Feolanın “qızıl gəncləri” və dahinin göz yaşları – FOTOLAR
Bizi izləyin

İdman

Feolanın “qızıl gəncləri” və dahinin göz yaşları – FOTOLAR

Feolanın “qızıl gəncləri” və dahinin göz yaşları – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin Mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı İsveçdə keçirilən 6-cı dünya çempionatına həsr olunub.

FİFA-nın yeni prezidenti Artur Drüri növbəti dünya futbol forumunun nəticələri haqda deyirdi: “İsveçdəki dünya çempionatı futbolun inkişafını 20 il qabağa atdı”.

İlk növbədə bu, braziliyalılar tərəfindən ideal səviyyəyə çatdırılmış 4-2-4 sxemi idi ki, bu da, çempionlara əla hücum etmək və yaxşı müdafiə olunmaq imkanı vermişdi. İrəlidəki dördlü arxadan dəstəklə rəqib müdafiəçiləri rahat üstələyir, iki stopper isə qapını qorumaq işinin öhdəsindən yaxşı gəlirdi.

Bu dəfə iştirakçıların qruplara bölünmə tərzinə heç kim etiraz etmədi. Qərbi və Şərqi Avropa ölkələri, okeanın o tayından gələnlər və Böyük Britaniyanın dörd üzvü ayrı-ayrı qruplarda oynadılar.

1958-ci ilin fevralında “Mançester Yunayted”in düşdüyü aviaqəza ingilislərin gücünə böyük mənfi təsir göstərmişdi. Müdafiəçi Birn, hücumçular Teylor və Edvards millinin simasını təşkil edən futbolçulardan idilər. Özü də sonuncu - 19 yaşlı gənc yerli futbol tarixinin ən böyük istedadı hesab edilir, baş məşqçi Uinterbottom isə onun mundialın kəşfi olacağını deyirdi.

Sovet yığmasına isə başqa hadisələr təsir etdi. DÇ-dən əvvəlki son təlim-məşq toplanışı zamanı üç aparıcı oyunçu - Streltsov, Oqonkov və Tatuşin qızlarla “dincəlmək” qərarına gəldilər. İçki öz işini gördü və bir gün sonra hər üç oyunçu zorlamada günahlandırılaraq məhkəməyə cəlb olundular. İki “zərərçəkən” müxtəlif səbəblərdən öz ərizələrini geri götürdülər. Streltsovun isə bəxti gətirmədi. Hakim 12 il iş kəsdi.

Sovetlərin final turnirində də bəxti gətirmədi. İngilislərlə oyunun sonuna beş dəqiqə qalmış macar hakim Jolt Yaşinin qapısına olmayan penalti təyin etdi. Bərabərlik əlavə oyun keçirilməsinə gətirib çıxardı. Qavrill Kaçalinin yetirmələri güclərini bir daha təsdiqləsələr də, 1/4 finaldan öncəki iki vacib gün itirildi. İsveçlilər bundan yaxşıca yararlandılar. Maraqlıdı ki, braziliyalıların baş məşqçisi Visente Feola məhz SSRİ ilə matçda Pele, Qarrinça və Zitonu meydana buraxmışdı. Buna səbəb çalışdırıcının ingilislərlə bərabərlikdən narazı qalması, İsveçə ehtiyat qüvvə kimi gətirilən və startdakı matçlarda meydanda olmayan bu üçlünü, belə demək olarsa, acığa oynatmaq istəyi idi.

Braziliyalıların oyunu yeniləndi, daha rəngarəng, daha kəskin və eyni zamanda balanslı oldu. Məhz Pele və Qarrinça növbəti matçlarda komandanın əsas gücünə çevrildi. Pele 3 oyunda 6 qol vurdu. Qarrinça isə sağ cinahda rəqiblərini darmadağın etməklə məşğul idi. Məhz Qarrinçanın finalda verdiyi iki məhsuldar ötürmədən sonra Vava isveçliləri hesabda geri salmışdı. Hər keçən oyun bu komandaya böyük azarkeş kütləsi qazandırırdı. Onlar yarımfinalda böyük hücum futbolu nümayiş etdirən fransızları darmadağın etdilər. Həlledici qarşılaşmada isə «sambaçılar» Lidholm, Qren, Hamrin və Skoqlundun olduğu meydan sahiblərinin daşını-daş üstə qoymadılar - 5:2.

Feola sevincini gizlətmirdi: “İki dəfə çempionluq titulu əlimizdən çıxsa da, bugünkü səylərimiz boşa çıxmadı. Braziliya futbolu nəyə qadir olduğunu göstərdi. Biz gənclərə güvəndik və səhv etmədiyimiz göründü. Pele və yoldaşlarına inanmayanlar səhv etdilər”.

Didi və Jilmarın çiyinlərinə söykənən Pele isə göz yaşlarını gizlətmirdi: “Final fitindən sonra hər an özümdən gedəcəyim hissi məndən əl çəkmirdi. Yaxşı ki, hər şey belə qurtardı. Biz qalib gəldik! Biz dünya çempionu olduq! Hiss edirdim ki, ayaqlarım yer tutmur. Komanda yoldaşlarım məni havaya qaldırdılar və meydanboyu gəzdirdilər”.

DÇ-1958. İsveç

Final mərhələsi

8-29 iyun

16 komanda dörd qrupda mübarizə apardıqdan sonra hər qrupdan iki qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

35 oyun, 868000 tamaşaçı (orta hesabla hər oyunda 24800)

126 qol (orta hesabla hər oyunda 3,60)

Ən yaxşı futbolçu: Didi (Braziliya)

Bombardir: Jüst Fonten (Fransa) - 13.

Bütün oyunlar

1. İsveç - Meksika 3:0

2. Macarıstan - Uels 1:1

3. Argentina - Qərbi Almaniya 1:3

4. Şimali İrlandiya - Çexoslovakiya 1:0

5. Yuqoslaviya - Şotlandiya 1:1

6. Fransa - Paraqvay 7:3

7. SSRİ - İngiltərə 2:2

8. Braziliya - Avstriya 3:0

9. Argentina - Şimali İrlandiya 3:1

10. Qərbi Almaniya - Çexoslovakiya 2:2

11. Yuqoslaviya - Fransa 3:2

12. Paraqvay - Şotlandiya 3:2

13. Meksika - Uels 1:1

14. Braziliya - İngiltərə 0:0

15. SSRİ - Avstriya 2:0

16. İsveç - Macarıstan 2:1

17. Çexoslovakiya - Argentina 6:1

18. Qərbi Almaniya - Şimali İrlandiya 2:2

19. Paraqvay - Yuqoslaviya 3:3

20. Fransa - Şotlandiya 2:1

21. İsveç - Uels 0:0

22. Macarıstan - Meksika 4:0

23. İngiltərə - Avstriya 2:2

24. Braziliya - SSRİ 2:0

25. Şimali İrlandiya - Çexoslovakiya 2:1, ə.v.*

26. Uels - Macarıstan 2:1*

27. SSRİ - İngiltərə 1:0*

28. Braziliya - Uels 1:0

29. Fransa - Şimali İrlandiya 4:0

30. İsveç - SSRİ 2:0

31. Qərbi Almaniya - Yuqoslaviya 1:0

32. Braziliya - Fransa 5:2

33. İsveç - Qərbi Almaniya 3:1

34. Fransa - Qərbi Almaniya 6:3

35. Braziliya - İsveç 5:2

Qeyd: * - Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Şimali İrlandiya - Çexoslovakiya, Uels - Macarıstan, SSRİ - İngiltərə əlavə oyunları keçirilmişdi.

Qrup 1

1.Qərbi Almaniya 3 1 2 0 7-5 4

2.Şimali İrlandiya 3 1 1 1 4-5 3

3.Çexoslovakiya 3 1 1 1 8-4 3

4.Argentina 3 1 0 2 5-10 2

Qrup 2

1.Fransa 3 2 0 1 11-7 4

2.Yuqoslaviya 3 1 2 0 7-6 4

3.Paraqvay 3 1 1 1 9-12 3

4.Şotlandiya 3 0 1 2 4-6 1

Qrup 3

1.İsveç 3 2 1 0 5-1 5

2.Uels 3 0 3 0 2-2 3

3.Macarıstan 3 1 1 1 6-3 3

4.Meksika 3 0 1 2 1-8 1

Qrup 4

1.Braziliya 3 2 1 0 5-0 5

2.SSRİ 3 1 1 1 4-4 3

3.İngiltərə 3 0 3 0 4-4 3

4.Avstriya 3 0 1 2 2-7 1

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm