Afrikanın yaşayan canlı əfsanəsi…
Bizi izləyin

İdman

Afrikanın yaşayan canlı əfsanəsi…

Kasıb ailənin cənnətlik uşağı

Didie Droqba 11 mart 1978-ci ildə Fil Dişi Sahilinin ən böyük şəhəri və keçmiş paytaxtı Abicanda dünyaya göz açıb. Beş yaşındaykən ailəsi onu Fransada yaşayan əmisinin – keçmiş futbolçunun yanına göndərir, amma üç il sonra ev həsrəti onu vətənə geri qaytarır. Ata-anasının işlərini itirməsinin ardından bir daha əmisinin yanına gedir. Sonradan ailəsi də ora köç edir və Didie onlarla birlikdə yaşamağa başlayır. Vətənində avtodayanacaqlarda oynadığı futbolu həvəskar gənc komandalarla yaşıl meydana daşıyır və tədricən fərqli bir səviyyəyə keçid alır. Gənc oyunçu karyerasına “Levallois” klubunda başlayır. Gənc komandada uğurlu oyunu və vurduğu qollarla diqqət çəksə də, baş məşqçinin gözünə girməyi bacarmır. Universitetdə mühasib ixtisası üzrə təhsil almaq üçün şəhər dəyişdirən Drogba 1997-ci ildə Fransa Liq 2. Klublarından “Le Mans”a transfer olur.

Fransa günləri

Ailəsindən uzaq qaldığı üçün məşqlərdə sıxıntı çəkən və tez-tez zədələnən Droqbanın total futbola adaptasiyası tam 4 il çəkdi. 1999-cu ildə ilk peşəkar müqaviləsini imzalayan Droqbanı irəlidə hələ çətin günlər gözləyirdi. Həyat yoldaşı Allanın ilk övladını dünyaya gətirməsindən sonra Droqbanın məsuliyyəti birə-beş artdı. Bu müddət ərzində liqada 30 oyuna çıxdı və 7 qol vurdu, amma sonrakı mövsümdə yaşadığı zədə onu bir müddət futboldan uzaqlaşdırdı. Nəhayət, Liq 1. komandalarından “Guingamp”a transfer olan Didie Droqba özünü göstərməyə başladı. Peşəkar futbola gec addım atan Droqba, beləcə, ilk dəfə bu fürsətə 23 yaşında sahib olacaqdı.

Droqba “xəyallarının komandası”nda

“Guingamp”da mövsümün yarısında uğur qazana bilməyən Droqba fasilədən sonra özünü doğrulda bildi. Onun Fransa futbolunun köklü klublarından olan “Lion”a qarşı son 20 dəqiqədə göstərdiyi oyun və vurduğu qol azarkeşlərin rəğbətini qazanmasına səbəb oldu. Oyunun kritik anında fərqlənməsi komandaya stimul qazandırdı, bu həm də onu gələcəkdə böyük uğurlar gözlədiyindən xəbər verirdi. Stadionda səslənən “Abicanlı uşaq” sədaları onu qürürlandırırdı. 2002-2003 mövsümündə liqada 34 matçda 17 qol, Fransa Kubokunda 3 oyuna 4 qol vuran istedadlı futbolçu komandasının hörmətini qazandı. Mövsümün sonunda 3,3 milyon avro qarşılığında “xəyallarının komandası” “Marsel”ə transfer oldu. Bu klubda da onu uğur gözləyirdi. 35 oyunda vurduğu 19 qolla snayperlər cədvəlində üçüncü olarkən “Çempionlar Liqası”nın qrup mərhələsində 5, komandasının finala qədər apardığı “UEFA Kuboku”nda da 6 qol vurmuşdu. UEFA Kubokunun 3-cü turunda ümumi hesabda 1:0 hesabla məğlub etdikləri “Dnipro”ya vurulan yeganə qolun müəllifi məhz Drogba idi. 1/16 mərhələsində “Liverpool” komandasının qapısına hər iki oyunda da qol vura bilmişdi. 1 /4 finaldakı “İnter” klubu ilə mübarizədə 180 dəqiqədə tək qolun müəllifi də o idi. “Newcastle United” ilə yarımfinalda iki qola yenə də o imza atmışdı. Fransada ilin futbolçusu seçilən Droqba elə ilk mövsümdəcə transfer olduğu əfsanəvi “Marsell”dən də erkən ayrılacaqdı. Bir çox klublardan cazibədar təkliflər gəlməyə başlamışdı. Droqba bir yandan klubdan ayrılmaq istəməsə də, təkliflər diqqət çəkirdi.

Unudulmaz “Çelsi” və Droqba

2003-cü ildə rus milyarderi Roman Abramoviçin aldığı “Çelsi” onun yüksəksəviyyəli performansına diqqətsiz qalmayan klublardan biri idi. Transfer təklifləri nə az-nə çox, tam 44.5 milyon dollar civarındaydı. Rio Ferdinand və Juan Sebastian Verondan sonra ən bahalı transfer olaraq Drogbanı “Premier Liqa”da böyük imtahan gözləyirdi. Ya gözlənənlərə rəğmən, xəyal qırıqlığı yaraşayacaq, ya da artıq dünya səviyyəli bir ulduz futbolçu olaraq qəbul ediləcəkdi. Droqbanın uzun futbol marafonu bundan sonra start götürürdü.

“Çelsi”də ilk sezonda zədə səbəbi ilə əvvəlcə 5, sonra 3 həftə komandadan ayrı qalan Droqba son üç həftədə yenə zədə səbəbilə forma geyinə bilmədi, amma sonrakı bütün oyunlarda meydandaydı. Liqada 27 matçda forma geyən ulduz oyunçu 10 qol vurub, 4 asist də etdi; “Çempionlar Liqası”nda isə 9 oyunda 5 qola imza atdı. “Liverpool” ilə oynanılan Liqa Kuboku finalının uzatma dəqiqələrində vurduğu qolla bütün azarkeşlərin rəğbətini qazandı. Həmin mövsüm “Çelsi” 50 il fasilədən sonra tarixində ikinci dəfə çempionluğa yiyələnərkən Droqba komandanın bir nömrəli hücumçusu idi.

İngiltərənin yeni ulduzu

İngiltərəyə asanlıqla alışan fildişili oyunçu artıq buranı sevməyə başlamışdı. Ancaq 2005-2006-cı illər mövsümü isə onun üçün çox gözəl başlayacaqdı. “Arsenal” ilə “Community Shield” kuboku matçında 2:1 hesablı qələbədə onun payı böyük idi. Hər iki qolda məhz Drogbanın imzası vardı. Ümumiyyətlə, mövsüm ərzində göstərdiyi performansı saxlaya bilirdi. Liqada 12, “FA Cup” və “Çempionlar Liqası”nda 1, ümumilikdə isə mövsümdə 16 qol vurmuşdu. Milli komanda forması ilə 9 matçda 7 qolluq nəticə sərgiləyən ulduz oyunçu bir ildə cəmi 50 oyuna çıxdı. O, futbola ilk başladığı illərdən xeyli fərqli görünürdü. Amma bu qədərlə də kifayətlənməyəcəkdi, daha da irəliləyəcəkdi.

2006-2007-ci mövsümündə Droqba 61 oyunda meydana çıxmışdı. Liqada isə sadəcə iki matçdan sonra Joze Mourinyo ona istirahət verdi. Burada isə “Çelsi”nin çempionluğu artıq təmin olmuşdu. Onu qol kralı edən 20 qolluq performansına “Çempionlar Liqası”nda 6, “FA Cup” da 3, Liqa Kubokunda 4 qol əlavə edərkən, “zadəganlar” adına bir mövsümdə cəmi 60 matçda forma geyinib 33 qol vura bilmişdi. Bu performans onu “Çelsi” tarixində 1984-1985 mövsümündə Kerry Dixonun ardından 30 qol səddini keçən ilk futbolçu etdi. Milli formayla oynadığı yeganə oyun da boş keçmədi. Sezon sonunda ölkəsinin əvvəlki sarı-qırmızılı futbolçusu Kader Keita bütün Afrikada Samuel Etonu keçərək ilin futbolçusu mükafatına layiq görüldü. “Premier Liqa” da Kriştiano Ronaldonun ardından ilin ən yaxşı ikinci oyunçusu seçildi. Artıq bütün dünyanın diqqətində olan afrikalı Droqba da vardı.

Mourinyonun gedişi…

Droqba üçün möhtəşəm bir mövsüm artıq arxada qalırdı. Növbətisi isə uğursuz olcaqdı. Buna səbəb isə sağ dizindən aldığı ciddi zədə, ardından da həkimlərin xoş olmayan proqnozları idi. Zədəsi sağaldıqdan sonra isə Afrika Kubokuna görə klubundan uzaq qalan fildişili oyuçu liqada matçların yalnız yarısında forma geyinə bildi. Bəzi mütəxəsislər Droqbanın bu mövsüm uğursuz, şanssız adlandırırdı. Digər tərəfdən sezonun ilk həftələrinin ardından Joze Mourinyonun komandadan göndərilməsi də ulduz oyunçu üçün üzücü olmuşdu. “Mourinyonun göndərilməsi bizim klubdakı alışqanlıqlarımızı puç etdi. Çoxumuz əvvəlcə ən çox Morinyo üçün oynayırdıq. İndi bu duyğuları unudub başqa bir motivasiya qaynağı axtarma zamanıdır” deyən Droqbanın klubdan ayrılacağı ilə bağlı dedi-qodu gəzməyə başlamışdı. Amma Droqba çətin anlarda komandasına sadiqliyini göstərməkdə idi.

Çempion Droqba

“UEFA Çempionlar Liqası”nın final oyununda “Bayern München” komandasına son dəqiqədə vurduğu qol oyunun uzanmasına səbəb olmuşdu. Penaltilər seriyasında da son penatlini qola çevirən Droqba finalın adamı seçildi. Bu möhtəşəm uğur 2012-ci ildə baş verdi. Həm “Çempionlar Liqası”nın qalibi, həm də finalın adamı oldu. Bütün Afrikada və dünyada artıq sevgi qazanan böyük bir futbolçu vardı – Didie Droqba…

Daha sonra doğma klubu “Çelsi” ilə yollarını ayıran Droqba Çinə üz tutdu. Superliqa komandalarından “Şanxay Şenxua” ilə anlaşan Droqba burada da özünü doğrultmağı bacardı. Amma xoşbəxt olmadığını dilə gətirən Didie tezliklə buradan ayrıldı. Qısa Çin səyahəti onun üçün artlıq bir xatirə idi…

“Qalatasaray” və böyük insan Droqba

Didie Droqba Türkiyədə İstanbulun nəhənglərindən “Qalatasaray”la müqavilə imzaladı. Futbol mütəxəsisləri, yazarları bunun qocaman “Qalatasaray”a nə cür xeyir verəcəyi ilə bağlı dedi-qodular gəzməyə başladı. Amma Droqba elə ilk matçdaca “Akhisar Bələdiyyəsi”nə başla vurduğu möhtəşəm qol onun hələ də gənc olduğundan xəbər verirdi. O, bir əfsanəyə çevrilmişdi. Tezliklə “cimbom” azarkeşləri Droqbanı sevməyə başladılar. Onun “Çempionlar Liqası”nda “Real Madrid”ə vurduğu qol hələ də dillər əzbəridir. Türkiyədə Soma mədən faciəsində şəhid ailələrinə 1 milyon yardım edən də məhz Droqba idi.

Cənnətlik adam

Droqba təkcə futbol həyatı ilə yox, insanlığı, yardımsevərliyi ilə də dünyada hörmət qazanıb. Belə ki, 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı ona “Xoşməramlı səfir” titulunu verdi. Futboldan qazandığı pullarla sıx-sıx ölkəsindəki və bütün Afrikadakı xeyriyyə qurumlarına maddi dəstək olurdu. 2009-cu ildə anlaşdığı bir reklam şirkətindən aldığı 3 milyon avronun hamısına doğulduğu Abicanda xəstəxana tikdirdi.

Bu gün Didie Droqbanın adını daşıyan stadion var. İlk klubu olan “Levallois” oyunçusunun “Marsell”dən “Çelsi”yə transferindən aldığı məvaciblə stadionunu təmir etdirir və ora məhz keçmiş oyunçusu Droqbanın adını verir.

Oğuz Ayxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm