“İndi Baltikyanı ölkələrdə bizi daha yaxından tanıyırlar” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“İndi Baltikyanı ölkələrdə bizi daha yaxından tanıyırlar” - MÜSAHİBƏ

2012-ci ildə Litvada yaradılan Baltikyanı Azərbaycanlı Gənclər Assosiasiyasının sədri, Baltikyanı Azərbaycanlıların Şurasının təsisçilərindən biri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Litva təmsilçisi Fərhad Vəliyevin Publika.az-a müsahibəsi:

Bir az özünüz haqqında danışardız...

– Mən 1989-cu ildə Belçikanın Çarleroi şəhərində anadan olmuşam. Bir yaşında Bakıya ailəmlə bir yerdə dönmüşəm. Bakıda,Yasamal rayonunun 175 nömrəli məktəbdə 5-ci sinfədək oxuyub, daha sonra Belçika Krallığında orta təhsilimi davam etdirib, 2005-ci ildə Çarleroi "business school" məktəbini bitirmişəm. Valideynlərim Belçikanın Çarleroi şəhərində yaşayır. Mən də valideynlərimlə birlikdə onlarla yaşayıram. Ailənin tək övladıyam.

2006-ci ilin iyulunda İordaniya Krallığının paytaxtı Amman şəhərində ərəb və ingilis dillərində "İnformation Technology and Communication" fakültəsinin bakalavr üzrə məzunu olmuşam.

İKT üzrə ikinci beynəlxalq müsabiqənin qalibiyəm. 4 il ərzində Azərbaycanın İordaniyadakı səfiri Elman Araslının dəstəyi ilə bu ölkənin bir sıra şəhərlərində təşkil olunan mədəniyyət günləri ilə bağlı tədbirlərdə iştirak etmişəm, diaspora fəaliyyəti ilə yaxından tanış olumuşam.

2007-ci il oktyabrın 18-də "Amman 1" televiziyasında canlı yayımda Azərbaycan haqqında geniş məlumatlar verməklə çxışım olub. Biz orada Azərbaycanı yüksək səviyyədə təbliğ edirdik.

Bir sıra dövlət rəsmilərinin iştirakı ilə keçirilən tədbirlərdə İordaniyanın xarici işlər naziri məni İordaniya Gənclər Nazirliyinin "Aktiv Gənc" sertifikatı ilə təltif edib.

2009-ci ildə İnformasiya Texnologiyaları Nazirliyinin Təhsil şöbəsindən və Yaradıcı Gənclərlə İş üzrə sektorundan xaricdə təhsil proqramına layiq görüldüm.

2010-cu ildə isə praktiki təcrübə toplamaq üçün Azərbaycana ezam olundum və ölkəmdə rabitəçi təcrübəsi keçdim. Hörmətli akademikimiz, Rabitə və Yüksək Texnologiyalar naziri Cənab Əli Abbasovun əmri ilə Litvanın Kaunas Texnologiya Universitetində "Management of Human Resources" fakültəsinə təcrübə keçmək üçün göndərilmişəm.

Bu dövr ərzində Bakıda keçirilən bir sıra beynəlxalq forum və konfranslara ezam olunurdum. Bunların arasında Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Telekomunikasiya Sərgiləri, Beynəlxalq İKT Konfransı, Dünya Texnologiyaları Forumu və sairə tədbirlərə qatılmışam.

2011-ci ildə "North California Management of Human Resource" insan resursları fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Bundan əlavə rabitə texnoloqu ixtisası üzrə bakalavr diplomuna layiq görülmüşəm.

Xaricdə Təhsil aldığım müddətdə Litvada keçirilən bir çox konfranslara Azərbaycandan iştirakçı kimi qatılaraq, eləcə də Avropanın Belçika, İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərində Azərbaycanı təbliğ etmişəm.

Avropa Gənclər Forumunun və Tələblərin Beynəlxalq Sammitinin üzvü olmuşam.

2013-cü ildə isə Türkiyənin İstanbul şəhərində 70-dən çox ölkə və 300 təşkilatın təmsil olunduğu Tələbələrin 3-cü Beynəlxalq Sammitində Azərbaycanı təmsil etmişəm.

2011-ci ildə təhsilimi bitirdikdən sonra akademik və hörmətli nazirimiz Əli Abbasovun əmri ilə Litvanın Kaunas Texnologiya Universitetində dövlət vəsaiti hesabına təhsil almağa göndərilmişəm. Burada oxuduğum illər ərzində

Litvanın Kaunas şəhərində fəal azərbaycanlı gənclər təşkilatı yaradılmasında böyük rolum olub və bu fəaliyyətimi indi də davam etdirirəm.

Hətta mən 2012-ci ildə Litvanın Kaunas şəhərində "Baltic Azerbaijan Youth Union" adlı gənclər təşkilatı təsis etmişəm. Hazırda da bu təşkilatın sədr vəzifəsini icra edirəm. Həmçinin Baltikyanı Azərbaycanlıların Şurasının təsisçilərindən biriyəm. 2013-cü ilin mart ayında isə "Dünya Azərbaycan Gəncləri" birliyinin üzvü olmuşam.

Litvada Azərbaycan diasporu, xüsusilə də gənclərimiz nə dərəcədə fəaldır?

– Baltikyanı Azərbaycanlı Gənclər Assosiasiyasının sədri olaraq deyim ki, hər il Litva, Latviya və Estoniyaya gələn azərbaycanlı tələbələrin sayı günü-gündən artır.

Mən 2010-cu ildə Kaunas şəhərinə gələndə bu şəhərdə cəmi 10-15 azərbaycanlı tələbə var idi. Ancaq indi təkcə təhsil aldığım bu universitetdə 18 nəfər azərbaycanlı tələbə bakalavr pilləsində təhsil alır.

Ümumiyyətlə, Litvada azərbaycanlı tələbələrin sayı bu il artıq 130 nəfərdən çoxdur. Litvanın ümumi 12 universitetindən 6-sı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "2007-2015 Təhsil proqramına" çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Litvada Azərbaycanlı tələbələrimiz çox fəaldır. Bu yaxınlarda Xocalı soyqırımını Litvanın bir neçə şəhərlərində, paytaxt Vilnusda, eləcə də digər şəhərlərində anılıb. Kaunas şəhərindəki azərbaycanlı tələbələr yerli Litva əhalisinə 26 fevral 1992-ci ilin Xocalı soyqırımı faciəsi haqqında ətraflı məlumatlar veriblər, "Laisves aleya" kimi mərkəzi küçələrdə foto-sərgi nümayiş edərək aksiya keçiriblər.

Bununla yanaşı, küçə boyu Xocalı faciəsini özündə əks etdirən və üzərində ingilis və Litva dilində informasiya olan fotolar nümayiş etdirilib.

Sərgiyə maraq göstərən və informasiya əldə etmək istəyən yerli əhaliyə, həmçinin əcnəbi tələbələrə Litva və ingilis dillərində bukletlər də paylanılıb. Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb və əsas yerli kütləvi informasiya vasitələri tədbirləri geniş şəkildə işıqlandırıblar.

Tədbirin əsas məqsədi yerli ictimaiyyəti Xocalı faciəsi haqqında düzgün informasiya ilə təmin etmək və məlumatlandırmaq olub.

Azərbaycan milli irsinin tarixini, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlər məhz gənclərimiz tərəfindən bu gün çox mühüm rol oynayır. Əgər əvvəl dünyada Azərbaycan gənclər təşkilatlarımız hər 3 ölkədən bir fəaliyyət göstərirdisə, indi hər bir ölkədə, hətta bir ölkədə çoxlu sayda gənclər təşkilatlarımız öz fəallığı ilə seçilir.

Bundan əlavə, müvafiq iclaslar təşkil olunur, qurultaylar qəbul edilir və dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı gəncləri mərkəz Bakıdan koordinasiya etmək və onları bir-biri ilə sıx əlaqədə saxlamaq üçün Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnamələri qəbul edilir, rəhbər orqanlar seçilir.

Həmçinin azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyası məsələləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə olunur. Müasir informasiya texnologiyalarının tətbiqi, Azərbaycan gənclərinin lobbi quruculuğu və digər məsələlər qurultaylarda geniş müzakirə edilir. Nəticədə sadaladığım bu məsələlər Azərbaycan gənclərinin xaricdəki uğurlu fəaliyyətlərinin qurulmasında və davamlı fəaliyyətində özünü göstərir.

Dediniz ki, dövlət hesabına təhsil alırsınız. Sizinlə eyni yerdə xarici ölkələrdən təhsil alan tələbələr sizə göstərilən maddi dəstəyi necə qarşılayır?

– Əlbəttə ki, çox təəccüblə qarşılayırlar. Hətta mənimlə eyni universitetdə təhsil alan erməni tələbələr dönə-dönə bizə paxıllıq etdiklərini biruzə verirlər. Erməni tələbələr bizə deyir ki, Azərbaycanın nefti, pulu var, ona görə də siz dövlət hesabına burada təhsil alırsınız. Ancaq erməni tələbələrə dövlətləri dəstək ola bilmir. Bunu ermənilərin özləri də etiraf edirlər.

Bu gün Azərbaycan dövləti digər ölkələrdən fərqli olaraq, öz vətəndaşlarının qayğısına daha çox qalır və xaricdə təhsil alan tələbələrə hökumət səviyyəsində dəstək olur.

Cənab Prezidentimizin də dediyi kimi, Azərbaycanda çox dəyərli, builki, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur.

Azərbaycan Prezidentinin təkcə bu çıxışı biz gənclər üçün ən böyük dəstəkdir, stimuldur.

Gənclərin mənəvi və vətənpərvərlik tərbiyəsi istiqamətində bir çox layihələr baş tutur. Əlbəttə ki, bu siyasət Cənab Prezident İlham Əliyevin təhsilə ayırdığı böyük diqqətin nəticəsi ilə yetmir, eyni zamanda gənclərimizə olan böyük diqqətin uğurlu nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun yaranması bir daha sübut etdi ki, Gənclər onun daima diqqət mərkəzindədir. Bunu xaricdə təhsil haqqında 2007-2015-ci illəri əhatə edən dövlət proqramının 2020-ci ilə kimi uzadılması da sübut edir. Bu siyasətin arxasında isə əslində bir məqsəd durur. Xaricdə yüksək keyfiyyətli təhsil alan Azərbaycanlı tələbələr əldə etdikləri bilikləri məhz Vətənə qayıdaraq Azərbaycana tətbiq edib, Azərbaycan təhsilini və digər sahələri inkişaf etdirməlidirlər. Biz gənclər də yaxşı bilməliyik ki, müstəqil Azərbaycanın gələcəyinin qurulmasında və inkişafında məsuliyyət daşıyırıq.

Diaspora çərçivəsində keçirdiyiniz tədbirləri pozmaq istəyənlər olurmu?

– Bəli, olur. Belə hallar ancaq ermənilər tərəfindən olur. Biz Xocalı soyqırımı, rayonlarımızın işğal günü və sairə məsələlərlə bağlı tədbirlər təşkil edirik. Bəzən olur ki, bizimlə eyni şəhərdə olan bir qrup erməni gəncləri müxtəlif təxribatlara əl atır və bizim tədbirlərimizi pozmağa çalışırlar. Azərbaycanın Litvadakı səfiri, Cənab Həsən Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digər şəxslər bizə dəstəklərini əsirgəmirlər.

Erməni təxribatları ilə üzləşəndə biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Çünki xarici dövlətin ərazisində olduğumuz üçün Litvanın Xarici İşlər Nazirliyi də bizə xəbərdarlıq edib ki, bu kimi məsələlərə görə bizim ölkədə mübahisə və ya münaqişə yaratmayın. Hətta Litva əhalisinin əksəriyyəti xristian olduğu üçün bəzən yerlipərəstlik özünü göstərir. Ancaq biz Azərbaycan dövlətinə və onun Litvadakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə arxayınıq.

Ukraynada baş verən hadisələrin sizin fəaliyyətinizə təsiri oldumu?

– Təsiri belə oldu ki, yerli əhali bir qədər təşviş içindədir. Onların da əksəriyyəti rus hərbçilərinə nifrət edirlər. Hətta Rusiyanın hərbi dəniz donanması Ukraynadakı son hadisələr zamanı Norveç və Baltik dənizinə də daxil olub. Bu hadisə litvalıları bir qədər qorxutmuşdu. Ancaq Litva NATO və Avropa İttifaqının üzvü olan dövlətdir. Ona görə də yerli əhali bu amili nəzərə alıb bir qədər sakitləşdi.

Bu gün də Litva Ukrayna hökumətinə yaxından dəstək verir və Rusiya hərbçilərinin Ukraynaya daxil olmasını pisləyir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm