“İlham Mirzəyevə görə uşaqlarımla çətin vəziyyətdə qalmışıq”
Bizi izləyin

Qırmızı.az

“İlham Mirzəyevə görə uşaqlarımla çətin vəziyyətdə qalmışıq”

“İlham Mirzəyevə görə uşaqlarımla çətin vəziyyətdə qalmışıq”

“Yoldaşımdan 7 ildir ki, boşanmışıq, amma o, bu illər ərzində aliment borcunu ödəmək istəmir. 2 min manatdan çox aylıq gəliri, evi, maşını olsa da, məhkəməyə saxta sənədlər təqdim edir, ödəniş etməkdən boyun qaçırır. İndiyədək yaxın münasibətdə olduğu İlham Mirzəyev ona himayədarlıq edirdi”.

Bu sözləri 3 oğlu ilə yaşlı anasının pensiyasının ümidinə qalan Əmiraslanova Aygün Baba qızı deyir. Aygün xanım deyir ki, artıq şikayət etməkdən bezib. İllərdir keçmiş həyat yoldaşı Kərimov Nurlan Bəylər oğlu dostu İlham Mirzəyevlə birlikdə onun bütün qapılarını bağlayıb: “Biz Nurlanla ailə quranda o restoranlarda, kafelərdə müğənnilik, tamadalıq edirdi. Elə o vaxtlar da insanları aldadırdı, özünü molla kimi təqdim edir, borc alıb qaytarmırdı. Onun borclarını isə mən ödəməli olurdum. Həmin vaxtlar müəllimə işləyirdim, amma uşaqlar olandan sonra işdən çıxası oldum.

Üçüncü oğlum olandan sonra artıq münasibətlərimiz tamam pisləşmişdi. Kirayə pulunu ödəyə bilmədiyimizə görə, evdən çıxarıldıq, anamın yanında yaşamağa başladıq”.

Aygün xanım deyir ki, bundan sonra ərinin xasiyyəti dəyişməyə başlayıb: “Kişiyə uyğun olmayan geyimlər geyirdi, saçlarının rəngini dəyişirdi, gözlərinə linza qoyurdu. İşlədiyi restoranlara gedib maraqlandım, heç də xoş sözlər eşitmədim. Demək olar ki, evə pul vermir, bizimlə maraqlanmırdı. Bütün bunlardan sonra 2007-ci ildə boşandıq. Suraxanı rayon məhkəməsinin qərarı ilə 3 uşağa görə 50 manat aliment müəyyən edildi”.

Müsahibimin sözlərinə görə, keçmiş həyat yoldaşı illərdir alimenti ödəməmək üçün müxtəlif yalanlar uydurub, məhkəməyə saxta sənədlər təqdim edib: “O, məhkəməyə təqdim etdiyi sənədlərdə özünü Nəsimi rayonunda yerləşən “TekNur” MMC şirkətində fəhlə kimi işlədiyi göstərib. Vegilər Nazirliyinə göndərdiyim sorğuda isə N.Kərimovun “Special” psixologiya mərkəzində çalışdığı bildirilib. O, həmin mərkəzi İlham Mirzəyevin dəstəyi ilə 2012-ci ildə açıb. Onun nə psixologiya, nə tibbi, nə də pedoqoji sahədə ali təhsili yoxdur. Bir psixoloqumuz restoranlarda gəzən, bir psixoloqumuz isə falçıdır. İ.Mirzəyev falçılıq edir, Nurlan əvvəl restoranlarda tamadalıq, müğənnilik edir, bir tərəfdən də insanları aldadırdı. Alimentin icrasından qəsdən yayınan, uşaqları ilə maraqlanmayan, onların rəngini belə bilməyən bir insan başqalarının uşaqlarına necə psixoloqluq edə bilər? Üstəlik, efirə çıxır, insanlara atanın övladına necə yanaşması barədə məsləhət verir.

Məhkəmənin sonuncu qərarına əsasən, ayda 286 manat ödəməlidir. İcra məmurlarından alimenti tələb edəndə mənə belə cavab verirlər ki, “Nurlan telefonunu, noutbukunu satıb alimentin bir hissəsini ödəyir”. 7 ildir Nurlanın nəyisə satıb alimenti ödəyəcəyi deyilir. Üstəlik, həmin mərkəzi işlətmək üçün 5500 manat rüsum ödəməlidir, rəsmi icazəsi yoxdursa, təhsili olmadan fizioterapevt kimi necə çalışır?”

Bu ilin mart ayında Aygün xanımı məhkəməyə çağırıb Nurlanın aliment ödəyəcəyini deyiblər: “Nurlan və anası Şəfəq də orada idi. Aliment ödəniləndən sonra qaynanam uşaqlarıma və mənə söyüş söydü, qarğış elədi. Amma sonradan mənə qarşı qaynanama vurub xəsarət yetirməyimlə bağlı cinayət işi açıldı. Baxmayaraq ki, otaqda kameralar var idi, onu açıb, hadisənin necə baş verdiyini görə bilərdilər. O qədər kişinin yanında mən onu necə döyə bilərdim ki? Mənim qarşıma isə şərt qoyulub, ya alimentdən imtina etməli, ya da mənə qarşı cinayət işi açılmalıdır”.

A.Əmiraslanova deyir, saxtakarlıqda Nurlana kömək edən İ. Mirzəyevin yanına gedib, işlərinə qarışmamasını deyib: “Amma o məni dinləmədi, sonra yenidən onun mərkəzinə getdim, bu dəfə isə qapıda dedilər ki, İ.Mirzəyevin qəbuluna düşmək üçün 50 manat ödəməliyəm. Axı efirdə başqalarına ağıl verən bir insan, niyə bir qadının, uşaqlarının bu qədər əziyyət çəkməsinə şərait yaradır? İlham Mirzəyev kimi insanlara görə, uşaqlarım və mən çətin vəziyyətdə qalmışıq. O elədiklərinin cəzasını aldı, mənim kimi həyatını məhv etdiyi insanların ahı onu tutdu. O həbsdə olsa da, keçmiş yoldaşım yenə də işinin başındadır və hələ də atalıq borcunu yerinə yetirmir”.

Müsahibim deyir ki, oğlanlarının yaşı az olsa da, onları evdə tək qoyub işləyə bilmir. Anasının təqaüdü isə 5 nəfərin dolanması üçün çox azdır. İndi Aygün xanım aidiyyəti qurumlardan onun və övladlarının hüquqlarının qorunmasını tələb edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm