Xərçəng xəstəsi olan arvadına görə banda başçısına çevrilən biznesmen
Bizi izləyin

Bilgi.az

Xərçəng xəstəsi olan arvadına görə banda başçısına çevrilən biznesmen

Son 6 ayda Permdə ard-arda bahalı avtomobillər oğurlanmağa başlandı. 2014-cü il başlayandan şəhərdəki “Mitsubishi”, “Toyota”, “Honda”, “Hyundai”, “Mazda”, “Subaru” markalı maşınlar bir-bir yoxa çıxırdı.

Avtomobil oğrularından ibarət dəstə Perm polisinı barmağına dolamışdı. Müstəntiqlər, əməliyyat qrupları onun izinə düşə bilmirdi.

Ələkeçməzlər

Cinayətkarlar iz qoymurdular. Yəni “təmiz” işləyirdilər – oğurluğa gedəndə əlcək geyir, ən əsası isə mobil telefondan istifadə etmirdilər. Mobil telefonları olsa, onları tapmaq asan idi.

Amma polis onların oğurluq mexanizmini çizə bildi. Əsas oğurluqlar “Kristal” kinoteatrının yaxınlığındakı dayanacaqdan olmuşdu. Cinayətkarlardan biri bahalı maşından düşən qurbanını izləyir, onun arxasınca bilet alıb kinoteatra girirdi. Bu zaman caninin dostları bahalı elektron texnikanın köməyi ilə maşının qapısını açır və avtomobili qaçırırdı.

Maşınları yaxınlıqdakı Kunqur şəhərinə aparırdılar. Qaçırılmış maşından öndə cinayətkarların iki avtomobili gedirdi. Yol polisi postuna yaxınlaşdıqda öndəki maşınlar sürəti artırır, diqqəti arxadan gələn oğurluq maşından yayındırırdı. Yol polisinin başı sürəti artıran maşına qarışırdı. Oğurluq avtomobil isə sakitcə postu keçib gedirdi.

Kunqurda maşınlar qarajda gizlədilirdi. Canilər bazardan oğurlanmış maşınla eyni modeldə olan, lakin vurulmuş, əzilmiş, yanmış maşınları alaraq həmin maşınların nömrələrini oğurluq avtomobilin üstünə vururdular. Əzik maşının qanuni sənədi ilə oğurluq təzə avtomobil satılırdı.

Yarım ilə 19 maşın oğurlanmışdı. Hamısını da 500 min-2 milyon rubl qiymətinə satmışdılar.

Nəhayət, polis cinayətkarların izinə düşdü. Beş nəfər həbs edildi. Məlum oldu ki, dəstə başçısı 26 yaşlı biznesmendir.

Həkimlərin ölüm diaqnozu

Maksim öz gələcək arvadına hələ məktəbdə oxuyarkən vurulmuşdu. Bir sinif yuxarıda oxuyan Katya qonşu küçədə yaşayırdı.

Məktəbi bitirən kimi onlar evləndilər. Əvvəlcə Nikita adlı oğlanları, daha sonra Maşa adlı qızları doğuldu.

Ailədə hər şey qaydasında idi. Bizneslə məşğul olan Maksim arvadını sevirdi. İşləri də pis getmirdi. Hər şey birdən dəyişdi. Maşa anadan olandan az sonra Katya sağ böyründə ağrılar hiss etməyə başladı. Xəstəxanada bütün müayinələrdən keçdi. Diaqnoz dəhşətli idi: mədə xərçəngi.

Üç aydan sonra Katya yataqdan qalxmağa belə, çətinlik çəkirdi. Maksim arvadını Moskvaya apardı. Amma əməliyyat nəticə vermədi. Məsləhət gördülər ki, Katyanı Almaniyada müalicə etsinlər. Maksim sevdiyi arvadına görə çoxlu borc götürdü. Qadın Almaniyada əməliyyat olundu. Ancaq nəticə müsbət deyildi. Katyanın ağrıları artırdı. Onun həyatda qalması üçün bahalı dərmanlar lazım idi. Maksimin biznesi çökmüşdü. O, arvadı üçün hər şeyə hazır idi. Amma daha kredit verən yox idi.

Çıxış yolu lazım idi: pul tapmaq. Maksimin vaxtilə maşın oğurluğuna görə həbsdə olmuş dostu Vitalik ona avtobil qaçırmağı təklif etdi. Dostlar dəstə yığıb işə başladılar...

Polis onları həbs etdi. Lakin Maksimi xəstə arvadına və uşaqlarına baxmaq üçün girov müqabilində məhkəməyədək azad etdilər.

Həbsxanada saxlanılan Vitalik deyir ki, dostuna kömək etdiyinə görə heç vaxt peşman olmayacaq.

Müstəntiqlər deyir ki, kaş Maksimi azad etməyəydik. Məsələ ondadır ki, müvəqqəti saxlama kamerasından çıxan kimi Maksim Katyanı Permə, xəstəxanaya aparıb. Geri qayıdanda Maksimin avtomobili yük maşını ilə toqquşub. Ər-arvad ikisi də keçiniblər.

Hadisə barədə jurnalistlərə danışan qadın müstəntiq az qala ağlayır: ”Ən təəssüf ediləsi hal budur ki, Katyanın onun həyatını xilas etmək üçün Maksimin nələrə əl atmasından xəbəri olmadı. Bu haqda ona heç kim danışmağa cürət etməmişdi”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm