“Mənim övladlarım ayrı-ayrı qadınlardandır” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Mənim övladlarım ayrı-ayrı qadınlardandır” - FOTOLAR

Amerikalı kinoaktyor Klin İstvud:

Politkorrekt olmaq maraqsız və darıxdırıcıdır...

Məni “hey, sən” çağırmaqdansa, ən yaxşısı, “ikona” çağırın.
Uşaqlıqda mənə dəyib-dolaşan olmayıb. Birincisi, mən sinifdə hamıdan hündür idim, ikincisi də, biz tez-tez evimizi dəyişirdik. Reddinq, Sakramento, Pasifik Paliseyds, yenidən Reddinq, yenidən Sakramento, Naylz, Oklend. Biz daim hərəkətdə idik, məktəbdə də mən həmişə yeni olurdum. Əlbəttə ki, hər sinfin “qoçu”su mənim kim olduğumu öyrənmək istəyirdi. Mən çox utancaq oğlan idim, ancaq vaxtımın çox hissəsi o qoçuları əzişdirməyə gedirdi.

Uşaqlıqda mən flügeldə çalırdım, qonşu uşaqlar mənə baxır və çox güman, bunun nə mənasız bir şey olduğunu düşünürdülər.

Bugünkü nəsil zəif pişik balalarına bənzəyir. Hər hansı bir problemlə rastlaşdıqda onlar söyləyirlər: gəlin, xuliqanın hərəkətini psixologiya nöqteyi-nəzərindən öyrənək. Biz isə sadəcə, xuliqanları yaxşıca əzişdirirdik.
Bilmirəm, bu nəsilə nə olub belə. Bəlkə insanlar kütləvi olaraq həyatın mənası barədə düşünməyə başlayıblar?

O vaxtlar iş yox idi. Günlərin bir günü altı yaşım olanda qapımızı arıq bir kişi döydü. Dedi ki, əgər anam ona sendviç hazırlasa, bütün odunlarımızı doğrayacaq. İnsanlar ayaq üstə güclə dayanırdı, ancaq onlar indi ətrafımda olan insanlardan daha güclü idi.

Hər şeyi əvvəlcədən nəzərə almaq olmaz. Ancaq biz çox çalışırıq. Əgər aldığımız maşında dörd yüz təhlükəsizlik yastığı yoxdursa, deməli, maşın yararsızdır.
Səksən yaşı olan insanı qorxutmaq çox çətindir.

İstədin-istəmədin, ölümün mövcudluğunu qəbul etmək lazımdır. Şəxsən mən ondan qorxmuram.
Düşünürəm ki, insanın vaxtı çatanda sakitcə getməlidir. Bu müqavilə onunla artıq anadan olduğu vaxt bağlanıb.
Atam 63 yaşında qəflətən rəhmətə getdi. Bundan sonra mən uzun müddət suallar içində qərq oldum: niyə onunla qolf oynamadım, niyə vaxtımın çox hissəsini onunla keçirmədim? İnsan böyük hədiyyənin ardınca qaçdığı müddətdə qalan heç nəyə önəm vermir.

Anam 97 yaşında ikən vəfat etdi. Ölümündən az əvvəl o, mənə dedi: “Getmək istəyirəm, yorulmuşam” . Mən dedim: “Yox, üç il, daha üç il və sən yüz illiyini qeyd edəcəksən”. Lakin o sanki məni eşitmək istəmirdi. “Sadəcə, gözlərimə bax” – dedi. Mən onun gözlərinə baxdm və hər şeyi anladım.
Öz yaşını sakitcə qəbul etmək böyük istedaddır. Ancaq bunu öyrənməyim üçün artıq çox gecdir.
Qocalıq elə də pis hal olmaya bilər, əgər uzanıb ondan həzz almağı bacarırsansa.

Ola bilsin, artıq yaşlı insan kimi düşünməyə başlayıram, ancaq mənə elə gəlir ki, insanlar daha qəzəbli, daha səbrsiz olmağa başlayıblar. Əvvəllər biz hansısa ciddi məsələdə razılığa gəlməyə bilirdik, lakin yenə də dost olaraq qalırdıq. Fəqət bu gün kim səninlə razı deyilsə, o, səfeh və ağıldankəm hesab olunur. İstənilən tok-şouya baxın, təsdiq edəcəksiniz.

Mən həmişə dindar insanlara böyük hörmətlə yanaşmışam. Lakin əgər sən inamsız yaşaya bilirsənsə, yaşa. Şəxsən özüm dinlə elə də maraqlanmıram, ancaq yaxınlarıma dinlə bağlı şübhələrimi yaymağa da tələsmirəm. Hərə necə istəyirsə, yaşasın.
Deyirlər ki, nikahlar göylərdə bağlanır. Bəli, bəli, göy gurultusu və ildırımın olduğu səmada.
İnsanın yaşı artıqca uşaqlara olan sevgisi də bir o qədər artır.

Mənim övladlarım ayrı-ayrı qadınlardandır. Ancaq məhz Dina bizim hamımızı bir yerə yığa bildi. Onda ikinci həyat yoldaşı anlayışı yoxdur. Bilirsiniz, bu adi mağara qadınının mental düşüncəsidir. O, ilk həyat yoldaşımla, digər sevgililərimlə yaxşı yola gedir. Ailənin yükü onun üzərindədir və onun kimi həyatda mənə təsir edən ikinci insan yoxdur.
Heç vecimə deyil, kim istəyir bir-biri ilə evlənsin, homoseksual və ya başqa biri. Bunu bu qədər şişirtməyə ehtiyac yoxdur. İzn verin, qoy insanlar özləri üçün seçdikləri həyat tərzini sürsünlər.
“Maço” sözü 1980-ci illərdə dəbdə olan söz idi. Maço odur, yox, budur. Odur ki, mən indiyə qədər bunun nə olduğunu tam başa düşməmişəm. Yadımdadır, bir dəfə Rokki Marçianonu (məşhur amerikalı boksçu – red.) gördüm. Bu, sakit, yumşaq insan idi, salamlaşarkən barmaqlarını sındırmaq niyyətində olmayan biri idi. Ancaq bir saniyə ərzində insanı o dünyalıq edə bilərdi. Məncə, maço elə bu deməkdir. Yeri gəlmişkən, Məhəmməd Əlinin də maço olduğunu hesab edirəm.

İş belə gətirib ki, ekranda çoxlu sayda insan qətlə yetirmişəm. Yəqin, bu katarsisdir və ya sadəcə, sadizm və yaxud, ümumiyyətlə, heç nə demək deyil.
Elə vaxtlar olub ki, insanlar mənə yaxınlaşıb və tapançalarını imzalamağımı xahiş ediblər.
Politkorrekt olmaq maraqsız və darıxdırıcıdır.
Politkorrektlik insanları tədricən yumor hissindən məhrum edir. Əvvəllər biz müxtəlif irqə və millətə məxsus insanlar haqda rahat-rahat zarafat edirdik. Bu gün bunu etsək, gərək əlimizlə ağzımızı örtək ki, heç kim eşitməsin. Bizim dostlarımız “yəhudi Sem”, “ meksikalı Xose” idi, bu təxəllüslərdə təhqiramiz bir şey yox idi. Bu gün biz politkorrekt olmaq üçün çoxlu enerji və vaxt sərf edirik.

“Çəkildi” əvəzinə mən həmişə “kifayətdir bu zibilə dözdük” deyə qışqırıram.
Rejissorlar “motor” deyə qışqıranda atlar belə diksinirlər.
Zənnimcə, kamera arxasında olmaq, kamera önündə olmaqdan daha yaxşıdır. Bu zaman sən istədiyin paltarı geyinə bilirsən.
Bir dəfə aktyor məktəbində mənə söyləmişdilər: “Sən allah, heç nə etmə, sadəcə, dayan”. Həə, məsələn, Qeri Kuper heç nə etməməyi gözəl bacarırdı.
İnsana aktyor olmağı öyrətmək mümkün deyil. Ancaq elə etmək olar ki, insan özü-özünü öyrətməyə başlasın.
Sən rolunu yüz dəfə məşq edə bilərsən və ya sadəcə, ilk dəfədən oynaya bilərsən. Mən ikincini üstün tuturam.

Ancelina Coli gözəldir. O, mənə qırxıncı illərin qadınını xatırladır – Ketrin Hepbern, Bett Deyvis, İnqrid Berqman. Xeyr, qadınlar bu gün də gözəldirlər, ancaq o vaxt onlarda individuallıq indikindən daha çox idi.
Hollivud plaqiat adlı çirkin içindədir. Bu yaxınlarda “Əfv edilməmiş” filmini yenidən çəkmək istəyən insanlar yanıma gəlmişdi. Bu isə demək olar ki, yeni filmdir, 1992-ci ilin!
“Oskar” almayan çoxlu sayda dahi filmlər var.
Müasir filmlərin büdcəsi o qədər böyükdür ki, həmin pullara kiçik bir dövlət almaq olar.
Mən İraqa hərbi qoşunun yeridilməsinin əleyhinə idim. Bir günə demokratiya qurmaq olmaz. Bu elə bir şeydir ki, insanlar buna ilk növbədə gərək özləri inansın.
Siyasətçilər iki hissəyə bölünür: mən – insan və biz-insan. Barak Obama – mən – insandır. O, bin Laden haqda elə danışır ki, elə bil onu özü güllələyib.

Müasir siyasətçi hamıya hər şeyi söz verməlidir. Əsk halda onu seçməyəcəklər.
Heç vaxt unutmaq lazım deyil ki, biz bəzən siyasətçiləri bizə qulluq etmələri üçün seçirik.
Seçkilərdə qalib gəlmək – bu yaxşı və pis xəbərdir. (1986-cı ildə İstvud Kaliforniya şəhərciyi Karmelə mer seçilmişdi.) Yaxşı – deyə özünə müraciət edirsən. – yaxşı xəbər budur ki, mən indi merəm, pis xəbər isə odur ki, mən indi merəm.

Bu gün ətafımda fotoqrafların sayı o qədər çoxdur ki, bəzən onlar məni ucuz moteldəki divar kimi əhatə edirlər.
İşə ciddi, özünə isə qeyri-ciddi yanaşmaq lazımdır.
Mən özünü kiməsə sübut etməyə ehtiyacı olmayan insanlarla işləməyi sevirəm.
Heç vaxt özümü kovboy hesab etməmişəm.
Sabaha bel bağlamayın, o heç kimə heç nə vəd etmir.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm