2000-dən çox cinayət törətmiş uşaq
Bizi izləyin

Qırmızı.az

2000-dən çox cinayət törətmiş uşaq

Qatil uşaqlar

“Uşaqlar heç zaman yalan söyləməz” kimi hər birimizin eşitdiyi bir absurd fikir var. Uşaq yalnız gördüyünü, eşitdiyini danışarmış, onun heç fantaziysaı yox imiş. Tamamilə yanlış bir düşüncə tərzidir. Uşaqlar da böyüklər kimi yalan uydurmağı xoşlayırlar, sadəcə olaraq, uşaqlar uydurduqları yalanın hansı fəsadlar törədə biləcəyini anlamırlar. El dili ilə desək, qanmırlar.

Öz təcrübəmdən danışım: bir gün qızımı götürüb gəzməyə apardım. Bir az velosiped sürdü, bir az yelləncəkdə yelləndi, tullanıb-düşdü, sonra gedib bir kafedə açıq havada, ağacların altında oturduq. Mən pivə içdim, qızım həmişəki kimi, limonlu çay. Uzun sözün qısası, qızı aparıb anasına təhvil verəndən sonra bir həftə onu görmədim. Bir həftədən sonra yenə uşağı aparıb gəzdirmək istəyərkən anası dedi ki, “niyə uşağa pivə vermisən? Qızdırması 40 dərəcəyə çatmışdı”. Əlim ağzımda qaldı. Deyirəm, a bala, nə pivə, başın xarab olub? Deyir, qızın özü deyir. Qızdan soruşuram ki, mən sənə pivə vermişəm? Deyir, hə də, ata, kafedə mənə pivə vermədin? Necə deyərlər, matım-mutum qurudu. Yəni, uşaq düz gözlərimin içinə baxaraq yalan danışırdı. Küçəyə çıxandan sonra yenə soruşdum ki, bəs qızım, mən sənə pivə vermişdim? Deyir, bilmirəm, yadımdan çıxıb. İndi bu uşaq gedib belə bir yalan danışır, hamı inanır, sonucda da qohumlar tökülüb deyəcəklər ki, bu uşağı atası ilə küçəyə tək buraxmaq olmaz, uşağa soyuq pivə içirdir.

Bu yaxınlarda bir filmə baxdım: Danimarka istehsalıdır. Film “Ov” adlanır. Filmdə beş yaşında balaca bir qız 42 yaşlı kişiyə vurulur. Kişi isə əlbəttə, bu uşağı özündən uzaq tutur. Uşaq da bundan inciyib baxça müdirinə deyir ki, “bəs mən Lukasın penisini görmüşəm. O, taxta kimi göyə millənmişdi”. Uşaq pornofilmdən belə bir epizodu qardaşının planşetində görmüşdü. Baxça müdiri də qət edir ki, Lukas bu balaca uşağa seksual təcavüz edib. Bundan sonra mərəkə başlayır. Adamın həyatı, demək olar ki, məhv olub gedir. Yəni bir balaca uşağın yalanı ilə böyük bir cəmiyyəti çalxalamaq, normal bir insanı məhv etmək mümkündür. Buna görə də valideyinlər öz uşaqlarının danışdığı hər şeyi ciddi olaraq gerçəklik kimi qəbul etməmişdən qabaq oturub düşünməlidirlər.

Uşaqlar düşündüyümüz kimi saf, tər-təmiz deyillər. Əlbəttə, bunu hamıya şamil etmək olmaz, ancaq 10-11 yaşlı uşaqların içərisindən nəinki sonrakı fəsadları anlayaraq düşünülmüş yalan danışanlar, hətta qatillər də çıxır. Mən sizə bir neçə misal çəkim:

1. Meri Bell adlı 11 yaşlı bir ingilis uşağı özünün 13 yaşlı rəfiqəsi ilə birlikdə iki ay müddətində iki azyaşlı oğlan uşağını boğaraq öldürmüş, onların cinsiyyət orqanlarını kəsmişdi. Tutulandan sonra Meri Bell müstəntiqlərə demişdi ki, onun anası fahişə idi və dörd yaşından uşağı kişilərlə cinsi əlaqəyə girməyə sövq edirdi. Belə bir uşağın psixoloji durumu sizcə necə olmalı idi?

2. Britaniyalı Con Veneybls və Robert Tomson adlı iki on yaşlı uşaq dörd yaşlı balaca bir oğlanı oğurlayaraq, dəmir parçaları, kərpiclərlə döymüş, sonra dəmiryol relslərinə bağlamışdılar. Tezliklə uşağın üzərindən qatar keçmiş, onun bədəni parça-parça olaraq ətrafa səpələnmişdi. Bu iki oğlan uşağını tutub hər ikisinə ömürlük həbs cəzası vermişdilər.

3. 15 yaşlı Alisa Mustamant qonşu qızının boğazını bıçaqla kəsərək öldürmüş, cəsədini aparıb meşədə gizlətmişdi. Tutulandan sonra “niyə bu cinayəti törətmisən?” sualına Alisa belə cavab vermişdi: “Mən adam öldürərkən insanın hansı hisslər keçirdiyini öyrənmək istəyirdim”.

4. ABŞ-ın Cənubi Karolina ştatında Corc Stinni adlı 14 yaşlı bir uşaq iki azyaşlı qızı zorlayaraq öldürmüş, cəsədlərini dərəyə atmışdı. Onu tezliklə tutub elektrik stuluna otuzdurmuşdular.

5. 14 yaşlı Kiplend Kinkel evdə atasını və anasını öldürəndən sonra əlavə silah götürərək məktəbə getmiş və orada qarşısına çıxan hər kəsə atəş açmışdı. Nəticədə iki şagird ölmüş, 24-ü yaralanmışdı. Kiplendə 111 il iş kəsmişdilər. Hadisə ABŞ-da baş vermişdi.

6. 15 yaşlı Barri Lukatis kovboy kostyumunun altında iki tapança, bir tüfəng gizlədərək məktəbə gəlmiş və dərs zamanı atəş açmağa başlamışdı. Nəticədə dörd şagird ölmüş, yeddi şagird yaralanmışdı. Cinayəti törətməyinin səbəbini soruşanda Barri demişdi ki, “axı bu, həndəsə dərsində oturmaqdan daha maraqlıdır”.

7. Coşua Filips səkkiz yaşlı qonşu qızını öldürəndə cəmi 14 yaşı vardı. O, uşağı beysbol dəyənəyi ilə vuraraq öldürmüşdü. Filipsə ömürlük həbs cəzası kəsilmişdi.

8. Villi Bosket Nyu-Yorkda yaşayırdı və 15 yaşına çatanda onun passivində artıq 2000-dən yuxarı cinayət işi vardı. Sonucda Villi iki nəfəri tapança ilə vurub öldürəndən sonra tutulmuşdu.

9. Erik Smit 13 yaşı olarkən dörd yaşlı uşağı boğub öldürmüş, sonra onun başını daşla vurub parçalamış, sonda ağacın budağını qırıb onun cəsədinə seksual zəmində təcavüz eləmişdi. Onu tutub ömürlük həbs cəzası kəsmişdilər.

10. 12 yaşlı Layonel Teyt televizorda güləş səhnəsinə baxandan sonra yataqda uzanmış balaca bacısının üzərinə tullanaraq gördüklərini onunla təkrar etməyə başlamışdı. Uşaq aldığı travmalardan ölmüş, Layonel həbsxanaya atılmışdı.

11. 11 yaşlı Ceyms Pomeroy yeddi balaca uşağı zirzəmiyə toplayıb, onları bıçaqla və sancaqla zədələyəndən sonra tutulub zindana atılmışdı. Zindandan çıxandan sonra Ceyms daha irəli gedərək, 10 yaşlı qız və 4 yaşlı oğlan uşağını öldürmüşdü. Ona ömürlük həbs cəzası kəsilmişdi.

Uşaqlar lap balaca vaxtında normal tərbiyə almayınca onların bir az böyüyəndən sonra cinayətkara çevrilməsi labüddür. Bu gün balaca yalan danışan uşaq öz valideyinləri tərəfindən bunun nə qədər təhlükəli olduğunu öyrənməyincə, sabah daha böyük yalan danışaraq, özündən böyük insanların həyatını təhlükə altına ata bilər. Evdə hər gün valideyinlərinin mübahisəsini, dava-dalaşını görən balaca uşaqlar psixi sarsıntı keçirərək, xəstəlik tapılar. Onlar belə mühitdə qəddarlaşmağa məhkumdur. Bütün bunları önləmək üçün valideyinlər lap balaca vaxtından uşaqların tərbiyəsi ilə çox ciddi məşğul olmalı, televiziyada göstərilən qəddarlıqla dolu verilişlərdən, qorxu filmlərindən onları uzaq tutmalıdırlar. Hər gün aqressiya ilə qarşılaşan uşaq özü də aqressivləşərək, cəmiyyət üçün təhlükəyə çevrilə bilər.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm