"Aman Tanrım, mən bu adama ərə getməliyəm, o, prezidentdir" - FOTOLAR
Bizi izləyin

Qadın

"Aman Tanrım, mən bu adama ərə getməliyəm, o, prezidentdir" - FOTOLAR

Dünyada ən çox müzakirə olunan mövzulardan biri birinci xanımların qüsursuz geyimləridir. Xırdalıqlarına qədər yoxlanılmış geyim nümunələrinin üzərində çoxlu stilist, dəb və makiyaj ustaları işlədiyi üçün ortaya iddialı və mükəmməl görkəm çıxır. Onların dəb haqqında fikirləri və məsləhətləri zövqlü görünmək istəyən xanımlara bələdçilik edir. Publika.Az-ın “9 don” layihəsində bu həftə Karla Bruninin qüsursuz stili və həyatının maraqlı məqamları haqqında danışacağam.

Bu ad yəqin ki, çoxlarına tanışdır, axı o, Fransanın birinci xanımı olub. Amma Karla Bruni bu statusa layiq görülməzdən əvvəl model və müğənni olub. O, hələ də mahnılar yazdırır. Baxmayaraq ki, Fransanın birinci xanımı olub, Karla Bruni əslən italyan mənşəllidir. Karla 1967-ci ilin 23 dekabrında anadan olub. 6 yaşına kimi doğulduğu Turin şəhərində yaşayıb. Musiqi ailəsində dünyaya gələn qızcığazın anası pianoçı, atası isə bəstəkardır. 6 yaşında valideynləri onu Fransaya gətirirlər. Karla Fransanın nüfuzlu məktəblərində oxuyub, musiqi təhsili alıb. Universitetə qəbul olsa da təhsilini modellik karyerasına qurban verir. Belə ki, dostlarının və tanışlarının məsləhəti ilə özünü modellik sahəsində sınamağa qərar verir. “City model” agentliyini xarici görünüşü qane etdiyi üçün Karlanı həmin dəqiqə işə qəbul edirlər. 90-cı illərdə isə artıq dünyanın ən uğurlu modellərindən birinə çevrilir. Guess və Versace kimi iri moda evlərinin siması seçilir. Onun fotolarının axtarışına çıxanda çoxunda çılpaq pozalar verdiyini müşahidə elədim. Buradan belə bir nəticəyə gəlmək olar ki, Karla Bruni çox cəsarətli qızdır, axı onun cazibədar bədəni və qəşəng üzü olub. Sonsuz sevgi macəraları və qalmaqallı fotoları ilə gündəmə gələn Karla 29 yaşlarında modellik fəaliyyətini dayandırıb musiqi karyerası ilə məşğul olmağa qərar verir. 2003-cü ildə çıxardığı debüt albomu ona uğur gətirir. Lirik üslubu və mahnıların həzin sözləri çoxlarının xoşuna gəlir.

Karla Bruni təkcə öz yaradıcılığı ilə deyil, qalmaqallı və çoxsaylı sevgi romanları ilə də həmişə böyük maraq cəlb edir. Bu gözəlin pərəstişkarları arasında Mik Caqqer, Erik Klepton, Donald Tramp, Kevin Kostner, Vinsent Peres, Çarlz Berlinq və keçmiş baş nazir Loran Fabiusnın adı çəkilir. Yazıçı Jan-Pol Entovenlə olan münasibətləri xüsusi qalmaqala səbəb olmuşdu. Belə ki, o, eyni zamanda yazıçının oğlu – Rafellə də görüşürmüş. Bruni birinci dəfə deyildi ki, özü haqda bəyanatlarla ictimaiyyəti şoka salaraq monoqam (tək partnyorluluğu sevən insan) münasibətlərlə qane olmadığını etiraf etmişdi. 2001-ci ildə 33 yaşlı Karla Bruninin 23 yaşlı tələbə Rafael Entovendən oğlu dünyaya gəlir. Kral Bruni ona hətta ilk albomunda “Rafael” adlı mahnı həsr etmişdi.

Nikola Sarkozinin 3-cü arvadı, yaxud Fransanın birinci xanımı

2007-cu ildə Fransa prezidenti Nikola Sarkozi ilə tanış olandan sonra həyatı tamami ilə dəyişir. Məhz o, gözəlin azğın qəlbinin sahibi olur. 2008-ci il fevralın 2-də Yelisey sarayında bu maraqlı cütlük qanuni nikaha daxil olur, Karla Bruni Fransanın birinci xanımı statusunu qazanır. Fransa prezidentinin həyat yoldaşı olandan sonra daha böyük populyarlıq qazanır. Çılpaq fotolar çəkdirən modelin birinci xanım statusuna layiq görülməsini normal qəbul etmək mümkün deyildi. Yəqin ki, məhz buna görə də Karla var gücü ilə dünyaya sübut etməyə çalışırdı ki, o, ağrılı keçmişi silərək dəyişə, qəşəng, işgüzar üslub, şarm timsalı və yeni dəb qanunvericisi ola bilər. Həm də Avropa ölkələrinin bütün dövrlərdə görmək istədiyi birinci xanım olmağa qadirdir. Dünya mətbuatına bomba kimi düşən xəbər böyük səs-küyə səbəb olmuşdu.

“Müasir dünya Fransa Respublikasını dəyişir, bu, heç də pis deyil”.

Bunun səbəblərindən biri odur ki, onun əri, özünün dediyi kimi, “başqa cür prezidentdir”. Fransa prezidentləri adətən boşanıb yenidən evlənmirlər. Onların nikahı asan başa gəlmir. Bundan başqa bu, Nikolun 3-cü nikahı idi. Nikola Sarkozi vəzifəyə gələndən sonra ilk işi bal ayına yola düşmək olduğuna görə, kəskin tənqid atəşinə tutulmuşdu. Hətta Fransanın bəzi qadın jurnalları sarkazmla rəsmi qəbullar zamanı Karlanın əynində alt paltarı olmadığını yazırdılar. Bu evlilik həqiqətən də onların hər ikisi üçün macəralı bir addım idi.

“Ona ərə getmək mənim kimi biri üçün rok və rol idi. Həyatını bir tərzdən o birinə dəyişmək həqiqətən də rok and roldur. Bir çox insanlar bu cür dəyişkiliyə getmirlər. Nikolanın günləri o qədər məşğuldur ki, biz gecələri və axşamları mümkün qədər özümüzə saxlayırıq”.

Bədağızların pis proqnozlarına baxmayaraq, cütlük artıq neçə il idi ki, canbir qəlbdə, mehriban və firavan həyat sürürlər. Hətta Fransa xalqı öz birinci xanımını sevir, gözəlliyi ilə fəxr edirdi! Karla ilə ünsiyyətdə olanlar onun xeyirxahlığı və mehribanlığından ağız dolusu danışırlar. Xeyirxahlıq və nəciblik onun gözlərində öz əksini tapıb. 2011-ci ilin 19 oktyabrında cütlüyün Culiya adlı qızı dünyaya gəlir. 2012-ci ilin iyununda jurnalistlərin səyi nəticəsində məlum olur ki, Karla ikinci dəfə hamilədir. Cütlüyün özü isə bu barədə məlumat verməyib.

Karla Bruni müsahibəsində deyir ki, onun əri “hər şeylə maraqlanır” - tarix, coğrafiya və əlbəttə ki, siyasət - amma Karlanın qəlbini fəth edən onun bağbanlığı olub. “Mən onunla tanış olanda o, Yelisey sarayının bağında gəzirdi, oradakı bütün çiçəklərin adını mənə söylədi. O, çiçəklərin hamısının elmi adlarını bilir, zanbaqlar, qızılgüllər haqqında hər şeydən xəbəri var. Mən öz-özümə dedim: Aman Tanrım, mən bu adama ərə getməliyəm, o, prezidentdir, həm də çiçəklər haqqında hər şeyi bilir”.

Birinci xanımın məlahətli obrazı

İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Birinci xanımların geyimləri isə protokollara və qoyulan müəyyən tələblərə cavab verməlidir. Bu mənada Karla Bruninin zərif üslubunu bir nümunə kimi göstərmək olar. Keçmiş model istənilən geyimi zövqlə geyinməyi bacarır. İştirak etdiyiniz rəsmi ziyafətlərdə, dövlət tədbirlərində, xarici səfərləri, bayram və digər xüsusi günlərdə tələb olunan geyim qaydalarına əməl edir. Zəriflik və incəlik onun üslubunun əsas xüsusiyyətləridir. Gündəlik həyatda Karla klassik üsluba üstünlük versə də cins şalvarlardan vaz keçə bilmir.

Dəb jurnalları Karla Bruni ilə Mişel Obamanı əvvəllər tez-tez bir-bir ilə müqayisə edirlər. Burada təəccüblü heç nə yoxdur, çünki hər ikisinin həyat yoldaşı eyni siyasi dövrdə hakimiyyətə gəlmişdi. Hər ikisi parlaq və görkəmli qadınlardır, hər iksinin müəyyən üslubda özünəməxsus geyim tərzi var və hər ikisi birinci xanım statusuna layiq olmağa çalışırdı.

Karla Bruni “Vanity Fair” jurnalının çıxardığı reytinqə əsasən dünyanın ən yaxşı geyinən 10 birinci xanımlarından biri olub. O, həmçinin “Grazia” Britaniya jurnalının versiyasına görə, ən yaxşı üslubu ilə tanınmış şəxsiyyətlərin illik reytinqində 4-ci yeri tutub. Müğənni və keçmiş model Fransa Prezidenti Nikola Sarkoziyə ərə gedəndən sonra öz imicilə bağlı daha ehtiyatlı davranır. Onun açıq geyimlərini bu gün ciddi paltarlar və baletkalar əvəz edib. Dünyanın aparıcı moda evlərinin etiketləri onun üçün əvvəlki kimi qalır. Karla Bruninin üslubu “Versace”, “Yves Saint-Laurent”, “Chanel”, “Christian Dior”, “Givenchy” və “Paco Rabanne” brendlərinin podiumda nümayişi zamanı formalaşıb. Fransanın birinci xanımının sevimli dizayneri isə “Dior”dur. Hansı ki, bu gün öz üslubunda fəal şəkildə istifadə edir, səylə təbliğ edir. Təkcə donları deyil, ayaqqabı və aksesuarlarının çoxu bu markaya aiddir.

Sarkozinin xanımı sakit, təmkinli qara, boz, göy rənglərə daha çox müraciət edir. Stilistlər ona yaraşan rəngləri: incə yaşılın, zərif çəhrayının və göy rəngin müxtəlif çalarlarını uğurla seçirlər. Mütəxəssislər də birinci xanımı geyimlərində onun italyan mənşəyi olduğunu xatırladan, obrazına xüsusi şarm verən zəngin və mənalı bənövşəyidən, təntənəli qırmızıdan vaxtaşırı istifadə edirlər. Həmçinin xanım Bruni şəkilli geyimləri nadir hallarda daşıyır. Fransanın keçmiş prezidentinin xanımının klassik üz cizgiləri və cazibədar bədəni, cəsarətlə deyə bilərəm ki, bədən quruluşunu vurğulayan istənilən geyimi daşımağa icazə verir. Karla Bruni xarici səfərlərdə həyat yoldaşını boz rəngli işgüzar kostyumda, 50-ci illərin safari stilində olan paltarlarında və təvazökar stildə paltolarda müşayiət edir. Gecə dəvətlərində fərqlənmək üçün orijinal biçimli libaslara müraciət edir. Onu biz həmişə birrəngli geyimlərdə görürük.

Hündürdaban ayaqqabılardan imtina edərək, yastı daban baletkalara üz tutub. Bu isə olduqca təbii haldır. Əgər o, model boyuna hündür daban ayaqqabıları da əlavə etsəydi, uca boy olmayan tərəf müqabili yanında kölgə kimi görünərdi.

Karla Bruni Fransanın dünyaca məşhur olan dizaynerlərinin hazırladığı, sadəliyi və təbiiliyi ilə seçilən zinət əşyalarını geyinir. Yeganə ciddi üslub səhvi bahalı və gözəgəlimli daş-qaşlara olan məhəbbətidir. Hansı ki, onları rəsmi qəbullarda da geyinərdi və bu, qətiyyən protokol qaydalarına uyğun deyildi. Buna görə, ətrafda qıcıq doğurur və tənqid edilirdi. Nikole Sarkozinin 3-cü həyat yoldaşı qalan bütün məsələlərdə yüksəkdə dayanır. Çox qısa müddətdə siyasi və dəb arenasının diqqətini özünə yönəldə bilir.

Birinci xanımın saç düzümü və makiyajı

Məlum olduğu kimi saç düzümü və makiyaj üslubu tamamlayan ən mürəkkəb detallardır. Məhz onları və maksimum təbiiliyi Karla Bruni öz ifasında uğurla tətbiq edir. Saçını illərin eksperimentlərindən keçirəndən sonra birinci xanım sakit və incə tonların üzərində qərar verir: yumşaq dalğalı zülflər, azca kəkil və təbii qəhvəyi. Təntənəli mərasimlərdə saçını yuxarıdan tarım - Odri Xepberinin saç düzümü kimi ( “Tiffanidə səhər yeməyi” filmində) yığır. Yeri gəlmişkən, bu saç düzümü onun üz quruluşuna qeyri-adi dərəcədə yaraşır.

Makiyajı demək olar ki, hiss olunmur. Gözlərini qəhvəyi və boz kölgələr, qəhvəyi tuş, dodaqlarını ziyafət gecələrində zəngin və tünd qırmızı, gündəlik isə kövrək çəhrayı və şaftalı tonları (pomada) ilə vurğulayır.

Hər səhər dadsız cəfəri suyu içir

Karla Bruni 47 yaşını qeyd etsə də yaş ona gözəllik etalonu olmağa mane olmur. Onun modellik karyerasını nəzərə alsaq, birinci gözəllik ritualının sağlam qidalar təşkil etdiyini əminliklə vurğulaya bilərəm. O, sağlam qidalanmaq pərəstişkarıdır və təsadüfi məhsullar onun qida rasionuna daxil ola bilməz. Səhər yeməyindən və nahardan əvvəl Karla tərkibində çoxlu vitaminlər və minerallar olan - 1 stəkan cəfəri suyu içir. Cəfəri suyu qanı təmizləyir və dərini təzələyir. Həmçinin səhər yeməyində çörəyin arasına bir dilim kərə yağı qoyub yeyir. Onun fikrincə, bu üsul dərini nəmləndirməyə xidmət edir. Karla Bruninin sevimli qidaları arasına: kəpəkli çörəyi, qoz, müsli, süd məhsulları, yumurta, tərəvəz, yağsız növ balıq və dəniz məhsulları, eləcə də çiyələk daxildir. Özünə hərdən bir qədəh şərabın dadına baxmağa icazə versə də, spirtli içkilərdən istifadə etmir və demək olar ki, şirniyyat yemir.

Ciddi pəhriz qidalarını müğənni fəal fiziki məşğələlərlə tamamlayır. Karla Bruni idmanı çox sevir, hər səhər təmiz havada qaçır. Yoqa və gimnastikanın xüsusi növü (Tecktonik) ilə məşğul olur.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm