Məcburi köçkün məktəblərində yol təhlükəsizliyi proqramı
Bizi izləyin

Digər

Məcburi köçkün məktəblərində yol təhlükəsizliyi proqramı

Məcburi köçkün məktəblərində yol təhlükəsizliyi sahəsində maarifləndirmə proqramı icra olunur

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının “Məcburi köçkün məktəb uşaqlarının yol təhlükəsizliyi sahəsində biliklərinin artırılması” layihəsi aprel ayının 1-dən başlamışdır.

Müddəti 6 ay olan layihənin əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə keçirilən maarifləndirmə kampaniyaları vasitəsilə orada təhsil alan uşaqların bu sahədə biliklərinin artırılmasından və bununla da onların yollarda üzləşəcək təhlükələrin minimuma endirilməsinə nail olmaqdan ibarətdir.

Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yol təhlükəsizliyi ilə bağlı ayrı-ayrı qurumlar tərəfindən maarifləndirmə proqramları həyata keçirilməkdədir. Lakin Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində müxtəlif obyektiv və subyektiv səbəblər ucbatından bu tipli maarifləndirmə proqramları icra olunmur, halbuki həmin məktəblərin əksəriyyəti nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu yollara yaxın ərazilərdə fəaliyyət göstərir və cəmiyyətin aztəminatlı təbəqələrinə aid edilən məcburi köçkün ailələrinin məktəbyaşlı uşaqları təhsil aldıqları müəssisələr piyada gedirlər ki, bu da onları birbaşa təhlükəyə atır. Məhz bu səbəbdən məcburi köçkün məktəblərində yol təhlükəsizliyi üzrə maarifləndirmə kampaniyalarının və məlumat sessiyalarının keçirilməsi bu yolla həmin məktəblərdə təhsil alan məcburi köçkün uşaqlarının bu sahədə biliklərinin artırılması olduqca vacib məsələdir. Hazırkı layihənin ideyası da məhz bu zərurətdən yaranmışdır.

Layihənin icrasından birbaşa və dolayısı yolla faydalananlar məcburi köçkün məktəblərinin kollektivi və yaxınlıqda yerləşən məcburi köçkün icmalarında yaşayan əhali olacaqdır. Layihədən birbaşa faydalananlar maarifləndirmə kampaniyalarında və məlumat sessiyalarında iştirak edən iki mindən artıq məcburi köçkün məktəblisi və yüzdən artıq məktəb müəllimi olacaqdır. Dolayısı yolla bəhrələnənlər isə layihənin həyata keçirildiyi Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Şuşa rayonlarının 12 məcburi köçkün icmasında yaşayan insanlar olacaqdır.

Layihə çərçivəsində məcburi köçkün məktəblərində əyani vəsaitlərin paylanması və yayımlanması vasitəsilə geniş maarifləndirmə kampaniyaları keçiriləcək və müəyyən edilmiş 12 hədəf məktəblərində məlumat sessiyaları təşkil olunacaq və məktəbətrafı ərazilərdə yol təhlükələri ilə bağlı aparılmış qiymətləndirmə əsasında həmin məktəblərin uşaqları üçün nəzərdə tutulmuş müxtəlif mövzular üzrə hazırlanmış buklet və digər əyani vəsaitlər paylanacaqdır. Layihənin davamlılığını təmin etmək üçün məlumat sessiyasında fəallıq nümayiş etdirmiş və yol təhlükəsizliyi sahəsində müəyyən biliklərə malik olan məcburi köçkün məktəblərinin şagird və gənc müəllimlərindən ibarət “Təhlükəsiz yol” dəstək qrupları yaradılacaq və onların təşəbbüsü ilə məcburi köçkün məktəblərinin yerləşdiyi ərazilərdə yol təhlükəsizliyi ilə əlaqədar məsələlərə ictimaiyyətin diqqətinin cəlb olunması təmin olunacaqdır. Layihə cari ilin sentyabrında yekunlaşacaqdır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm