“Hammer”ini satmaq istəyən şair
Bizi izləyin

Digər

“Hammer”ini satmaq istəyən şair

Kənan Hacı

“Hammer”ini satmaq istəyən şair

Gecə bir yuxu görmüşəm, imkanım olsaydı, vallahi, heç bu yuxudan ayılmazdım.

Görürəm ki, guya, bir balaca əlim aşağıdı, “Hammer”imi satmaq istəyirəm. Cəlil Cavanşir də neçə vaxtdır mənə deyir ki, abi, bunu satası olsan, mənə de, özüm alım. Cəlilin nömrəsini yığıram, o da deyir ki, abi, mən indi Antalyada beşulduz oteldə dincəlirəm, naşirimlə müqavilə bağlamışam, 1 aya təzə romanı bitirib təhvil verməliyəm, gözlə, istirahətdən qayıdım, sövdələşək.

Mənim də gözləməyə vaxtım hardaydı? Bəs mən adam deyiləm? Mən də dincəlməliyəm ya yox? Fikrim vardı, bu mövsüm Havay adalarına gedim. Sevgilimə də söz vermişdim ki, bu yay səni Havay adalarına aparacam.

Qəfildən yadıma düşdü ki, Əsəd Qaraqaplan “Range Rover”ini yenicə satıb, bahalı maşın almaq istəyir. Tərslikdən Əsədə də zəng çatmır. Yəqin Novxanıdakı villasında kef çəkir, zalım oğlu. Düz edir, bu qorabişirən istidə şəhərdə nə iti azıb?

Gözünə döndüyüm Səxavət Sahilə zəng vururam, o da deyir bu il şirkət ziyana işlədi, “Toyota”nı satası olmadım. Özüm də Batumidəyəm, yerin məlum, burda huri-mələklərin əhatəsindəyəm, İsa Məsih də yanımdadır, sənə salam göndərir. Sonra da qayıtdı ki, sən Yafəs Türksəsə zəng vur, bu il alverdə əli gətirib, işi sazdı. Yafəsin özüylə əlaqə saxlamaq mümkün olmadı, zülüm-zillətlə köməkçisini tapa bildim. O da dedi ki, müdir buralarda deyil. Ayə, bəs hardadır? Dedi ki, Nabranda dincəlir.

Sonra da deyirlər şairlər acından ölür. Biri Antalyada dincəlir, biri Havay adalarında, biri Nabranda, o birisi Novxanıdakı villasına çəkilib şotland viskisindən vura-vura dünyanın dadını çıxarır.

Yaxşısı budur, gedib bank hesabımdan pul çıxarım, “Hammer” də əldən çıxmasın. Sevgilimə söz vermişəm, onu Havay adalarına aparacam...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm