"Yollarda yarışa çıxan məmur övladları cəmiyyətə meydan oxuyurlar" - VİDEO
Bizi izləyin

Nida.az

"Yollarda yarışa çıxan məmur övladları cəmiyyətə meydan oxuyurlar" - VİDEO

“Uçan maşın” gətirib uçacaqlar”- Ekspertdən məmurlara sərt tənqid

Son günlər məmur, deputat övladları, eləcə də bəzi nazirlərin qohumları Bakı küçələrində sanki “formula-1” yarışına çıxırlar.

Bununla bağlı dövlət başçısı dəfələrlə xəbərdarlıq etsə də, hətta bəzi məmurları övladlarının hərəkətlərinə görə vəzifəsindən uzaqlaşdırsa da, belə halların hələ də şahidi oluruq.

Nazirin qardaşı oğlundan “formula-1” şousu

Musavat.com saytının bu gün yaydığı xəbərdə isə məmur qohumunun oğlunun Baskı küçələrində avtoşluq görüntüləri yayılıb. Belə ki, saytın yaydığı videoda avtomobillərin çox sürətlə hərəkət etdiyi görünür. Hətta, bəzi vaxtlarda sürət saatda 260 kilometrə qədər çatır.

Videonu saytın redaksiyasına göndərən oxucu iddia edir ki, videoda dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən “Mersedes S class” avtomobili nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnura məxsusdur.

Qeyd edək ki, video “YouTube” portalına ötən ilin noyabrında yüklənib.

Bundan iki gün öncə isə Elton Məmmədovun digər oğlu - Aynar Məmmədovun da “avtoş”luq görüntüləri yayılmışdı.


“Əyri yollarla qazandıqları pullarla bahalı maşınları alıb gətirirlər, yollarda şütüyürlər”


Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Publika.Az-a açıqlamasında bildirib ki, bu həm hüquqi, həm də əxlaqi pozuntudur. Onun sözlərinə görə, dövlət başçısı dəfələrlə belə hallarla bağlı xəbərdarlıq edib: “Prezident dolayısı yolla “ay balalar, sizin dədələrinizi mən vəzifəyə qoymuşam, niyə harınlayırsınız” deyir. Hesab edirəm ki, bu adamların yiyələrini, böyüklərini başa salmaq lazımdır ki, uşaqlarına sahib çıxsınlar. Siz kimsiniz ki, cəmiyyətə meydan oxuyursunuz? Məsuliyyət yoxdur. Əyri yollarla qazandıqları pullarla bahalı maşınları alıb gətirirlər, istədikləri kimi yollarda şütüyürlər. Burda insanların həyatları təhlükəyə girir. Sabah vurub kimisə öldürürlər, sonra da hansısa yolla cəzadan qurtarırlar”.

“Bakıya “uçan maşın” gətirib göydə uçacaqlar”

Ekspert qeyd edib ki, bu məmur övladları sabah Bakıya “uçan maşın” gətirib göydə uçacaqlar.
Ə. Hüseynov burda digər məqama da diqqət çəkib. Bildirib ki, paytaxtın küçələri kameralarla doludur: “Nə üçün bu videolar mediada, sosial şəbəkələrdə yayılmayana qədər bu adamlar məsuliyyətə cəlb edilmir. Burda iki variant var: Birincisi və ən az ehtimalı ediləni odur ki, bu adamlar sakit formada məsuliyyətə cəlb edilib cərimələnirlər. İkinci və ən çox ehtimal edilən variant isə onların məsuliyyətə cəlb edilməməsidir. İkinci variantın üzərində ona görə çox dayanıram ki, bu adamlar belə hərəkətləri hər gün hər yerdə edirlər”.

“Bahalı nömrəli maşının sahibi deyəcək ki, bu da işıqforda dayansın, mən də?!”

Ekspert bahalı nömrələrə də toxunub.

“Qanunda “bərkgedən” nömrənin dövlət rüsumunu artırdılar. Hazırda kasıbın maşınına vurduğu nömrənin dövlət rüsumu 22 manat, 10-AZ-458 kimi nömrələrin dövlət rüsumu isə ən azı 2500 manatdır. Sabah 22 manatlıq nömrə ilə 2500 manatlıq nömrənin sahibləri işıqforda dayananda, bahalı nömrəli maşının sahibi deyəcək ki, bu da işıqforda dayansın, mən də?! Sürüb gedəcək. Bu məqamları unutmaq lazım deyil”-deyə ekspert diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm