Sülhəddin Əkbər Milli Şurada fəaliyyətinə xitam verdi - Müsahibə
Bizi izləyin

Nida.az

Sülhəddin Əkbər Milli Şurada fəaliyyətinə xitam verdi - Müsahibə

İyulun 6-da təsis qurultayı keçirilən Azad Demokratlar Partiyasının sədri seçilən Sülhəddin Əkbərin Publika.az-a müsahibəsi

- Sülhəddin bəy, yeni təsis edilən partiyanızın digər partiyalardan əsas fərqi nədən ibarət olacaq?

- Bizim çox geniş, hərtərəfli proqramımız var. Mənə elə gəlir ki, bu proqram genişliyi və dərinliyinə görə digər partiya proqramlarından fərqlənir. Siyasi baxımdan fərqə gəlincə, bizim partiya siyasi-ideoloji dərinliyi olan bir partiya olacaq. Digər partiyalar ideoloji işi ümumiyyətlə aparmırlar, ya da çox zəif aparırlar.

Digər fərq elan etdiyimiz prinsiplərə sadiqlik nümayiş etdirməyimizdə olacaq. Yəni konyunkturaya görə siyasi prinsiplərimizdən vaz keçməyəcəyik. Düzdür, bu çox çətin olacaq. Amma hər halda prinsiplərimizə sadiq qalmağa çalışacağıq. Siyasi münasibətlər qurarkən də buna sadiq qalacağıq. Strateji münasibətləri o partiyalarla quracağıq ki, ideoloji xətlərimiz üst-üstə düşsün, ya da heç olmasa yaxın olsun. Eyni zamanda, bu yaxınlıq xarici siyasət oriyentasiyasında da olmalıdır. Digər tərəfdən, ölkədə o qüvvələrlə birlikdə ola bilərik ki, qarşılarına ölkənin demokratikləşdirilməsi məqsədini qoysunlar. Bununla yanaşı, orta sinfin partiyası olacağıq. Azərbaycanda orta sinfin fikir və maraqlarının ifadə edəcəyik. Fərqlərimiz bütün sahələrdə olacaq.

- Hansı formalı birliklərdə təmsil olunmaq fikriniz var?

- Biz hansısa siyasi birliyin, yaxud siyasi partiyanın ətrafında yaradılan birliklərin heç birində olmayacağıq. Bu da fərqli yanaşmamızdan biridir.
Siyasi münasibətlərdə çalışacağıq ki, öz prinsiplərimizi, liberal dəyərləri, Avropa standartlarını əsas götürək. Siyasi ritorikada diqqətli olacağıq. Çünki Azərbaycan müharibə şəraitində olan ölkədir. Ölkədə siyasi partiyalar arasındakı münasibətlərdə böyük uçurum var. Bu baxımdan siyasi həmrəyliyə ehtiyac olduğunu düşünürük. Milli məsələlərdə bütün siyasi qüvvələrlə əməkdaşlığa və dialoqa üstünlük veriləcək.

- Milli Şurada təmsilçilik necə olacaq?

- Dünən qurultaydan sonra sessiya keçirdik. Partiyanın qərarına uyğun olaraq, Milli Şurada olan üzvlərimizin hamısının bu qurumdakı fəaliyyəti dayandırıldı. Qərar verdik ki, yalnız siyasi-ideoloji xəttə uyğun olan birlikdə olaq. Birliklərdə iştiraka gəlincə, ölkənin bütün demokratik potensialını mobilizasiya edən geniş əsaslı milli-demokratik qüvvələrin birliyi olarsa, iştirak edəcəyik. Siyasi liderlər, yaxud siyasi partiyalar ətrafında yaradılan birlikdə iştirak etmək fikrimiz yoxdur. Bu xətti davam etdirəcəyik. Bu da fərqli yanaşmalarımızdan biridir.

- Üzvlərinizin tərkibində hansı dəyişiklik olacaq?

- Partiyamıza müxtəlif siyasi keçmişi olan şəxslər üzv olublar. Hakim partiyanın sabiq üzvləri, AXC-nin, AXCP-nin üzvləri, keçmiş müsavatçılar, ADP-çilər, ACP-çilər və heç bir partiyada təmsil olunmayan şəxslər partiyamıza üzv olublar.

- Son vaxtlar qeyri-ənənəvi dini təriqətlər mövzusu gündəmdədir. Belə təriqətlərə yaxın olan şəxslərin partiyanıza üzvlük məsələsinə necə yanaşırsınız?

- Əsas prinsiplərimizdən biri azadlıqdır. Eyni zamanda, insan hüquq və azadlıqlarını təminat altına almaqdır. Vicdan azadlığı da fundamental azadlıqlardan biridir. Biz buna prinsipial yanaşırıq. Üzvlərimiz dinə inana da bilər, inanmaya da. Yaxud istədiyi dinə xidmət edə bilər. Belə şəxslərin partiya üzvlüyünə və partiyada fəaliyyətinə heç bir maneəçilik yoxdur. O başqa məsələdir ki, Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə zidd hərəkət edən varsa, üzv qəbul edilməyəcək, eləcə də üzvlükdən xaric ediləcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm