“Sakitcə uzan və səsini kəs” - VİDEO - FOTOLAR
Bizi izləyin

Bu kino ki, var...

“Sakitcə uzan və səsini kəs” - VİDEO - FOTOLAR

Rus kinosu və Marqarita Terexova əfsanəsi...

Təəssüf ki, zaman heç kimə, heç bir gözəlliyə rəhm etmir. 71 yaşlı gözəl aktrisa heç bir kinofestival və premyeralara qatılmır.

Bu yaxınlarda gözəl aktrisanın "Marqarita Terexova. İlk söyləyən" kitabı işıq üzü görüb. Kitabda aktrisanın çəkildiyi filmlərin pərdəarxası məqamları barədə geniş qeydlər yer alıb.

"Bu kino ki, var" layihəsi çərvəsində sizə həmin kitabdan bir parça təqdim edirik:

Xaşimovla "Dalğalar üzərində qaçan"...

...Aleksandr Qrinin "Dalğalar üzərində qaçan" romanı əsasında çəkilmiş eyniadlı sovet-bolqar filmi həyatımda mühüm rol oynadı. Filmin ssenarisini məşhur dramaturq Aleksandr Qaliç yazmışdı. Bu filmdə iki rolu canlandırırdım – yaxta sahibəsi Biçe Saniel və gəminin batması nəticəsində batan dənizçiləri xilas edən Frezzi Qrantı.

Çəkilişlər qədim bolqar şəhəri Nesebrdə gedirdi. Möhtəşəm ab-hava vardı. Mən dahi bolqar aktyoru olan çox gözəl bir insanla və üstəlik istedadlı Savva Xaşimovla çəkilirdim.
Öz ölkəsində o artıq populyar bir aktyor idi. Səhnəyə çıxarkən lap kiçik rolda oynasa da, bütün tamaşaçıların diqqəti yalnız ona yönəlirdi.

Savva məndən azca əvvəl, 1940-cə ildə Pleven şəhərində anadan olmuşdu. Mənim kimi məktəbi (gimnaziyanı) qızıl medalla bitirmişdi. Mənim kimi də ilk yolu aktyorluqdan keçməmişdi, texniki instituta daxil olmuşdu. "Dalğalar üzərində qaçan" filmində çəkilməyə başladığımız ilk andan etibarən, Savva mənə aşiq oldu və hər yerdə məni izləməyə başladı.

O, evli idi, ancaq çəkilişlərdən sonra boşandı və mənə evlilik təklifi etdi. Filmin çəkilişləri bitəndə mən artıq hamiləliyin dördüncü ayında idim. Savva Sofiya vasitəsilə mənə məktub göndərmişdi. Orada mənimlə evlənəcəyini yazmışdı. "Bəs məndən soruşmusan?" – təəccüblənmişdim. Ancaq onun cazibəsi qarşısında çox davam gətirmək mümkün deyildi.
Savva Moskvaya köçdü. Qızım Aneçka artıq anadan olmuşdu. Öz evimiz yox idi, ona görə, "Ermitaj" teatrı ilə üzbəüz aktyor evində yaşayırdıq...

Kaydanovski ilə "Truskavetsə kim gedəcək"...

"Truskavetsə kim gedəcək" filminin çəkilişləri başlamamışdan öncə yalnız Aleksandr Kaydanovski ilə çəkiləcəyimi bəyan etdim və şərtim bu oldu. Çünki onunla birgə çəkilmək rahat idi.
Yetmişinci illərin sonu idi. Saşanı o vaxt heç bir rola təsdiq etmirdilər. Bizdə, ümumiyyətlə, belə bir ənənə vardı: əgər əsl, güclü kişi, üstəgəl, çox istedadlıdırsa, onu müsbət rola çəkmək olmaz. Uzun sözün qısası, şərt qoydum və onu rola təsdiq etdilər.

Ancaq çəkilişlərdə Saşa ilə yaxşıca dalaşdıq. Hamilə həyat yoldaşı Jeneçka Simonova Aleksandrın yanında idi. Bura əri ilə gəlmişdi və bütün məşqlərdə iştirak edir və diqqətlə bizi izləyirdi. Mən ona dedim: "Jenka! Heç olmasa, sevgi səhnələrində icazə ver, bir-birimizə baxaq"! O isə "Mənə maraqlıdır"! – cavab verdi. Qarnı da o qədər böyük idi ki, mübahisə etmək mümkün deyildi!

Ssenariyə əsasən, bizim bir yataq səhnəmiz olmalı idi. Ancaq 1977-ci il idi və elə oynamaq lazım idi ki, guya burada heç seks yoxdur. Bizi mələfəyə bükdülər: Saşa uzanmışdı, mən də onun üstündə. "Siz mənə yaradıcı baxışlarla baxmırsınız" – ona dedim. Bizi çəkməyə başladılar. Birdən Saşa mənə: "Bilirsiniz, mən bu səhnəni başqa cür görürəm" – söylədi. Siz bir işə baxın, bu hələ mənə nəsə öyrətməyə çalışır. Əməlli-başlı qəzəbləndim: "Sən işləmirsən, mən işləyirəm! Sakitcə uzan və səsini kəs, mən özüm hər şeyi oynayacam".

Biz uşaq kimi bir-birimizdən incidik, bundan sonra o, mənimlə dalaşdı. Xarakteri belə idi. Hər bir halda, çəkilişlər uğurla bitdi, şəhəri tərk etdim. Birdən mənə xəbər göndərdilər ki, filmi səsləndirmək üçün qayıtmalıyam. Boyun qaçırmaq istədim, ancaq alınmırdı: çəkilişlər, qastrollar, teatrda iş. Məni gözləmələrini xahiş etdim. Ancaq gözləmədilər və məndən xəbərsiz əvəzimə hansısa dublyajçı götürdülər.
Mənə sonralar danışdılar ki, iki gün ərzində dublyaçı səsini mənə bənzətməyə çalışıb. Xahiş etdim ki, gəlin, yenidən səsləndirək, hər şeyi necə lazımdırsa, edək". Ancaq məni heç dinləmədilər də.

Boyarski ilə "Nə yardan doyur, nə əldən qoyur" ...

Boyarski kinoda ilk ciddi rolunu məhz bu filmdə oynayırdı. Aşiq olmuş gənc, yaraşıqlı qəhrəman. Bu filmə qədər o gah pişik ( "Mavi küçük" nağılında), gah canavar ( "Mama", "Maşa və Vityanın" yeni il macəraları" uşaq filmlərində) rollarını canlandırmışdı.

Əvvəlcə Mixaili gülməli nişanlı rolunda çəkmək istəyirdilər, (bu rolu filmdə Karaçentsov oynayır.) ancaq sonradan ona Teodoro rolunu təklif edirlər. Lakin çox keçmir ki, bu rolu Boyarskidən geri almaq fikrinə düşürlər. Filmin rejissoru aktyorun sevgili qəhrəman rolunun öhdəsindən gələ bilməyəcəyi qərarına gəlir. Bu axı Boyarskinin ilk böyük rolu idi, bu səbəbdən o, ola bilsin, bir az sıxılmışdı.

Teodoro Dianaya qulluqçu Marselaya aşiq olduğunu etiraf edəndə Diana qısqanclıq içində qışqırır: "Dələduz" Əclaf! Belə birini öldürməliyəm!" və onun üzündən vurmağa başlayır. Yan Frid (filmin rejissoru – Red.) mənə söylədi: "Onu yavaş vur, azca toxunaraq". Mişa təslim olmalı və plaşı ilə üzünü örtməli idi. Və burada rejissorla mübarizəm başlayır. Mən bu səhnəni tamam ayrı cür təsəvvür edirdim. Yan Borisoviç həmişə çox kübar insan olub, fəqət ona əvvəlcədən təkliflərimi söyləsəm, o, sadəcə, üzünü çevirib gedəcəkdi. Bu məsələni yalnız çəkiliş meydançasında həll etmək olardı. Ona dedim: "Siz bunu necə təsəvvür edirsiniz? Biz axı əsl sevgi, ehtiras və qısqanclığı oynayırıq!". Bu zaman tamaşaçılar sakitcə hadisənin necə inkişaf edəcəyini izləyirdilər. Mən üzümü onlara çevirib qışqırdım: "Yoldaşlar! Əgər biz əsl sevgini oynayırıqsa, mən onu, həqiqətən, vurmalıyam da, yalandan yox, düz deyil?". Onlar bir ağızdan cavab verdilər: "Bəli, düzdür!!!"

Boyarskinin üzündən vuranda az qala gözləri çıxdı. Məlum oldu ki, onu indiyə qədər heç kim və heç vaxt belə vurmayıb. O, özünə gələndən sonra biz daha bir neçə dubl çəkdik. Ancaq düşünürəm ki, Mişa Boyarski buna görə məndən inciməyib. Bu axı işdir...

Miledi ömürlük!

Miledi obrazı mənim üçün xüsusi önəm daşıyır. Hər şey belə başlamışdı. Bizim yaşadığımız küçəyə maşın yaxınlaşdı. Məni məşqdən çağırdılar: "Səni orada gözləyirlər". Çıxdım, ancaq avtobusu həmin dəqiqə görmədim. Yaxşı ki, görmədim. Sən demə məni diqqətlə izləyirdilər. Sağa-sola boylanıram, kimin gəldiyini öyrənməyə çalışıram. Nəhayət, Yura avtobusdan çıxır və söyləyir: "Rita, kömək et". O, "Üç muşketyor" filminin çəkildiyini dedi.

Miledi obrazına məndən qabaq Svetlana Penkinanı seçmişdilər. Ancaq o, rola təsdiq olunmur. Sonra kino sınaqlara Yelena Solovyova qatılır. Sınaqlar əla keçir, ancaq hansısa səbədən çəkilişlərdən imtina edir. Nəticədə, rol mənə təklif olunur.

Filmdəki musiqi ilə tanış olmaq üçün məni studiyaya gətirdilər və filmdə ifa edəcəyim mahnılarla tanış etdilər. Burada mən dəhşətli mahnı mətni ilə tanış oldum: "Mən taaa uşaqlıqdan pisliyi sevirəm!". Elə həmin an ayağa qalxıb söylədim: "Aydındır, salamat qalın!". Xilkeviç də ayağa qalxdı, əlimdən tutub dedi: "Çox sağ ol, Rita, indi biz iki nəfərik. Sənə qədər bunun mənasız bir şey olduğunu iddia edən təkcə mən idim!" . Sakitcə susdum. O, mahnını yenidən yazacaqlarını dedi və əlavə etdi ki, belə xırda məsələyə görə roldan imtina etmək lazım deyil. Beləcə, razılığa gəldik.

Rejissor çəkiliş zamanı yeni-yeni şeylər düşünürdü və əlavə edirdi. Məsələn, saç düzümümü Xilkeviç fikirləşmişdi. Miledinin gözəl və gur saçları olmalı idi. Xoşbəxtlikdən, mənim saçlarım o vaxt məhz belə idi. İndiyə qədər bir çoxları filmdə parik geyindiyimi düşünür. Filmin çəkilişi möhtəşəm idi, əsl yaradıcı mühit yaranmışdı.

Film ekranlara çıxdıqdan sonra uşaqlar tez-tez məndən soruşurdular: "Deməli, sən Kostansiyanı öldürmüsən?" Mən isə onlara cavab verirdim: "Xeyr, elə şey olmayıb. Mən heç kimi nə öldürmüşəm, nə zəhərləmişəm. Lenkom teatrına gedib Konstansiyaya baxa bilərsiniz –İra Alfyorovaya. Hər şey qaydasındadır. İşləyir və özünü əla hiss edir."
Demək, əgər uşaqlar soruşursa, onlar yalanı dərhal ayırırlar axı, belə çıxır ki, insanlar mənim Miledimə inanıblar...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm