“Roman, şeir yaza bilmirlər, boş-bekar adamlardılar...”
Bizi izləyin

Yazarlar

“Roman, şeir yaza bilmirlər, boş-bekar adamlardılar...”

Gənc yazar Sahilə İbrahimovanın məlum müsahibəsindən sonra ədəbiyyatda kənd, yoxsa şəhər nəsri deyilən məlum mövzu ortalığa atılıb. Sənət adamları, yazıçılar, şairlər də sanki qələmi bir kənara qoyub bu mövzunun dalınca qaçırlar. Bəziləri kənd nəsrini, bəziləri isə şəhər nəsrini müdafiə edərək... İlk baxışdan adama elə gəlir ki, sanki ədəbiyyatın bundan başqa problemi yoxdur. Uzun müddətdir mətbuatda qızğın müzakirələrə meydan açan məlum mövzu ilə bağlı tanınmış yazıçılarımızın, sənət adamlarımızın mövqeyini öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandıran tanınmış yazıçı Seyran Səxavət bu müzakirənin mənasız olduğunu bildirdi:

“Mənim üçün böyük mənada götürəndə heç janrlar da mövcud deyil. Bu, mənim üçün həmişə belə olub. Mənim üçün bir janr var, o da böyük sözdür. O ki, qaldı suala, mən bu suala artıq öz münasibətimi bildirdim. Yenə deyirəm, bu mənim üçün çox mənasız bir müzakirədir. Bu müzakirəni də çox nahaq yerə açıblar. Mənim üçün kəndin və ya şəhərin fərqi yoxdur. Əsas odur ki, böyük söz olsun. O böyük sözün içində isə kənd də var, şəhər də”.

Azərbaycan ədəbiyyatının öz oxucu kütləsini itirməsinə gəlincə isə, Seyran Səxavət bunun iqtisadi durumla bağlı olduğunu izah etdi:

“Bu, təbii bir haldır, iqtisadi vəziyyətlə bağlıdır. İqtisadi vəziyyət də yavaş- yavaş düzəlir. Vaxtı ilə Azərbaycan SSRİ- də ən çox kitab oxunan ölkələrdən biri idi. İndi iqtisadi vəziyyət düzələndən sonra ədəbiyyat da öz oxucu kütləsini toplayacaq. Digər tərəfdən də ədəbiyyata maraq kütləvi ola bilməz. Hamı çörək yeyir, amma hamı kitab oxumalı deyil ki. Bu mənada, ədəbiyyat bir az çərəzdir, o, hər adamın malı deyil. Ona görə də narahatçılığa əsas yoxdur. Dövrlə, zamanla bu problem də inşallah, düzələr”.

Məsələ ilə bağlı suallarımızı cavablandıran tanınmış yazıçı-dramaturq Əli Əmirli isə bu müzakirələrin Azərbaycan ədəbiyyatına hələ 60- cı illərdən gəldiyini söylədi. Ancaq Ə.Əmirli hesab edir ki, Azərbaycan ədəbiyyatında kənd və ya şəhər nəsri deyilən bir problem yoxdur:

“Kənd nəsri, ya şəhər nəsri məsələsi qətiyyən yeni deyil. Hələ ədəbiyyata altmışıncıların gəldiyi vaxtdan bu problem ətrafında xeyli mübahisələr, çəkişmələr, dartışmalar, polemikalar olub, özü də indiki kimi özfəaliyyət səviyyəsində deyil, daha peşəkar səviyyədə. Mən indi durub kimin kənd, kimin şəhər nasiri olduğunu sadalamaq, ad çəkmək istəmirəm, amma bu qənaətdəyəm ki, istənilən rakursdan yanaşanda problem sünidir və heç bir zaman da həqiqi aktuallıq kəsb etməyib. Çünki əsas məsələ keyfiyyətdədir. Məgər Mövlud Süleymanlının “Köç” romanını oxuyanda biz onun kənd ya şəhər nəsrinə aid olduğunu düşünürük, yaxud olsun “Qətl günü”, “Dəli Kür”? Bir az uzağa da getmək olar: L.Tolstoy bəlkə kənd, ya şəhər nasiridir? Əsasən bir regionda baş verən hadisələr burulğanından bəhs edən “Sakit Don” kənd nəsridir? Yoxsa uzun illər Sovet nəsrinin istiqamətini müəyyənləşdirən Çingiz Aytmatov kənd, ya şəhər nasiridir? Bu məsələni yenidən qaldıranların idelına çevrilmiş Q.Markes hansı bölgüyə aiddir?

Deməli, sözün həqiqi mənasında kənd nəsri və ya şəhər nəsri deyilən bir problem yoxdur, varsa da bu problem süni olduğu qədər də uydurmadır, boş söhbətlər üçün perspektivsiz mövzudur”.

Kənd və şəhər müzakirəsini açanları boş-bekar adamlar adlandıran Tanınmış yazıçı Aqil Abbas isə onları yaza bilməməkdə günahlandırdı. Yazıçının sözlərinə görə ciddi ədəbiyyatla məşğul olan yazarlar bütün bu proseslərdən kənarda qalıb öz işləri ilə məşğuldurlar: “Roman yaza bilmirlər, şeir yazaq bilmirlər, boş- bekar adamlardılar də oturub boş-boş müzakirələr aparırlar. Ayrı işləri-gücləri yoxdur ki. Mən başa düşə bilmirəm şəhər kənd nədir? Ədəbiyyatın şəhəri kəndi olur? Ədəbiyyatda söz var, sözün də şəhəri, kəndi yoxdur! Boş, mənasız müzakirələrdir. Bu müzakirələri də açan yaza bilməyən insanlardır. Özünə, sözünə hörmət edən yazıçılarımız öz işləri ilə məşğuldurlar. Qazaxlılar böyük şəxsiyyətlər, böyük ədəbiyyat yaradıblar. Eyni sözü naxçıvanlılara, qarabağlılara da aid etmək olar. Bu mənada ədəbiyyatı regiona, şəhərə kəndə bölmək olmaz. Ədəbiyyatla məşğul ola bilmirlər, deməyə sözləri yoxdur, boş- boş işlərlə məşğul olurlar.

Ədəbiyyatın öz oxucu kütləsini itirməsinə gəlincə isə mən bunun səbəbini 90- cı illərdə ölkə iqtisadiyyatının dağılmasında görürəm. Ölkədə müharibə gedirdi, insanlar öz başlarının hayında qalmışdılar. Belə bir vəziyyətdə insanların kitab oxumağa nə vaxtı, nə də həvəsi var idi. Öz torpaqlarından didərgin düşən, qalmağa yeri olmayan insanın kitab oxumaması da təbiidir. Ancaq bütün bunlar keçici bir prosesdir, ədəbiyyat da tədricən itirmiş olduğu öz oxucu kütləsini bərpa edəcək. Bu, bir proses idi, bir dövr idi. İqtisadiyyat olmayan yerdə ədəbiyyat da olmur. İndi Azərbaycanda saysız- hesabsız ədəbiyyat qəzetləri və ədəbiyyata bağlı olan mətbu orqanlar var. Bütün bunlar da ədəbiyyata marağın artdığını göstərir.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm