Kreml düyməni basdı: “Dəhliz ssenarisi”ni işə salınır
Bizi izləyin

Dünya

Kreml düyməni basdı: “Dəhliz ssenarisi”ni işə salınır

Kreml düyməni basdı: “Dəhliz ssenarisi”ni işə salınır

Moldovadan ayrılan tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə bağlı səslənən təhlükəli ehtimalların sayı son günlər artmağa başlanıb. Bu iddialara şübhə etməmək üçün müəyyən əsaslar da var.

Dnestryanı “parlament”i iki gün əvvəl keçirdiyi iclasında “Dnestryanı Moldova Respublikası”nın tanınması üçün Rusiya prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasına, həmçinin BMT və ATƏT-ə təklifin göndərilməsi barədə qərar qəbul edilib. Parlamentdə həmçinin xatırladılıb ki, 2006-cı il sentyabrın 17-də keçirilən referendum zamanı bölgə əhalisinin 97 faizi Rusiyanın tərkibində Dnestryanı Moldova Respublikasının yaradılmasına səs vermişdi.

Rəsmi Kişinyov isə Dnestryanı ərazidən hərbi təhlükənin olduğunu iddia edir. Moldova müdafiə naziri Valeri Troyenko Dnestryanı ərazinin hərbi potensialı ilə bərabərləşdirmək üçün ordunun iki dəfə gücləndirilməsini tələb etdi. Troyenkonun bu bəyanatının Dnestryanı “parlament”in qərarından sonra verilməsi də təsadüf sayıla bilməz. Hadisələrin inkişafından Moldovanın himayəçisi rolunda çıxış edən Rumınıya da narahatdır.

“Əgər Putin istəyəcəksə, Dnestryanı Rusiyanın bir hissəsi olacaq”, – Rumıniya prezidenti Trayan Besesku bildirib. Ancaq Moldova parlamentinin deputatları hesab edirlər ki, Dnestryanı seperatçılarının şans yoxdur.

Moldova müdafiə nazirinin məlumatına görə, Dnestryanıda 7,5 min hərbi qulluqçu, Daxili İşlər Nazirliyinin 3 min əməkdaşı, Dövlət Təhlükəsizliyi Komitəsi və xüsusi təyinatlı bölmənin 2 min əməkdaşı var. Kişnyov hesab edir ki, qüvvələri bərabərləşdirmək üçün ordunun heyətini iki dəfə artırmaq lazımdır.

Maraqlıdır ki, Moldova daha əvvəllər bütovlükdə regionun demilitarizasiyasının vacib olduğunu bildirirdi. Ölkənin birinci prezidenti Vladimir Voronin Moldova və Dnestryanı ordusunun azaldılmasını təklif etmişdi. İlk addımı isə Moldovanın özü atmışdı. Kişnyov Dnestryanı ilə sərhəd zonadan ağır silahlarını çıxartmağa başladı. Ancaq Dnestryanı Moldova təhlükəsinin hələ aradan qalxmadığını iddia edərək silahlı qüvvələrindən imtina etməyə razılaşmadı. Ukraynada baş verən hadisələr və Dnestryanı “parlament”inin məlum qərarı Moldovanı da əks addım atmağa sövq edir.

Qərb də Moldovanın ərazi bütövlüyünə olan təhlükənin fərqindədir. Bir neçə gün bundan əvvəl Fransanın “Slate.fr” nəşri Ukrayna böhranı ilə bağlı dərc etdiyi yazısında proseslərin üç istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmışdı.

Ehtimallardan biri odur ki, Rusiya müstəqilliyini elan etmiş vilayətlərin “yardım müraciətinə” cavab olaraq rusdilli regionlara hərbi müdaxilə edəcək. Bu isə həmin regionların Rusiyaya birləşdirilməsi yolunda addım ola bilər. Daha az radikal variant Ukraynanın cənubunda xüsusi dəhlizin yaradılmasıdır. Bu dəhliz Krımı SSRİ-nin dağılmasından sonra Rusiyanın 14-cü ordusu tərəfindən işğal edilən Dnestryanı ərazi ilə birləşdirəcək.

Qərb mətbuatında bu Rusiyanın “dəhliz ssenarisi” adlandırılır.

Dünən isə ABŞ senatoru Con Makkeyn Moldovaya gəlib. Bir gün əvvəl Moldova xarici işlər naziri Natalya German “Europa Libera” radiostansiyasına müsahibəsində bildirmişdi ki, C.Makkeyn çətin vaxtlarda Moldova Respublikasının əhalisi ilə həmrəyliyini ifadə etmək üçün Kişnyova gəlir.

Rumınıya prezidenti T.Besesku isə vəziyyəti şərh edərkən Moldova və Dnestryanı səmasında Şərqdən gedən buludlar qatılaşdığını deyib. “Mən Moldova Respublikası üçün qorxuram, Dnestryanı məni narahat edir. Rusiyanın son hədəfi SSRİ-nin ənənəvi sərhədlərinə qayıtmaqdır”, - rumın lideri qeyd edib.

Dünən xalqın suallarını canlı yayımda cavablandıran Rusiya prezidenti Vladimir Putinin məsələ ilə bağlı verdiyi mesajlar da xeyrə yozula bilməz. O, bildirib ki, Dnestryanı əraziyə tətbiq olunan blokada vəziyyətinə dərhal son qoyulmalıdır. O, burada yaşayan insanların blokadadan əziyyət çəkdiyini bildirib. Amma Rusiya dövlət başçısının bəhs etdiyi blokadanın olub-olmadığı da dəqiq deyil. Baxmayaraq ki, Rusiya mətbuatı Dnestryanı ərazinin Moldova və Ukrayna tankları ilə mühasirəyə alındığı ilə bağlı təbliğat aparır.

“Dnestryanı ilə Ukraynanın sərhədinə artıq millətçi silahlı qruplaşmalar formalaşdırılıb. İnsanlara öz taleyini müəyyən etməyə icazə verilməlidir. Dnestryanı əhalisinin əksəriyyəti rusmeyllidir, orada çoxlu sayda Rusiya vətəndaşı yaşayır. Onlara öz gələcəyini müəyyən etməyə icazə verməliyik”, - Putin Krım ssenarisinin qapıda olduğu barədə mesaj verib.

Moldovanın “Panorama” qəzetinin baş redaktoru Dmitri Çubaşenko hesab edir ki, Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanın tərəfdarı olan indiki hökumət hakimiyyətdə qalacağı halda, Rusiya Dnestryanı ərazinin müstəqilliyini tanıyacaq. Lakin bir sıra ekspertlər Moldovanın koalisiya hökumətinin uduzacağını proqnozlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm