Sarkisyan Ərdoğana cavab verdi: “Türklər düşmənimiz…”
Bizi izləyin

Dünya

Sarkisyan Ərdoğana cavab verdi: “Türklər düşmənimiz…”

Sarkisyan Ərdoğana cavab verdi: “Türklər düşmənimiz…”

Sarkisyan Ərdoğana cavab verdi: "Türklər düşmənimiz…"

 

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı bəyanatına erməni tərəfindən reaksiya verilib.

Publika.Az – xarici mətbuata istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan yazılı açıqlamasında "türklər düşmənimiz deyil" söyləyib.

O, eyni zamanda Türkiyənin baş verənləri etiraf edərək tarixə damğasını vurmaq imkanı olduğunu deyib.       S. Sarkisyan həmin dövrdə özlərini təhlükəyə ataraq ermənilərə yardım edən türkləri də unutmadıqlarını bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki Türkiyə baş nazirinin 1915-ci il hadisələri ilə bağlı verdiyi bəyanatı məmnuniyyətlə qarşıladıqlarını deyib.

Ancaq baş nazir Ərdoğanın bəyanatı erməni diasporunu razı salmayıb. Erməni diasporunun ən nüfuzlu təşkilatlarından olan Amerika Erməni Milli Komitəsinin (ANCA) açıqlamasında "Ankara fərqli üsullarla soyqırımı inkar etməyə davam edir" qeyd olunub. ANCA rəhbəri Aram Hamparyan baş nazir Ərdoğan bu bəyanatla "erməni soyqırımı"nın gətirdiyi məsuliyyətlərdən xilas olmağa çalışdığını ifadə edib.

 

Xatırladaq ki, Türkiyənin baş naziri qondarma erməni soyqırımı günü kimi qeyd olunan 24 aprellə bağlı xüsusi bəyanat yayıb. Baz nazir qeyd edib ki, 24 aprel Türkiyədəki və dünyadakı bütün ermənilər üçün xüsusi məna kəsb edən tarixi məsələdir və bununla bağlı düşüncələrin azad şəkildə bölüşülməsinə dəyərli imkan yaradır: "Osmanlı imperatorluğunun son illəri dini və etnik kökündən asılı olmayaraq bütün xalqları - türk, kürd, ərəb, erməni və digər xalqları təmsil edən milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir zamandır".

 

"Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Birinci Dünya müharibəsi zamanı yaşanan hadisələr hamımızın ortaq acısıdır. Hər din və millətdən olan milyonlarla insanın öldüyü dünya müharibəsi əsnasında kütləvi köç kimi qeyri-insani nəticələrə səbəb olan hadisələrin yaşanması türklərlə ermənilər arasında qarşılıqlı insani rəftar və davranışların qurulmasına əngəl olmamalıdır. Bu günün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni qovğalar yaratmaq qəbuledilməzdir və ortaq gələcəyimizin inşası baxımından qətiyyən yararlı deyil. Zamanın ruhu anlaşılmazlıqlara rəğmən danışa bilməyi, qarşıdakını dinləyərək anlamağa çalışmağı, kompromislərin axtarışını və nifrəti rədd edərək hörməti, tolerantlığı zəruri edir", - bəyanatda deyilir. 

 

Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir neçə ölkənin (Uruqvay, Rusiya, Fransa, Litva, İtaliya, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels, İsveçrə, Kanada, Polşa) parlamenti rəsmən tanıyıb.

 

Ömər Dağlı

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm