Onun şəhvətli dodaqlarını arzulamayan kişi yoxdur– Fotolar
Bizi izləyin

Layihə

Onun şəhvətli dodaqlarını arzulamayan kişi yoxdur– Fotolar

Onun dolğun dodaqları, brilyant kimi parlayan yaşıl gözləri, ideal bədən ölçüləri, çəkici ayaqları gözəllik etalonuna çevrilib. O, milyonlarla kişinin şəhvət obyektidir, bütövlükdə isə müasir dövrün ən məşhur simalarından biridir. Təəssüf ki, bu gözəl xanım xərçəng xəstəliyinə düçar olur. "9 don" layihəsi çərçivəsində bu həftə heyrətamiz gözəlliyi ilə qəlblərdə taxt quran Ancelina Coli haqqında danışacağam. Onun həyatı da cazibəsi qədər cəlbedici və qəribədir.

Emo stilində uşaqlıq illəri

Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Sənətkar ailəsində doğulan uşaqların əksəriyyəti kimi Ancelina Coli də valideynlərinin izi ilə gedir. Belə ki, Coli məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız, yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Onun soyadı da fransız dilində "yaxşı və gözəl" anlamını verir. Lakin aktrisa özü fransız dilini bilmir. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Bu məşhur cütlüyün nikahı uzunömürlü ola bilmir. Colinin valideynləri ayrılanda onun cəmi 1 yaşı var idi. Bu halda qızın həyatında dramatik hadisələrin baş verməsi qaçılmaz hal alır.

Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Anası uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, uşaqlarını tez-tez kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Lakin Ancelina Colinin nümunəvi uşaq adlandırmaq olmazdı. Yeniyetməlik dövrlərində qızcığaz xarici görkəmi ilə bağlı kompleks yaşayırdı. Coli həmyaşıdları arasında onu seks simvoluna çevirən dodaqlarına görə, "ördək balası" kimi tanınırdı. Hətta ciddi psixoloji travmalar yaşadığı deyilir. O, əllərini kəsir, ancaq qara paltar geyinir, saçlarını parlaq-qırmızı rəngə boyayır, soyuq silah kolleksiyası yığırdı. Aktrisa müsahibələrinin birində etiraf etmişdi ki, ətrafındakı bütün qızlar balerina olmaq arzusu ilə alışıb-yandığı bir vaxtda, o, vampir olmağı arzulayırdı.

"İnsanların çoxu elə düşünür ki, həyatım qaranlıq sirlərlə doludur və əsas ideyam ölümdür. Ancaq mən həyatı başqalarından daha çox dəyərləndirdiyimə görə, ölüm barədə tez-tez fikirləşirəm. Qandan qorxmuram. Meyitlərdən də. Ölü insan görəndə təkcə onu düşünürəm ki, bir müddət öncə o, sağ idi - mənim kimi. Ölüm haradasa insana sakitlik verən bir məfhumdur. İnsan düşünəndə ki, sabah həyatda olmaya bilər, o artıq necə olmasından asılı olmayaraq, həyata dəyər verməyə başlayır...".

Ancelina Colinin karyerası hələ kiçik yaşından başlayır. Həmin dövrlərdə kiçik Ancelinada kinoya maraq yaranır. Colinin 11 yaşı tamam olduqda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina 2 il Li Strasberq adına kino məktəbində təhsil alır. Daha sonra Beverli Hills liseyində təhsil alır. 14 yaşı olanda Coli model kimi moda həftələrində iştirak edir, eyni zamanda , Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. 16 yaşında isə teatrda oynamağa başlayır. Həmin illərdə Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa kömək etmir. Daha sonra 1993-cü ildə o, "Kibor 2" adlı filmdə rol alsa da, bu da ona uğur gətirmir. Lakin "Kiborq"un ardınca çəkildiyi "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır.

Aktrisa özünün ilk Emmi və Qızıl Qlobus mükafatını 1997-ci ildə çəkilmiş "Corc Uolles" filmindəki roluna görə qazanır. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. Coli yenə də Qızıl Qlobusun sahibi olur. Çətin və yorucu "Cia" filminin çəkilişlərindən sonra Ancelina Coli dincəlmək üçün Nyu-Yorka köçür. Burada o Nyu-York Universitetində ssenarist təhsili almağa başlayır və müxtəlif rollarda çəkilir.

1999-cu ildə Ceyms Menqoldun filmi "Yarıda buraxılmış həyat" ekranlara çıxır. Bu filmdəki rolu Ancelina Colinin triumfu olur. Belə ki, Ancelina filmdəki Liz Rou roluna görə 3-cü dəfə Qızıl Qlobus və Amerika Kinoaktyorlar Birliyinin mükafatını qazanır. Ən nəhayət "Oskar"ın sahibi olur. Bundan sonra Coli Hollivudun ən parlaq ulduzlarından birinə çevrilir.

Ancelina "Lara Kroft" filminə görə, 12 milyon dollar qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Bu filmdə Coli üçün xüsusi olaraq solaxaylar üçün nəzərdə tutulmuş silah da tapırlar. "Lara Kroft" filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır.

2011-ci ildə Ancelina ilk filminin debütünü edir. "Qan və bal diyarında" adlı filmini çəkir. Bu film "Ən Yaxşı xarici film" kateqoriyasında "Qızıl qlobus" mükafatına layiq görülür.

Ancelina Coli eyni zamanda, xeyriyyəçiliklə də fəal şəkildə məşğul olur. Aktrisa humanitar missiyasını yerinə yetirmək üçün müharibə şəraitində olan ölkələrə səfər edir. O qaçqın düşərgəsinə səfərləri zamanı gördüklərindən dəhşətə gəldiyini söyləmişdi. "Biz hamımız yer kürəsində yaşayırıqsa, dünyada milyonlarla insanın aclıqdan əziyyət çəkdiyinə dair faktları özümüzdən kənarlaşdırıb etinasız qala bilmərik. Mən həqiqətən onlara kömək etmək istəyirəm. Özümü başqalarından xüsusi və fərqli hesab etmirəm. Biz hamımız bərabər, ədalətli və layiqli həyat yaşamaq üçün şans gözləyirik. Biz hamımız darda kiminsə köməyinə ümid edirik. Bu cür yerləri ziyarət edəndən sonra başa düşürsən ki, haradasa həyat var və insanlar bu həyatda qala bilmək üçün nə əziyyətlərə tab gətirməli olurlar. Bax bu insanlar mənim qəhrəmanımdır... " Ancelina səfərlərdə gördüyü hadisələri gündəliyə qeyd edir. Aktrisa gələcəkdə qələmə aldığı hadisələri və təəssüratlarını kitab şəklində buraxacaq.

Sevgilisi Bred Pitt də "Foundation" xeyriyyə fondunun təsisçilərindən biridir, o tibbi layihələrin dəstəklənməsi üçün vəsait toplayır. Aktrisa bir neçə dəfə qeyd edib ki, qazandığı pulların 3/1 hissəsini banka qoyur. 3/1 hissəsi ilə yaşayır və nəhayət, 3/1 hissəsini o xeyriyyə işlərinə sərf edir.

Böyük Britaniya kraliçası II Elizabeta humanitar fəaliyyətinə görə, Hollivud aktrisası Ancelina Coliyə xanım titulu verib. Amerikalı aktrisa fəxri titulu Böyük Britaniyanın xarici siyasətinə marağına və hərbi münaqişə zonalarında seksual zorakılığa qarşı mübarizə kampaniyasında iştirakına görə alıb.

Ancelina Colinin şəxsi həyatı da gözəlliyi qədər diqqət mərkəzində olub. Bir vaxtlar aktrisanın qardaşı ilə intim münasibətdə olduqları xəbərləri də yayılmışdı. Özləri isə bu şayiələrin tamamilə uydurma olduğunu deyərək təkzib ediblər.

Aktrisanın ilk nikahı 1996-ci ildə qeydə alınıb. O, "Xakerlər" filmində tərəfdaşı Coni Millerlə ailə qurur. 1998-ci ildə isə artıq boşanırlar.

2000-ci ildən Colinin Billi Toronto ilə eşq macərası başlayır. Cütlük bir çox cəhətdən olduqca qəribə idi. Las-Veqasda baş tutan toy mərasimi cəmi 189 dollara başa gəlir. Cütlük toylarına mayka və cins şalvarla təşrif buyurmuşdular. "Əbədi sevgilərini" bədənlərinə döymə etdirməklə sübut etmişdilər. Lakin onların əbədi sevgiləri cəmi 3 il davam edir. 3 ildən sonra cütlük rəsmi şəkildə boşanır.

Bolli Toronto ilə ayrıldıqdan sonra qalmaqallı həyat tərzi ilə gündəmdən düşməyən Coli biseksual olduğunu etiraf edir. Bir müddət eyni filmdə rol aldığı həmcinsi Cenni Şmiçi ilə görüşdüyünü heç kimdən gizlətmir.

Coli hazırda dünyanın ən yaraşıqlı kişilərindən biri Bred Pitlə birlikdədir. Onlar 2005-ci ilin yayında ekranlara çıxan "Cənab və Xanım Smit" filmində tanış olublar. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Və dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Bir az keçmiş deyilənlər həqiqətə çevrilir. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə görüşür.

"Mən Bredə qəlb ağrısının öhdəsindən gəlməyə kömək etdim və ona dünyada hər şeydən çox istədiyi uşaqları hədiyyə etdim", -deyə Ancelina müsahibələrinin birində söyləyib.

Cütlüyün birgə üç övladı ilə yanaşı, övladlığa götürdükləri uşaqları da var. Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Amerika mətbuatı iddia edir ki, övladlığa uşaq götürmək fikri Ancelinaya məxsusdur. Buna baxmayaraq, aktyor heç vaxt olmadığı kimi xoşbəxt olduğunu dilə gətirir.

Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açır. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılır - 14 milyon dollar. Onlar əldə etdikləri pulları xeyriyyə işlərinə xərcləyiblər.

Lakin çox gözəl münasibətləri olan cütlük nədənsə, hələ də münasibətlərini rəsmiləşdirməyiblər. Mətbuat vaxtaşırı onların toy tarixi, toy məkanı haqqında xəbərlər dərc etsə də, cütlük rəsmi şəkildə evlənməyə tələsmir.

"İnsanlardan ən çox nə etmək istədiklərini soruşun. Məlum olacaq ki, onlar hələ etmək istədiklərini etməyiblər. Bax, bu, mən həqiqətən, məyus edir..."

Məşhur amerikan aktrisası Anjelina Coli xərçəng xəstəliyindən əziyyət çəkir. Keçən il xəstəliyin riskini azaltmaq üçün döşlərini kəsdirir. Colinin sözlərinə görə, həkimlər onda 87 faiz döş xərçənginə və 50 faiz yumurtalıq xərçənginə tutulma riski olduğunu bildirir. O, ilk öncə mastekomiya cərrahiyə əməliyyatını (süd vəzilərinin kəsilməsi) keçirməklə döş vəzilərinin müalicəsinə başlayıb. Həkimlərin sözlərinə görə, müalicə nəticəsində, Colinin döş xərçənginə tutulma riski 87 faizdən 5 faizə düşüb. Onun kəsilmiş döşlərinin yerinə implant taxılıb.
Altı uşaq anası olan aktrisanın bu əməliyyata razı olmasının əsas səbəblərindən biri 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş anası və uşaqları olub. O, yazısında uşaqlarının daha çox qayğısına qalmaq istədiyini, onları vaxtsız tərk etmək istəmədiyini bildirmişdi.

"Həmişə istəmişəm ki, bir neçə həyat yaşayım. Həyatın mənasını anlamaq üçün vaxtım yoxdur. Cavan yaşımda ölmədimsə, bu, mənə bəsdir".

Onun dayanılmaz gözəlliyi tapmaca kimidir...

Dünyanın ən seksual qadını elan edilən Ancelina Coli dayanılmaz çəkiciliyini bir-birindən bəsit, amma o qədər effektli makiyaj oyunları sayəsində vurğulayır.

Coli dolğun dodaqlarını qorumaq üçün onları hər səhər xüsusi fırça ilə ehmalca fırçalayır.

Aktrisa yaşıl gözlərinin gözəlliyinə çox diqqət edir. Gözlərinin gözəlliyinə xələl gəlməsi üçün və sadə göz makiyajına üstünlük verir. Adətən tünd göz kölgələrindən istifadə edir.

Ulduz qaşlarının da qeydinə qalır. Qaşındakı boşluqları qələmlə doldurur.

Gündəlik həyatda makiyaj etməsə də, kirpiklərinə tuş vurmadan evdən çıxmır.

Gündəlik makiyajda dodaqlarını təbii rəngli dodaq boyaları ilə vurğulayır. Ziyafət gecələrində isə al qırmızı dodaq boyası ilə hər kəsi özünə valeh edir.

Təmtəraqlı saç yığımından uzaq dayanır. Saçlarını adətən açıq saxlamağa üstünlük verir. Görünür aktrisa ən ideal gözəllik, sadəlikdir prinsipi ilə yaşayır.

Yuxusuna diqqət edir. Səhərlər yuxudan erkən qalxır. İlk işi dişlərini karbonatlı məhsullarla fırçalamaq olur.

Yeməklərində zeytun yağından bol-bol istifadə edir. Qeyd edək ki, aktrisa süfrədə tək yeməkdən zəhləsi gedir. Buna görə də, hər axşam qonaq qəbul edir.

Göz ətrafı dərisinin qırışmaması üçün çobanyastığı çayı ilə kompres edir.

Saçını tərkibində dəfnə yarpağı olan şampunlarla yuyur.

Əllərinin gözəlliyini isə aloe tərkibli kremlərlə qoruyur.

Bədən lasyonu olaraq gül suyundan bəhrələnir və sayədə sellülit problemi ilə qarşılaşmır.

Hər gün çoxlu su və süd qəbul edir. Meyvə və tərəvəzlərə üstünlük verir. Onun evindəki soyuducuda mütləq çiyələk olmalıdır. Yaşıl çay, avokado, vanil, çobanyastığı və berqamut onun ən sevimli məhsullarıdır.

Holllivud ulduzu Ancelina Coli hər zaman incə bədən quruluşu ilə diqqət çəkib. Aktrisa xüsusi çay vasitəsilə formada qalır. Ancelina sarımsaqlı çayının köməyi ilə 11 kiloqram arıqlayıb. O, bu pəhriz çayını Afrikada olarkən öyrəndiyini deyir.

Çayın hazırlanma qaydası:

Təzə zəncəfilin qabığını soyun, üzərinə iki fincan su töküb qaynadın. 6 dəqiqə qaynadıqdan sonra içərisinə 2 diş əzilmiş sarımsaq, 2 çay qaşığı bal, 2 çay qaşığı limon suyu əlavə edin. Kənara qoyub soyumasını gözləyin. Çay soyuq halda içilir.

Bu çay piy qatlarının parçalanmasında, yağların qısa vaxt ərzində əriməsində yardım edir. Çayı 3 həftə içib, yoqa ilə məşğul olaraq daha tez arıqlaya bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm