“Azərbaycan İran və İsrail arasında körpü rolunu oynaya bilər” – Rəy
Bizi izləyin

Nida.az

“Azərbaycan İran və İsrail arasında körpü rolunu oynaya bilər” – Rəy

“Azərbaycan İran və İsrail arasında körpü rolunu oynaya bilər” – Rəy

Aprelində 30-unda İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan və İsrail arasında bir çox sahələrdə, xüsusən hərbi və enerji sahəsində yüksək əməkdaşlığın olduğunu nəzərə alsaq, İsrailin xarici işlər nazirinin bu səfəri də gözləniləndir. İsrail prezidenti Şimon Peres və baş nazir Benyamin Netahyahu da müxtəlif dövrlərdə Azərbaycanda səfərdə olub.

İsrailin xarici işlər nazirinın bu səfərinin Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovun İrana səfərlərindən yaxın müddət sonra həyata keçirilməsi düşünməyə əsas verir. Qeyd edək ki, Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra Tehran-Qərb xəttində müəyyən yaxınlaşma müşahidə olunsa da, İsrail bu yaxınlaşmadan razı görünmür. Qərbdən fərqli olaraq Təl-Əvivin Tehrana etibar etdiyini söyləmək olmaz.

Publika.Az - a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri İsrail xarici işlər nazirinin Azərbaycana səfərindən danışarkən regionda geosiyasi vəziyyətin dəyişdiyinə diqqət yetirilməsinin vacib olduğunu bildirib.

Politoloq geosiyasi proseslərdə yeni şərtlərin ortaya çıxdığını deyib. İran və Qərb arasındakı əvvəlki qarşıdurmanın artıq müşahidə edilmədiyini deyən N.Miri tərəflər arasında anlaşma sənədinin də yaxın vaxtlarda imzalanma ehtimalının böyük olduğunu ifadə edib. Prosesin ABŞ-İran diplomatik münasibətlərin qurulmasına qədər inkişaf edə biləcəyini deyən politoloq hesab edir ki, İsraillə münasibətləri də bu konteksdə qiymətləndirmək lazmdır:

“Artıq İranın özündə antiisrail bəyanatları səslənmir. İsrailin özündə də İrana yönəlik düşmənçilik xarakterli bəyanatlara rast gəlinmir. Deməli, artıq əməkdaşlıq dönəmi başlayır. Təbii ki, İsrail xarici işlər nazirinin səfərində Azərbaycan-İran xəttində nələrin müzakirə olunduğu da gündəmdə olacaq. Hesab edirəm ki, bu səfər həm də Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır. Qlobal səviyyədə təhlükəsizlik sisteminə ciddi bir zərbə dəyib. Xüsusilə, Rusiyanın Krımı işğal edəndən sonra bir çox reallıqlar dəyişib. Nəinki, postsovet məkanı, NATO-nun üzvü olan Şərqi Avropa ölkələri də təhlükə qarşısındadır. İndiki halda Azərbaycanın əsas məqsədi də özünün təhlükəsizliyini təmin etməkdir. Bu məsələ fikrimcə, Azərbaycan prezidentinin İran səfərində də ciddi şəkildə müzakirə olunub. İsrail xarici işlər nazirinin səfəri də bu konteksdə dəyərləndirilməlidir. Azərbaycan ən müasir silahları müxtəlif dövrlərdə məhz İsraildən alıb. Məhz həmin vaxtlarda bir çox ölkələr Azərbaycana silah satmaqdan imtina etmişdilər”.

Azərbaycan-İran münasibətlərinin çərçivəsinin müəyyənləşdirilməsində İsrailin mövqeyinin nə dərəcədə rol oynamasına gəlincə, Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri bildirib ki, yeni geosiya şəraitdə İsrail-İran qarşıdurmasını görmür:

“Qurulan siyasətin antiiran və yaxud antiisrail səviyyəsində qurulacağını da güman etmirəm. Hesab edirəm ki, Azərbaycan bu məsələdə körpü rolunu oynaya bilər. Fikrimcə, Azərbaycan prezidenti də İrana əliboş getməmişdi. Ola bilsin ki, bəzi mesajları özü ilə aparmışdı və bu mesajlar yeni yaranan geosiyasətlə bağlıdır. Bu məsələdə Qərbin, eyni zamanda İsrailin maraqları da ola bilər. Azərbaycan indiki şəraitdə bu missiyanı üzərinə götürə biləcək ölkədir. Azərbaycan İranın ən yaxın qonşusudur, müsəlman ölkəsidir, İranın ən böyük etnosu da Azərbaycan türkləridir. Bu isə Azərbaycanın İrana təsir imkanlarını müəyyən dərəcədə özündə saxlayır. Qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçid ərəfəsindəyik. Ona görə də nə İsrail, nə də İran bu məsələdə Azərbaycanı təhdid etməyəcək, məhdudiyyətlər qoymayacaq. Əksinə, bundan sonrakı proseslər daha çox əməkdaşlıq istiqamətində olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm