. Mən o adı qoyarkən düşündüm ki, neçə illərdir canavaram, oğlum da mənim dostum olsun (gülür).

Qızımın adı isə Belgizdir. Ərəb adıdır, mənası şahzadə deməkdir. Öz övladlarımdan çox razıyam, çox şuluqdurlar.
Bilirəm indi sual verəcəksiz ki, istərdinizmi yolunuzu davam etdirsinlər?! Artıq məşğul olurlar. Hələ Raul 6 aylıq olanda əlcəkləri onun əlinə taxdım. Elə bil ki, boks göstərir, üzümə gülürdü. Hazırda 2 yaş 2 aylığındadır. Məşqlərə aparıram. Daha çox onun yaxşı futbolçu olmasını istəyirəm. Ürəyimdən keçir ki, atası kimi kikboksçu da olsa, yaxşı olar. Amma qızımın gimnast olmasını istəyərdim. Düzdür ki, kikboksçu qızlarımız da az deyil. Amma istəmirəm əziyyət çəksin.


Ondan arxayınam ki, övladlarım peşəkar olmasa da, sağlamlıqları üçün idmanla məşğul olacaqlar.

- Üzdə olan bir bəy, idmançı, məşhur… Bu xüsusiyyətlər adətən gənc xanımların diqqətini çəkir. Tanışlıq mesajları alırsınızmı?
- Əlbəttə. Olub ki, “facebook”da da yazırlar, nömrəmı də tapıb mesaj atırlar. Amma hamısı bilir ki, evliyəm. Hər birinə deyirəm ki, dost kimi köməyim dəyərsə, buyurun. Məsələn kimsə idmana gəlmək istəyirsə, məşğul olmaq istəyirsə, tövsiyələrimi verərəm. Əvvəlcədən başa salıram ki, dostluq etmək istəyirsinizsə, dostluğu bacaran biriyəm. Fərqi yoxdur, oğlan, ya qız.

- Davakarsız? Küçədə qol gücünüzdən istifadə etmisiniz?
- Uşaq vaxtı çox davakar olmuşam. Ancaq idmana gəldikdən sonra sakitləşmişəm. Başa düşdüm ki, küçədə dalaşmaq olmaz. Həm də indi o yaşım deyil. Uşaqkən dalaşmağım həmişə dostlarıma görə olub. Amma təcrübə yığdıqca, uğur əldə etdikcə, anladım ki, dillə də adamı başa salmaq olar. İndi də ki, şükür, hamı tanıyır. Düzdür, olur hərdən başa düşmür kimsə, amma yenə də başa salmağa çalışıram və biləndən sonra ki, mən kiməm, əlbəttə, deyirlər ki, çox sağ ol, bizi başqa cür başa salmamısan.
Çalışıram ki, həmişə səbirli olum. Rinqdə və həyatda tamam başqa cür oluram. Sakitlik insana daha da güc verir. Ümumiyyətlə, idmançılar ağıllı və səbirli olurlar. O bəziləri var ki, “ştanqanı” götürüb-qoyur, “turnik” eləyir, bədən şişirdir, özlərinə idmançı deyir, sonra da orada-burada dalaşır. Onları idmançı saymıram. İdmançının uğurları çox olduqca, bir o qədər sadə olar.

- Bildiyim qədəri ilə şou-biznes adamları ilə də yaxın dostsunuz.
- Bəli. Şou-biznesdə çox dostlarım var. Kiminsə ad günü, xeyir işi olanda, dəvət edirlər. İndi birinin adını çəkib, digərini çəkməsəm, inciyəcəklər.
Samira, Mir Yusiflə yaxınam, Elçin Şipşirin, Emil Bədəlov, Ədalət Şükürov və başqaları.
Müğənni Samira tələbəm olub. Ədalət Şükürova məşq keçmişəm.
“Ford bayar” oldu, orda da Nigar Camal, Eldar və digər insanlarla dostlaşdıq.

Resim

- Bilirsiniz, şou-biznesdə qalmaqallar tez-tez yaşanır. Olubmu istəmədən qalmaqala qarışasınız?
- Xeyr. Şou-biznes adamları ilə sadəcə dostluq edirəm.

- Vaxtınızı necə bölürsünüz? Bu qədər işin arasında əyləncəyə necə vaxt ayırırsınız?
- Səhər işə gedirəm, sonra sağ olsunlar, mənə şərait yaradırlar məşqlərimə gedirəm. Axşam bir-iki saat vaxt olanda dostlarla görüşürəm. Şənbə-bazarı mütləq ailəmə ayırıram. Övladlarımla gün keçirirəm.

- Film, reklam təklifləri almısınızmı?
- Buna artıq mənim vaxtım yoxdur. Bura da gəlsəm, olaram tam şou-biznes adamı. Ola bilər idmandan nə vaxtsa ayrılsam, o zaman çəkildim. Amma adımıza layiq bir kinoda məni görərsiniz.


Dünyaca məşhur aktyorlar axrıncı dəfə bir filmə çəkildilər. Silvestr Stallone, Çak Norris, Jan Klod Van Damm, Şivartzneqr kimi məşhurlar “Məğlubedilməzlər” filmində rol oynadılar. Tələbələrim də deyirdi ki, çempionlar bir yerdə çəkilib.


Düşünürəm ki, nə vaxtsa Fərid Mansurov, Toğrul Əsgərov, Namiq Abdullayev kimi idmançılarla bir filmə çəkilsək, pis alınmaz (gülür). Amma bu sadəcə bir fikirdir.

Aygün İlqarqızı

Fotolar: Elmar Eminli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm