Qırmızı.az
5 il ərzində KİV-ə Dəstək Fonduna 17 milyon manat ayrılıb
"Tarixə nəzər salsaq, görərik ki,
zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin
şərəfli inkişaf yolu keçib".
ANS PRESS-in məlumatına görə, bunu Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar
keçirilən tədbirdə çıxışı zamanı deyib:
"Hörmətli jurnalistlər! Xanımlar və cənablar! Bu
gün Azərbaycan milli mətbuatının 139-cu ildönümü tamam olur. Sizin
hamınızı və bütün Azərbaycan jurnalistlərini bu münasibətilə səmimi
qəlbdən təbrik edirəm. Azərbaycan milli mətbuatı XlX əsrin II
yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və
mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri
altında təşəkkül tapmağa başladı. Həmin dövrdə imperiyada həyata
keçirilən liberal islahatlar Azərbaycanda milli burjuaziyanın
formalaşmasına və maarifçilik hərəkatının inkişafına əlverişli
zəmin yaratdı".
PA rəsmisi qeyd edib ki, Azərbaycan dilində ilk
informasiya nümunələri XlX əsrin 30-40-cı illərinə təsadüf edir.
Lakin 1832-ci ildə buraxılan "Tiflis əxbarı" və 1845-ci ildə
fəaliyyətə başlayan "Qafqazın bu tərəfinin xəbərləri" adlanan
nəşrlər ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri idi və
milli mətbuat nümunələri hesab edilmirdilər: "Qeyd edilməlidir ki,
həmin dövrdə Cənubi Qafqazda 20-yə yaxın rus, 15 gürcü, o qədər də
erməni dilində mətbuat-informasiya vasitəsi nəşr edilirdi. Çar
Rusiyası sadəcə olaraq Azərbaycan dilində mətbuat orqanının
yaradılmasına, Cənubi Qafqazın müsəlman əhalisinin savadlanmasına
imkan vermirdi. Bu da həmin dövrdə rus imperiyasının həyata
keçirdiyi dini və milli ayrı-seçkilik siyasətinin bariz nümunəsi
idi. Odur ki, görkəmli ziyalı, maarifçi və publisist, böyük
mütəfəkkir alim və naşir Həsən Bəy Zərdabinin təşəbbüsü, fədakar
əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin -
"Əkinçi" qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi və
həmin gün - 22 iyul 1875-ci il Azərbaycanda milli mətbuat günü
hesab olunur. Azərbaycanda milli mətbuat tarixini şərti olaraq 4
mərhələyə bölmək olar".
Onun sözlərinə görə, birinci mərhələyə
1875-1918-ci illəri aid edirlər: "22 iyul 1875-ci ildə "Əkinçi"
qəzetinin ilk nömrəsinin çapı ilə Azərbaycan milli mətbuatının
əsası qoyulmuşdur. İki ilə yaxın fəaliyyət göstərən "Əkinçi" Mirzə
Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa
Gorani, Ələkbər Heydəri kimi açıq fikirli, saf əqidəli milli
ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət,
ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı
materiallar dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə
aparmış, dini mövhumata, xurafata və cəhalətə qarşı fəaliyyət
göstərmişlər. İlk növbədə özünün milli maarifçilik ideyası və
xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə,
məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və
digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirərək, onları
milli jurnalistika məktəbi səviyyəsində təbliğ
etmişlər".
Ə.Həsənov deyib ki, XlX əsrin ikinci yarısı - XX
əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən
"Ziyayi-Qafqaziyyə", "Kaspi", "Kəşkül", "Şərqi-rus", "Həyat",
"İrşad", "Molla Nəsrəddin" və digər milli Azərbaycan nəşrləri
yaranmış, fəaliyyət göstərmiş və milli oyanış, milli özünüdərk
prosesinin aparıcı nümunələri kimi şöhrət qazanmışlar: "Həmin
dövrdə milli öndərlərimiz və aydınlarımızdan Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Məhəmməd
ağa Şahtaxtılı, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Əli Nəzmi və
digərləri millətin böyük maarifçilik tribunasına çevrilmiş milli
mətbuatımızın səhifələrində xalqımızın milli-mənəvi dəyərlərinin
qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin,
milli şüurun formalaşmasına mühüm töhfələr vermiş, ən əsası
Azərbaycan xalqının azadlıq arzularının gerçəkləşməsində böyük rol
oynamışlar".
PA rəsmisi bildirib ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə - 1918-1920-ci illərdə Azərbaycan milli
mətbuatı öz inkişafının ikinci mərhələsinə qədəm qoymuş, milli
müstəqilliyin möhkəmləndirilməsi, milli dövlət, milli-mədəni
quruculuq sahəsində AXC-nin fəaliyyətinin geniş kütlələrə
çatdırılması və təbliğ olunması istiqamətində hərtərəfli fəaliyyət
göstərmişdir: "Bu mərhələdə milli mətbuatın əsas missiyası müstəqil
dövlətçiliyə və milli inkişafa xidmət üzərində qurulmuşdur. Həmin
dövrdə demokratik prinsipləri, o cümlədən söz və mətbuat azadlığını
təsbit edən rəsmi hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və
Ceyhun bəy Hacıbəyovların rəhbərliyi ilə "Azərbaycan" qəzeti
fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu iki il ərzində "Açıq söz", "İstiqlal", "Azərbaycan",
"Bəsirət", "İttihad", "Kaspi" qəzetləri, "Qurtuluş", "Əfkar",
"Övraqi-nəfisə" jurnalları da daxil olmaqla ölkədə 129 qəzet və
jurnal nəşr olunmuşdur. Həmin dövrün mətbuatı "Əkinçi" ənənələrini
davam etdirməklə yanaşı, Əlimərdan Topçubaşov, Əhməd Ağaoğlu,
Məmməd Əmin Rəsulzadə, Nəsib Yusifbəyli, Əli Hüseynzadə, Məhəmməd
Hadi, Abdulla Şaiq, Firudun Köçərli, Əbdürrəhim Haqverdiyev,
Süleyman Sani Axundov və digər milli aydınlara, qabaqcıl
ictimai-siyasi siyasi xadimlərə, mədəniyyət nümayəndələrinə,
maarifçi qələm sahiblərinə geniş meydan verərək milli-müstəqillik,
dünyəvi, demokratik cəmiyyət quruculuğu ideyalarının carçısı olmuş,
Azərbaycan Xalq Cümhuriyyətinin dünyada tanıdılması işinə böyük
töhfələr verib".
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan milli
mətbuat tarixinin 1920-1991-ci illəri əhatə edən üçüncü mərhələsi
Sovet hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə mətbuat
partiyalı mövqeyi ilə seçilərək, "sosializm realizmi" və kommunizm
ideyalarının təbliği ilə məşğul olmuş, bütün SSRİ-də olduğu kimi,
Azərbaycan jurnalistikası da ideoloji buxovlar və sərt senzura
şəraitində fəaliyyət göstərək məcburiyyətində qalmışdır: "Bununla
yanaşı, həmin illərdə milli mətbuatımız texniki imkanları və məzmun
cəhətdən öz inkişafını davam etdirib, Azərbaycanda yeni teleradio
jurnalistikası təşəkkül tapmış, kütləvi informasiya vasitələrinin
coğrafiyası və tematikası genişlənərək respublikanın ictimai-siyasi
həyatının bütün sahələrini əhatə edib. Azərbaycan televiziyası və
radiosu, "Kommunist", "Kənd həyatı", "Bakinski raboçi", "Vışka",
"Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakı-Baku" və
digər tanınmış mətbuat orqanlarında kommunist ideologiyası və
təbliğatı ilə yanaşı, iqtisadi, elmi, mədəni inkişafla əlaqədar
məsələlər də öz əksini tapıb. 1969-cu ildə ümummilli lider Heydər
Əliyev respublikada rəhbərliyə gəlməsindən sonra, sovet
senzurasının mövcudluğuna baxmayaraq, yerli kütləvi informasiya
vasitələrində Azərbaycan Respublikasının milli obrazının,
azərbaycançılıq ideyasının, milli vətənpərvərlik hissinin təbliği,
ana dilinin inkişaf etdirilməsi, milli şüurun və özünüdərkin
formalaşdırılması prosesinə rəvac verilmiş və bu xətt sonrakı
dövrdə geniş vüsət almışdır. Sovet hakimiyyəti illərində Azərbaycan
mətbuatı nəinki özünün keçmiş zəngin milli ənənələrini qoruyub
saxlaya bilmiş, həm də jurnalistikada yeni-yeni nailiyyətlərə imza
atılmışdır. Mətbuat öz maarifçilik funksiyasını davam etdirərək
respublikanın ictimai-siyasi və mədəni həyatının ayrılmaz tərkib
hissəsinə çevrilib".
PA-nın şöbə müdiri qeyd edib ki, ötən əsrin 90-cı
illərindən başlayaraq müstəqillik uğrunda xalq hərəkatı və milli
mübarizə, dövlət müstəqilliyinin əldə edilməsi və milli dövlət
quruculuğu proseslərinin gedişində Azərbaycan milli mətbuatının
inkişafının yeni - dördüncü mərhələsi başlanmış və bu gün də bu
proses davam etməkdədir: "1993-cü ildə xalqın tələbi ilə
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğununun mühüm tərkib
hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını,
demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun
hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin
təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas
vəzifələri kimi müəyyən edib. Məhz Heydər Əliyevin siyasi iradəsi
və böyük səyləri nəticəsində söz və məlumat azadlığı, hər kəsin
sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ 1995-ci ildə
qəbul edilmiş Konstitusiyada öz əksini tapıb. Sonrakı illərdə bu
prinsip hüquqi norma kimi dövlət həyatının bütün sahələrində təsbit
edilmiş, siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran bütün
senzura və dövlət tənzimləmə mexanizmləri ləğv edilmiş, KİV-in
inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılmış, bu
sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq
standartlara uyğunlaşdırılıb. Buna paralel olaraq Heydər Əliyevin
imzaladığı fərman və sərəncamlara əsasən həyata keçirilmiş çoxsaylı
tədbirlər mətbuatın maddi-texniki bazasının, iqtisadi
müstəqilliyinin gücləndirilməsində, jurnalistlərin azad fəaliyyəti
üçün əlverişli şəraitin təmin edilməsində əvəzsiz rol
oynamışlar".
Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev prezidentlik
fəaliyyətində həmişə jurnalistlərlə yaxın təmasda olmuş, onların
sosial, maddi və mənəvi problemləri ilə maraqlanmış və qələm əhlinə
heç vaxt öz köməyini əsirgəməyib: "Hesab edirəm ki, mətbuat-dövlət
münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf
etdirilməsi ümummilli liderin Azərbaycan mediası və cəmiyyəti
qarşısında mühüm xidmətlərindən biridir. 2002-ci ilin martında
Heydər Əliyevin Azərbaycan "Jurnalistlərinin dostu" seçilməsi
ümummilli liderin söz və məlumat azadlığına, kütləvin informasiya
vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi
olub. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi,
kütləvi informasiya vasitələri sahəsində də əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş siyasət və formalaşmış ənənələr,
Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal
islahatlar konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə
alınmaqla davam etdirilib".
PA rəsmisinin sözlərinə görə, müstəqil medianın
inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat
orqanlarının "Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər
beş ildən bir milli mətbuatın, televiziya və radionun
yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının
dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara
birbaşa maliyyə yardımının göstərilməsi və s. 2003-cü ildən sonrakı
dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısıdır.
Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini
yüksək səviyyəyə qaldıraraq rəsmiləşdiribvə şəffaflaşdırıb: "İlham
Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca
məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni
zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli
maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı
olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və
sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət
dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə
xidmət edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə
yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin
maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış
vəsaitin həcmi 17 milyon manatı keçib".
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO