İlham Əliyev: "İnkişafımız göz qabağındadır" (FOTO)
Bizi izləyin

Nida.az

İlham Əliyev: "İnkişafımız göz qabağındadır" (FOTO)

Bu gün Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət mərkəzinə çevrilib.

Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 22-də Xızıda Heydər Əliyev Mərkəzinin açılışı mərasimində deyib.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev bildirib: "Sizi ürəkdən salamlayıram. Yenidən Xızıda olmağımdan çox şadam. Bu, Xızıya mənim üçüncü səfərimdir. Yadımdadır, keçən dəfə xəstəxananın açılışını qeyd etmişik. Bu gün də bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışında bir yerdəyik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl bir Mərkəzdir, çox gözəl binadır. Həm xarici görünüşü, həm daxili tərtibatı ən yüksək səviyyədədir. Çox böyük zövqlə tikilibdir".

Dövlət başçısı əminliyini bildirib ki, Xızı rayonunun sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər: "Çünki bu Mərkəzdən gənclər, yeniyetmələr, yaşlı nəslin nümayəndələri müxtəlif istiqamətlər üzrə istifadə edə bilərlər. Həm funksional, həm memarlıq baxımından çox gözəl bir yerdir. Burada fəaliyyət göstərəcək dərnəklərdə gərək gənclər iştirak etsinlər və bu Mərkəz yaşamalıdır. Çünki belə gözəl bina tikilib və əlbəttə ki, bunun funksional tərəfi də yüksək səviyyədə təşkil edilməlidir. Mərkəz Ulu Öndərin adını daşıyır və bu da təbiidir. Çünki Heydər Əliyev müstəqilliyimizin banisidir. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır, güclənir".

İlham Əliyev qeyd edib ki, ölkəmiz üçün ən ağır dövrdə xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə son qoyub, ölkəmizi inkişaf yoluna çıxarıb: "Bu gün biz bu siyasətə bütün istiqamətlər üzrə sadiqik və ölkəmizin uğurlu inkişafı bu siyasətin nəticəsidir. Bu inkişafı biz Xızı rayonunun timsalında da görürük. Çünki bildiyiniz kimi, Xızı o qədər də böyük rayon deyil, əhali də 15 min civarındadır. Buna baxmayaraq, Xızının sosial-iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Biz bu tədbirləri ardıcıllıqla görürük ki, bütün insanları narahat edən məsələlər öz həllini tapsın. Magistral yoldan Xızıya gözəl bir yol çəkilib. Bu yol əvvəlki dövrdə o qədər də yaxşı vəziyyətdə deyildi. İndi ən gözəl standartlara uyğundur. Burada digər yol layihələri icra edilir. Bu yaxınlarda kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılmışdır. Altıağac kəndinə qədər gedən yol əsaslı şəkildə tikiləcəkdir. Digər yol layihələri indi həllini gözləyir və o məsələlər də həll olunacaqdır. Şurabad kənd yolu da tikilməlidir. Bu məqsədlər üçün də vəsait ayrılacaq".

Dövlət başçısı bildirib ki, yol infrastrukturu əsasdır və indi ölkəmizin bütün yerlərində kənd yolları prioritet kimi gündəlikdədir: "Yol olanda əlbəttə ki, rahatlıq da, inkişaf da olur. Xızının turizm potensialı çox böyükdür. Burada çox gözəl təbii şərait var - gözəl dağlar, təmiz hava. Bu gün mənə yeni layihə təqdim olundu. Gözəl otelin tikintisi nəzərdə tutulur. Yəni, bu sahədə əlavə tədbirlərin görülməsi əlbəttə ki, rayonun iqtisadi potensialını artıracaqdır. Çünki ilk növbədə yol olmalıdır, infrastruktur layihələri icra edilməlidir. Hər rayon üçün onun spesifikasına uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə tutulur, o cümlədən Xızı üçün. Bildiyiniz kimi, üçüncü regional inkişaf proqramında Xızı rayonunun inkişafı üçün bütün lazımi tədbirlər nəzərə alınıb. Keçən dəfə burada olarkən biz xəstəxananın açılışını qeyd etmişik. Bu, çox gözəl tibb ocağıdır. Həm gözəldir, həm də ki, orada quraşdırılan bütün avadanlıq dünya klinikalarından geri qalmır. Hesab edirəm ki, bu da insanların sağlamlığına çox böyük töhfədir".

Prezident İlham Əliyev vurğulayıb ki, Xızı rayonunda kənd təsərrüfatının inkişafı üçün çox önəmli addım atılmışdır: "Suvarma layihəsinə start verildi və bu layihə Taxtakörpü su anbarının tikintisindən sonra mümkün olmuşdur. Taxtakörpü su anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft sektorunda infrastruktur layihələri arasında bəlkə də ən böyüyüdür, kənd təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Samur-Abşeron kanalı, Taxtakörpü su anbarı, elektrik stansiyası, Taxtakörpü-Ceyranbatan kanalı - bu layihələr artıq icra edilibdir. Beləliklə, biz Samur çayının sularından istənilən həcmdə istifadə edirik. İndi isə biz artıq bu kanal üzərində yerləşən rayonların kənd təsərrüfatına da ciddi diqqət göstəririk".

Azərbaycan Prezidentinin sözlərinə görə, Siyəzən, Şabran və Xızı rayonlarında böyük həcmdə yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır. Xızı rayonunda isə doqquz min hektar torpaq su ilə təmin ediləcəkdir: "Hazırda Xızı rayonunda suvarılan torpaqların sahəsi üç min hektardır. Yəni, indikindən üç dəfə çox torpaq suvarılacaqdır. Beləliklə, fermerlər üçün əlavə imkanlar yaranacaqdır. Fermerlər gərək o torpaqlardan səmərəli şəkildə istifadə etsinlər. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti birlikdə bu işlərlə məşğul olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların nomenklaturasını müəyyən edək. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük layihədir, böyük töhfədir. Əminəm ki, yaxın vaxtlarda - bir il ərzində artıq bütün lazımi şəbəkə qurulacaqdır. İndi boru xətləri və kanallar tikilməlidir ki, hazırda səhraya bənzəyən o torpaqlar artıq gülüstana çevrilsin. Bax, budur bizim konkret gördüyümüz işlər".

Dövlət başçısı qeyd edib ki, Xızı rayonunun gələcək inkişaf ilə bağlı, əlbəttə ki, əlavə tədbirlər görüləcəkdir: "Mən bilirəm ki, problemlər də vardır. Onların arasında birinci problem içməli su problemidir. Bildiyiniz kimi, indi ölkə üzrə bu problem tədricən öz həllini tapır. Əminəm ki, üçüncü regional inkişaf proqramının icrası nəticəsində bizim bütün şəhərlərimizdə içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Xızı rayonunda. Bilirəm ki, mənbənin müəyyən edilməsi ilə bağlı müxtəlif çətinliklər vardır. O məsələ də öz həllini tapacaqdır. Yəni, Xızı rayonuna da təmiz, içməli su gətiriləcəkdir. Çünki biz indi bu layihələrə böyük diqqət göstəririk. Artıq son vaxtlar bir neçə şəhərə təmiz içməli su gətirilibdir. Eyni zamanda, kanalizasiya layihələri də bərabər aparılır, o cümlədən Xızıda da bu məsələ öz həllini tapacaqdır. Yəni, son vaxtlar aparılan işlər onu göstərir ki, biz bütün problemləri ardıcıllıqla həll edirik və həll edəcəyik. Misal üçün, bu gün Xızıda qazlaşma doxsan faiz təşkil edir. Amma vaxtilə burada qaz yox idi, yollar yox idi. Yollar tikilibdir. Xəstəxana yox idi, xəstəxana tikilibdir. İndi içməli su layihəsi də icra ediləndən sonra demək olar ki, əsas infrastruktur məsələləri həll olunacaqdır.

Suvarma layihəsinə start verildi. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilir. Təkcə o qalıb ki, insanlar bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər, işləsinlər və öz əməyi ilə ölkəmizi daha da möhkəmləndirsinlər. Bizim ümumi inkişafımız göz qabağındadır. Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır və ölkədə böyük quruculuq işləri aparılır".

Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadiyyatımız artır, sosial məsələlər həll olunur. Ölkədə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür: "Bir sözlə, bu gün Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Biz bu işləri ardıcıllıqla görürük. Hər bir istiqamət üzrə bu işlər konkret proqram əsasında aparılır, o cümlədən rayonların inkişafı və Xızı rayonunun gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Daha da böyük işlər görüləcəkdir, insanlar daha da yaxşı yaşayacaqlar. Əminəm ki, dediyim məsələlərin reallaşması nəticəsində biz hələ sizinlə çox görüşəcəyik. Çünki gələcəkdə burada yenə də böyük açılışlar olacaqdır. Sizi bir daha salamlayıram. Sizə ən xoş arzularımı çatdırıram".



























































Oxumağa davam et
Reklam
Reklam

Gündəm