Vaşinqtonun Bakıdakı səfirlərinin taleyi: “Ladies and gentlemen” - Araşdırma
Bizi izləyin

Nida.az

Vaşinqtonun Bakıdakı səfirlərinin taleyi: “Ladies and gentlemen” - Araşdırma

ABŞ-ın Azərbaycandakı səfiri Bakıya vida edir. Dünən evində vida mərasimi keçirən səfir avqust ayının 2-də diplomatik xidmətini başa vuracaq. Ağ Evin Bakıya göndərdiyi 8-ci səfir olan Morninqstar diplomatik missiyası müddətində yaxşı və pis tərəfləri ilə yadda qaldı.

Publika.az Morninqstarın gedişi ərəfəsində bu günə qədər ABŞ-ın Azərbaycandakı səfirləri ilə bağlı araşdırma aparıb.


İlk səfir Riçard Mayls


ABŞ Azərbaycanda əvvəlcə Robert Finin ateşşe səviyyəsində təmsil olunub.

Ağ Evin Bakıya göndərdiyi ilk səfir isə Riçard Mayls idi. R. Mayls 1937-ci ildə ABŞ-ın Arkanzas ştatında doğulub. 1954-1957-ci illərdə piyada korpusunda hərbi xidmət keçdikdən sonra Kaliforniya Universitetinin Beykersfild kollecini, daha sonra İndiana Universitetini bitirib. R. Mayls həmçinin ABŞ-ın Rusiya Hərbi İnstitutunu bitirib. 1983-1984-cü illərdə Amerika Siyasi Elmlər Akademiyasında, 1987-1988-ci illərdə Harvard Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzində təhsil alıb. 1964-1967-ci illərdə Cənubi Karolina ştatında seçicilərin maarifləndirilməsi layihəsində işləyib. 1967-ci ildən xarici siyasət sahəsində fəaliyyətə başlayıb. ABŞ-ın Oslo, Moskva və Belqraddakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Sovet dövründə ABŞ-ın Leninqradda baş konsulu olub. Daha sonra Berlinldəki səfirlikdə xüsusi nümayəndə işləyib.
1992-1993-cü illərdə ABŞ-ın Azərbaycanda səfiri olub.

Azərbaycandan getdikdən sonra, 1993-1996-ci illərdə Dövlət Departamentində Sovet və Şərqi Avropa və Yuqoslaviya məsələləri üzrə hərbi-siyasi büroda çalışıb. 1996-1999-cu illərdə ABŞ-ın Serbiyada, 1999-2002-ci illərdə Bolqarıstanda, 2002-2005-ci illərdə isə Gürcüstanda səfiri işləyib.

Riçard Kozlariç



O, Bakıdan getdikdən sonra yerini Riçard Kozlariçə verdi. 1944-cü il doğumlu diplomat ABŞ-ın Toqo, Efiopiya və İsraildəki səfirliklərində işləyib. Bundan sonra R. Kozlariç ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes Məsələləri Bürosunda çalışıb. Sonrakı illərdə Dövlət Departamentində qlobal və beynəlxalq iqtisadi məsələlərlə məşğul olan planlaşdırıcı qrupun direktor müavini, ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi vəzifələrində işləyib. 1991-ci ildən 1993-cü ilədək ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavininin köməkçisi olub. Bu illərdə R. Kozlariç həmçinin Dövlət Departamentinin Avropa Məsələləri üzrə Bürosunda çalışıb və keçmiş sovet respublikaları ilə münasibətlərə görə məsul şəxs olub. 1993-1994-cü illərdə dövlət katibinin müavini və ABŞ prezidentinin MDB üzrə xüsusi nümayəndəsi, eyni zamanda, Qafqazdakı münaqişələrin həlli üzrə məsul şəxs olub.

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri vəzifəsində çalışıb.
1997-1999-cu illərdə isə R. Kozlariç ABŞ-ın Bosniya və Herseqovinada səfiri işləyib. 1999-cu ildə təqaüdə çıxıb. Hazırda ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktorudur.


Bakıda bizneslə məşğul olan amerikalı diplomat: Stenli Eskudero


1997-ci ildə Stenli Eskudero Bakıya gəldi. O, düz 3 il, 2000-ci ilə qədər bu postda işlədi.

Eskudero 1942-ci ildə Florida ştatında doğulub. 1971-75 və 1978-79-cu illərdə ABŞ-ın İranda səfiri işləyib. Daha sonra Pakistan, Hindistan, Özbəkistan kimi müsəlman ölkələrində diplomatiya ilə məşğul olub. Sonuncu iş yeri Azərbaycan olub. 2000-ci ildə təqaüdə göndərilən diplomat Bakıdan getmək istəmədi. Təbii ki, burda iqtisadi maraqlar da var. Çünki amerikalı diplomat Azərbaycanda şəxsi biznesini qurmuşdu. Hazırda Bakıda yaşayan Eskudero həyatından məmnun görünür.

Ross Uilson


Diplomatını Bakıda “itirən” Vaşinqton yenisini, Ross Uilsonu göndərdi. 1955-ci ildə Minneapolis ştatında doğulan Uilson diplomatik karyerasına Dövlət Departamentində Sovet İttifaqı və Misir üzrə müşavir olaraq başlayıb. 1980-82-ci və 1987-90-cı illərdə ABŞ-ın SSRİ-dəki səfiri kimi çalışıb. Bakıya gələnə qədər böyük yol keçən diplomat 2000-2003-cü illərdə Azərbaycanda səfir olaraq çalışıb.


Rino Harniş

Ondan sonra Rino Harniş gəldi. 2006-cı ilə qədər Bakıda çalışan Harnişin də diplomatik karyerası zəngindir. Harniş 1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb, iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir.Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-ın Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub.

Karyerasının növbəti illərində o, ABŞ-ın İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-ın Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-ın Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-ın Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb. 1992-1995-ci illərdə ABŞ Dövlət Departamentində ABŞ-ın Mərkəzi Asiya və MDB ölkələri ilə əməkdaşlıq məsələləri üzrə məsul şəxslərdən olub. Daha sonra ABŞ-ın İsveçdəki və Misirdəki səfirliklərində səfir müavini vəzifələrində işləyib. Bundan sonra R. Harniş ABŞ-ın Kosovadakı missiyasına rəhbərlik edib. 2003-2006-cı illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. 2006-cı ildən ABŞ dövlət katibi köməkçisinin baş müavini vəzifəsində çalışır. Bu postda o, quş qripi xəstəliyinə və qlobal istiləşməyə qarşı mübarizə, habelə kosmosun tədqiq olunması ilə məşğuldur.

Xanım Enn Dörsi


2006-cı ildə bu posta Enn Dörsi gəldi. 1976-cı ildə Minnesota ştatının Sent Paul şəhərində yerləşən Makalester Kollecində Fransız dili və Linqvistikası ixtisası üzrə bakalavr diplomunu alan xanım Dörsi 1981-ci ildə Con Hopkins Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsilini başa vurur. Həmin ildə isə ABŞ Dövlət Departamentinə işə düzələrək Trinidad və Tobaqoda 1981-1983-cü illərdə xidmət etmişdir. Bundan sonra müxtəlif illərdə Sinqapur, Avropa Birliyi, İraqdakı diplomatik nümayəndəliklərində işləyən Enn Dörsi 2006-2009-cu illərdə ABŞ-ın Azərbaycandakı səfiri kimi də xidmət göstərir.

Məşhur Brayzə

Morninqstarın sələfi Metyu Brazyə 2011-ci ildə Bakıya gəlir. Brayzyə bizə çox tanışdır, təkcə ona görə yox ki, o, türk əsilli xanımla ailə qurub, həm də həmişə gülən Brayzə, bəlkə də, yeganə amerikalı diplomat idi ki, Qarabağ məsələsində müəyyən qədər ədalətli mövqe sərgiləyirdi.

Brayzə Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. 1989-91-ci illərdə ABŞ-ın Poznandakı (Polşa) konsulluğunda, Varşavadakı səfirliyində çalışıb. 1991-1995-ci illərdə ABŞ Dövlət Departamentində, 1995-1997-ci illərdə ABŞ-ın Rusiyadakı səfirliyində diplomatik xidmət keçib. 1997-1998-ci illərdə ABŞ-ın Qafqaz və Mərkəzi Asiya ölkələrinə iqtisadi yardımı məsələlərinə kuratorluq edib.

1998-2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub. 2001-ci ildən Milli Təhlükəsizlik Şurasında çalışıb, ABŞ-ın Türkiyə, Yunanıstan, Kipr, Mərkəzi Asiya, Qafqaza yönəlik siyasətinə məsul olub.

2005-ci ildən ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb, 2006-cı ildən Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub. 2009-cu ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.

Metyu Brayzə 2007-ci ilin avqustunda beynəlxalq siyasət üzrə məşhur araşdırmaçı Zeyno Baranla ailə qurub.

O, ABŞ-ın Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələri sahəsində məsuliyyət daşıyır. Həmçinin Gürcüstandakı Abxaziya və Cənubi Osetiya separatist münaqişələrinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ABŞ cəhdlərini irəli sürür və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına irəli çəkilmısi üçün Avrasiya münaqişələri üçün xüsusi danışıqlarda işləyir.

ABŞ prezidenti Barak Obama Brayzəni Azərbaycana səfir postuna 2010-cu il dekabrın 29-da təyin edib. Metyu Brayzə Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb. 2012-ci ilin martın 1-də Meytu Brayza Estoniyada yerləşən Müdafiə Məsələləri üzrə Beynəlxalq Mərkəzin (ICDS) direktoru təyin edilib.

Morninqstarın gedişindən sonra gələcək səfir


Brayzədən sonra ABŞ səfirinin postuna Morninqstar yiyələndi. Enerji məsələləri üzrə mütəxəssis olan R. Morninqstar sakit görünüşü ilə seçilsə də, sonuncu qalmaqallı müsahibəsi ilə vəziyyətini çətinləşdirdi. Ağ Evin mövqeyi ilə uzlaşmayan fikirləri özü üçün də başağrısı oldu və nəhayət, o da gedir.

Yerini Robert Cekutaya verəcək, əgər Konqres təsdiq edərsə. Obama Cekutanı Bakıda səfir postuna namizəd göstərib. R. Cekuta vaxtilə Əfqanıstan, Yaponiya və Almaniyada ABŞ səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. O, “WikiLeaks”in sənədələrinə düşməsi ilə məşhurdur. Vaxtilə Tokiodan Ağ Ev üçün informasiya təminatında xüsusi rol oynayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm